Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2695/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı, qanuni faiz, hüquqi yardım haqqı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 83742,82 manat əsas borc, gecikdirilmiş müddət üçün illik 5 faizlə hesablanmış 1046 manat pulun və 410 manat mediasiya xərcinin, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 04 mart 2021-ci il tarixində arasında, tərəflərin əvvəlcədən müəyyən etmiş olduğu malların alqı-satqı şərtlərini əks etdirən 13/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, iddiaçı qida məhsullarını satmağı, cavabdeh isə malları qəbul etməyi və alınan malların dəyərini ödəməyi öhdəliyinə götürmüşdür. İddiaçı tərəfindən satılan malların qiyməti və ödəniləcək məbləğ təqdim olunan hesab-faktura əsasında müəyyən olunur. 2.2. Lakin ödənişlər cavabdeh tərəfindən tam həyata keçirilməmiş və buna görə də sonuncunun borc öhdəliyi yaranmışdır. Belə ki, tərəflər arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktının məzmunundan görünür ki, cavabdehin iddiaçıya borcu müqavilə əsasında aldığı mallar üzrə 131 742,74 manat təşkil edir. Cavabdehin üzləşmə aktı tərtib edildikdən sonrakı ödənişləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən iddiaçı borcu 83742,82 manat məbləğindədir. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq sonuncu ödəniş tarixindən (xx.xx.2023-cü il) 3 ay üçün illik 5 faizlə hesablanmaqla 1046,78 manat məbləğində pul da ödəməlidir. 2.3. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan və hazırkı iş üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə ona müraciət etmişdir. Eyni zamanda mediasiya prosesindən də keçilmiş, lakin nəticə əldə olunmamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.7-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı qida məhsullarının satışı ilə məşğul olur və fəaliyyətinə uyğun olaraq cavabdehlə xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehin xx.xx.2022-ci il tarixə olan 131 742,74 manat borcu tərəflər arasında üzləşmə aktı ilə təsdiq edilmişdir. Cavabdeh üzləşmə aktından sonra müəyyən qədər ödənişlər etsə də, onun hazırda 83742,82 manat qalıq borcu mövcuddur.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə borc məbləği ilə razı olduqlarını, lakin şirkətin maliyyə vəziyyəti ilə bağlı ödənişləri aparıla bilmədiklərini qeyd etdi. Eyni zamanda növbəti aylarda ödənişlərin ediləcəyini bildirdi.
7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmənin sonuncu iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə hər hansı səbəb göstərməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 13/21 nömrəli müqavilənin (satıcı qismində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti, alıcı qismində cavabdeh) şərtlərindən görünür ki, satıcı bu müqaviləyə əsasən, qida məhsullarını satır, alıcı isə malları alır və alınan malların dəyərini ödəməyi öhdəsinə götürür (1.1). Satıcı tərəfindən satılan mallarının qiyməti və ödəniləcək məbləğ təqdim olunan hesab-faktura əsasında müəyyən olunur (2.1). Alıcı malların dəyərinin ödənişini köçürmə yolu ilə həyata keçirir. Ödəniş mallar üzrə ödəniş sənədləri təqdim edildikdən sonra 45 iş günü ərzində həyata keçirilməlidir (3.1).
12. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin təqdim etdiyi çıxarışdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi formasını dəyişməsi ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.
13. Məhkəməyə təqdim olunan hər iki tərəfin möhürü ilə təsdiq edilmiş 01 iyun 2022ci il tarixli üzləşmə aktından görünür ki, 31 may 2022-ci il tarixinin sonuna cavabdehin iddiaçıya olan borcu 131 742,74 manat təşkil edir.
14. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 8474,57 manat, 1525,42 manat, xx.xx.2022-ci il tarixdə 8474,57 manat, xx.xx.2022-ci il tarixdə 1525,4 manat, xx.xx.2022-ci il tarixdə 4237,28 manat, 762,7 manat, xx.xx.2022-ci il tarixdə 4237,28 manat, 762,7 manat, 23 dekabr 2022-ci il tarixdə 18000 manat olmaqla ümumilikdə 47999,92 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 iyun 2022-ci il tarixə mövcud olan 131 742,74 manat borcdan xx.xx.2023-cü il tarixinə 83742,82 manat qalıq qalmışdır.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi kimi) ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 13/21 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı razılaşdırılmış miqdarda, çeşiddə və qiymətdə malları cavabdehə satmağı, cavabdeh isə bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixə qarşılıqlı yoxlama əsasında borcların üzləşməsi aparılmış və hər iki hüquqi şəxsin möhürü ilə cavabdehin iddiaçıya olan borcu 131 742,74 manat məbləğində təsdiqlənmişdir. Daha sonra həmin borcdan xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərində 47999,92 manat iddiaçıya ödənilmişdir.
17. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan (qarşılıqlı hesablaşma aktına əsasən) 83742,82 manat pulun ödənilməsini tələb edir.
18. Cavabdehin qanuni təmsilçisi borc məbləği ilə razılaşır, lakin şirkətin maddi çətinliklərlə üzləşməsi səbəbindən ödənişlərin edilə bilmədiyini qeyd edir.
19. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
20. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
23. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.1-ci bəndi ilə ödənişin mallar üzrə ödəniş sənədləri təqdim edildikdən sonra 45 iş günü ərzində həyata keçirilməsin razılaşdırıldığı nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
25. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
32. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 83742,82 manat (xx.xx.2022-ci il tarixə olan 131 742,74 manat – xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində ödənilmiş 47999,92 manat) əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı
33. İddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borc məbləğinə illik 5 faizlə hesablanmaqla 1046 manat pulun da cavabdehdən tutulmasını xahiş edir.
34. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
36. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, təqdim olunan elektron qaimə-fakturalardan görünür ki, malların təqdimi üzrə sonuncu elektron qaimə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, cavabdehin isə həmin tarixdən 45 iş günü sonra malların dəyərini ödəmək vəzifəsi əmələ gəlmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay üçün 1046 (83742,82*5/100*3) manat qanuni faiz tələb edir.
37. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 1046 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSCyə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı həmçinin 410 manat mediasiya xərcinin və 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MSB/2-01963/2023 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərci iddiaçının nümayəndəsi tərəfindən ödənmişdir.
40. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 206OPXO223270580 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 300 manat məbləğində pul iddiaçı tərəfindən “Sirius” vəkil bürosunun bank hesabına xx.xx.2022-ci il tarixli 245 nömrəli müqavilə təyinatı ilə köçürülmüşdür.
41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 115.0, 115.0.6 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
43. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
44. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
47. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 300 manat məbləğində pulun ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı Qapalı Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 83 742 (səksən üç min yeddi yüz qırx iki) manat 82 (səksən iki) qəpik əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 1046 (min qırx altı) manat olmaqla ümumilikdə 84 788 (səksən dörd min yeddi yüz səksən səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova