Məhkəmə qərarları › İş №e-2-2(113)-2688/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2688/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2688/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli mobil rabitə xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 1137,94 manat məbləğində xidmət haqqının və ödənilmiş 31,38 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 15 sentyabr 2020-ci il tarixli mobil rabitə xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 1137,94 manat ödənilməmiş borcu qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2688/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı məhkəmənin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Mobil rabitə xidmətlərinin göstərilməsi müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Şirkət qismində) ilə cavabdeh (Korporativ abunəçi qismində) arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair 15 sentyabr 2020-ci il tarixli ***-**** nömrəli müqavilənin 1-ci hissəsinə əsasən, müqavilə üzrə “Şirkət” "xxxx"yə Mobil Rabitə Xidmətləri göstərir, "xxxx" isə bu Xidmətləri qəbul edib bu Müqavilənin tərkib hissəsi olan Korporativ abunəçi tərəfindən “Şirkətin” təqdim etdiyi və hazırkı Müqavilənin 2 saylı Qoşmasında əks olunmuş Tariflərin arasından seçilmiş Korporativ tarif əsasında xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir (1.1). Bu Müqavilə üzrə “Şirkət” "xxxx"yə Şirkətin şəbəkəsindən istifadə etmək üçün “Sim Kart” paketləri ilə birlikdə 68 ədəd nömrə təqdim edir. Müqavilə üzrə Nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı Müqaviləyə əlavə olunur. "xxxx" isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarifə (2 saylı Qoşmada göstərilmiş Tariflərdən hər hansı biri və ya bir neçəsi) uyğun olaraq xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir (1.2).

12. Həmin müqavilənin 2.1-ci bəndində şirkətin (iddiaçının) öhdəlikləri kimi müqavilənin 1.1-ci bəndinə uyğun olaraq Müqavilə imzalandıqdan sonra və ya "xxxx"nin sonrakı müraciətinə əsasən "xxxx"yə müvafiq xidmətlər təqdim etmək, hər növbəti ayın 20dən gec olmayaraq əvvəlki ay ərzində təqdim olunmuş Xidmətlərə görə hesabı və izahlı qaiməni "xxxx"yə təqdim etmək, 2.2-ci bəndi ilə şirkətin hüquqları kimi təqdim olunan nömrələrdən "xxxx" hazırkı Müqaviləyə zidd olan məqsədlərlə və qaydada istifadə etdiyi təqdirdə həmin nömrə/ləri bağlamaq, təqdim olunan nömrələrdən hər hansı biri 2 ay ərzində "xxxx" tərəfindən istifadə edilmədikdə, istifadə olunmayan Nömrəni/ləri geri almaq və geri alınmış Nömrə/ləri "xxxx"yə xəbərdarlıq etmədən başqa şəxsin istifadəsinə vermək; təqdim olunan nömrələrdən ən azı 50% və daha artıq nömrə 2 ay ərzində "xxxx" tərəfindən istifadə edilmədikdə, “Şirkət” "xxxx"yə 14 iş günü əvvəlcədən xəbərdar etməklə birtərəfli qaydada mövcud Korporativ tarif(lər)i "xxxx"yə təqdim olunmuş bütün nömrələrdə dəyişdirmək və s. göstərilmişdir.

13. Adıçəkilən müqavilənin 2.3-cü bəndində korporativ abunəçinin (cavabdehin) öhdəlikləri kimi göstərilmişdir ki, bu müqaviləyə uyğun olaraq 68 ədəd nömrəni qəbul edir və həmin nömrə/lər istifadəçi olmayan kənar şəxslərə vermir və bu öhdəliyi pozduğu təqdirdə “Şirkət” qarşısında məsuliyyət daşıyır. İstifadəçilərin siyahısında dəyişiklik olduqda bu barədə “Şirkət”i vaxtlı-vaxtında məlumatlandırır, təqdim olunan nömrə/ləri ən azı 3 ay ərzində istifadə edir, istifadə edilən xidmətlərə görə ödənişləri vaxtlı-vaxtında edir və s., 2.4-cü bəndi ilə korporativ abunəçinin hüquqları kimi müqavilə üzrə “Şirkət” tərəfindən öhdəliklərin yerinə yetirilməsini tələb etmək, “Şirkət” tərəfindən təqdim edilən və hazırkı Müqavilənin 2 saylı Qoşmasında göstərilmiş Tariflərin arasından müvafiq Korporativ tarifi seçmək, “Şirkət” tərəfindən bu müqavilə çərçivəsində təqdim edilən digər xidmət növlərindən yararlanmaq əks olunmuşdur.

14. Sözügedən müqavilənin ödəniş qaydası və tariflərdən bəhs edən 3-cü hissəsinə görə, bu müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti korporativ tarifə uyğun, digər xidmətlərin və cihazların dəyəri isə hazırkı Müqavilənin müvafiq qoşmalarında göstərilir və ödəniş bank köçürməsi yolu və ya “Şirkət”in müəyyən etdiyi digər qaydada həyata keçirilir: Bank köçürməsi yolu ilə hesab-faktura əsasında ödəniş edən Korporativ Abunəçi hər növbəti ayın 30-dan gec olmayaraq; fərdi qaydada ödəniş edən Korporativ Abunəçi hər növbəti ayın 15-dən gec olmayaraq ödənişi təmin etməlidir.

15. Qeyd edilən müqaviləyə 1 saylı qoşmadan görünür ki, 2,01 manatlıq limitlə ümumilikdə 68 ədəd mobil nömrənin cavabdehə təhvil verilməsi şərtləşdirilmişdir.

16. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, aylıq abunə haqqı üçün 1 aya görə 2 manat (“Business Sapphire+”), 5 manat (“Business 5”), 9 manat (“Business 9”), 15 manat (“Business 15 New”), 25 manat (“Business 25”), 50 manat (“Freestyle+ Ultra”) və 85 manat (“Freestyle+”), ölkədaxili “SMS” üçün 1 ədədə görə 0,03 manat və 0,04 manat, paket bitəndən sonra ölkədaxili zənglər üçün 1 dəqiqəyə görə 0,03 manat və 0,08 manat, paket bitəndən sonra beynəlxalq zənglər üçün 1 dəqiqəyə görə 0,32 manat, beynəlxalq zənglər üçün 1 dəqiqəyə 0,32 manat, beynəlxalq SMS üçün 1 ədədə görə 0,03 manat, 0,04 manat, 0,06 manat və 0,07 manat, şirkətdaxili zənglər üçün 1 dəqiqəyə görə 0 manat xidmət haqqı razılaşdırılmışdır.

17. Məhkəməyə təqdim edilən hesab-fakturadan görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu (2020-ci ilin dekabr – 2023-cü ilin avqust ayları üçün) 964,36 manat xidmət haqqı, 173,58 manat ƏDV olmaqla ümumilikdə 1137,94 manat təşkil edir.

18. İş materiallarına əlavə edilən elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü il tarixli (dekabr 2022) EBCM 862595 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 176,63 manat, xx.xx.2023-cü il tarixli (yanvar 2023) EBCO 677912 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 173,58 manat, xx.xx.2023-cü il tarixli (fevral 2023) EBDB 702910 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 171,59 manat, xx.xx.2023-cü il tarixli (mart 2023) EBDD 401619 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 106,33 manat, xx.xx.2023-cü il tarixli (aprel 2023) EBDF 580640 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 122,31 manat, xx.xx.2023-cü il tarixli (may 2023) EBDH 474335 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 116,28 manat, xx.xx.2023-cü il tarixli (iyun 2023) EBDJ 597543 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 115,02 manat, xx.xx.2023-cü il tarixli (iyul 2023) EBDL 896972 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 153 manat, xx.xx.2023-cü il tarixli (avqust 2023) EBDO 050308 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 28,01 manat olmaqla iddiaçı tərəfindən 2022-cü ilin dekabr – 2023-cü ilin avqust ayları üçün ümumilikdə 1162,75 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilərək cavabdehə göndərilmişdir.

19. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, yuxarıda göstərilən elektron qaimə-fakturalar sistem tərəfindən təsdiq edilmiş, düzəlişə və ya ləğvə qaytarılmamışdır.

20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 15 sentyabr 2020-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sözügedən müqavilənin 1 saylı qoşma ilə razılaşdırılan 68 ədəd mobil nömrəni cavabdehə təqdim etməyi, cavabdeh isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və danışıq haqqını vaxtlı-vaxtında ödənməyi öz öhdəsinə götürmüşdür. İddiaçının adıçəkilən müqavilə üzrə cavabdehə göstərəcəyi ayrı-ayrı xidmətlərin tarifləri isə 2 saylı qoşma ilə razılaşdırılmışdır. İddiaçı tərəfindən 2022-ci ilin dekabr – 2023-cü ilin avqust ayları üzrə 9 ədəd elektron qaimə üzrə ƏDV daxil olmaqla 1162,75 manat dəyərində xidmət göstərilmişdir.

21. İddiaçı 15 sentyabr 2020-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin qalıq dəyəri olan 1137,94 manat məbləğində pulun tutulmasını tələb edir.

22. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

23. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.

25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

26. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli ***-**** nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

32. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

33. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

34. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının köçürmə yolu ilə ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 15-dən gec olmayaraq ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri ödənilməmişdir.

35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

36. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

37. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

40. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

41. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 1137,94 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

42. İddia ərizəsində iddiaçı 31,38 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 31,38 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,38 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 1137,94 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,38 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar