Məhkəmə qərarları › İş №e-2-2(113)-2676/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2676/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2676/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” üzrə Açar sözlər: podrat müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2019-cu il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə görə sifarişçi (iddiaçı) Qoşma 1-də qeyd edilən xidmətləri sifariş edir (həmin işlər “X5” proqramı çərçivəsində Transxəzər layihəsinin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinin təməlqoyma mərasiminin təşkili ilə bağlı işlərin yerinə yetirilməsini nəzərdə tuturdu), icraçı (cavabdeh) isə xidmətlərin göstərilməsini öz öhdəsinə götürür. Xidmətlərə dair qiymət cədvəli 1 saylı Əlavədə göstərilib (müqavilənin 1.1-ci bəndi).

2. Tərflər arasında bağlanmış həmin müqavilənin: 2.1. 1.2-ci bəndinə görə tərəflər arasında təhvil-təslim aktının imzalanması müvafiq xidmət sifarişi üzrə xidmətlərin sifarişçiyə verilməsi deməkdir; 2.2. 2.1-ci bəndinə görə hazırkı müqavilə xx.xx.2019-cu il tarixində, hər iki tərəfin imzaladığı andan sonra qüvvəyə minir və müqavilə üzrə xidmətlər tam təhvil verilənədək qüvvədə qalır; 2.3. 7.1-ci bəndinə görə xidmətlərə görə birdəfəlik ödənişlər hazırkı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı Qoşmada əks edilmiş Qiymət cədvəlinə əsasən müəyyən edilr; 2.4. 7.3-cü bəndinə görə hazırkı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı Qoşmada əks edilmiş Qiymət cədvəlində qeyd edilən birdəfəlik ödəniş məbləğinin 50% həcmində ilkin ödəniş müqvilə imzalandığı gündən 3 təqvim günü ərzində icraçının təqdim etdiyi hesab fakturaya əsasən həyata keçirəiləcəkdir. Tədbirin günü barədə dəqiq məlumat icraçıya təqdim edildikdın sonra, tədbir günündən 7 təqvim günü əvvəl icraçının göndərdiyi hesab fakturaya əsasən qalan məbləğin 30%-i ödənilir. Birdəfəlik ödəniş məbləğinin 20% həcmində son ödəniş tərəflər arasında təvhil-təslim aktının imzalandığı gündən 10 təqvim günü ərzində icraçının təqdim etdiyi hesab-fakturaya əsasən icraçının bank hesabına bank köçüməsi yolu ilə həyata keçiriləcəkdir; 2.5. 10.1-ci bəndinə görə sifarişçi qanunvericiliklə nəzərdə tutulmuş xitam vermə və ya başqa cür hüquqları məhdudlaşdırmadan, yazılı bildiriş təqdim etdməklə aşağıda göstərilən hallarda bu müqaviləyə və/və ya xidmət sifarişinə/dərhal xitam verə bilər: 10.1.1. Əgər icraçı bu müqavilənin müddəasını pozarsa və sifarişçi bu pozuntunun bütün təfərrüatlarını əks etdirən tələbini yazılı bildiriş şəklində icrsçıya təqdim etdikdən sonra 3 iş günü (hər hansı şübhənin aradan qaldırılması məqsədilə bu 3 iş günü ərzində cərimə tətbiq olunmayacaq) icraçı həmin pozuntunu aradan qaldırmazsa; 10.1.2. Əgər icraçı bu müqavilənin müddəasını pozarsa və sifarişçinin fikrincə bu pozuntunun aradan qaldırılması mümkün deyilsə; 10.1.3. İcraçı müflisləşmə nəticəsində və ya dugər səbəbdən iflasa uğradığı halda və ya yuxarıda göstərilən hər hansı bir hal üzrə ona qarşı iddia qaldırılarsa və ya icraçının hər hansı bir hərəkətləri sifarişçinin nüfuzunun aşağı düşməsinə səbəb olarsa. 2.6. 10.2-ci bəndinə görə müqavilənin 10.1-ci bəndinə uyğun olaraq sifarişçi tərəfindən müqaviləyə xitam verilərkən icraçı barəsində təhvil-təslim aktı imzalanmamış xidmətlərə görə sifarişinin artıq ödədiyi istənilən məbləğ (əgər belə bir məbləğ ödənilibsə) 30 gün müddətində geri qaytarılmalı və xidmətlərin yerinə yetirilməməsi üzündən sifarişçinin çəkdiyi zərərin əvəzini 30 gün ərzində sifarişçiyə ödəməlidir.

3. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Qoşmada görülməli işlərin dairəsi və hər bir bənd üzrə yerinə yetirilməli işlərin müddəti ayrıca göstərilməklə 20 bənddə təsnifləşdirilmiş, işlərin görülməsinə görə ümumilikdə 115740,56 manat xidmət haqqı (muzd) nəzərdə tutulmş, hər iki tərəfin məsul şəxsləri tərəfindən imzalanmaqla möhürlənmişdir. Müqavilə şərtinə (7.3cü bənd) müfaviq olaraq muzdun 50% hissəsi, yəni 57870,28 manat pul cavabdehə ödənilmişdir.

4. Sözügedən tədbirin vaxtının sonradan bir neçə dəyişməsi və hazırda da baş tutmaması cavabdeh tərəfindən işlərin tam başa çatdırılmaması, iddiaçı tərəfindən isə xidmət haqqının tam ödənilməməsi (ödənilmiş avans istisna olmaqla) ilə nəticələnmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı 57870,28 manat pulun və 263,61 manat ödənilmiş dövlət rüsumunun, cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cvabdehlə aralarında imzalanmış xx.xx.2019-cu il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən müqavilənin 1 saylı qoşmasında göstərilən işlərin icraçı tərəfindən göstərilməsi, görülmüş işlərin müqabilində razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə razılıq əldə edilmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən razılaşdırılmış xidmət haqqının 50% məblığində avans cavabehə ödənilmişdir. Lakin cavabdeh tərərfindən müqavilə şərtləri pozulmuş, işlər lazımi qaydada yerinə yetirilməmiş və onlara təhvil verilməmişdir. Ona görə görə də ödənilmiş avans məbləği geri qaytarılmalıdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh etirazında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı tələbini onunla əssaslandırıb ki, müqavilənin şərtləri pozulmuş, sifariş edilən işlər lazımi qaydada yerinə yetirilməmiş və iddaçıya təhvil verilməmişdir. Müqavilə “X5” proqramı çərçivəsində Transxəzər layihəsinin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiberoptik magistral kabel xəttinin çəkilişi layihəsinin təməlqoyma mərasiminin təşkili ilə bağlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar bağlanmışdır. Sifarişçi həmin təməlqoyma tədbirində hər iki dövlətin Prezidentlərinin və yüksək rütbəli dövlət məmurlarının iştirak edəcəklərini bildirərək Müqavilədə icra edəcəkləri işlərin yüksək səviyyədə yerinə yetirilməsini xatırlatmışdır. Bu məqsədlə hazırlanacaq məmulatların və xidmətlərin yüksək keyfiyyətdə olmasını, müqavilədə nəzərdə tutulmayan yaranacaq əlavə işlərin xərclərini qarşılayacaqları bildiririldi. Müqaviləyə əsasən müvafiq xidmət sifarişinin tələblərinə uyğun şəkildə, lazımi ehtiyatla və əvvəlcədən müqaviləyə 1 saylı qoşmada müəyyən edilmiş müddət ərzində cədvəl üzrə təhvil vermək şərti ilə (tədbir gününə ən azı 1 gün qalmış təhvil vermək (tədbir gününün tarixi barədə məlumat sifarişçinin ParvizH@azerconnect.az elektron ünvanı vasitəsilə İcraçıya məlumat veriləcək)) onlar tərəfindən yerinə yetirilmişdir. Yerinə yetirilmiş işlər barəsində müqavilədə və müqaviləyə əlavə edilmiş qoşmada nəzərdə tututlmuş vaxtda və qaydada iddiaçıya məlumat vermişlər. İşlərin vaxtında yerinə yetirmək üçün əlavə ixtisaslı müstəxəssislərə ehtiyac olduğundan onlarla "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli “Xidmətlərin Göstərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilədə üzrə yerinə yetirilmiş işlərə görə 55.000 manat məbləğində pul ödənilmişdir və Təhvil-təslim Aktı ilə qəbul edilmişdir. Həmin işlərin yerinə yetirildiyi barədə iddiaçının rəhbərliyinə vaxtında məlumat verilsə də, rəhbərlik əvvəl 15 sentyabr, sonra 25-30 noyabr 2019-cu il tarixlərinə təyin edilmiş tədbirin yenidən qeyri-müəyyən vaxta təxirə salındığını bildirərək təhvil almamış və həmin tədbir keçiriləcəyi vaxtadək onların anbarlarda saxlanılmasını xahiş etmişdir İddiaçı Cəmiyyətinin İcraçı X1 qəbulunda şəxsən olmuşlar və bu barədə ona məlumat vermişlər ki, tədbirin vaxtı təyin edilən kimi onları məlumatlandırsınlar (F.Allahverdiyev bu tədbirə xüsusi həssaslıq göstərirdi). Həmin tədbirin 2019-cü ilin sentyabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə 3 dəfə keçiriləcəyi barədə sifarişçinin nümayəndəsi Fərhad Mustafayev tərəfindən onlara məlumat verilmiş, tədbirin keçirilməsi üçün müqavilədə nəzərdə tutulan xidmətlər mobilizasiya edilmiş, lakin bir neçə gündən sonra yenidən tədbirin baş tutmayacağı ilə bağlı məlumat verilmiş və yenə də gözləməli olmuşlar (hətta xx.xx.2019-cü il tarixində onlara qonaqlara təqdim ediləcək hədiyyələrin üzərinə vurulacaq yeni dizayn təqdim edildi. Yəni iş davam edirdi. Sonra isə dizaynlardan istifadə edilməsi yenə təxirə salındı – tarixlə əlaqədar olaraq). Hazırda da həmin məmulatlar onların öz vəsaitləri hesabına saxlanılır və əlavə xərclər çəkməkdə davam edirlər. 2020-ci ilin fevralında onlar sifarişçi ilə görüş xahiş etdilər. Çünki müddət uzanırdı və əlavə xərcləri isə qarşılanmırdı. Görüşdə əsas xahişlərindən biri xx.xx.2019-cu il tarixində 50% avans olaraq ödənilən 57870,28 manata elektron qaimə vura bilməmələri (2019-cü ildə avans məbləğə e-qaimə vurula bilməzdi) və əlavə işlərin pulunun ödənilməsi üçün ortaq məxrəcə gələrək təhvil-təslim aktının imzalanması oldu. xx.xx.2020-ci il tarixdə görüş baş tutdu. İddiaçının rəhbərliyi onlardan tamamlanmış işlərlə bağlı hesabat hazırlamalarını istədi. xx.xx.2020-ci il tarixində iddiaçının rəhbərliyinə yazılı məlumat verərək əlavə xərcləri bəndlər üzrə göstərdilər. (RÖTA-nın Azərtelekom İNT rəhbərliyinə müraciət məktubu xx.xx.2020- Etiraz ərizəsinə əlavə edilib). Bu müddətdə dəfələrlə əlaqə saxlayaraq məsələyə çözüm gətirmələri tələb edilsə də, qarşı tərəf hər dəfə araşdırma aparırıq deyərək məsələni uzatdı və yenidən bildirildi ki, tədbir baş tuta bilər. 2022ci ilin may ayında isə cavabdeh sadələşmiş vergi ödəyicisindən ƏDV ödəyicisinə çevirildi. Bu halda isə 2019-cü ildə ödənilən məbləğə görə vurulacaq e-qaimə onlara əlavə xərc yaradacaqdı. Bu barədə də, iddiaçının əlaqələndirici əməkdaşlarına məlumat versələr də, yenə də cavab gəlmədi... 2024-cü ilin sonunda iddiaçının X4 adlı əməkdaşı əlaqə saxladı və 2019-cü ildə ödənilən məbləğə görə təhvil-təslim aktı bağlamağa hazır olduqlarını bildirdi. Onlar isə belə olan halda yarana biləcək vergi öhdəliklərinin (xərclərin) və əlavə xərclərin necə həll ediləcəyini xatırlatdı. Ötən ilin son iş günü - xx.xx.2024-cü il tarixində isə sistemə məktub yerləşdirildi və onlar müqavilə şərtlərini pozmaqla, işləri lazımi qaydada yerinə yetirməməklə və təhvil verməməklə günahlandırılaraq avans vəsaitinin geri qaytarılması tələbi irəli sürüldü. Müqavilədə nəzərdə tutulan digər işlər - müqaviləyə 1 saylı əlavənin: 1) 1-ci bəndində “Trans- Xəzər magistral kabel xəttinin çəkilişi ilə əlaqədar keçiriləcək təməlqoyma mərasimi ilə bağlı dizayn-tərtibat işlərinin aparılması, təqdimat çadırının sağ və sol tərəflərinə 2.5 x 5 metr ölçüdə tədbiri xarakterizə edən banerin çapı və montajı, "Giriş qapısı"nın dizaynı və s.” hazırlanma müddəti - 10 təqvim günü – sifarişçinin nümayəndələri ilə birlikdə ərazinin dronla foto və video çəkilişləri edildi (350 azn), dizayn hazırlandı (400 azn), 3D animasiya filmi hazırlandı və sifarişçiyə təqdim edildi ki, görüləcək işləri real olaraq da təsəvvür edə bilsin. O da kimlərə isə təqdimat etməli idi (750 azn). Təsdiq edildikdən sonra işə başlandı. Dizaynda yarımçıq qalan isə tədbirin adı və tarixi ilə bağlı hissə oldu. O da onlardan asılı olmayan səbəbdir. ` Bu işlərin görülməsinə çəkilən xərc – 1500 azn. 2) 4-cü bəndində göstərilən “Tədbirin keçiriləcəyi ərazidə simvolik daş konstruksiyanın qurulması. Dəmir konstruksiya + poliyester. Üzərində Azərbaycan və Qazax dillərində tədbirlə bağlı mətn yerləşdiriləcək (4 metr x 4 metr) - hazırlanma müddəti - 20 təqvim günü” - daş konstruksiya deyildiyi tarixdə ("xxxx" MMC tərəfindən) hazır olsa da yerin müəyyən olunmamasını əsas gətirərək tədbir zamanına qədər onlarda qalmasını xahiş etdilər (eyni zamanda daş üzərinə vurulacaq lövhədə də nə yazılacağı sifarişçi tərəfindən təsdiq edilməmişdi). Lakin müddət uzandığı üçün 5 aydan sonra (əvvəlcədən bildirdikləri kimi rəsmi tədbir 2019-cu ilin sentyabr ayına təyin edilsə də baş tutmadı) iddiaçı Cəmiyyətinin İcraçı X1 qəbulunda bildirilmişdir ki, konstruksiya böyük olduğu üçün emalatxanada uzun müddət saxlanılması problem yaradır. Lakin o, tədbirin vaxtı və yeri barədə dəqiq məlumatının olmadığını bildirərək çözümü onlara buraxdı. Tədbirlə bağlı məkanın bir neçə dəfə dəyişdiriləcəyi məsələsi ortaya çıxmışdı. İlk olaraq 2019cu il sentyabrın 11-də Siyəzən rayonunun Kiçik Həmyə kəndində dəniz kənarında (orada da məkan 2 dəfə dəyişdirildi), sonra isə şəhər mərkəzində Mərkəzi Kitabxananın ərazisində olacağı bildirilmişdi və bu səbəbdən də sifarişçinin nümayəndələri ilə birlikdə 3 dəfə məkana baxış keçirmişlər. 2020-ci ilin yanvarından sonra konstruksiyanı emalatxanadan çıxararaq heykəltaraşın emalatxanasına yaxın bir ərazidə açıq emalatxanada yerləşdirərək və hər ay üçün 150 manat ödəniş etməyə razılaşdılar. Keçən 61 ay müddətində 9150 manat ödəniş etmişlər. 3) 5-ci bəndində göstərilən “Tədbirin keçiriləcəyi çadırda təqdimat üçün istifadə olunacaq 84" Touch screen (2m x 1m) (1 gün üçün nəzərdə tutulur. Növbəti günlər üçün 50 % əlavə. 1 həftə boyu saxlanılacaqsa əlavə günlər üçün 30 %-lə hesablanır) - hazırlanma müddəti - 10 təqvim günü”. - Tədibirin baş tutacağı tarix sentyabr ayına təsadüf edəcəkdi. Həmin ayda Bakı şəhəri və regionlarda Prezident tədbirlərinin çoxluğunu nəzərə alaraq böyük ölçülü Touch Screen-ə avans ödənişi etmək zərurəti vardı. Çünki Prezident tədbirlərində sadəcə, etibarlı hesab etdiyikləri avadanlıqlardan istifadə edə bilərdilər ki, onların da sayı çox deyil (ölkə başçısının dekabrın 4-də iştirak etdiyi 3-6 dekabr 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “25-ci Yubiley Azərbaycan Beynəlxalq Kommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi”ndə iddiaçının sərgi stendində Touch Screeni onlar yerləşdirmiş, xx.xx.2019-cu il tarixində isə oradan təcili olaraq, gecə ilə Pirallahıda planlaşdırılan Prezident tədbirinə aparmalı olmuşlar. Yəni İddiaçı tərəf bu məsələ ilə də bağlı həssaslıqdan xəbərdardır idi). Bu işlərin görülməsinə çəkilən xərc – 500 manat. 4) 6-cı bəndlərində göstərilən “Siqnal düyməsi basıldıqdan sonra tədbirin mahiyyətini açıqlayacaq video rolikin təqdimatı üçün 10x3.5 ölçüdə xüsusi LED monitorun quraşdırılması (Liantronics RE3T p3.93840hz - istəyə uyğun olaraq 104 m2 qədər yığıla bilir. Düz və ya oval) (1 gün üçün nəzərdə tutulur. Növbəti günlər üçün 50% əlavə. 1 həftə boyu saxlanılacaqsa əlavə günlər üçün 30%-lə hesablanır) - hazırlanma müddəti - 10 təqvim günü”. - Tədibirin baş tutacağı tarix sentyabr ayına təsadüf edəcəkdi. Həmin ayda Bakı şəhəri və regionlarda Prezident tədbirlərinin çoxluğunu nəzərə alaraq böyük və oval olaraq yığıla bilən LED monitor üçün avans ödənişi etmək zərurəti vardı. 1-ci şəxsin iştirak etdiyi tədbirlərdə istifadə edilən avadanlıqlar özəlliklə seçildiyi üçün bunlara xüsusi əhəmiyyət verilir. Bu barədə Sifarişçi də məlumatlandırılmışdı. Bu işlərin görülməsinə çəkilən xərc – 4000 manat; 5) 7-ci bəndində göstərilən “Yüksək səviyyəli dövlət məmurları və qonaqlar üçün təqdimat və furşet çadırın qurulması 15m x 30m və 10m x 15m ölçüdə (1 gün üçün nəzərdə tutulur. Növbəti günləri üçün 50 % əlavə. 1 həftə boyu saxlanılacaqsa əlavə günlər üçün 30 %-lə hesablanır). Hazırlanma müddəti - 10 təqvim günü” – 15m x 30m ölçüdə olan çadır həmin müddətdə Bakıda 1 ədəd idi (elə indi də), elə o səbəbdən ödəniş etməklə onu əldə saxlamaq məcburiyyətində idilər. Hətta, vaxt uzandığı üçün yeni sifarişlər olanda Şifarişçi ilə əlaqə saxlayır və tədbirin vaxtı barədə yeni məlumatlarının olub-olmaması ilə maraqlanırdılar. Onlar məlumatın olmadığını bildirdikləri üçün bir neçə dəfə yeni sifarişlərdən imtina edilmişdi. Bu işlərin görülməsinə çəkilən xərc – 6000 manat; 6) 14-cü bəndində göstərilən 120 ədəd stul “Tədbirin keçirildiyi çadırda qonaqların oturması üçün stulların yerləşdirilməsi. (1 gün üçün nəzərdə tutulur. Növbəti günləri üçün 50 % əlavə. 1 həftə boyu saxlanılacaqsa əlavə günlər üçün 30 %-lə hesablanır). Hazırlanma müddəti - 10 təqvim günü”; 15-ci bəndində göstərilən 5 ədəd jurnal masası “Tədbirin keçirildiyi çadırda Ölkə başçısı və digər 9 nəfərin əyləşdiyi kresloların qarşısına qoyulacaq jurnal stolu - Hazırlanma müddəti - 10 təqvim günü”; 16-cı bəndində göstərilən 10 ədəd kreslo “Tədbirin keçirildiyi çadırda Ölkə başçısı və digər 9 nəfər üçün kreslo - hazırlanma müddəti - 10 təqvim günü” ilə bağlı məsələdə də xüsusi anlayış göstərildi. Sifarişçi bu bölmələrlə bağlı şifahi olaraq tələb irəli sürərək müqavilədə avadanlıqların icarəyə verildiyi göstərilsə də, onların əvvəlki tədbirlərdə istifadə edilməyən, yeni olmasını istədi. Bu səbəbdən müqavilə bağladıqları "xxxx" MMC-dən bunları hazılanmasını istədilər. Beləliklə də, 3 xidmət üzrə icarə üçün 2714,4 manat nəzərdə tutulsa da, 11438,4 manat xərcləməli olmuşlar (fərq 8724 AZN). Həmin avadanlıqlar hazırlandı və bu günə qədər də anbarda - “X2”saxlanılır və ona görə vəsait ödənilir. Tədbir baş tutacağı halda istifadə ediləcək. 7) 22-ci bəndində göstərilən 90 ədəd hədiyyənin hazırlanması “Tədbirə dəvətli qonaqlara təqdim etmək üçün kristal və ya akkril hədiyyənin hazırlanması, özəl qutu, çanta (üzərində loqotip olan - fraqmental çaplı). Eskizlər təsdiq olunduqdan sonra istehsal başlayacaq. Hazırlanma müddəti - 25 təqvim günü” Hədiyyənin hazırlanması ilə bağlı, ilk olaraq onlar müqavilədə hədiyyənin akkrildən hazırlanacağını bildirmişlər və müqavilədə də belə göstərilirdi. Sonradan isə iclasda İcraçı Direktor Fuad Allahverdiyev tərəfindən yeni nümunənin hazırlanması tapşırığı verildi. 2 dəfə nümunə hazırlandı. Hazırlanan nümunələrdən biri 3D formatında olduğu üçün və dizayn işlərinə əlavə olaraq 300 AZN verməli oldular. 200 manat isə ilkin nümunəyə verildi. Nümunəyə razılıq verilsəydi dizayn pulu düzəldiləcək hədiyyələrlə kompensasiya ediləcəkdi. Sonradan isə, yeni bir hədiyyə forması təklif edildi. 120 manat məbləğə də onun ilk nümunəsi hazırlansa da, son hazırlanan nümunənin üzərinə vurulacaq lövhədəki mətn təsdiq edilmədiyi üçün hələ də gözləyirlər. Buna baxmayaraq hədiyyələrin və qutularının hazırlanması üçün materiallar sifariş verildi. Bu barədə də məsələnin təcili həll edilməsi keçirilən toplantıda qarşıya qoyulan əsas məsələlərdən idi. Hətta, İcraçı Direktor yeni nümunə ilə bağlı əlavə xərclər yaranarsa bunu müqaviləyə ediləcək əlavə ilə qarşılayacaqlarını bildirmişdi. Bu işlərin görülməsinə çəkilən əlavə xərc – 620 manat. 8) 10-cu bəndində göstərilən “Yüksək səviyyəli dövlət məmurları və qonaqlar üçün təqdimatın keçiriləcəyi çadırda podiumun üzərinə və furşet çadırın döşəməsində asfalt üzərinə çəkmək üçün kovralit. Furşet çadırının olduğu ərazi ideal asfalt olacağı halda əlavə podiuma ehtiyac yoxdur”. Hazırlanma müddəti - 25 təqvim günü” - Ərazidə qurulacaq 600 m2 çadırın içərisinə salınmalı olan kovralitin pulu həmin vaxt tam olaraq ödənilib. Çünki iddiaçının əməkdaşları daimi olaraq əlaqə saxlayaraq bir neçə gün ərzində tədbirin baş tutacağını bildirirdilər. Belə olan halda çıxılmaz vəziyyətdə qalmamaq üçün bu addımı atmalı idilər. Bu işlərin görülməsinə çəkilən xərc – 4368 manat. 9) 24-cü bəndində göstərilən “Generatorlar: 2x350kva DG, 400kw chiller, 300kw AHU, 2x3000l fuel tank, 1 yanacaq çəni, 1000 metr power kabel, aşınma, operator (1 gün üçün nəzərdə tutulur. Növbəti günləri üçün 50 % əlavə. 1 həftə boyu saxlanılacaqsa əlavə günlər üçün 30 %-lə hesablanır). Hazırlanma mddəti - 10 təqvim günü” Generatorlarla bağlı da məsələ eyni ilə monitor, Touch Screen və xüsusi konstruksiyada olduğu kimi idi (2x350kva DG, 300kw AHU, 2x3000l fuel tank, 1 yanacaq çəni,1000 metr power kabel əldə saxlamaq məcburiyyətində idik). Artıq Prezident tədbirlərində monitorda görüntü göstəriləcəyi halda generatorun olması əsas şərtlərdən biridir (Hələ nəzərə alınsa ki, tədbirin keçiriləcəyi yer dəniz kənarı idi və ora yaxın ərazidə belə elektrik stansiyası yox idi...). Generator olmadığı halda Xüsusi Dövlət Mühafizə Xidməti monitordan istifadə edilməsinə icazə vermir. Bu səbəbdən 4000 manat da onlara avans ödənildi. Hətta generator bir neçə gün maşında saxlanıldı. Bu işlərin görülməsinə çəkilən xərc – 4000 manat. Bunlara görə iddia ərizəsi qanunsuzdur. Onlar Müqavilə şərtlərinə vaxtında və müqavilədə nəzərdə tutulan qaydada əməl edilmişdir. Müqavilə öhdəliklərini vicdanlı olaraq yerinə yetirmişlər.

8. Eyni zamanda, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barəsində ərizə verilmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

9. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdehin vəkili və nümayəndəsi iddainı qəbul etmədiklərini və onun rədd olunmasını xahiş etdi.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

15. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

22. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

23. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

24. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

25. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

30. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

31. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.

32. Podrat müqaviləsi müxtəlif növ xidmətlərin göstərilməsi ilə əlaqədar olduğundan yerinə yetirilməli olan işlərin dairəsi, keyfiyyəti (qüsursuz olması), buna görə verilməli olan muzdun həcmi, ödəniş şərtləri müqavilənin özünəməxsus şərti olaraq əvvəlcədən razılaşdırılır. Tərəflər arasında “X5” proqramı çərçivəsində Transxəzər layihəsinin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinin təməlqoyma mərasiminin təşkili ilə bağlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə yazılı Podrat müqaviləsinin bağlanması, görülməli işlərin dairəsinin əvvəlcədən müəyyən edilməsi, hətta muzdun yarı hissəsinin əvəllcədən cavabdehə ödənilməsi işin mübahisəsiz hallarıdır.

33. Mübahisə iddiaçıya görə cavabdeh tərəfindən işlərin lazımi qaydada yerinə yetirilməməsi ilə bağlıdır. İddiaçı cavabdehin işlərin lazımi qaydada yerinə yetirməməsini iddia etsə də, lazımi qaydada görülməyən işin nədən ibarət olmasını bildirməmiş, məhkəmə prosesi zamanı buna dair hər hansı sübut təqdim etməmiş, cavabdehin etirazında işlərin müqaviləyə uyğun yerinə yetirilərək öhdəliyini icra etməsi ilə bağlı dəlillərinə dair hər hansı münasibət bildirməmişdir.

34. Məhkəmə qeyd edir ki, “işlərin lazımi qaydada icra edilməməsi” 2 halla bağlı ola bilər: birincisi, sifariş edilən işin müqavilə üzrə tam icra edilməməsi; ikincisi, işlərin qüsurlu (keyfiyyətsiz) yerinə yetirilməsi.

35. Cavabdeh tərəfindən işlərin tam yerinə yetirilməməsi ilə bağlı (müqaviləyə edilmiş 1 nömrəli qoşmada göstərilən hansı işlərin icra edildiyini, hansılarının isə icra edilmədiyini göstərməklə) iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən işlərin tam yerinə yetirilməməsi işlərin təhvili zamanı tərəflərin bununla bağlı tərtib etdikləri hər hansı bir akt, yaxud iddiaçının ən azından bununla bağlı cavabdehə rəsmi qaydada etirazlarının bildirilməsi qaydasında ola bilərdi ki, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə yazılı etirazında bildirmişdir ki, işləri müqavilə şərtlərinə uyğun icra etdikdən sonra yuxarıda qeyd edilən tədbirin keçirilməsi dəfələrlə təxirə salınmış, tədbirin təxirə salınması iddiaçının özü tərəfindən onlara bildirilmişdir. Görülmüş işlərin təhvil alınması barədə iddiaçı Cəmiyyətin rəhbərliyinə birbaşa məlumat verisə də, işlər təhvil alınmamışdır. İddiaçı tərəfindən cavabdehin bu dəlilləri ilə bağlı heç bir etiraz bildirilməmiş, onu təkzib edəcək sübutlar təqdim edilməmişdir.

36. İşlərin keyfiyyətsiz (qüsurlu) yerinə yetirilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, qanunda podrat müqaviləsi yerinə yetirilən işin keyfiyyəti onun qüsursuz olması ilə şərtləndirilmişdir. İcraçı hər bir halda, sifariş verən tərəfin tapşırığını (sifarişini) Mülki Məcəllənin 762-ci maddəsində nəzərdə tutulan ümumi şərtlərə uyğun yerinə yetirməlidir. Həmin maddədə isə podratın nəticəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur. Birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlıdırsa, bu qüsursuz icra sayılır. Birinci meyarla bağlı tərəflər arasında bağlanmış müqavilədə icraçı tərəfindən xidmətin yüksək keyfiyyətlə icra edilməsi göstərilsə də, yerinə yetirəlməli işlərin keyfiyyət standartları (göstəriciləri) ilə bağlı konkret meyarlar nəzərdə tutulmamışdır. Bu halda, iddiaçı işlərin qüsurlu (keyfiyyətsiz) icra edildiyinə o zaman istinad edə bilərdi ki, işlər təhvil alınmış olsun, yaxud ən azından təhvil-təslim prosesi ilə bağlı müəyyən hərəkətlər edilmiş olsun və həmin proseslər gedişində qüsurların olması aşkar olunsun. İşlərin təhvil alınmaması isə işin mübahisəsiz tərəfidir.

37. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı dönilmiş müzfun geiqaytarılmasında haqlı deyil.

38. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisəyə həm də iddia müddəti tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində (sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər) podratın nəticələri ilə bağlı xüsusi iddia müddəti nəzərdə tutulub. Lakin iddiaçının tələbi həmin xüsusi iddia müddəti ilə yox, cavabdeh tərəfindən ümumiyyətlə ilkin mərhələdəki işlərin yerinə yetirilməməsi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, mübahisəyə ümumi iddia müddəti ilə bağlı maddi hüquq normaları tətbiq edilməlidir.

39. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir.

40. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

41. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edisin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar