Məhkəmə qərarları › İş №e-2-2(113)-273/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-273/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-273/2023 17.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 13572,59 manat (ƏDV daxil) məbləğində borcun, 1357,26 manat dəbbə pulunun və 200 (iki yüz) manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə görə “operator”, yəni İddiaçı MMC bu müqavilə ilə əlavələrdə göstərilən şərtlərlə SWİFT Beynəlxalq şəbəkəsinə qoşulmaqla “sifarişçi”yə, yəni Cavabdeh MMC-yə son istifadəçi xidmətlərinin (End User Services) göstərilməsini öhdəsinə götürmüşdür. 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı müqavilənin 3.2-ci maddəsinə görə operator xidmətlərdən istifadə haqqında sifarişçiyə hesabat dövrü başladıqdan sonra 3 (üç) bank günü ərzində hesab təqdim edir. Sifarişçi, yəni Cavabdeh MMC ödənilməli olan məbləğləri manatla operatorun hesabda göstərilmiş bank hesabına, hesab qəbul olunduqdan 7 (yeddi) bank günü ərzində ödəyir. Lakin Cavabdeh MMC yuxarıda qeyd edilən müqavilələrin şərtlərini pozaraq İddiaçı MMC tərəfindən xidmət müqaviləsi üzrə aylıq hesablar təqdim etməyinə baxmayaraq, 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı müqavilə üzrə 01 sentyabr 2020-ci il tarixindən 21 iyun 2021-ci il tarixinə kimi göstərilən xidmətlərə görə 13572,59 manat (ƏDV daxil) məbləğində ödənişi bugünə kimi həyata keçirməmişdir. Yuxarıda qeyd edilən müqavilələrin şərtlərinə müvafiq olaraq, İddiaçı MMC Cavabdeh MMC-yə hər ay müvafiq xidmətləri göstərmişdir. Cavabdeh MMC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01,06.2010cu il tarixli, 032-X2010 saylı müqavilə üzrə 01 sentyabr 2020-ci il tarixindən 21 iyul 2021-ci il tarixinə kimi göstərilən xidmətlərə görə 13572,59 manat məbləğində ödənişin, 1357,26 manat dəbbə pulunun və 200 manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk olaraq qeyd edilir ki, yuxarıda qeyd olunan müqaviyəyə əsasən cavabdeh öz üzərinə istifadə edilmiş rabitə kanalına dair xidmət haqqını ödəmək öhdəliyini götürmüşdür. Bu, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində də öz əksini tapır. İddiaçı MMC-nin müqaviləyə uyğun olaraq göstərdiyi xidmətlərdən cavabdeh 01,06.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək istifadə etmiş və haqqını ödəmişdir. Cavabdeh tərəfindən iddiaçının hesabına son ödəniş 2020-ci ilin avqust ayı üzrə istifadə olunan xidmətlər ilə əlaqədar olaraq həyata keçirilmişdir. Buradan da aydın olur ki, cavabdeh tərəfindən bu öhdəlik tam və lazımınca yerinə yetirilmişdir. Lakin xx.xx.2020-ci il tarixindən sonra bu xidmətlərdən istifadə edilməmiş və müvafiq olaraq ödənişlərin həyata keçirilməsi də dayandırılmışdır. İddia ərizəsi xidmət müqaviləsi üzrə aylıq hesabların təqdim edilməsinə baxmayaraq, ödənişin həyata keçirilməməsi ilə əsaslandırılsa belə, qeyd edilir ki, iddiaçının tələbi əsassızdır və qeyd olunan hallara uyğun olaraq qəbul edilmir. Əlavə olaraq müqavilənin digər bir bəndinə nəzər yetirildikdə iddiaçının hesab təqdim edildiyi gündən 60 (altmış) gün müddətində ödənişin aparılmaması halında xidmətin göstərilməsinin dayandırılması hüququnun da olduğu məlum olur. Lakin iddiaçı bu hüququndan da istifadə etməmişdir. Bununla birgə iddiaçı tərəfindən tələb edilən məbləğə məhz texniki qulluqla bağlı razılaşdırılmış məbləğlər də daxildir. Xidmətin göstərilməsi sifarişçi tərəfindən tələb edilmirsə, xidmət təhvil alınmırsa və istifadə edilmirsə, əlaqəli texniki qulluğun nədən ibarət olduğu qeyri-müəyyəndir. Əlavə olaraq, xidmət haqqı təhvil alınmış xidmətə uyğun olaraq ödənilir, lakin iddiaçı öz tələbini əsaslandırarkən qeyd etdiyi müddət ərzində hansı formada texniki qulluğun göstərilməsini qeyd etməmiş və hər hansı əsas gətirməmişdir. Məsələləri ümumiləşdirdikdə, cavabdeh tərəfindən faktiki olaraq xidmətdən istifadə edilmədiyi məlum olmuşdur. Buna baxmayaraq, öz hüquqlarından istifadə etməmişdir. Əlavə olaraq isə iddiaçı tərəfindən cavabdehə göstərilmədiyi qeyd edilən xidmətə görə şişirdilmiş məbləğdə ödəniş tələb etmiş və əsassız olaraq cərimə məbləği hesablanmışdır. Məlumdur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri 10 ildən çox müddətə davam etmişdir. Son ödəniş tarixinədək daimi olaraq xidmətlər qəbul edilmiş və cavabdeh tərəfindən haqq ödənilmişdir. Bu uzun müddətli əməkdaşlıq da nəzərə alındıqda onlara artıq məlum olmuşdur ki, cavabdeh tərəfindən bu xidmət artıq tələb edilmir və ödənişlərdən imtina edilir. Hallara nəzər yetirildikdə iddiaçının öz hüquqlarından sui-istifadə etdiyi məlum olur. Belə ki, xidmətdən faktiki olaraq istifadə edilmədiyi, ödənişin həyata keçirilmədiyi ona məlum olur, lakin hüququ olsa belə, xidmətin göstərilməsini rəsmi olaraq dayandırmır. Həmçinin əsassız olaraq şişirdilmiş məbləğdə xidmət haqqı və cərimə məbləği tələb edir. Uzun müddətli əməkdaşlığa baxmayaraq, faktiki halların nəzərə alınmaması və məbləğin şişirdilməsi özlüyündə mülki hüquq pozuntusudur. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir şəxsin hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. İşin hallarında da bu öz əksini tapır ki, iddiaçı cavabdehə qarşı qərəzli mövqe ilə çıxış etmiş, ədalətsiz yanaşmış və məqsədli olaraq şişirdilmiş tələblər irəli sürmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Operator” qismində "xxx” MMC ilə “sifarişçi” qismində Cavabdeh arasında 01 iyun 2010-cu il tarixli, 032-X-2010 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən operator bu müqavilə ilə əlavələrdə göstərilən şərtlərlə sifarişçiyə son istfadəçi xidmətlərinin (End User Services) göstərilməsini öhdəsinə götürür. (Əlavə № 1) Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi istifadə olunan rabitə kanalının xidmət haqqını ödəyir. Sifarişçi tələb etdiyi avadanlıqların dəyərini müəyyən edilmiş qaydada ödəyir, operator isə sifarişçini standartlara və tələblərə müvafiq Əlavələrdə müəyyən edilmiş avadanlıqlarla təmin edir. Müqavilənin 3.1-ci bəndinə əsasən avadanlıqların dəyəri və xidmətlərin qoşulma haqqı sifarişçi tərəfindən sifarişçi SWİFT şəbəkəsinə qoşulduqdan sonra manatla operatorun hesabda göstərilmiş bank hesabına, hesab qəbul olunduqdan 5 (beş) bank günü ərzində nəğd və ya hesaba köçürmə yolu ilə ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən xidmətdən istifadə tarifləri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavələrlə müəyyən olunmuşdur. Tərəflər arasındakı hesablaşmalar Azərbaycan Respublikasının Milli Valyutası olan manatla köçürmə və ya nəğd yolu ilə aparılır. Sifarişçinin yerləşdiyi yerə qədər şəbəkəyə qoşulma xərclərini, daxili qoşulma və sistemləşdirilməsi xərcləri operatorun üzərinə düşür. Sifarişçidən asılı olan səbəblərdən, yəni onun ünvanı və ya avadanlıqların yeri dəyişdirildikdə sifarişçinin yenidən şəbəkəyə qoşulma zərurəti yaranarsa, bu halda qoşulma xərclərinin ödənilmə öhdəliyi sifarişçinin üzərinə düşür. Müqavilənin 3.3-cü bəndinə əsasən hesabat dövrü hər təqvim ayının 1-ci günündən axırıncı gününə kimi təyin olunur. Müvafiq qaydada operator xidmətlərdən istifadə haqqında sifarişçiyə hesabat dövrü başladıqdan sonra 3 (üç) bank günü ərzində hesab təqdim edir. Sifarişçi ödənilməli olan məbləğləri manatla operatorun hesabda göstərilmiş bank hesabına, hesab qəbul olunduqdan 7 (yeddi) bank günü ərzində ödəyir. Əgər sifarişçi ödənişləri gecikdirirsə, 1 (bir) aydan sonra hesab alındığı gündən hesablamaqla, hər gecikdirilmiş gün üçün 0,03% həcmində cərimə ödəyəcəkdir (hesabda göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). Əgər hesab təqdim edildiyi gündən 60 (altmış) gün müddətində ödəniş aparılmazsa, operatorun yazılı məlumat verməklə şəbəkəni dayandırmaq hüququ var. Müqavilənin 3.3-cü bəndinə əsasən vergi üzrə hesablaşmalar qanunvericilikdə nəzərdə tutulan qaydada aparılacaqdır. Sifarişçi onun ƏDV-dən azad olunmasını təsdiqləyən hər hansı lazımi sənədləri operatora təqdim etməklə göstərilmiş xidmətlər ƏDV-yə sıfır faiz (0%) dərəcə ilə cəlb oluna bilər. - Tərəflər arasında bağlanmış 01 iyun 2010-cu il tarixli, 032-X-2010 nömrəli müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, tərəflər aralarında bağlanmış sözügedən müqaviləyə əsasən göstəriləcək xidmətlərin dəyərini müəyyənləşdirmişlər. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 779501 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə 2020-ci ilin sentyabr ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 119220 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə 2020-ci ilin oktyabr ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 322703 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 046023 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə 2021-ci ilin yanvar ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 273356 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə 2021-ci ilin fevral ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAT seriyalı, 663022 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 575549 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə 2021-ci ilin mart ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 189225 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə 2021-ci ilin aprel ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 617164 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə 2021-ci ilin may ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 250094 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə 2021-ci ilin iyun ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 892,32 manat (ƏDV daxil) təşkil edir. - iddiaçı tərəfindən 032-X-2010 nömrəli müqavilənin 1 saylı Əlavəsinə əsasən tərtib olunaraq cavabdehə göndərilən hesab adlanan sənədlər (elektron qaimələr hesablara müvafiq tərtib olunmuşdur) məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər üzrə ümumi məbləğ 13572,59 manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) bank günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. həmin müqaviləyə əsasən operator olan iddiaçı müqavilə ilə əlavələrdə göstərilən şərtlərlə sifarişçiyə son istfadəçi xidmətlərinin (End User Services) göstərilməsini, cavabdeh olan sifarişçi isə istifadə olunan rabitə kanalının xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdehndan 13572,59 manat (ƏDV daxil) məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin edilməli və cavabdehdən əsas borca görə 13572,59 manat (on üç min beş yüz yetmiş iki manat əlli doqquz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin etirazının əsası kimi istinad etdiyi iddiaçının hesab təqdim edildiyi gündən 60 gün müddətində ödənişin aparılmaması halında xidmətin göstərilməsinin dayandırılması hüququnun olması, lakin bundan istifadə etməməsi iddianın təmin olunmaması kimi əsas ola bilməz. Belə ki, qeyd olunan halda xidmətin göstərilməsini dayandırmaq iddiaçının vəzifəsi yox, hüququ olmuş, lakin həmin hüququndan istifadə etməmişdir və bu, hüquqdan sui-istifadə hesab oluna bilməz. Eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2021-ci tarixli məktubda deyilir: “Cavabdeh MMC-nin Beynəlxalq banklararası pul köçürmə sistemi olan SWİFT arasında rabitə bağlantısı üçün, xx.xx.2010-cu il tarixli 032-X-2010 saylı müqaviləyə əsasən müəssisəniz tərəfindən xidmət göstərilirdi. Cari ildən SWİFT arası bağlantıların internet şəbəkəsi üzərindən təmin edilməsi üçün artıq müəssisənizin təqdim etdiyi xidmətə əsasən rabitə bağlantısı istifadə edilmir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 032-X-2010 saylı müqaviləyə əsasən tərəfinizdən təqdim etdiyiniz telekommunikasiya xidmətinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsini və müqavilə şərtinin 7.3 bəndinə əsasən müqavilənin qüvvədən düşmüş hesab olunmasını nəzərinizə çatdırırıq.” Beləliklə, göründüyü kimi, cavabdeh xx.xx.2021-ci tarixli məktubla iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli 032-X-2010 saylı müqaviləyə əsasən xidmət göstərildiyi qeyd olunur və iddiaçı tərəfindən təqdim olunan telekommunikasiya xidmətinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsi xahiş olunur və müqavilə şərtinin 7.3 bəndinə əsasən müqavilənin qüvvədən düşmüş hesab olunması bildirilir. Müqavilənin 7.3 bəndinə əsasən tərəflərdən hər biri 30 təqvim günü qabaqcadan digər tərəfə yazılı şəkildə məlumat verməklə bu müqaviləyə xitam verə bilər. İddiaçının nümayəndəsi bildirmişdir ki, xidmətin dəyəri müqavilə şərtlərinə, müqavilənin 7.3 bəndinə uyğun olaraq hesablanmış və cavabdehə müvafiq elektron qaimələr göndərilmişdir. Beləliklə, telekommunikasiya xidmətinin dayandırılması müqaviləyə xitam verildikdən sonra baş vermişdir. Həmin müddət ərzində ödənişlərin edilməsi üçün cavabdehə hesablar və elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmiş və hər hansı etiraz bildirilməmişdir. Ona görə də məhkəmə iddiaya verilən etirazı əsaslı saymır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 1357,26 manat dəbbə pulunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 700 (yeddi yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 13572,59 manat (on üç min beş yüz yetmiş iki manat əlli doqquz qəpik) əsas borc, 700 (yeddi yüz) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 14472,59 manat (on dörd min dörd yüz yetmiş iki manat əlli doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar