Məhkəmə qərarları › İş №e-2-2(113)-270/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-270/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-270/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, icranın gecikdirilməsi nəticəsində dəymiş zərər, qanuni faiz, mediasiya xərci, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 33424,9 manat əsas, 6916,48 manat ƏDV borcu olmaqla 40341,38 manat müqavilədən irəli gələn borcun, əsas borca illik 8,5% bank uçot dərəcəsi ilə hesablanmaqla 2017,06 manat faiz borcunun, 1451,9 manat icarə haqqı xərcinin, kommunal xərclərə görə 1241,5 manat, əldən çıxmış faydaya görə 80000 manat, amortizasiya xərci olaraq 16666,7 manat pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında xx.xx.2023-cü tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçının cavabdehə həmin müqaviləyə qoşulan və müqavilənin ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən metal konstruksiya avadanlıqlarının hazırlanması xidmətlərini göstərməsi, cavabdehin isə göstərilən xidmətlərin dəyərini ödəməsi nəzərdə tutulmuşdur. 2.2. Sözügedən müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil xx.xx.2023-cü il tarixli 616827 nömrəli elektron qaiməyə əsasən 2076,8 manat dəyərində, xx.xx.2023-cü il tarixli 232222 nömrəli elektron qaiməyə əsasən 8755,6 manat dəyərində, xx.xx.2023-cü il tarixli 364966 nömrəli elektron qaiməyə əsasən 13368, 56 manat dəyərində, xx.xx.2023-cü il tarixli 057531 nömrəli elektron qaiməyə əsasən 2305,39 manat dəyərində, xx.xx.2023-cü il tarixli 058681 nömrəli elektron qaiməyə əsasən 2494,64 manat dəyərində, xx.xx.2023-cü il tarixli 064200 nömrəli elektron qaiməyə əsasən 6721,19 manat dəyərində, xx.xx.2023-cü il tarixli 376044 nömrəli elektron qaiməyə əsasən 11696,01 manat dəyərində olmaqla ümumilikdə 40184,9 manat əsas borc və 7233,28 manat ƏDV borcu hesablanmışdır. 2.3. Hesablanmış borc məbləğindən yalnız 6760 manat əsas borc və 316,8 manat ƏDV borcu ödənilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və irad bildirilməməsinə baxmayaraq cavabdeh 33424,9 manat əsas borc və 6916,48 manat ƏDV borcunu ödəməmişdir. 2.4. Müqavilə əsasında xidmət göstərilmiş 2 ədəd D2200 – 12 m boyunda olan borularla bağlı izolyasiya, boya və təmizlik işləri görülmüş və xx.xx.2023-cü il tarixində həmin xidmətlərin qəbuluna dair “yerinə yetirilmiş təmir-tikinti işlərinin qəbulu aktı”nı tərəflər təsdiq etmişdir. Cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, borular faktiki olaraq iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən istehsalat müəssisəsindədir. Boruların istehsalat sahəsində olması digər sifarişlərlə bağlı istehsalata maneə törətməyə, eləcə də istehsalat sahəsinin böyük bir qismini zəbt etməyə davam edir. Məhz bu səbəbdən cavabdehə xx.xx.2023-cü il tarixində həmin boruların iddiaçıya məxsus istehsalat sahəsindən götürülməsinə, əks təqdirdə istehsalat sahəsində qaldığı hər gün üçün 576 manat məbləğində ödəniş hesablanacağına dair elektron poçt bildirişi göndərilmiş, lakin cavabdeh tərəfindən sözügedən bildirişə münasibət bildirilməmişdir. İddiaçının istehsalat üçün olan hər iki obyektinə münasibətdə ümumi aylıq icarə haqqı 11000 manat və 1980 manat ƏDV olmaqla 12980 manat, bir günə münasibətdə olan icarə haqqı ƏDV daxil 432,7 manat, istehsalat sahəsinin 3240 kv.m olduğunu nəzərə alınmaqla 1 kv.m üçün 1 günlük icarə haqqı 0,13 manat təşkil edir. Boruların saxlandığı yer 72 kv.m. sahəni əhatə etdiyindən istehsalat sahəsində günlük 9,62 manat xərcə səbəb olur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər (151 gün) hər gün üçün 9,62 manat hesablamaqla ümumilikdə 1451,9 manat icarə haqqı xərci yaranmışdır. 2.5. Aylıq kommunal xərclərinin 1281 manat olduğunu nəzərə alınmaqla cavabdehə münasibətdə ödənilən aylıq kommunal xərc 248,3 manat təşkil edir. Borular təqribən 5 aydır, iddiaçının istehsalat müəssisəsində yer tutduğuna görə cavabdehə münasibətdə çəkilən kommunal xərc ümumilikdə 1241,5 manat təşkil edir. 2.6. Cavabdehə məxsus boruların iddiaçının istehsalat sahəsində böyük bir sahəni zəbt etməsi iddiaçının yeni sifarişlər qəbul etməsinə və yeni müştərilərlə əməkdaşlıq edərək istehsalatını genişləndirməsinə mane olmaqla onun əldə edə biləcəyi gəlirlərin qarşısını almaqdadır. İddiaçının cavabdehlə xidmət münasibətlərindən bir aya ən azı 40341,38 manat gəlir əldə etdiyini nəzərə alaraq 7 aya 282 389,7 manat gəlir əldə etmə imkanından məhrum olduğu aydın olur. Bu səbəblə cavabdehdən əldən çıxmış faydaya görə ən azı 80 000 manat pul tutulub iddiaçıya ödənilməlidir. 2.7. Xidmətə görə ödənilməmiş əsas borca münasibətdə illik 8,5% bank uçot dərəcəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi hesablanmış 2017,06 manat faiz borcu da cavabdehdən tutulmalıdır. 2.8. Məhkəməyə iddia ərizəsi ilə müraciət edilməzdən öncə iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh ilə razılıq əldə olunmaması səbəbilə iddiaçıya mediasiya təşkilatı tərəfindən müvafiq arayış təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 446.5.1, 449.1 və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, boruların götürülməsi üçün cavabdeh tərəfə müraciət etsələr də, cavabdeh boruları götürməmiş, borcunu isə ödəməmişdir.

6. Məhkəmənin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, borular müqavilə bağladıqları “X1” MMC-yə məxsus olub. İddiaçı borulara yerində xidmət göstərilməli idi. Lakin iddiaçı boruların sahibi ilə razılaşaraq xidməti öz istehsalat sahəsində göstərib. Cavabdeh iddiaçının istehsalat sahəsində qalan 2 ədəd borunu götürmək üçün şifahi müraciətlər etmiş, lakin iddiaçı tərəf boruları verməmişdir. Xidmət müqaviləsi üzrə işlərin görüldüyünü qəbul edirlər, iddia tələbini əsas borc hissəsində qəbul edirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında nümayəndə və vəkil bildirdi ki, əsas borc və icarə haqqı ilə bağlı hissədə tələbi mübahisələndirmirlər, qalan hissədə iddianın rədd olunmasını xahiş edirlər.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirdi ki, iddiaçı tərəfindən 10 ədəd boru ilə bağlı işlər görülmüş, həmin borulardan 7 ədədi cavabdeh tərəfindən götürülmüş, 3 ədədi iddiaçıya məxsus sahədə qalmışdır. Qalan 3 ədəd borudan 1 ədədi götürülmüş, digərini götürmək istədikdə iddiaçı bildirmişdir ki, kranları işləmədiyi üçün verə bilmirlər. Sonradan iddiaçı elektron poçt vasitəsi ilə onlara məktub yazmışdır. Bundan sonra iddiaçının rəhbərliyi ilə görüş olmuş, boruları tələb etmişlər ki, boruları sifarişçiyə təqdim edib, ödəniş edə bilsinlər. Borular verilmədiyi üçün əsas sifarişçidən pulu ala bilməmişlər. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, borulara sahədə xidmət göstərilməli idi, lakin borularda qüsurlar olduğundan iddiaçı öz müəssisəsinə aparıb xidmət göstərilməsini bildirdi. İddiaçı tərəfindən iş materiallarında olan xx.xx.2023-cü il tarixli məktub elektron poçt ünvanlarına göndərilmişdir. Boruların iddiaçının istehsalat sahəsində tutduğu sahənin 72 kv.m olduğunu mübahisələndirmirlər.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı MMC (icraçı qismində) ilə Cavabdeh MMC (sifarişçi qismində) arasında xx.xx.2023-cü il tarixdə “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı müqaviləyə Əlavədə göstərilən metal konstruksiya avadanlığının hazırlanması üzrə xidmətlər göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən qaynaq işləri, kəsim işi, praymer qatının vurulması, təmizlik və boya işi və s. daxil olmaqla müxtəlif işlər görülmüş, görülmüş işlərə görə cavabdeh tərəfindən ödənilməmiş 6916,48 manat ƏDV daxil olmaqla 40341,38 manat borc qalmışdır.

11. İddiaçı xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan 6916,48 manat ƏDV daxil olmaqla 40341,38 manat borcun cavabdehdən tutulmasını xahiş edir.

12. Cavabdeh iddia tələbini bu hissədə mübahisələndirmir, görülmüş işlərə görə ödənilməmiş 40341,38 manat borcun olduğunu qəbul edir.

13. Məhkəmənin baxış iclasında şahid qismində dindirilən Şahid Hüseyin oğlu cavabdeh tərəfin izahatına uyğun ifadə vermiş, iddia tələbinin mübahisələndirilən hissəsədə həlli ilə bağlı hər hansı digər əhəmiyyət kəsb edən məlumat verməmişdir.

14. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə podrat müqaviləsi olub, iddiaçının görülmüş işlərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 752.1, 753.1 və 769-cu maddələri təşkil edir.

15. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

17. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

18. Məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilən maddələrdən və xx.xx.2023cü il tarixli müqavilədən irəli gələn muzdun ödənilməsi hüququnu realizə edir və hazırkı iş üzrə qeyd olunan normaların dispozisiya şərtləri mövcuddur.

19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

23. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

24. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 6916,48 manat ƏDV daxil olmaqla 40341,38 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Xidmət müqaviləsi üzrə faizin tutulması tələbi ilə bağlı

25. İddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən əsas borca illik 8,5 % bank uçot dərəcəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi hesablanmış 2017,06 manat faiz borcunun da cavabdehdən tutulmasını xahiş edir.

26. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

28. Məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək əsas borca hesablanmış faiz tələb etsə də, pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi nəticəsində cavabdehin ondan faydalandığını, yəni gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyini təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, formal mülahizələr irəli sürmüşdür. Eyni zamanda iddiaçı xidmət müqaviləsi üzrə əsas borcun cavabdeh tərəfindən ödənilməsinin gecikdirilməsinə görə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmir.

29. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini icra etməyərək pulun ödənilməsini gecikdirdiyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilməklə müvafiq pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

31. Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

32. Tərəflər xx.xx.2023-cü il tarixli müqavilədə sifarişçinin pul öhdəliyinin icrası müddətini razılaşdırmamışlar. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

33. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, iddiaçı cavabdehdən pulun ödənilməsinə dair öhdəliyinin icrasını ilk dəfə xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifdə qeyd edərək tələb etmişdir.

34. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək 111 gün üçün əsas borca (40341,38 manat) illik 5 faizlə hesablanmaqla 613,41 manat pul (40341,38 manat*5%/100% /365 gün*111 gün) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Dəymiş zərərin əvəzinin ödənilməsi

35. İddiaçı həmçinin 1451,9 manat icarə haqqı xərcinin, 1241,5 manat kommunal xərclərə görə borcun, əldən çıxmış faydaya görə 80000 manat, amortizasiya xərci olaraq 16666,7 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş edir.

36. Cavabdeh dəymiş zərər kimi icarə haqqı ilə bağlı xərc tələbini qəbul etdiklərini, qalan hissədə zərəri qəbul etmədiklərini bildirir.

37. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

40. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

41. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

43. Bu mənada məhkəmə bildirir ki, iddiaçı 1241,5 manat kommunal xərclərə görə borcun, əldən çıxmış faydaya görə 80000 manat, amortizasiya xərci olaraq 16666,7 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb etsə də, zərərin mövcud olmasını, zərərin öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində vurulmasını, zərərlə cavabdehin hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

44. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi təmin oluna bilməz.

45. 1451,9 manat icarə haqqı xərcinin tutulması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

46. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının qeyd olunan əsasla dəymiş zərər tələbi ilə pul öhdəliyinin icra edilməməsinə görə faiz tələblərinin faktiki əsasları fərqlidir. Belə ki, iddiaçının ödənilməmiş əsas borca görə tələb etdiyi faiz tələbinin faktiki əsasını cavabdehin pul öhdəliyini icra etməyərək ödənilməsini gecikdirməsi təşkil etdiyi halda, dəymiş ziyan kimi tələb etdiyi icarə haqqı xərcinin faktiki əsasını cavabdehin qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etməyib vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməməsi səbəbindən iddiaçının müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkdiyi xərc təşkil edir. Odur ki qeyd olunan hissədə ziyan tələbi ilə pul öhdəliyinin icra edilməməsinə görə faiz tələblərinin faktiki əsasları fərqli olmaqla biri digərinin təmin və ya rədd olunmasını istisna etmir.

47. Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

48. Göründüyü kimi tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır və podrat müqaviləsi üzrə icraçı (iddiaçı) muzdun tələb edilməsinə münasibətdə kreditor, yerinə yetirilmiş işlərin sifarişçiyə (cavabdehə) təqdim edilməsinə münasibətdə borclu, sifarişçi (cavabdeh) isə müqavilədə nəzərdə tutulan işin icra edilməsinin tələb edilməsinə münasibətdə kreditor, muzdun ödənilməsinə münasibətdə borclu qismində çıxış edir.

49. Məhkəmə qeyd edir ki, iddiaçının istehsalat sahəsində saxlanılan 2 ədəd boru ilə bağlı işlərin görülməsi, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən elektron poçt vasitəsi ilə cavabdehə məktub ünvanlanaraq boruların götürülməsinin tələb edilməsi, boruların iddiaçıya məxsus 72 kv.m sahədə saxlanılması işin mübahisəsiz halıdır. Cavabdeh şifahi qaydada müraciət edərək boruları tələb etdiyini, lakin ödəniş edə bilmədiyi üçün iddiaçının vermədiyini qeyd edir.

50. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

51. Həmin Məcəllənin 446.7-ci maddəsinə əsasən borclu öhdəliyi yalnız kreditor tərəfindən qarşılıqlı öhdəliyin icrasından sonra icra etməli olduğu halda kreditor icranı o zaman gecikdirmiş sayılır ki, təklif olunmuş icradan imtina etmədən qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmir.

52. Qeyd olunan normaların tələbinə əsasən məhkəmə qeyd edir ki, cavabdeh (kreditor) təklif olunmuş icradan imtina etmədən muzdun ödənilməsini təklif etməmişdir. Buna görə də icranı gecikdirmiş sayılır.

53. Mülki Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.

54. Həmin Məcəllənin 446.5 və 446.5.1-ci maddəsinə əsasən gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir.

55. Qeyd olunanlara əsasən və cavabdeh tərəfindən iddia tələbinin bu hissədə mübahisələndirilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini iddiaçıya ödəməlidir.

56. "xxxx" MMC (icarəyə verən qismində) ilə iddiaçı (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqavilələrindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2740 kv.m və 500 kv.m anbar sahələrinə görə icarə haqqı müvafiq olaraq ƏDV xaric 9300 manat və 1700 manat olaraq razılaşdırılmışdır.

57. Göründüyü kimi, 3240 kv.m. sahəyə görə iddiaçının ödəməli olduğu icarə haqqı 12980 manat (9300+1700=11000; həmçinin 1980 manat ƏDV (11000x18%):100)) təşkil edir.

58. İş materiallarında olan elektron poçt yazışmasından çıxarışdan görünür ki, iddiaçı istehsalat sahəsini məşğul etdiyindən xx.xx.2023-cü il tarixdən etibarən gündəlik icarə haqqı hesablanacağı barədə cavabdehə xəbərdarlıq etmişdir.

59. İddiaçı xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərinə hesablanmış müqavilə predmetinin saxlanması ilə əlaqədar icarə haqqı xərci olaraq zərərin ödənilməsini tələb edir.

60. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixdən etibarən gündəlik icarə haqqı hesablanacağı barədə cavabdehə xəbərdarlıq etdiyini, müqavilə predmetinin saxlanması ilə əlaqədar icarə haqqı xərcini xx.xx.2023-cü il tarixə tələb etdiyini, 3240 kv.m. sahəyə görə iddiaçının ödəməli olduğu icarə haqqının 12980 manat olduğunu, boruların iddiaçıya məxsus 72 kv.m sahədə saxlanılmasının işin mübahisəsiz halı olduğunu nəzərə alaraq qeyd edir ki, müqavilə predmetinin saxlanması ilə əlaqədar icarə haqqı xərci olaraq iddiaçıya dəymiş zərər 1211,47 manat (12980 manat/3240 kv.m/30 gün*72 kv.m= 9,6148 manat (boruların 1 günlük icarə xərci)*126 gün (xx.xx.2023 – xx.xx.2023-cü il tarixlər)) təşkil edir.

61. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dəymiş zərərin əvəzi olaraq 1211,47 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

d) Məhkəmə xərcləri ilə bağlı

62. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin və 1000 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

63. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 410 manat məbləğində mediasiya xərcini iddiaçı tərəfindən ödənmişdir.

64. İş materiallarına əlavə edilmiş xidmət müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh MMC ilə yaranmış mübahisəyə görə hüquqi yardım göstərilməsi üçün 1000 manat xidmət haqqı ödənilməsini razılaşdırmışdır.

65. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

66. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

67. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

68. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

69. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

71. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

72. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 432 manat təşkil edir. İddiaçı 410 manat mediasiya xərci, 22 manat isə dövlət rüsumu ödəmişdir.

73. İddianın qismən təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 129 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

74. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 6916 (altı min doqquz yüz on altı) manat 48 (qırx səkkiz) qəpik ƏDV daxil olmaqla 40341 (qırx min üç yüz qırx bir) manat 38 (otuz səkkiz) qəpik əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 613 (altı yüz on üç) manat 41 (qırx bir) qəpik, dəymiş zərərin əvəzi olaraq 1211 (bir min iki yüz on bir) manat 47 (qırx yeddi) qəpik pul olmaqla ümumilikdə 42166 (qırx iki min yüz altmış altı) manat 26 (iyirmi altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Hüquqi yardım xərcinin əvəzi olaraq 1000 (bir min) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar