Məhkəmə qərarları › İş №e-2-2(113)-2685/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2685/2021

05.07.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2685/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi və vəkili Vəkil, kreditor "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, borclu İddiaçı (kreditorlar "xxxx" ASC, "xxxx" KB ASC və Cavabdeh3) müflis elan edilməsi və iflas prosesinə başlanılması tələbinə dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Borclu İddiaçı (kreditorlar "xxxx" ASC, "xxxx" KB ASC və Cavabdeh3) ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı müflis elan edilməsi və iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 25 noyabr 2004-cü ildən etibarən sahibkarlıq fəaliyyətiilə məşğuldur. Fəaliyyət istiqaməti əsasən restoran və geyim əşyalarının alqı-satqısından ibarət olmuşdur. Fəaliyyəti dövründə İddiaçı dəfələrlə müxtəlif banklardan külli miqdarda biznes kreditləri götürmüş və vaxtı-vaxtında da geri qaytarmışdır. Lakin manatın devalvasiyasından, yəni 2015-ci ildən sonra İddiaçı maddi durumu pisləşmiş, ABŞ dolları ilə banklardan götürdüyü kreditləri ödəyə bilməmiş, nəticədə borcları yığılmağa başlamışdır. Hal-hazırda artıq qanuni qüvvəyə minmiş Nəsimi rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı "xxxx" ASC-yə 7542,69 ABŞ dolları və 20 manat məbləğində borcu vardır. Eyni zamanda hazırki ərizəyə əlavə edilmiş Ali Məhkəmənin 2(102)-450/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı "xxxx" KB ASC-yə 4275,12 ABŞ dolları borcu vardır. Bununla yanaşı hazırki ərizəyə əlavə edilmiş və artıq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4344/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh3 adlı şəxsə 15.074,14 manat borcu vardır. Qeyd edir ki, İddiaçı mülkiyyətində Bakı şəhəri, Bül-Bül prospekti 65 “а” saylı evin 13/14 saylı mənzili olsa da, həmin mənzil "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin hərracda ilkin satış dəyəri məhkəmələr tərəfindən 351.000 manata dəyərləndirilsə də, hələ qanuni qüvvəyə minməmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1903/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə borcun məbləği 159.281,02 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı artıq bir neçə ildir ki, mövcud borclarını ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili müflis elan edilmə və cəmiyyətin iflas prosesinə başlanılması barədə ərizənin təmin edilməsini xahiş etdi. Kreditor "xxxx" ASC-nin ərizəyə etiraz edərək ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" KB ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı "xxxx" KB ASC-nin xeyrinə 180VH14 saylı, 19.08.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən əsas borc olaraq 4.275 ABŞ dolları 12 sent məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması qət edilmişdir. Qalan hissədə iddia təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli 2(102)-450/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(006)- 6623/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 19 oktyabr 2018ci il tarixli kredit müqaviləsi üzrə 9.500 manat məbləğində əsas borc, 356,24 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş faiz borcu olmaqla, 25 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5.000 əsas, 187,50 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş faiz borcu olmaqla, cəmi 5.187,5 manat məbləğində borcun, habelə 30,40 manat ödənilməmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.074,14 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh3 verilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(006)-40/2018 saylı qətnaməsinə əsasən "xxxx" KB ASC-nin cavabdeh İddiaçı qarşı qarşı kredit borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, 21.05.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.12.2011 ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 206.285,79 ABŞ dolları məbləğində əsas borc, 13.368,83 ABŞ dolları faiz borcu, cəmi 219.654,62 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, tələbin ilkin satış qiyməti 351.000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 219.654,62 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun "xxxx" KB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin cavabdeh İddiaçı verilməsi, ipoteka predmeti olan qeyd olunan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İddiaçı, X2, X5, Datikaşvili (İfraimova) Anna Cumberovna və X1 Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilindən çıxarılmaları, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bu qətnamədən cavabdehlər İddiaçı, X3 və X6 ayrı-ayrılıqla apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-40/2018 saylı iş üzrə 10 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(006)-40/2018 nömrəli qətnaməsi cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli borcun məbləği hissəsində dəyişdirilmış, 21.05.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.12.2011 ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 159.281,02 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin borclunun məcburi gətirilməsi haqqında 19.02.2019-cu il tarixli qərarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-10520/2017-002 nömrəli, 13.12.2017-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar "xxxx" ASC-nin xeyrinə 7.542,69 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumunun tutulmalıdır. Həmin icra sənədi borclu tərəfindən icra edilmədiyindən tələbin ödənilməsinin təmin edilməsi məqsədi ilə borcluya münasibətdə məcburi gətirilmə tədbirlərin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin 14.06.2021-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş 30.06.2021-ci il tarixli **********947900 saylı məktubundan görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) “X7” ASC-də AZ57UBAZ**********1040AZ001 nömrəli aktiv bank hesabının olması müəyyən edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəmənin 14.06.2021ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş 30.06.2021-ci il tarixli 75406-1221 saylı məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə hal-hazırda İddiaçı adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı müflis elan edilmə barədə ərizəsini "xxxx" ASC-yə 7542,69 ABŞ dolları, Cavabdeh3 15.074,14 manat, eləcə də "xxxx" KB ASC-yə 4275,12 ABŞ dolları və 159.281,02 ABŞ dolları məbləğində borclarının olması, lakin həmin borcların ödənilməsini təmin edəcək aktivlərinin, o cümlədən əmlakının olmaması ilə əsaslandırmışdır. Məhkəmə əvvəla qeyd edir ki, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar, o cümlədən müflis elan edilmə barədə ərizənin verildiyi tarixə fərdi borclunun maliyyə balansı ilə bağlı məlumat məhkəməyə təqdim edilməmişdir. İkincisi, iş materiallarından görünür ki, borclunun ödənilməsi üçün kifayət qədər aktivlərinin olmamasını iddia etdiyi ən yüksək məbləğli pul öhdəliyi "xxxx" KB ASC-yə olan 159.281,02 ABŞ dolları məbləğində borcudur ki, həmin borcun təminatı olaraq borcluya məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin borcun tutulmasına dair mülki mübahisə üzrə qəbul edilmiş son məhkəmə aktı ilə ipoteka predmetinin ilkin satış qiyməti 351.000 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hallar isə özü-özlüyündə borclunun həmin borcun təmin edəcək aktivlərinin olmaması barədə dəlillərinin əsassız olmasına dəlalət edir. Nəhayət, üçüncüsü, ərizəçi İddiaçı müflis elan edilməsi üçün əsas kimi istinad etdiyi pul öhdəliklərinin hər hansı birinin onun sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasını sübuta yetirə bilməmişdir. Əksinə iş materiallarından görünür ki, həmin borcların tutulması ilə bağlı kreditorların qaldırdığı iddia tələblərinə kommersiya mübahisələrinə baxmalı olan kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmışdır. Göründüyü kimi hazırkı ərizədə fərdi borclunun müflis elan edilməsi üçün əsas kimi istinad etdiyi borclar fərdi borclunun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamaqla, şəxsi xarakterli tələbatları ilə bağlı yaranmışdır. Fiziki şəxsin şəxsi xarakterli borclarını ödəmək qabiliyyətinin olmaması isə onun fərdi sahibkar kimi müflis elan edilməsi üçün əsas vermir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Fərdi borclu isə öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar fiziki şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Belə olan halda sadalanan qanunvericilik normalarını və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi İddiaçı tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar fərdi sahibkarın öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Beləliklə, məhkəmə işin sadalanan xüsusatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, ərizə rədd edilməli, İddiaçı müflis elan olunmasından imtina edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Borclu İddiaçı (kreditorlar "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh3) müflis elan edilməsi və iflas prosesinə başlanılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar