Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2756/2024 18.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Hacıyev Emil Cəmiyyət oğlunun Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subagent müqaviləsi, əsas borc və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Hacıyev Emil Cəmiyyət oğlunun Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Hacıyev Emil Cəmiyyət oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Techno Tikinti Təchizat” MMC–dən 8229 manat məbləğində yaranmış borcun, 103 manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul olmaqla cəmi 8652 manat məbləğində pulun alınıb ona, yəni Hacıyev Emil Cəmiyyət oğluna verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh «Techno Tikinti Təchizat” MMC ilə xx.xx.2022–ci il tarixli 7 nömrəli Agent müqaviləsinə əsasən aralarında kommersiya münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh şirkətin üçün Mitsubishi L200 markalı 90–ML–950 dövlət qeydiyyat nişanlı avtomobiliylə göstərmiş olduğu sürücü xidmətinə görə cavabdehin ona ümumilikdə 8229 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin sifarişləri yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixli 7 nömrəli Agent müqaviləsinə əlavə olaraq tərtib edilmiş elektron qaimə-fakturalara əsasən göstərilmiş xidmətlərə görə cavabdeh 8229 manat məbləğində borclu qalmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabehin borcunu ödəməsi ilə bağlı pretenziya göndərilmişdir. Lakin pretenziya məktubuna heç bir münasibət bildirməmişdir. Hazırda cavabdehin 8229 manat məbləğində borcu qalmışdır. Bundan başqa hüquqi məsələlərin həlli üçün vəkillə hüquqi yardıma görə bağlanmış müqaviləyə əsasən 320 manat pul ödənilmişdir. Həmin vəsait də cavabdehdən tutullmalıdır. Cavabdehə bir neçə dəfə borcunun ödənilməsi ilə bağlı məlumat verilməsinə baxmayaraq, yenə də heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2756/2024 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş və Cavabdehndən 8229 manat əsas borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 103 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat tuularaq iddiaçı Hacıyev Emil Cəmiyyət oğluna ödənilməsi qət edilmişdir.
4. 22.08.2024-cü il tarixində Cavabdeh MMC məhkəməyə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsi və işə yenidən baxılmasını xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2756/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2756/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf sadəcə vaxtı uzatmaq üçün qiyabi qətnamənin ləğvi barədə ərizə vermişdir. Göründüyü kimi qiyabi qətnamə ləğv olunandan sonra nə prosesdə iştirak etmirlər, nə də ki, sistem vasitəsi ilə hər-hansı sübutu məhkəməyə təqdim etməyiblər. Ona görə də iş üzrə qətnamə qəbul edilməsini xahiş edir.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir və gəlməməyinin səbəblərinə dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Hacıyev Emil Cəmiyyət oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 7 saylı müqaviləyə əsasən:
11. Müqavilənin 1.1-ci bəndinə əsasən Sürücü Şirkətin tapşırığına əsasən və onun adından Azərbaycan Respublikası ərazisində Şirkət tərəfindən Sürücüyə təqdim olunan müştərilərə sərnişin daşınma xidmətini göstərir.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən şirkət Agent funksiyasını yerinə yetirərkən Sürücünü müştərilərlə təmin edir.
13. Müqavilənin 2.1-ci bəndinə əsasən şirkət öz üzərinə Agent kimi götürdüyü vəzifələri vaxtında və tam həcmdə yerinə yetirməlidir.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən Şirkət görülmüş işlər üçün sürücüyə 1400 manat əvvəlcədən ödəniş edəcək. Ay ərzində sürücü müştəri ilə 5000 km-dən çox sürərsə, hər əlavə km-ə görə şirkət sürücüyə 0.25 manat əlavə ödəniş edəcək.
15. 26.04.2023-cü il tarixli EBDE233365 saylı e-qaiməyə əsasən Hacıyev Emil Cəmiyyət oğlu tərəfindən Cavabdeh MMC-yə 2500 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDF174021 saylı e-qaiməyə əsasən 1400 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDH261097 saylı e-qaiməyə əsasən 2733 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDL267480 saylı e-qaiməyə əsasən 2550 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDN405688 saylı e-qaiməyə əsasən 1952 manat dəyərində, xx.xx.2024-cü il tarixli EBDP682056 saylı e-qaiməyə əsasən 2603 manat dəyərində, xx.xx.2023-cü il tarixli 961202 saylı e-qaiməyə əsasən 2391 manat dəyərində və xx.xx.2023-cü il tarixli EBDU155255 saylı e-qaiməyə əsasən 1400 manat dəyərində xidmətlərin göstərilməsinə dair qaimələr təqdim edilmişdir. Həmin e-qaimələr cavabdeh şirkət və sistem tərəfindən təsdiq edilmişdir.
16. Hacıyev Emil Cəmiyyət oğluna məxsus xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən «Techno Tikinti Təchizat” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 2800 manat, xx.xx.2023-cü il tarixdə 1400 manat, xx.xx.2023-cü il tarixində 1400 manat, xx.xx.2023-cü il taixində 500 manat, xx.xx.2023-cü il tarixində 2500 manat, xx.xx.2023-cü il tarixində 2500 manat, xx.xx.2023-cü il tarixində 1400 manat, xx.xx.2023-cü il tarixində 2400 manat və xx.xx.2023-cü il tarixində 3000 manat məbləğində ödənişlər edilmişdir.
17. Maliyyə arayışına əsasən cavabdeh «Techno Tikinti Təchizat” MMC ilə xx.xx.2022-ci il tarixli 7 nömrəli Agent müqaviləsinə əsasən şirkət üçün Mitsubishi L200 markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə göstərilmiş sürücü xidmətinə görə 2022-ci ilin noyabr və dekabr ayları üzrə 2800 manat ödəniş etmiş və 0 manat borclu qalmış, 2023-cü ilin yanvar ayı üzrə 1400 manat ödəniş etmiş və 0 manat borcu qalmış, fevral ayı üzrə 1400 manat ödəniş etmiş və 0 manat borcu qalmış, mart ayı üzrə 2500 manat ödəniş etmiş və 0 manat borcu qalmış, aprel ayı üzrə 2500 manat ödəniş etmiş və 0 manat borcu qalmış, may ayı üzrə 1400 manat ödəniş etmiş və 0 manat borcu qalmış, iyun ayı üzrə 2400 manat ödəniş etmiş və 333 manat borclu qalmış, iyul və avqust ayları üzrə 3000 manat ödəniş etmiş və 1502 manat borclu qalmış, sentyabr ayı üzrə 0 manat ödəniş etmiş və 2603 manat borclu qalmış, oktyabr ayı üzrə 0 manat ödəniş etmiş və 2391 manat borclu qalmış, noyabr ayı üzrə 0 manat ödəniş etmiş və 1400 manat borclu qalmış. Bununla da cavabdehin ümumilikdə 8229 manat məbləğində borcu yaranmışdır.
18. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
19. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş sürücülük xidmətlərinə görə cavabdehin ona 8229 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
22. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. İddiaçı tərəf müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları, o cümlədən göstərilmiş xidmətlərin təsdiq olunmasına dair e–qaimə faktura və qismən ödənişə dair hesabdan çıxarışı sübut qismində məhkəməyə təqdim etmişdir.
25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
27. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
28. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
29. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
30. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
31. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
32. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, bəzi qaimələrin cavabdeh tərəfindən təsdiqlənməsi cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
34. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə həm hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir.
35. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 8229 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, cavabdehin elektron məhkəmə informasiya sistemində e-kabineti mövcüddür və bütün məhkəmə iclasları barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir, lakin iştirak etməməyinə görə işə öncə qiyabi icraat qaydasında baxmışdır. Sonradan cavabdeh elə həmin e-kabineti vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə, yenə də cavabdehə iddiaya dair öz münasibət və sübütlarını təqdim etmək üçün şərait yaratmaq məqsədi ilə iş üzrə icraatı təzələsə də, cavabdehin nümayəndəsi nə məhkəmə iclasına gəlməmişdir, nə də iddiaya dair hər-hansı etirazını yazılı qaydada məhkəməyə bildirməmişdir.
37. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 103 manat məbləğində dövlət rüsumu xərci və 320 manat hüquqi xidmətə görə vəkilə iddiaçı tərəfindən ödənişlər edilmişdir.
38. Azərbaycan Respublikası MPM-in:
39. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
41. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 320 manat, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 103 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 8229 manat əsas borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 103 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat tutularaq iddiaçı Hacıyev Emil Cəmiyyət oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova