Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2761/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əvəzsiz istifadə müqaviləsi, əqdin etibarlılığı, dəbbə pulu barədə razılaşmanın forması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə verilmiş “X3 Cool-350P” markalı soyuducunun əvəzi olaraq 1200 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli KOD-S 126/2021 saylı soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan təhvil-təslim aktı imzalanmış və sonuncuya dəyəri 600 manat olan “X3 Cool-350P” soyuducusu verilmişdir. Cavabdehə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdehə soyuducunun qaytarılması ilə bağlı müraciət edilməsindən uzun müddət keçməsinə baxmayaraq, soyuducu qaytarılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə əsasən iddiaçı istifadəyə verilən soyuducunu istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 gün ərzində cavabdeh tərəfindən soyuducu qaytarılmadıqda və ya müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda iddiaçının soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda cavabdeh əmlakın ümumi dəyərinin 2 mislini iddiaçıya ödəyir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1 və 442-ci maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2761/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəməyə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir.
7. Cavabdeh məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, baxış iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh xx.xx.2021-ci il tarixli KOD-S 126/2021 saylı soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilədən məlumatlı olmadığını, həmin müqaviləyə imza etmədiyini, soyuducunu təhvil almadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (İstifadəyə verən qismində) ilə cavabdeh (İstifadəçi qismində) arasında imzalanmış 17 aprel 2021-ci il tarixli KOD-S 126/2021 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, bu müqaviləyə əsasən İstifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin İstifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklammı təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (İstifadəyə verənin mülkiyyətində olan) soyuducuları İstifadəçiyə əvəzsiz istifadəyə verməyi, İstifadəçi isə İstifadəyə verənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür (1.1). İstifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 (beş) gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu Müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır (2.9).
13. Həmin müqaviləyə 01 nömrəli əlavədən görünür ki, 1 ədəd 600 manat dəyərində “X3 Cool-350P” markalı soyuducu cavabdeh tərəfindən imza edilməklə təhvil alınmışdır.
14. Məhkəməyə təqdim edilən pretenziya məktubundan görünür ki, cavabdehdən soyuducunun qaytarılması tələb edilmiş, dəyəri 600 manat olan “X3 Cool-350P” markalı soyuducu 5 gün ərzində qaytarılmadığı təqdirdə, soyuducunun dəyərinin 2 misli həcmində, yəni 1200 manatın, əlavə olaraq Mülki Prosessual Məcəllənin 119-cü maddəsinə əsasən məhkəmə xərcləri, yəni mediasiya xərcinin, dövlət rüsumunun, hüquqi xidmət üçün vəkilə ödənilmiş xidmət haqqının, poçt xərclərinin, əldən çıxmış faydanın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faizin tələb olunacağı bildirilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən çıxarışdan görünür ki, adıçəkilən pretenziya məktubu xx.xx.2023-cü il tarixdə, saat 12:33-də elektron proqram təminatı vasitəsilə cavabdehin kabinetinə yerləşdirilmişdir.
16. İddiaçı soyuducu qaytarılmadığı üçün müqavilənin 2.9-cu bəndinə istinad edərək dəyərinin 2 misli olan 1200 manat məbləğində pulun tutulmasını tələb edir.
17. Cavabdeh iddiaya etiraz edərək, xx.xx.2021-ci il tarixli KOD-S 126/2021 saylı soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilədən məlumatlı olmadığını, müqaviləyə imza etmədiyini bildirir.
18. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
20. Məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarında ifadə olunan hüquqi mövqeyə uyğun olaraq, cavabdehin etirazına əsasən 17 aprel 2021-ci il tarixli KOD-S 126/2021 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə və həmin müqaviləyə 1 nömrəli əlavədə olan imza və xətt nümunəsinin Cavabdeh tərəfindən icra edilib-edilməməsinin müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli e-2-2(113)-2761/2024 nömrəli qərardadla iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1032 nömrəli 09 sentyabr 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında KOD-S 126/2021 nömrəli xx.xx.2021 ci il tarixli müqavilənin 6-cı bəndində “1.2. İstifadəçi” bölməsində “Cavabdeh” yazıları və imza; soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında KOD-S 126/2021 nömrəli 17.04.202T-Cİ il tarixli müqaviləyə 1 nömrəli əlavədə “Təhvil aldı İstifadəçi” qrafasında “Cavabdeh Əlihüseyn o” yazıları və imza Cavabdeh Əlihüseyn oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
21. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
23. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
24. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
26. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
27. Məhkəmə qeyd edir ki, 17 aprel 2021-ci il tarixli KOD-S 126/2021 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə Cavabdeh tərəfindən imza edilmədiyindən həmin müqavilənin əqdin subyekt tərkibi ilə bağlı meyara uyğun olaraq etibarlılığından söhbət gedə bilməz. Həmçinin həmin müqaviləyə 1 nömrəli əlavədə olan imza və xətt nümunəsinin də Cavabdeh tərəfindən icra edilmədiyi müəyyən olunduğundan sonuncunun konklyudent hərəkətləri və rəftarı ilə (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsi qənaətinə gəlinməsi də mümkün deyildir.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
30. Göründüyü kimi, mülki qanunvericilikdə öhdəliklərin icrasının təmin edilməsinin ənənəvi üsulu kimi çıxış edən dəbbə pulu barədə razılaşmanın məhz yazılı qayda bağlanması nəzərdə tutulmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsinin qanunla müəyyənləşdirilməsi imkanı da istisna edilməmişdir. Başqa sözlə, dəbbə pulunun tutulması qismində əsas kimi ya yazılı razılaşma, ya da qanunun müddəası çıxış etməlidir.
31. Hazırkı iş üzrə soyuducunun cavabdehə təhvil verildiyi iş materiallarında olan sübutlarla təsdiq olunmadığından və iddiaçının tələbinin faktiki əsasını təşkil edən 17 aprel 2021-ci il tarixli KOD-S 126/2021 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin etibarsız olduğu müəyyən olunduğundan məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi rədd olunmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
32. İddiaçı həmçinin ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 09 sentyabr 2024-cü il tarixli 4/1032 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 127 manat təşkil edir.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 115.0 və 115.0.4 maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Beləliklə, iddia tələbinin rədd edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ekspertiza xərci olaraq İddiaçı MMC-dən 127 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olaraq İddiaçındən 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova