Məhkəmə qərarları › İş №e-2-2(113)-2762/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2762/2024

14.11.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2762/2024 14.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı üzərində müstəsna hüquq, əmtəə nişanına dair iddia sənədi üzrə hüquqların digər fiziki şəxsə verilməsi barədə müqavilə, müqavilənin etibarlılığı: məcburi hüquq qaydalarına zidd olma, müvafiq razılığın olmaması, əqdin bəyənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X12) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “XXXX” əmtəə nişanının Cavabdeh2 ötürülməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı “XXXX” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeydə alınmasının Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı, üçüncü şəxs Cavabdeh2 cəlb edilməklə “əmtəə nişanı üzərində üçüncü şəxsin əqli mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının əqli mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkənməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11936/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmışdır. Məhkəmənin iddia ərizəsini mümkün saymamaqla gəldiyi əsas nəticə ondan ibarət olmuşdur ki, iddiaçı adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə kommersiya məhkəməsində həll etməlidir. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 4356/2023 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya inistansiya məhkəməsi birinci inistansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mübahisənin mülki mühakimə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmasını qeyd etmişdir. 2.2. İddiaçı “XXXX” əmtəə nişanının sahibi, həmin əmtəə nişanı üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün aidiyyəti üzrə həmin dövrdə – 2009-cu ildə buna cavabdeh olan dövlət qurumu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmişdir. İddiaçının müraciətinə əsasən, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən onun “XXXX” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqları qeydə alınmış və ona 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli dövlət reyestrində qeydə alınan əmtəə nişanı şəhadətnaməsi təqdim edilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər” barədə “Sənaye Mülkiyyəti” bülletenin xx.xx.2011-ci i tarixli buraxılışının 40-cı səhifəsində 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixində dövlət reyestrində qeydə alınan “XXXX” əmtəə nişanın üzərində iddiaçının əqli mülkiyyət hüquqlarının qeyd alınmasına dair informasiya dərc edilmişdir. Bundan sonra 2011-ci ildə iddiaçı tərəfindən ona məxsus olan “XXXX” əmtəə nişanı üzərində beynəlxalq səviyyədə əqli mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Əqli Mülkiyyət Təşkilatına (WİPO) müraciət edilmiş və həmin təşkilatdan İddiaçı Bəhrəm oğlunun müraciətinə müsbət cavab verilmişdir. Belə ki, “XXXX” əmtəə nişanı üzərində iddiaçının əqli mülkiyyət hüquqları Belarus, Çin, İran, Qazaxıstan, Rusiya Federasiyası, Ukraynada tanınmışdır. 2.3. Bir müddət sonra – təqribən 2018-ci ildə iddiaçı səhhətində yaranmış problemlərlə bağlı olaraq müalicə olunmuşdur. Daha sonra bir sıra şəxslərin ona məxsus olan “XXXX” əmtəə nişanından istifadə etdiyini öyrənmişdir. İddiaçının vəkili tərəfindən bununla bağlı olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hüquqi varisi Əqli Mülkiyyət Agentliyinə iki dəfə müraciət edilmişdir. Agentlikdən vəkilin sorğularına verilən cavablar isə tam qanunsuz idi. Belə ki, Agentliyin cavablarında iddiaçıya məxsus olan 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “XXXX” əmtəə nişanın Cavabdeh2 məxsus olduğu bildirilmişdir. Bundan sonra təkrarən xx.xx.2023-cü il tarixində iddaçının vəkili tərəfindən yenidən Əqli Mülkiyyət Agentliyinə sorğu göndərilmiş, sorğuya “XXXX” əmtəə nişanın ona məxsus olmasını təsdiq edən sənədlər əlavə edilmiş və həmçinin sorğuda Agentlikdən ona məxsus olan əmtəə nişanının hansı əsaslar və şəraitdə Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair sənədlər də istənilmişdir. İddiaçının vəkilinin ünvanladığı qeyd edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “XXXX” əmtəə nişanı ilkin olaraq İddiaçı Bəhrəm oğlunun adına rəsmiləşdirilmiş və guya onunla Cavabdeh2 arasında notarial olmayan və qanunvericiliyin tələbini pozmaqla hüquqların ötürülməsinə dair xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə bağlanmışdır. 2.4. Sorğuya verilmiş cavabdan görünür ki, Cavabdeh2 izi itirmək üçün daha sonra 2016-cı ilin sentyabrında X16 adlı şəxslə iddiaçıya məxsus olan 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “XXXX” əmtəə nişanı üzərində hüquqların ötürülməsinə dair bu dəfə notarial müqavilə imzalamışdır. Daha sonra 2021-ci ilin 11 iyununda bu dəfə X16 ilə Cavabdeh2 arasında yenə notairal müqavilə bağlanaraq, iddiaçıya məxsus olan 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “XXXX” əmtəə nişanı üzərindəki əqli mülkiyyət hüquqları yenidən Cavabdeh2 qaytarılmışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən vəkil sorğusuna xx.xx.2023-cü il tarixli 11-4/2-293/2023-cü il tarixli cavab məktubuna, həmçinin guya iddiaçı ilə Cavabdeh2 arasında imzalanmış yuxarıda qeyd edilən xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə də əlavə edilmişdir. 2.5. Həmin müqaviləyə baxan zaman imzaların iddiaçıya məxsus olmadığı aşkar görünür. Həmin imzaların iddiaçıya məxsus olmadığı sübut etmək üçün “Azərbaycan Respublikası X9” MMC-yə müraciət edilmişdir. Ekspert tərəfindən İddiaçı Bəhrəm oğlundan imza nümunələri götürülmüş, həmçinin sözügedən müqavilə də ekspertə təqdim edilmişdir. “X11” MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 83 nömrəli rəyin təsviri və nəticə hissəsindən də görünür ki, imzalar İddiaçı Bəhrəm oğluna məxsus deyildir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən vəkil sorğusuna xx.xx.2023-cü il tarixli 11-4/2-293/2023 nömrəli cavab məktubuna guya imzalanmış saxta müqavilə ilə barəbər, İddiaçı Bəhrəm oğlunun ərizəsi də əlavə edilmişdir. Həmin ərizədə guya iddiaçı ona məxsus olan 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “XXXX” əmtəə nişanının Cavabdeh2 adına rəsmiləşdirilməsini Komitədən xahiş etmişdir. Bu barədə digər ekspertiza mərkəzi olan “X19” MMC-yə müraciət edilmiş və İddiaçı Bəhrəm oğluna məxsus imza nümunələri ekspert tərəfindən alınmış, zəruri sənədlər ekspertə təqdim edilmişdir. Ekspert qarşısında qoyulmuş suallara cavab olaraq “X19” MMC-nin 03 iyul 2023-cü il tarixli rəyinin təsviri və nəticə hissəsinə əsasən, müqavilədəki imzaların İddiaçı Bəhrəm oğluna deyil, başqa şəxsə aid olması və həmçinin İddiaçı Bəhrəm oğlunun müqavilədəki və ərizədəki imzalarının, Cavabdeh2 imzasının eyni olması və üçüncü şəxs tərəfindən icra edilməsi qeyd edilmişdir. 2.6. Bütün bu sübutları əldə etdikdən sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə ona məxsus olan 2010 0274 nömrəli xx.xx.2010cu il tarixli “XXXX” əmtəə nişanı üzərində onun əqli mülkiyyət hüquqlarının bərpa edilməsi ilə bağlı müraciət edilmiş və müraciətə yuxarıda sadalanan bütün sübutlar əlavə edilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı Bəhrəm oğluna ünvanlanmış 11-4/2-M-100-xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda müraciətin araşdırıldığını, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin (guya İddiaçı Bəhrəm oğlu və Cavabdeh2 arasında imzalanan) Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi xx.xx.2009-cu il tarixli 139 saylı Qaydaların 2.3-cü bəndinin 12-ci abzasının tələblərini pozmaqla tərtib edildiyini, həmçinin qanunvericiliyin tələbinə əsasən müqavilənin notarial qaydada bağlanmalı olduğu halda, qanunvericilin pozulmasını, həmçinin yekun sənədin başqa şəxs tərəfindən götürülməsi etiraf edilmişdir. Eyni zamanda həmin pozuntunun Agentliyin əməkdaşlarının deyil, o zaman buna cavabdeh olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yol verilməsi və pozulan hüquqların bərpası üçün məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Yuxarıdan aydın görünür ki, iddiaçıya məxsus olan 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “XXXX” əmtəə nişanı üzərindəki əqli mülkiyyət hüququ səlahiyyətli şəxslərin və ya ona məlum olmayan şəxslərin iştirakı ilə Cavabdeh2 xeyrinə saxtalaşdırılmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 30-cu maddəsi, “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris şəhərində 1883-cü il martın 20-də imzalanmış Konvensiyanın 6-cı maddəsi, “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 1989-cu il iyunun 27-də Madrid şəhərində qəbul edilmiş Protokolu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 337.1, 337.4, 337.5, 340.2-ci maddələri, “Əmtəə nişanlar və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3, 9, 17, 18, 21, 24, 25-ci və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.3-cü bəndi göstərilmişdir.

4. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iddiaya etiraz təqdim edərək, İddiaçı Bəhrəm oğlunun “müqavilənin etibarsız hesab edilməsi, əqli mülkiyyət hüquqlarının qeydə alınması” iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. münasibətlərin faktiki xarakteri, işin mövcud halları və hazırkı etirazda qeyd edilən xüsusatlara əsasən, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində qeyd edilənlər əsassız, həqiqəti əks etdirməyən və bir-biri ilə ziddiyyətli olan hallardan ibarətdir. İddiaçının hazırkı iddia tələbi sırf qərəzli və hüquqdan sui-istifadə xarakteri daşıyır və məhkəmə mübahisəsinin qaldırılmasında başqa məqsədlər güdülür. 5.2. İddiaçı iddia ərizəsində “XXXX” əmtəə nişanının guya ona məxsus olduğunu, qeydiyyata aldırdıqdan sonra 2018-ci ildə xəstəliklə bağlı müalicə olunduğunu, daha sonra bir sıra şəxslərin həmin əmtəə nişanından istifadə etdiyini öyrəndiyini, əqli mülkiyyət agentliyinə müraciət etdikdən sonra həmin əmtəə nişanının Cavabdeh2 məxsus olduğunu bildiyini qeyd etmişdir. Lakin İddiaçı Bəhrəm oğlunun iddia ərizəsində qeyd etdikləri tamamilə yalandır, çünki “XXXX” brendi heç vaxt ona məxsus olmamış, formal olaraq onun adına qeydiyyata alınsa da, o yalnız fəhlə və digər vəzifələrdə çalışmış, daha sonra isə işdən çıxarılmışdır. Bu faktlar hazırkı ərizəyə əlavə edilmiş, İddiaçı Bəhrəm oğlunun özünün hüquq mühafizə orqanlarına ünvanladığı ərizələr, həmçinin X13 təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid qismində nümayəndəsinin (vəkil XXXX) iştirakı ilə verdiyi şahid ifadələri ilə öz təsdiqini tapır. Ümumiyyətlə, “XXXX” əmtəə nişanı 2010-cu ildə de-yure onun adına rəsmiləşdirilsə də, de-fakto “XXXX” restoranının sahibinə məxsus olmuşdur. 5.3. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli AR DİN BMCMİ-yə İddiaçı verdiyi şahid ifadəsində iddiaçı özü qeyd edir: “XXXX” restoranlar şəbəkəsinin sahibi X6 mən təxminən 2002-2003-cü illərdən tanımışam, həmişə aramızda normal tanışlıq olmuşdur. O vaxtlar mən təsadüfi olaraq həmin restoranda fəhlə kimi işə düzəlmişdim. Mənim işim bulaşıq qabları daşımaqdan, sair əməli fəaliyyətdə köməklik göstərməkdən ibarət olmuşdur... mən həmin “XXXX” restoranında təxminən 1 ay fəhlə işləyəndən sonra ofisiant kimi işləməyə davam etdim, təxminən bir ildən sonra isə baş ofisiant işlədim. 2005-ci ildə Natiq məni həmin restoranda anbar müdiri vəzifəsinə təyin etdi, 2006-cı ildən isə icraçı direktor təyin olundum. “XXXX” restoranında icraçı direktor kimi 2011-ci ilə qədər işləmişəm... 2011-ci ildə “XXXX” restoranında bəzi işçilər məndən Natiqə şikayət etmişdilər, belə ki həmin vaxtlarda restoranın adminstratorları fəhlələri bir qədər incitmişdilər, mən də adminstratorların bu hərəkətlərinə bir qədər müdaxilə etmişdim... Ona görə də 2011-ci ildən 2016-cı ilə qədər mənim “XXXX” restoranında təxminən 4-5 il işləmədim, lakin özüm işləməsəm də obyektlərin bir neçəsi, eləcə də nəzarət kassa aparatı mənim adıma olmuşdur. 2016-cı ildə həmin restoranın anbarında mənimsəmə hallarına şübhələr olduğu üçün XXXX məni restoranın anbarına bir növ agent kimi bu kimi halları müəyyən etmək üçün fəhlə kimi dəvət etdi, təxminən 12 gün anbarda fəhlə işlədim və mənim sayəmdə təxminən 100-140 min manat arası mənimsəmə halı müəyyən olundu... sonra mən icraçı direktor olaraq 2016-cı ildən 2018-ci ilədək həmin restoranda çalışmışam. 2018-ci ildə isə həmin restoranın bəzi işçiləri ilə aramızdakı münasibətlər gərginləşdiyi üçün mən özüm “XXXX” restoranında işdən çıxdım. 2018-ci ildən bu günə qədər işsizəm, heç yerdə işləmirəm”. 5.4. İddiaçının özü tərəfindən verilmiş ifadədə qeyd edilənlərdən də görünür ki, o, “XXXX” restoranlar şəbəkəsində yalnız işçi kimi fəaliyyət göstərmiş, brend, şəbəkə, biznes heç vaxt ona məxsus olmamış, o, “XXXX” restoranlarının sahibi olmamışdır. Sadəcə qazandığı inam nəticəsində onun VÖEN-indən istifadə edilmiş və əmtəə nişanı onun adına qeydiyyata alınmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, guya 2018-ci ildə başqa şəxslərin istifadə etməsindən xəbər tutması tamamilə yalandır, çünki onun özü həmin əmtəə nişanından heç vaxt istifadə etməmişdir, hər zaman “başqa” şəxs, yəni “XXXX” restoranının əsl sahibi istifadə etmişdir. Həmçinin iddiaçı özü də qeyd edir ki, 2011-2016-cı illər ərzində 5 il işdən azad olunmuş və restoranda çalışmamışdır. Bu müddət ərzində də “XXXX” əmtəə nişanından istifadə edildiyi ona məlum idi. Odur ki iddiaçının guya 2018-ci ildə əmtəə nişanından başqa şəxslərin istifadə etdiyini bilməsi barədə dedikləri tamamilə yalan və əsassızdır. 5.5. Bundan əlavə, İddiaçı Bəhrəm oğlu tərəfindən yazılaraq AR DİN BMCMİ-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli şikayət ərizəsinin ilk abzasında o qeyd edir ki, 2005- 2017-ci illər aralığında müəyyən müddətli fasilələrlə “XXXX” restoranlar şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir. Həmin müddət ərzində “XXXX” restoranının VÖEN-i və adının patent hüququ onun adına olmuşdur. Ərizədə qeyd olunanlardan da tam aydın olur ki, 2005-2017-ci illərdə patent hüququnun ona məxsus olduğunu bildirməklə, sonrakı dövrdə artıq ona aidiyyətinin olmadığını qeyd edir. Bununla da, İddiaçı özünün əmtəə nişanı üzərindəki formal hüququnun artıq başa çatdığından məlumatlı olduğu görünür. 5.6. Digər vacib məsələ bundan ibarətdir ki, iddiaçı özü xx.xx.2015-ci il tarixli 47 nömrəli müqaviləni imzalamış və möhürü ilə təsdiq etmişdir. Bundan əlavə, iş materiallarında olan bank qəbzindən də görünür ki, hüquqların ötürülməsi ilə bağlı hərəkətlərin rüsumunu şəxsən özü ödəmişdir. Ödəniş qəbzində ödəyən şəxsin İddiaçı Bəhrəm oğlu olduğu qeyd edilmiş və İddiaçı öz imzası ilə pul ödədiyini təsdiq etmişdir. Şəxsin hazırkı iddia ərizəsində guya müqavilədən məlumatsız olması, imzanın onun tərəfindən icra edilməməsi barədə qeyd etdikləri tamamilə əsassızdır. Çünki müqavilədən də görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”na 2 nömrəli əlavədə göstərilən formaya uyğun bağlanılmışdır. Belə ki, müqavilə İddiaçı Bəhrəm oğlu tərəfindən imzalanmış və ona məxsus möhür ilə təsdiq edilmişdir. İddiaçı həmin müqavilədən məlumatsız olduğunu, onun əvəzinə başqa şəxsin imza etdiyini bildirsə də, ona məxsus möhürün həmin müqavilədə öz əksini necə tapmasına münasibət bildirmir. İkinci olaraq, müqaviləni başqa şəxsin imzalamasını qeyd etsə də, hüquqların ötürülməsi ilə bağlı banka ödənilən rüsumun birbaşa onun özü tərəfindən ödənilməsi və həmin qəbzə imza atması barədə də heç bir münasibət bildirməmişdir. Ümumiyyətlə, onun adından hər hansı kənar şəxsin banka rüsum ödəməsi və onun adından imza atması qeyri-mümkündür, bank əməkdaşları tərəfindən belə bir halın qəbul edilməsi real görünmür. 5.7. Bu səbəbdən yuxarıda sadalanan xüsusatlar, yəni həm müqavilənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”na 2 nömrəli əlavədə göstərilən formaya uyğun olaraq, agentliyin özündə, onun əməkdaşlarının iştirakı ilə bağlanması, möhür ilə təsdiq edilməsi, iddiaçının özü tərəfindən bank rüsumunun ödənilməsi, bir daha həmin müqavilənin iddiaçının özü tərəfindən bağlanmasını təsdiq və sübut edir. 5.8. Əlavə olaraq, qeyd edilməlidir ki, Əqli Mülkiyyət Agentliyinin iddiaçının vəkilinə verdiyi cavab məktubunda qeyd etdiyi xüsusatlar ilə, ümumiyyətlə, Cavabdeh2 razı deyildir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”na 2 nömrəli əlavənin qeyd hissəsində birbaşa göstərilir: “Qeyd. İmzalar möhürlənir və onlar olmadıqda, imzalar notarius tərəfindən təsdiq edilir”. Qeyddən də göründüyü kimi, əgər tərəflər imzalarını möhür ilə təsdiq edirlərsə, bu zaman notarial təsdiqə ehtiyac duyulmur. Lakin Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş cavab məktubunda “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.5-ci bəndinə istinad edilsə də, orada olan “fiziki şəxs” anlayışı ilə “sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs” anlayışları qarışdırılmış, sonuncunun, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özlərinin möhürü olduğu, həmin möhürdən istifadə edərək, rəsmi hüquq verən sənədləri özlərinin imza və möhürləri ilə təsdiq edə bilmə səlahiyyətləri olduğu unudulmuşdur. Belə olduğu halda, sözügedən xx.xx.2015-ci il tarixli 47 nömrəli müqaviləni imzalamış tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olduğundan, onlar öz imzalarını özlərinə məxsus möhür ilə təsdiq etmişlər. Həmin qaydalarda, eləcə də 2 nömrəli əlavənin özünün qeyd hissəsində, imperativ qaydada, açıq-aşkar və birbaşa formada göstərildiyi kimi, imzalar möhürlə təsdiq edildiyindən notarial təsdiqə ehtiyac olmamışdır. 5.9. Burada mütləq qaydada nəzərə alınmalıdır ki, 2010 0274 nömrəli əmtəə nişanı şəhadətnaməsindən görünür ki, həmin şəhadətnamə xx.xx.2010-cu il tarixli dövlət reyestrində qeydə alınmış, onun ilkinlik tarixi xx.xx.2009-cu ildir. Odur ki xx.xx.2009-cu ildən 10 il keçdikdən sonra, həmin əmtəə nişanının qeydiyyatına xitam verilməli idi. Dolayısı ilə, əgər iddiaçı əmtəə nişanının ona məxsus olduğunu iddia edirsə, o zaman o, 2019-cu ildə həmin əmtəə nişanının uzadılması ilə bağlı agentliyə müraciət etməli idi. Lakin əmtəə nişanı ona məxsus olmadığından, onun adına qeydiyyata alınması formal xarakter daşıdığından və 2015-ci ildə özü müqavilə əsasında imzalamaq və möhürlə təsdiq etmək yolu ilə Cavabdeh2 əmtəə nişanı üzərində olan hüquqlarını bütövlükdə ötürdüyündən, həmin əmtəə nişanın qeydiyyatda olma müddəti bitdikdən sonra onun uzadılması barədə düşünməmiş, bu barədə agentliyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, sonradan həmin əmtəə nişanının qeydiyyatının uzadılması ilə bağlı müraciət həmin hüququn məxsus olduğu Cavabdeh2 tərəfindən edilmiş və əmtəə nişanı ona məxsus olmaqla uzadılmışdır. 5.10. Digər tərəfdən, məhkəmə iddia ərizəsinin verilməsi üçün tələb olunan müddətlərin ötürülməsinə də diqqət etməlidir. Belə ki, iddiaçı əmtəə nişanı üzərində olan formal hüquqlarını xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə ilə tam həcmdə ötürmüşdür, özünün iddia ərizəsində bildirməsinə görə 2018-ci ildə məlumat əldə etmişdir ki, guya bir sıra şəxslər həmin əmtəə nişanından istifadə edir, bundan əlavə 2021-ci ilin noyabr ayında istintaq orqanına verdiyi ifadə və izahatlardan da görünür ki, patent hüququnun 2005-2017-ci illərdə ona məxsus olduğunu, sonradan daha ona məxsus olmadığını qeyd edir, həmçinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 21 və 31-ci madələrinə əsasən 2009-cu ildə onun adına qeydiyyata alınmış hüquq 10 il sonra bitirdi və o isə 2019-cu ildə müddəti uzatmaq üçün heç bir addım atmamış, çünki həmin hüququn daha ona məxsus olmadığını bilmişdir. Belə olduğu halda, aradan çox uzun müddət keçdikdən sonra iddiaçının belə bir iddia qaldırması onun hüquqdan sui-istifadə etməsini açıq-aşkar göstərir. Bu sui-istifadə isə əbəs deyil, belə ki məhkəməyə təqdim edilən iddiaçının 2021-ci ilin noyabr ayında istintaq orqanına verdiyi ifadə və izahatlardan da məlum olduğu kimi, iddiaçı özünün tanışı X13 təqsirləndirilməsinə dair cinayət işində ona köməklik etmək üçün canfəşanlıq edir, bu məqsədlə özü hüquq mühafizə orqanlarına ərizələr göndərir və guya X13 “XXXX” restoranlar şəbəkəsinin şəriki olduğunu təkidlə iddia edir və bunun üçün “əlindən gələn köməkliyi” edir. Bu cür “köməkliyin” X13 özünün sifarişi ilə edildiyi də istisna deyil. Buna baxmayaraq, X13 özünün və İddiaçı Bəhrəm oğlunun şahid qismində sırf şəriklik ilə bağlı dedikləri heç bir təsdiqini tapmamışdır. Hal-hazırda iddiaçının bir vaxtlar formal olaraq adına qeydiyyata alınmış əmtəə nişanı barəsində həmin hüquqları 2015-ci ildə müqavilə əsasında tam həcmdə ötürməsinə baxmayaraq, sui-istifadə edərək belə bir iddia qaldırması dolayısı ilə sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış “XXXX” restoranlar şəbəkəsinin sahibinə təsir görtərməklə, həmin işdə təqsirləndirilən şəxs X3 etmək niyyəti daşıyır. Bu iddianın da eyni ilə cinayət işi üzrə şahid qismində verdiyi ifadələrdə olduğu kimi X2 ilə qaldırması istisna edilmir. Çünki İddiaçı BMCMİ-yə şahid kimi verdiyi xx.xx.2021-ci il tarixli ifadəsində özünün XXXXin “agent”i kimi fəaliyyət göstərdiyini etiraf etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırarkən onun adından bütün hərəkətləri həyata keçirən vəkil X1 cinayət işi üzrə təqsirləndirilən şəxs X13 müdafiəçisi olması, təbii ki, təsadüfi deyildir. Odur ki hüquqdan sui-istifadə edərək 2015-ci ildə əmtəə nişanı üzərində olan hüquqlarını könüllü olaraq tam həcmdə ötürmüş, 2019-cu ildə əmtəə nişanının qeydiyyatı ilə bağlı 10 illik müddət bitdikdən sonra onun uzadılması üçün heç bir addım atmamış şəxsin 2023-cü ildə iddia qaldırması hüquqdan sui-istifadədən və X13 xeyri üçün zərərçəkmiş şəxslərə və “XXXX” restoranlar şəbəkəsinin sahibinə təsir göstərmək məqsədi güdür. 5.11. İddia tələbinin hüquqi əsası qeyri-müəyyəndir. Belə ki, iddiaçının tələbi 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olsa da, hüquqi əsaslandırmada əhəmiyyətsiz əqdlər barədə müddəalara, xüsusilə də yalan əqdə dair normalara istinad edilmişdir. Məhkəməyə, eləcə də iddia ərizəsini imzalayan vəkilə də məlumdur ki, əqdin etibarsızlığı ilə əhəmiyyətsizliyi fərqli institutlardır, bunları bir-biri ilə qarışdırmaq olmaz. Etibarsız əqd mübahisələndirildikdə etibarsız olduğu halda, əhəmiyyətsiz əqdlər (yalan, uydurma, qeyri-ciddi və s.) özü-özlüyündə etibarsız olan əqdlərdir. Həm də burada əgər iddiaçı 2015-ci il tarixli əqdin yalan əqd olduğunu bildirirsə, deməli, onun imzalandığını təsdiq edir. İddiaçı 2015-ci ilin tarixli müqavilənin yalan əqd olduğunu bildirirsə, deməli, onun həqiqətən özü tərəfindən bağlandığını, sadəcə olaraq başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını iddia etmiş olur.

6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 340-ci maddəsi, “Əmtəə nişanlar və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 21 və 31-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.5-ci bəndi və 2 saylı əlavəsinə istinad edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2762/2024 nömrəli qərardadı ilə iddia tələbinin “İddiaçı “XXXX” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qeyd alınması” hissəsində iş üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

9. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və Vəkil3, vəkili X18 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdilər ki, iddiaçı üçüncü şəxs X5 əmtəə nişanından istifadəsinə razılıq vermiş, bir müddət “XXXX” restoranlar şəbəkəsinin gəlirindən 2% haqq almışdır. XXXX və XXXX ilə əməkdaşlıq etmişdir. X27 həbs edildikdən sonra XXXXla münasibətləri pozulmuş, Əqli Mülkiyyət Agentliyinə müraciət etdikdən sonra isə iddiaçı xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilədən xəbərdar olmuşdur. Halbuki iddiaçı xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin bağlanmasına razılıq verməmişdir. Tələbləri müqavilənin etibarsızlığı hissəsində Cavabdeh2, əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeydə alınması hissəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə yönəlmişdir.

10. Məhkəmənin suallarına cavab olaraq iddiaçı möhürünün olduğunu, lakin ofisdə saxlanldığını bildirdi. Həmçinin saxtalaşdırılmasının mümkün olduğunu da qeyd etdi.

11. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 və üçüncü şəxsin nümayəndəsi və vəkili X12 iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı heç vaxt “XXXX” restoranlar şəbəkəsində şərikliyə malik olmamış, sadəcə işçi olmuşdur. Doğrudur, əmtəə nişanı əvvəlcə onun adına qeydə alınmışdır, lakin sonradan iddiaçı əmtəə nişanından istifadə etməmişdir. Təsadüfi deyildir ki, iddiaçı VÖEN-inin fəaliyyətini dayandırmış, xx.xx.2009-cu ildən 10 il keçdikdən sonra əmtəə nişanın yenidən qeydiyyata alınması ilə bağlı müraciət etməmişdir.

12. Məhkəmənin suallarına cavab olaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi və vəkili, əvvəla, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqaviləyə məhz iddiaçının imza etdiyini, 24 iyul 2024-cü il tarixli 4/1033 nömrəli ekspert rəyindən sonra isə həmin müqaviləyə iddiaçının nümayəndəsinin imza etdiyini bildirdi.

13. Cavabdeh2 nümayəndəsi və vəkili X12 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki: – iddiaçı əmtəə nişanı üzərində olan formal hüquqlarını xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə ilə tam həcmdə ötürmüşdür, özünün iddia ərizəsində bildirməsinə görə, 2018-ci ildə məlumat əldə etmişdir ki, guya bir sıra şəxslər həmin əmtəə nişanından istifadə edir, bundan əlavə 2021-ci ilin noyabr ayında istintaq orqanına verdiyi ifadə və izahatlardan da görünür ki, patent hüququnun 2005-2017-ci illərdə ona məxsus olduğunu, sonradan daha ona məxsus olmadığını qeyd edir. Bundan əlavə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 3-21-2-4/2-187831/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN:**********) fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Bu hal, həqiqətən də “Şaurma N1” brendinin formal olaraq İddiaçı adına qeydiyyata alındığını, onun 2015-ci ildə adına olan formal qeydiyyatı Cavabdeh2 ötürdüyünü, öz VÖEN-ini də bağlayaraq, işdən uzaqlaşdırıldığını sübut edir. – Göründüyü kimi, iddiaçı faktiki olaraq 2015-ci ildən həmin müqavilənin mövcudluğundan xəbərdar idi. İddiaçı bunu inkar edərək, guya xəbərsiz olduğunu bildirsə də, ən azından özünün də iş materiallarına əlavə edilmiş cinayət işi üzrə şahid kimi verdiyi ifadəsində qeyd etdiyi kimi, 2018-ci ildən əmtəə nişanı üzrə hüquqların ötürülməsindən xəbərdar məlumatlı idi. Lakin iddiaçı aradan uzun müddət keçdikdən sonra, 2023-cü ildə məhkəmə müstəvisində bu iddianı qaldırmış, bununla da əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulmuş 1 illik müddət iddiaçı tərəfindən ötürülmüşdür. – Bundan əlavə, mütləq qaydada nəzərə alınmalıdır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun uzadılması üçün əmtəə nişanının sahibinə əlavə haqq ödəmək şərti ilə 6 ay möhlət verilir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir. 2010 0274 nömrəli əmtəə nişanı şəhadətnaməsindən görünür ki, həmin şəhadətnamə xx.xx.2010-cu il tarixli dövlət reyestrində qeydə alınmışdır, onun ilkinlik tarixi xx.xx.2009-cu ildir. Odur ki xx.xx.2009-cu ildən 10 il keçdikdən sonra, həmin əmtəə nişanının qeydiyyatına xitam verilməli idi. Dolayısı ilə, İddiaçı hazırkı əmtəə nişanı üzərində hüququ xx.xx.2019-cu il tarixdə bitmiş, 6 ay keçdikdən sonra isə, yəni xx.xx.2020-ci ildən tarixdən sonra isə artıq İddiaçı həmin əmtəə nişanına dair iddia qaldırmaq üçün subyektiv hüququ belə olmamışdır. Əgər Cavabdeh2 tərəfindən həmin əmtəə nişanının qeydiyyat müddəti uzadılmasa idi, Agentlik tərəfindən həmin əmtəə nişanının qeydiyyatı ləğv ediləcəkdi. Bundan əlavə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Sözügedən əmtəə nişanı heç vaxt iddiaçı tərəfindən istifadə edilməmiş, o, sözügedən “XXXX” restoranının heç vaxt sahibi, şəriki və ya payçısı olmamışdır. Onun adına formal olaraq qeydiyyata alınmış, hər zaman həmin əmtəə nişanı əsl sahibləri tərəfindən istifadə edilmişdir. İddiaçı isə 2015-ci ildən öz adına olan VÖEN-i bağlamışdır. Bu barədə rəsmi məktub iş materiallarında mövcuddur. Odur ki iddiaçı 2015-ci ildən VÖEN-ini bağladığından və əmtəə nişanından, ümumiyyətlə, istifadə etmədiyindən, onun əmtəə nişanı üzərində hüquqları zatən itirilmişdir.

14. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə mülahizə təqdim edərək göstərmişdir ki, hazırkı iddia tələbi iddiaçının əqli mülkiyyət hüquqlarının pozulmasından ibarət olduğu üçün Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən hazırkı tələbə dair iddia müddəti tətbiq oluna bilməz. Belə ki, maddənin dispozisiyasına əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddətinin tətbiq olunmasına əsas vermir.

III. Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbi ilə bağlı

16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

18. İş materiallarında olan sübutlar əsasında müəyyən olunur ki, 2009-cu il 13 noyabr tarixli 2009 1462 nömrəli iddia sənədi əsasında “XXXX” əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 35-ci (reklam, malların satışı üzrə xidmətlər), 39-cu (malların qablaşdırılması və saxlanması) və 43-cu (ərzaq və içkilərlə təmin etmə üzrə xidmətlər) sinifləri üzrə X15 Reyestrində İddiaçı adına 2010-cu il 04 mart tarixində qeydiyyata alınmışdır (şəhadətnamə № 2010 0274). Bundan sonra iddiaçı ilə Cavabdeh2 arasında əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə imzalanmış, ərizəçi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edərək, adıçəkilən əmtəə nişanına dair hüquqların bütövlükdə Cavabdeh2 verilməsi barədə müqavilənin qeydiyyata alınmasını xahiş etmiş, bu barədə Dövlət Reyestrində 16 noyabr 2015-ci il tarixində müvafiq qeydlər aparılmışdır. Bundan sonra № 2010 0274 nömrəli qeydiyyat üzrə əmtəə nişanı sahibinin Cavabdeh2 hüquqları bütövlüklə X10 verilməsi barədə 05 sentyabr 2016-cı il tarixli 56 nömrəli müqavilə qeydiyyata alınmış, bu barədə Dövlət Reyestrində 05 sentyabr 2016-cı il tarixində müvafiq qeydlər aparılmışdır. № 2010 0274 nömrəli qeydiyyat üzrə əmtəə nişanı sahibinin X7 hüquqları bütövlüklə Cavabdeh2 verilməsi barədə 11 iyun 2021-ci il tarixli 2021/059 nömrəli müqavilə qeydiyyata alınmışdır. Bu barədə Dövlət Reyestrində 11 iyun 2021-ci il tarixində müvafiq qeydlər aparılmışdır. Hal-hazırda “XXXX” əmtəə nişanı Cavabdeh2 adına qeydiyyatdadır.

19. İddiaçı xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin bağlanmasından məlumatı olmadığını, müqaviləyə imza etmədiyini, müqavilənin qeydiyyata alınması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmədiyini, müqavilədəki imzanın notarial qaydada təsdiq edilmədiyini bildirərək, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb edir.

20. Cavabdeh2 və üçüncü şəxs X12 iddiaya etiraz edərək, əvvəlcə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin və onun qeydiyyata alınması barədə ərizənin iddiaçı tərəfindən şəxsən imzalandığına, 24 iyul 2024-cü il tarixli 4/1033 nömrəli ekspert rəyindən sonra isə müqavilənin iddiaçının nümayəndəsi tərəfindən imzalandığına, sonuncunun möhürü ilə təsdiq edildiyinə, iddiaçının istintaqa verdiyi ifadəsində “XXXX” restoranlar şəbəkəsində işçi olduğunu və 2005-2017-ci illərdə əmtəə nişanına sahiblik etdiyini bildirməsinə, iddiaçının VÖEN-in fəaliyyətini dayandırığına və əmtəə nişanın qüvvədə olma müddəti başa çatdıqdan sonra yenidən qeydiyyata alınması ilə bağlı müraciət etmədiyinə, iddia müddətinin ötdüyünə istinad edərək iddianın rədd edilməsini xahiş edir.

21. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. Birincisi, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbi irəli sürülərkən həmin müqaviləyə iddiaçının imza etmədiyinin bildirildiyi nəzərə alınaraq məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2762/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, N 2010 0274 qeydiyyat nömrəli “XXXX” əmtəə nişanına dair hüquqların İddiaçı Cavabdeh2 verilməsinə dair “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə” müqavilədə “hüquqları verən tərəf” sətrinin qarşısındakı sahədə “İddiaçı” adının altında yerləşən imza nümunəsinin İddiaçı tərəfindən icra edilib-edilməməsi barədə ekspert qarşısında sual qoyulmuş, müqavilənin əsli ekspertiza tədqiqatına təqdim olunmuşdur.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2024-cü il tarixli 4/1033 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, N 2010 0274 qeydiyyat nömrəli “XXXX Nq1” əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə (İddiaçı Cavabdeh2) verilməsi barədə müqavilədə “Hüquqları verən tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür) bəndində “İddiaçı” yazılarının aşağısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

24. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “X19” MMC-nin 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yazılmış İddiaçı adından olan ərizənin surətində “İddiaçı” yazısından aşağıdakı imza və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə”sinin surətində “Hüquqları verən tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)” bölməsində “İddiaçı” yazısından aşağıdakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yazılmış İddiaçı adından olan ərizənin surətində “İddiaçı” yazısından aşağıdakı imza, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə”sinin surətində “Hüquqları verən tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)” bölməsində “İddiaçı” yazısından aşağıdakı imza və həmin müqavilənin surətinin “Hüquqları alan tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)” bölməsində “Cavabdeh2” yazısından aşağıdakı imza - hər üçü eyni şəxs tərəfindən icra olunmuşdur.

25. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş “X9” MMC-nin 30 may 2023-cü il tarixli 83 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin tərtib etdiyi “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə”də “hüquqları verən tərəf” qrafasında imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir.

26. Göründüyü kimi, istər 24 iyul 2024-cü il tarixli 4/1033 nömrəli ekspert rəyində, istərsə də 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli və 30 may 2023-cü il tarixli 83 nömrəli mütəxəssis rəylərində xx.xx.2015-ci il tarixli 47 nömrəli müqaviləyə iddiaçının imza etmədiyi məlum olmuşdur.

27. İkincisi, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilədə tərəflərin imzalarının notarial qaydada təsdiqlənmədiyi işin mübahisəsiz halıdır.

28. Üçüncüsü, 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqaviləyə hər iki tərəfdən eyni şəxs imza etmişdir.

29. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

31. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

35. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

36. “Əmtəə nişanlar və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 1-ci abzasına əsasən, əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.3-cü bəndinin 11 və 12-ci abzaslarına əsasən, hüququ şəxsin adından ərizə və əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq olunur. İmza edən şəxsin soyadı və adı göstərilir. Müqaviləni imzalayan tərəflərdən biri fiziki şəxs olduqda, onun imzası notarial qaydada təsdiq edilir.

38. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, N 2010 0274 nömrəli əmtəə nişanına dair hüquqların verilməsi ilə bağlı prosedurlar 2015-ci ildə Komitənin müvafiq struktur bölməsi tərəfindən icra olunarkən Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nomreli Qərarı ile təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nın 2.3-cü bəndinin 12-ci abzasının tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, qeyd edilen Qaydaların 2.3-cũ bəndinin 12-ci abzasına əsasən müqaviləni imzalayan tərəflərdən biri fiziki səxs olduqda, onun imzası notarial qaydada təsdiq edilməlidir. Lakin tərəflərin hər ikisinin fiziki şəxs olmalarına baxmayaraq, onların imzaları notarial qaydada təsdiqlənməmişdir. Əmtəə nişanına dair hüquqların verilməsi ilə bağlı müqavilənin qeydiyyatı üzrə yekun sənədin bir nüsxəsi Komitənin müvafiq struktur bölməsindən hüquqları əldə edənin özü va ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yox, işlə heç bir əlaqəsi olmayan kənar șəxs terəfindən götürülmüşdür.

39. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

40. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə iddiaçı tərəfindən imzalanmamış, əqdi imzalayan şəxslərin imzaları notarial qaydada təsdiq edilməmiş, həmçinin əqdi hər iki tərəfdən eyni şəxs – Cavabdeh2 (cavabdeh nümayəndəsi və vəkili müqaviləyə Cavabdeh2 və iddiaçının nümayəndəsinin imza etdiyini bildirdiyindən və 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli mütəxəssis rəyi ilə müqavilənin hər iki tərəfdən eyni şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən həmin müqaviləyə hər iki tərəfdən Cavabdeh2 imza etdiyi aydın olur) müqaviləyə imza etdiyindən təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamasını qadağan edən məcburi hüquq qaydası pozulmuşdur.

41. Göstərilməlidir ki, əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: 1) əhəmiyyətsiz əqdlər, 2) mübahisə edilən əqdlər, 3) müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və 4) məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.

42. Hazırkı halda isə əqd iddiaçının iradə ifadəsinin olmamasına, yəni subyekt tərkibinə dair tələbin pozulmasına görə və məcburi hüquq qaydasını (“Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nı və Mülki Məcəllənin 359.3-cü maddələrini) pozduğundan etibarsız hesab edilə bilər.

43. Lakin Konstitusiya Məhkəməsi göstərmişdir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konklyudent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərar).

44. Həmçinin Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı-qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə, Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

45. Göründüyü kimi, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi, həmçinin Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulan əsaslarla əqdin etibarsız hesab edilməsi məsələsinə baxılarkən əqdin bəyənilməsi məsələsi araşdırma predmetini təşkil edir.

46. Bu mənada cavabdeh ********* nömrəli iş üzrə iddiaçının şahid qismində dindirilməsi barədə protokola istinad etməklə sonuncunun 2005-2017-ci illərdə əmtəə nişanına hüququn olduğunu etiraf etdiyini, sonrakı dövrdə artıq ona aidiyyətinin olmadığını bildiridiyini qeyd edir.

47. Halbuki həmin protokola əsasən iddiaçı bildirmişdir ki: “XXXX” restoranlar şəbəkəsinin sahibi X6 mən təxminən 2002-2003-cü illərdən tanımışam, həmişə aramızda normal tanışlıq olmuşdur. O vaxtlar mən təsadüfi olaraq həmin restoranda fəhlə kimi işə düzəlmişdim. Mənim işim bulaşıq qabları daşımaqdan, sair əməli fəaliyyətdə köməklik göstərməkdən ibarət olmuşdur... mən həmin “XXXX” restoranında təxminən 1 ay fəhlə işləyəndən sonra ofisiant kimi işləməyə davam etdim, təxminən bir ildən sonra isə baş ofisiant işlədim. 2005-ci ildə Natiq məni həmin restoranda anbar müdiri vəzifəsinə təyin etdi, 2006-cı ildən isə icraçı direktor təyin olundum. “XXXX” restoranında icraçı direktor kimi 2011-ci ilə qədər işləmişəm... 2011-ci ildə “XXXX” restoranında bəzi işçilər məndən Natiqə şikayət etmişdilər, belə ki həmin vaxtlarda restoranın adminstratorları fəhlələri bir qədər incitmişdilər, mən də adminstratorların bu hərəkətlərinə bir qədər müdaxilə etmişdim... Ona görə də 2011-ci ildən 2016-cı ilə qədər mənim “XXXX” restoranında təxminən 4-5 il işləmədim, lakin özüm işləməsəm də obyektlərin bir neçəsi, eləcə də nəzarət kassa aparatı mənim adıma olmuşdur. 2016-cı ildə həmin restoranın anbarında mənimsəmə hallarına şübhələr olduğu üçün XXXX məni restoranın anbarına bir növ agent kimi bu kimi halları müəyyən etmək üçün fəhlə kimi dəvət etdi, təxminən 12 gün anbarda fəhlə işlədim və mənim sayəmdə təxminən 100-140 min manat arası mənimsəmə halı müəyyən olundu... sonra mən icraçı direktor olaraq 2016-cı ildən 2018-ci ilədək həmin restoranda çalışmışam. 2018-ci ildə isə həmin restoranın bəzi işçiləri ilə aramızdakı münasibətlər gərginləşdiyi üçün mən özüm “XXXX” restoranında işdən çıxdım. 2018-ci ildən bu günə qədər işsizəm, heç yerdə işləmirəm”.

48. Məhkəmə qeyd edir ki, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır və həmin əmtəə nişanından üçüncü şəxslərin istifadəsinə razılıq verməsi üçün üçüncü şəxslərlə şəriklik tələb edilmir. Başqa sözlə, iddiaçının “XXXX” restoranlar şəbəkəsində işləməsi və ya işləməməsinin həmin nişandan üçüncü şəxs X5 istifadəsinə icazə verməsinə hər hansı təsiri yoxdur. Bu səbəbdən cavabdehin iddiaçı “XXXX” restoranlar şəbəkəsində işləmədiyi halda, həmin əmtəə nişanın sahibi ola bilməməsi barədə arqumentləri əsassızdır.

49. Bununla yanaşı, iddiaçının özünün də X5 “XXXX” əmtəə nişanından istifadəsinə icazə verdiyini bildirməsi və əmtəə nişanını əldə edən şəxslər tərəfindən də X8 müvafiq icazənin verilməsinə davam etdirilməsi halında, iddiaçının əmtəə nişanı üzrə hüquqların verilməsindən xəbərdar olması istisna edilir.

50. Həmçinin iddiaçı əmtəə nişanından bir müddət X12 ilə birlikdə fəaliyyət göstərərək istifadə etdiklərini, sonradan razılığı daxilində sonuncunun istifadə etdiyini bildirir, əmtəə nişanından X5 istifadə etdiyini tərəflər mübahisələndirmir və cavabdehin nümayəndəsi və vəkili cavabdehin əmtəə nişanından istifadə etmədiyini təsdiq edir. Belə olan halda, əmtəə nişanından faktiki istifadə etməyən cavabdehə münasibətdə əqdin bəyənilməsi yönündə iddiaçının konklyudent hərəkətlər və rəftar etməsi qeyri-mümkündür. Mübahisələndirilən müqavilə əsasında əmtəə nişanına hüququ alan şəxs X12 olsa idi, konklyudent hərəkətlər və rəftarın qiymətləndirilməsindən söhbət gedə bilərdi.

51. Digər tərəfdən, “Əmtəə nişanlar və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun uzadılması üçün əmtəə nişanının sahibinə əlavə haqq ödəmək şərti ilə 6 ay möhlət verilir.

52. Cavabdehin yuxarıdakı normaya istinad etməklə iddiaçının hüquqların yenidən qeydiyyata alınması barədə müraciət etmədiyini bildirməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin müraciətin edilməməsi özü-özlüyündə müqaviləni etibarlı etmir. Həmin məsələ yalnız cari müddətə iddiaçının əmtəə nişanına hüququnun olub-olması ilə əlaqədar mübahisəyə baxılarkən nəzərə alına bilər.

53. xx.xx.2015-ci il tarixli 47 nömrəli müqaviləyə iddiaçının möhürünün vurulması ilə bağlı əvvəla göstərilməlidir ki, məhkəmə icraatının gedişində cavabdeh nümayəndəsi və vəkili müqaviləyə Cavabdeh2 və iddiaçının nümayəndəsinin imza etdiyini bildirmiş və 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli mütəxəssis rəyi ilə müqavilənin hər iki tərəfdən eyni şəxs tərəfindən imzalandığı müəyyən edilmişdir. Belə olan halda iddiaçının müqaviləni imzalamayıb, lakin möhürü vurması ağlabatan deyildir. Cavabdehə belə bir səlahiyyətin verilməsini təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir.

54. Digər tərəfdən, mülki qanunvericilik və işgüzar praktikada fiziki şəxsin möhürünün olması, həmin möhürün xüsusi qaydada saxlanılması, möhürün itirildiyi halda, hüquq-mühafizə orqanlarına məlumat verilməsi barədə tələblər müəyyən edilməmişdir. Təsadüfi deyildir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-1 və 16.1-1.3-cü maddələrində hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürlərinin müvafiq icra hakimiyyəti orqanına təhvil verməli olması, möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərin verilməyəcəyi, möhür itirildiyi halda isə bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın təqdim edilməli olduğu nəzərdə tutulur.

55. Göründüyü kimi mülki qanunvericilikdə möhürlə bağlı xüsusi tələblər məhz hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə münasibətdə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müqavilədəki möhürün həqiqətən iddiaçıya məxsus olması müəyyən edilə, itirilmişdirsə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hansısa tədbiri görməməsi və s. əsas götürülərək müvafiq möhürün müqavilədə olması iddiaçının adıçəkilən müqaviləni bəyənməsi və ya təsdiq etməsi kimi yozula bilməz.

56. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə iddiaçının iradə ifadəsinin olmamasına, yəni subyekt tərkibinə dair qanunvericiliyin tələbinin pozulmasına görə və məcburi hüquq qaydasını (“Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nı və Mülki Məcəllənin 359.3-cü maddələrini) pozduğundan etibarsız hesab edilməlidir.

57. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə isə aşağıdakıların qeyd edilməsi zəruridir.

58. Mülki Məcəllənin 354-cü maddəsi əqdin etibarsız hesab edilməsi ilə bağlı iddialar üzrə həm iddia, həm də kəsici müddətləri nəzərdə tutur.

59. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəticələrin tətbiqi dedikdə, etibarsız əqd üzrə tərəflərin aldıqlarının hamısını eynilə qaytarması, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməsi başa düşülür.

60. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

61. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Mübahisə edilən əqdlərdə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Göstərilənlərə əsasən, əhəmiyyətsiz və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir.

62. Başqa sözlə, hazırda iddiaçının tələbinə Mülki Məcəllənin 354.1-ci maddəsinə təsbit edilmiş iddia müddəti və 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlər şamil edilmir.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan N 2010 0274 nömrəli “XXXX N1” əmtəə nişanına dair hüquqların Cavabdeh2 verilməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə etibarsız hesab olunmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

64. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 24 iyul 2024-cü il tarixli 4/1033 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 127 manat təşkil edir.

65. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

66. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

67. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ekspertiza xərci olaraq Cavabdeh2 127 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

69. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus olan N 2010 0274 nömrəli “XXXX N1” əmtəə nişanına dair hüquqların Cavabdeh2 verilməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə etibarsız hesab olunsun. Ekspertiza xərci olaraq Cavabdeh2 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar