Məhkəmə qərarları › İş №e-2-2(113)-2689/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2689/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2689/2023 04.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh X4 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 105.000 avro məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi milli valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 80 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 2014-cü il tarixdə istixana işi görmək üçün ondan müştəri tapmağını xahiş etmişdir. O da müştəri tapmış və bundan sonra o cavabdehlə birlikdə İsrail şirkəti olan “Netafin” firmasının rəhbəri İlya adlı şəxslə görüşmüşlər. Onlar “Netafin” firması ilə bir ildən artıq işləmiş, 286.000 avro pul qazanmışlar. Həmin puldan cavabdeh X6 ona 38.000 avro pul vermiş, yerdə qalan pulu yalandan almadığını demişdir. O “Netafin” firmasının rəhbəri İlyanı çağırdıqda sonuncu rəsmi sənədlərlə pulların hamısını cavabdeh X4 verdiyini bildirmiş və bunu sənədlərlə sübut etmişdir. Cavabdeh X6 2017-ci ildə onun payına düşən 105.000 avronu tez bir zamanda qaytaracağını yazılı şəkildə qeyd edib həmin sənədə imza etsə də, həmin vaxtdan bugünədək ona yalandan müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. O, bu barədə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə müraciət etmiş, araşdırma zamanı cavabdeh izahatında ona 105.000 avro borcu olduğunu etiraf etmiş, maddi imkanı yaxşı olmadığına görə borcunu ödəyə bilmədiyini, maddi imkanı olacağı halda yaxın vaxtlarda ödəyə bilməyəcəyini bildirmişdir. Cavabdeh X6 borcunu ödəmədiyinə görə o 09 saylı mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya təşkilatına gəlmədiyinə görə Təşkilat tərəfindən onlara mediasiya prosesində iştirak etməmə barədə arayış verilmişdir. O cavabdehə pretenziya məktubu göndərmiş, lakin pretenziya məktubunda göstərişmiş müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. Yuxarıda göstərdiyi hallara görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: xx.xx.2014-cü il tarixli RS100610 saylı invoysdan (invoice) görünür ki, "xxxx" MMC tərəfindən “Netafim” X8.Ve Tic.Ltd.Şti”-yə göstərilən consulting xidmətlərinin ümumi dəyəri 54.827 avro təşkil edir. xx.xx.2014-cü il tarixli RS100637 saylı invoysdan (invoice) görünür ki, "xxxx" MMC tərəfindən “Netafim” X8.Ve Tic.Ltd.Şti”-yə göstərilən consulting xidmətlərinin ümumi dəyəri 38.299 avro təşkil edir. xx.xx.2014-cü il tarixli RS100793 saylı invoysdan (invoice) görünür ki, “Bellard İmpex” LTD tərəfindən “Netafim” X8.Ve Tic.Ltd.Şti”-yə göstərilən consulting xidmətlərinin ümumi dəyəri 39.108 avro təşkil edir. xx.xx.2014-cü il tarixli RS100812 saylı invoysdan (invoice) görünür ki, “Bellard İmpex” LTD tərəfindən “Netafim” X8.Ve Tic.Ltd.Şti”-yə göstərilən consulting xidmətlərinin ümumi dəyəri 39.451 avro təşkil edir. X3 və İddiaçı1 birlikdə imzaladığı xx.xx.2017-ci il tarixli iltizam xarakterli sənəddən (kağız) görünür ki, X6 qeyd etmişdir ki, İddiaçı1 ilə “parnik biznesi” ilə bağlı şərikli iş görmüşlər, onun payına düşən 105.000 avro məbləğində pul vəsaiti özünün ehtiyacı olduğu üçün xərcləmiş, tez bir zamanda onun qaytarılmağına zəmanət verir. X1 RPİ-nin Mehdiabad PB-də verdiyi xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, "xxxx" ASC-nin ayırdığı maliyyə vəsaiti hesabına o 2011-2013-cü illər ərzində “Natefim” firmasının avadanlığı ilə 2 hektar ərazidə “istixana” quraraq pomidor istehsal edərək Rusiya bazarlarına satışa çıxartmış, 2014-2015-ci illərdə Rusiyaya satışa çıxardığı bazar bağlandığı üçün istixana öz rentabelliyini itirdiyinə görə zərərlə işləməyə başlamış, ona təqribən 400.000 manat zərər dəymişdir. Daha sonra “Qızıldaş” ərazisində 6 hektar istixana tikilməsi üçün “Netafim” firması ilə müqavilə bağlamış, müqavilənin şərtlərinə görə konsalting xidmətləri üçün ödənilən məbləğin 8%-i ona ödənməli idi və həmin maliyyə vəsaitini istixana xərclərinə yönəltmiş, daha sonra yenidən istixana rentabelliyini itirdiyinə görə maliyyə vəsaiti zərərə getdi. Buna görə də onun İddiaçı1 105.000 avro borcu yarandı. Hal-hazırda maliyyə vəsaiti olmadığına görə həmin borcu ödəyə bilmir, həmin pul vəsaitini yaxın vaxtlarda maliyə vəsaiti olan kimi ödəyəcəyini və bu barədə İddiaçı1lə danışaraq ona yazılı iltizam verdiyini və izahata əlavəsi olmadığını izahatlın doğruluğunu öz imzası ilə təsdiq etdiyini bildirmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin CAÜ baş əməliyyat müvəkkili polis mayoru Cahid Quliyevin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 və İddiaçı1 alınmış izahatları üzrə aparılmış araşdırma zamanı toplanmış material mülki xarakterli olduğu üçün dəftərxanada işə alınmasına məqsədə müvafiqdir. İddiaçı1 tərəfindən X4 pretenziya məktubu ünvanlanaraq iddiaçıya olan borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı1 cavabdeh X6 ilə şərikli olaraq sahibkarlıq fəaliyyəti (istixanaların qurulması) ilə məşğul olduqlarını və birgə fəaliyyətləri nəticəsində cavabdehin ona 105.000 avro məbləğində borcunun yaranmasını iddia edir və iddiaçı həmin borcun ödənilməsini cavabdehdən tələb edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları, o cümlədən cavabdehlə şərikli iş gördüklərini, eləcə də tərəflər arasında şərikli iş görülməsinə dair bağlanması iddia olunan yazılı və ya şifahi razılaşmanın mühüm şərtlərini və hətta növünü, həmin razılaşmaya əsasən tərəflərin qarşılıqlı hüquq və öhdəliklərinin nədən ibarət olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cavabdeh X3 xx.xx.2017-ci il tarixli iltizam xarakterli sənəd (kağız) və xx.xx.2022-ci il tarixli izahatda İddiaçı1 105.000 avro məbləğində borcun mövcud olmasını təsdiqləməsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən pul öhdəliyinin həqiqətən də mövcud olmasını, eləcə də həmin borcun yaranma əsaslarını (müqavilə öhdəlikləri, əsassız varlanma, zərər vurulma və s. nəticəsində) təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə sözügedən sənədlər cavabdehin iddiaçının qarşısında pul öhdəliyinin mövcud olması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi invoyslara gəldikdə məhkəmə qeyd edir ki, əvvəla invoyslarda qeyd edilmiş məlumatların (konsulting xidmətləri və onların dəyərinin ödənilməsi və s.) iddiaçı və ya cavabdehlə, ümumiyyətlə hazırki iddia tələbi ilə bağlı olması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, məhkəmə göstərilən sənədlərin hazırkı tərəflərin müəyyən etdiyi faktlar və hallarla əlaqədar olan sübut kimi nəzərə alınmasını mümkün hesab etmir. MPM-in 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə olan halda məhkəmə iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı1 cavabdeh X4 qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar