Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-267/2024 10.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Kommersiya Məhkəməsinin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏSİ Açar sözlər: müqavilə üzrə pulun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən icraçı avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri satın alınması üçün sifarişçinin 401.597,54 (ƏDV daxil) manat tender təklifini qəbul etmiş, icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə avtonəqlivvat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürmüşdür. X3: 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 5.6-cı bəndinə əsasən sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir. 14.2-ci bəndinə əsasən müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. 14.3-cü bəndinə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda İcraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. 18.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. 22.1-ci bəndinə əsasən müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiqləməlidir. Göndərilən sənədlər (məlumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir. 22.2-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi icraçı tərəfindən müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada aparılır. Sifarişçi sənədləşdirmənin düzgün aparılmasına nəzarət edə bilər (o cümlədən audit və digər yoxlamalar vasitəsi ilə). Bu cür yoxlamalar müqavilənin yerinə yetirilməsi zamanı və ya müqavilənin icrası başa çatdıqdan sonra üç ay müddətində aparıla bilər. Müqavilənin Xüsusi Şərtlərinə görə: (MÜŞ 14.3-cü bəndinə münasibətdə) Müqavilə imzalandıqdan sonra 1 (bir) il ərzində qüvvədə qalacaq, icraçı Sifarişçi tərəfindən bildiriş aldıqdan sonra cari xidmət və təmir işlərini (gün + 1 (bir) gün), əsaslı təmir işlərini iş həcmindən asıllı olaraq, Sifarişçinin və İcraçının razılaşması əsasında Sifarişçiyə təhvil verəcəkdir. (MÜŞ 20.1-ci bəndinə münasibətdə) hər gecikmiş gün üçün 0,1%, maksimum müqavilə dəyərinin 10% çox olmamaq şərti ilə. Sifarişçiyə dəymiş ziyan 100% icraçı tərəfindən ödənilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olan qiymətlərin razılaşdırılması protokolunda işin və xərclərin adı, nəqliyyatın növü, ölçü vahidi, miqdarı, vahidin qivməti və ümumi dəyəri göstərilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin əməkdaşları tərəfindən akt tərtib edilərək imzalanmış və həmin aktda İddiaçı balansında olan təmir üçün "xxxx" MMC-yə göndərilmiş avtomaşınları servisdən götürərkən avtomaşınlarda aktda (cədvəl şəklində) göstərilən çatışmamazlıqlar müəyyən olunması və həmin çatışmamazlıqlar üzrə İddiaçı MMC-yə ümumilikdə 42400 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir.
4. Cavabdeh MMC (istifadəçi) ilə "xxxx" MMC (istifadəyə verən) arasında bağlanmış 01/AS nömrəli, xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitələrinə dayanacaq xidmətlərinin göstərilməsinə dair müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC balansında olan ünvan 1 ünvanında yerləşən avtonəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə etmək məqsədilə Cavabdeh MMC-nin istifadəsinə vermişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4513/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehdən 44.509,58 məbləğində əsas borc, 10000 manat məbləğində əldən çıxmış fayda, 400 manat məbləğinda mediasiya xərcləri ümumilikdə 54.909 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, iddiaçı ilə elektron qaimələrdən başqa cavabdeh ilə aralarında bağlanmış AP11 nömrəli, xx.xx.2020-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə (təhvil-təslim aktları və s.) xidmətlərin göstərilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 42.400 manat məbləğin, 17,20 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 may 2020-ci il tarixində avtonəqliyyat vasitələrinə texniki, sürtgü materiallarının və ehtiyyat hissələrinin dəyişdirilməsi xidmətləri ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında AP11 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə tərəflərindən müvafiq ödənişlərin həyata keçirilməsinə və müqavilənin tələblərinə baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəliyi bu günə qədər də tam icra etməmiş və AR MM-nin 425.1-ci maddəsi əsasən ödəliklərin icrası zamanı vicdanlılıq prinsipinə əməl edilməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən avtonəqliyyat vasitələri təmir edilməsi üçün Cavabdeh MMC-yə təhvil verilmişdir, lakin təmirdə olan İddiaçı MMC-nin balansında olan 12 ədəd avtonəqliyyat vasitəsinin təmir edilmədiyi və təhvil alınarkən müəyyən detallarında çatışmazlıqların olduğu aşkarlanmışdır. Tərəflərindən aşkarlanmış çatışmazlıqlar aktlaşdırılmışdır. Müraciətləri əsasında dəymiş zərərin məbləği üçüncü şəxs tərəfindən aparılan qiymətləndirmə ilə müəyyən edilmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, AP11 saylı müqavilənin xüsusi şərtlərinin 20.1-ci bəndində dəymiş zərərin 100 % həcminin icraçı tərəfindən ödənilməli olması razılaşdırılmışdır. Müqavilə şərtləri pozulduğuna görə cəmiyyətlərinə 42400 manat məbləğində zərər dəymişdir
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 448.1 və 462.1-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İ.Abdullayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitələri sifariş əsasında təqdim edilirdi. Həmin sifarişlər ilə bağlı sənədləri təqdim edə bilər. Nəqliyyat vasitələri 2020-ci ildə verilib. Nəqliyyat vasitələrini təhvil vermişlər. Tərəflərindən təmir üçün cavabdehə verilən 12 ədəd nəqliyyat vasitəsi onlara qaytarılmamış və bir ildən artıq müddətdə dayanacaqda saxlanılmışdır.
11. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında iddiaçının iddia etdiyi halların baş vermədiyini, təmir üçün götürüb qaytarmadıqları nəqliyyat vasitələrinin olmadığını bildirmişdir. Qanuni nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ilin mart ayından həmin yerdə çalışmamışdır. 2020-ci ildə fəaliyyət göstərmişlər.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
15. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
16. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMCnin aralarında bağlanmış AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə avtomobilləri təmiri həyata keçirilmək öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində avtomobillərə dəymiş zərərin ödənilməsi tələbini irəli sürsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni 2020-ci ildə Cavabdeh MMCyə 12 ədəd mübahisəli avtomobillərin təmirini sifariş etməsini (sifariş orderi və s.), sifariş əsasında həmin avtomobilləri təmir üçün cavabdehə təqdim etməsini (təhvil-təslim aktı və s.), cavabdehin həmin xidmətləri qüsurla icra etməsini, eləcə də təmirə verilmiş avtomobilləri bir ildən artıq müddət ərzində iddiaçıya qaytarılmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
18. Belə ki, iddiaçının göstərilən halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli akt iddiaçının işçiləri tərəfindən birtərəfli qaydada tərtib edildiyindən aktda göstərilən avtomobillərin təmir üçün Cavabdeh MMC-nin servisinə təqdim edilməsi və servisdən götürülərkən avtomobillərdə qüsurların aşkar edilməsi faktlarını müəyyən etmək üçün yetərli sübut hesab edilə bilməz.
19. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilədən irəli gələn öhdəliklərin pozulması nəticəsində dəymiş maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi faktı, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
20. Hazırkı halda isə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
21. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 217,20 manat təşkil edir.
22. İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri və iddia ərizəsinin verilməsinə görə 17,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
23. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva