Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2690/2025 02.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (müqavilə üzrə borcun ödənilməsi) Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli, ***-**** saylı mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, şirkət (iddiaçı) korporativ abunəçiyə (cavabdehə) mobil rabitə xidmətləri göstərir, “Korporativ Abunəçi” isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan Korporativ tarif təklif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin edir. Bu müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün “Sim Kart” paketləri ilə birlikdə 30 ədəd nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı Əlavədə əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə əlavə olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarif təklif planına (2,3,4,5 və 6 saylı Əlavələr) uyğun olaraq xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin edir. Hər növbəti ayın 20-dən gec olmayaraq əvvəlki ayın hesabını və izahlı qaiməsini korporativ abunəçiyə təqdim etmək şirkətin öhdəliyi kimi müəyyən olunur (müqavilənin 1.1, 1.2 və 2.1.2-ci bəndləri).
2. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə 1 saylı Əlavədə cavabdehə təqdim ediləcək 30 ədəd nömrənin siyahısı verilmiş, 2,3,4,5,6 saylı Əlavələr ilə iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
3. İddiaçı cavabdehdən 264,14 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh (əvvəlki adı "xxxx" MMC) arasında imzalanmış 22 fevral 2017-ci il tarixli “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 264,14 manat ödənilməmiş borcu qalmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
5. Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələb etdiyi borcun yaranma səbəbi naməlumdur. İddiaçı borcun yaranmasını əsalandıran sənədləri təqdim etməmiş ümumi olaraq rabitə xidmətlərinin göstərilməsi qeydi olan avtomatik təsdiqlənmiş e-qaimə təqdim etmişdir. Hansı rabitə xidmətinin hansı üsul vasitələrlə göstərilməsini o cümlədən hər hansı təhvil təslim sənədlərini təqdim etməmişdir. Bu səbədən iddianın rədd edilməsi xahiş olunur.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPMin 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ:
18. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir.
19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
20. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında təqdim edilmiş xidmətlər üzrə ödənişləri həyata keçirmək öhdəliyi tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilədən irəli gəlir. Xidmət müqaviləsi müxtəlif növ xidmətlərin göstərilməsi ilə əlaqədar olduğundan yerinə yetirilməli olan xidmətlərin miqdarı, keyfiyyəti, buna görə verilməli olan xidmət haqqı, ödəniş şərtləri müqavilənin özünəməxsus şərti olaraq əvvəlcədən razılaşdırılır. Tərəflər arasında qeyd edilən xidmət müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mübahisə iddiaçıya görə yerinə yetirilmiş xidmətin haqqının cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlıdır. İddiaçı müqavilədə göstərilən xidməti, yəni rabitə xidmətini öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini cavabdehdən tələb edir.
22. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli, CC329 nömrəli hesab-fakturadan görünür ki, 2023-cü ilin aprelindən 2023-cü ilin avqust ayınadək olan dövr üzrə iddiaçı tərəfindən göstərilmiş rabitə xidmətinə görə cəmi ödənilməli məbləğ 264,14 manat təşkil edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
24. Məhkəmə iddiaçının tələbinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ***-**** saylı müqavilənin 2.1.2-ci bəndinə əsasən hər növbəti ayın 20-dən gec olmayaraq əvvəlki ay ərzində təqdim olunmuş xidmətlərə görə hesabın və izahlı qaimənin şirkət tərəfindən təqdim edilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilməlidir ki, iddiaçı qarşı tərəfə izahlı qaimə göndərilməsi faktını təsdiq edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim olunan EBDL899915, EBDH474394, EBDJ597414, EBDF580685, EBDO050193 saylı elektron qaimələrdən iddiaçı tərəfindən cavabdehə hansı əsasla xidmət göstərilməsini, habelə göstərilən xidmətin dəyərinin hansı formada hesablandığını müəyyən etmək mümkün deyil. Habelə, qeyd edilən elektron qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən (proqram təminatı) avtomatik təsdiq edilmişdir. İddiaçı yalnız ümumi məbləği 264,14 manat təşkil edən hesab-fakturanı iş materiallarına əlavə etmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir.
25. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
26. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş hesab faktura və digər elektron qaimələr iş üzrə mötəbər sübut hesab edilə bilməz. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarı).
27. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı