Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2738/2023 13.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 885 (səkkiz yüz səksən beş) manat ödənilməmiş borc məbləği, 20 (iyirmi) manat mediasiya xərci, ödənilmiş 10 (on) manat dövlət rüsumu olmaqla, cəmi 915 (doqquz yüz on beş) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 17 dekabr 2018-ci il tarixli, AZRT/2018/479 saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasında telekommunikasiya xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 885 (səkkiz yüz səksən beş) manat ödənilməmiş borcu qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 430.1, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 17 dekabr 2018-ci il tarixli, AZRT/2018/479 saylı “Telekommunikasiya xidmətlərin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Azərtelekom sifarişçiyə telekommunikasiya xidmətlərini göstərir, sifarişçi isə xidmət müqabilində Azərtelekom-a xidmət haqqı ödəyəcək. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər sifarişçi tərəfindən əldə ediləcək internet trafiki və ya mövcud olan trafikə əlavə ediləcək trafik, portların və ayrılmış məlumat kanalların sayı və tərəflərin hər sifariş üzrə vacib saydıqları digər məlumatları hər dəfə şablonu bu müqaviləyə 2 saylı qoşmada verilmiş Xidmət Sifariş Formasının (“XSF”) imzalanması vasitəsi ilə təsdiqləyirlər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən xidmət üçün aylıq xidmət haqqı tətbiq edilirsə, birdəfəlik quraşdırma haqqı XSF-da ƏDV xaric göstərilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında makro-iqtisadi şəraitdə mühüm dəyişikliklər, o cümlədən lakin bunlarla məhdudlaşmayaraq valyuta məzənnələrinin enib-qalxması, beynəlxalq və yerli faiz dərəcələrində mühüm dəyişikliklər, yerli vergi sistemində mühüm dəyişikliklər baş verməsi ilə əlaqədar Azərtelekomun hər hansı XSF üzrə xidmət haqqının dəyişdirilməsi niyyəti olduqda o, bu barədə sifarişçiyə əvvəlcədən yazılı bildiriş verməlidir. Sifarişçi qiymət dəyişikliyi ilə razılaşdıqda müqavilə üzrə qiymətlər tərəflərin qarşılıqlı razılığına uyğun olaraq müəyyən etdiyi qaydada dəyişdirilə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən aylıq xidmət haqqının hesablanması xidmətin hazır olduğunu təsdiq edən texniki aktı (“Texniki akt”) hər iki tərəfdən imzalandıqdan sonra başlayır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən Azərtelekom hər ayın sonunda sifarişçiyə imza üçün ay ərzində göstərilmiş xidmətin təhviltəslim aktını təqdim edir. Sifarişçi həmin aylıq təhvil-təslim aktını təqdim edildiyi tarixdən 7 (yeddi) iş günü ərzində imza edib geri qaytarmalıdır və ya imza etməkdən imtina etdikdə bunun yazılı səbəbini Azərtelekoma təqdim etməlidir. Sifarişçi bu müddət ərzində aylıq təhvil-təslim aktını imza edib geri qaytarmadıqda və ya bunun yazılı səbəbini təqdim edilmədikdə aylıq təhvil-təslim aktı üzrə göstərilən xidmətlər qəbul edilmiş sayılacaq. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən Azərtelekom aylıq fakturanı hər təqvim ayının sonundan etibarən 7 (yeddi) iş günü ərzində qarşılıqlı şəkildə aylıq təhvil-təslim aktı əsasında təqdim edir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən ödəniş Azərtelekom tərəfindən fakturanın təqdim edilməsindən sonra sifarişçi tərəfindən 30 (otuz) təqvim günü ərzində edilməlidir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən ödəniş gecikdikdə, Azərtelekom sifarişçidən hər gecikdirilən günə görə ümumi faktura məbləğinin 0,1 (sıfır tam onda bir) faizi miqdarında cərimə tələb etmək hüququna malikdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, AZRT_201907013 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 885 manat (xx.xx.2018-xx.xx.2019 dövr üzrə) təşkil edir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
8. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli, AZRT/2018/479 saylı “Telekommunikasiya xidmətlərin göstərilməsinə dair” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
12. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 885 manat əsas borcun tutulması təşkil edir.
13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 885 (səkkiz yüz səksən beş) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.
14. Eləcə də, iddiaçı 20 manat mediasiya xərci və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
15. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiyaya ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehndən 885 (səkkiz yüz səksən beş) manat əsas borc, 20 (iyirmi) manat mediasiya xərci və 10 manat dövlət rüsumu olmaqla, cəmi 915 (doqquz yüz on beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova