Məhkəmə qərarları › İş №e-2-2(113)-2777/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2777/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2777/2023 28.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tərəfdaşlıq müqaviləsi, gecikmə faizi, mediasiya xərci) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh MMC arasında 18 aprel 2018-ci il tarixli 04/18- YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsinin ləğv edilərək, həmin müqaviləyə əsasən köçürülmüş 31.000 manat, gecikmə səbəbi həmin pulun üzərinə hesablanmış iki illik 5425 manat gecikmə faizi, 200 manat mediasiya xərcinin, cəmi 36625 manat Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə CavabdehMMC arasında 19 aprel 2018-ci il tarixli 04/18- YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən müvafiq təyinatlı məhsulun (layihənin) hazırlanması üçün ödəniş olaraq "xxxx" MMC tərəfindan Cavabdeh MMC-yə 31.000 manat vəsait ödənilmişdir. Qeyd edilən müqaviənin 2.2.3-cü bəndində Cavabdeh MMC-nin layihədən əldə olunacaq gəlirin “AMEA Yüksək Texnologiyalar Parkı" MMC ilə bərabər şəkildə bölünməsi nəzərdə tutulmuşdur. Lakin təəssüflər olsun ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamış, müqavilə üzrə ödənilmiş 31.000 manat vəsaitin “AMEA Yüksək Texnologiyalar Parkı" MMC-yə geri ödənilməsi də təmin edilməmişdir. Bununla bağlı 31.000 manat vəsaitin geri ödənilməsinin təmin edilməsi ilə bağlı Cavabdeh MMC-nin direktoru Ceyhun Nabadovla görüşlər keçirilmiş nəticədə qeyd olunan müqavilə üzrə 10 avqust 2020-ci il tarixli 02 nömrəli Razılaşma Protokolu imzalanmışdır. Hamin Protokolun 1-ci bəndinə əsasən Cavabdeh MMC 31.000 manat vəsaitinin 1 il müddətində geri qaytarılmasını öhdəsinə götürmüşdür. Hamin Protokolun bağlanmasından 2 ildən çox müddət keçməsinə baxmayaraq "xxxx" MMC tərəfindən qeyd olunan məbləğin geri qaytarıİması təmin edilməmişdir. Bununla bağlı dəfələrlə qarşı tərəfə rəsmi müraciətlər ünvanlanmış, lakin, Cavabdeh MMC tərəfindən hər hansı bir addım atılmamışdır. Sonuncu dəfə 24 yanvar 2022-ci il tarixdə YTP-76-17/02 nömrəli xəbərdarlıq məktubu ilə Cavabdeh MMC-yə müraciət ünvanlanmış, müraciətdə 21 fevral 2022-ci il tarixə qədər qeyd olunan pul vəsaitinin geri ödənilmasi xahiş olunmuşdur. Təəssüflər olsun ki, həmişəki kimi bu müraciət də cavabsız qalmışdır. Cavabdeh tərəfə pretenziya məktubu göndərilmiş, mediasiya prosesi keçilmişdir, lakin heç bir nəticə əldə olunmayıb. Həmçinin “Dövlət sirri” haqqında Azərbaycan Respublikasının Qanununu əsas tutaraq, hazırkı iddia ərizəsinə adı keçən 19 aprel 2018-ci il tarixli 04/18- YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsinin va onun əlavəsi olan 10 avqust 2020-ci il tarixli 02 nömrəli Razılaşma Protokolunun surətlərini iddia ərizəsinə əlavə edə bilinmir. Belə ki, həmin sənədlərin əsli Azərbaycan Milli Elmlər X1 Aparatının Xüsusi şöbəsində məxfi qrifla saxlanılmaqdadır. Məhkəmənin müvafiq sorğusu əsasında həmin sənədlərin surətləri qeyd edilən qurumdan tələb oluna bilər. Müqavilə üzrə Cavabdeh MMC tərəfindən öhdəliklərinin yerinə yetirilməməsinə görə yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə Cavabdeh MMC-yə təklif göndərilmiş, daha sonra 15 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə iclas təyin edilmişdir. Lakin, Cavabdeh MMC-nin rəhbərinə iclas barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməkdən imtina etmişdir. Həmçinin 200 manat məbləğində ilkin mediasiya xərcləri ödənilmişdir

3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Cavabdeh MMC-dən müqavilə üzrə ödənilməmiş 31.000 manat, həmin pulun üzərinə hesablanmış bir illik 2325 manat gecikmə faizi, 200 mediasiya xərcinin, cəmi 33525 manat tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür, 18 aprel 2018-ci il tarixli 04/18-YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsi öhdəliklərinin yerinə yetirilməməsinə görə birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də, iddianın tələb hissəsindən müqavilənin ləğv edilməsi tələbi çıxarılır. Belə olan halda, iddiaçı "xxxx" MMC- nin müqavilə üzrə ödənilməli olan pul öhdəliyinin gecikmə faizi müqavilənin ləğv edilməsi tarixinədək tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məlumatına görə, bank uçot faizi 2022-ci ilin fevral ayı üçün 7,5%-dir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 04/18- YTP001 saylı Tərəfdaşlıq müqaviləsinə əsasən:

10. 1. Müqavilənin predmeti

11. Müqavilənin 1.1-ci bəndinə əsasən “Tərəf 1” “Tərəf 2”-nin təqim etdiyi “12.7 mmlik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması” adlı innovativ layihənin istehsalı üçün maliyyə dəstəyini verməyi, “Tərəf 2” isə “Tərəf 1” tərəfindən veriləcək maliyyə dəstəyini “12.7 mm-lik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması” adlı innovativ layihənin istehsalı üçün sərf etməyi öhdəsinə götürür.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən maliyyə dəstəyinin həcmi bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda göstərilən məbləğlərdən ibarət olacaqdır.

13. 2. Tərəflərin öhdəlikləri

14. Müqavilənin 2.1-ci bəndinə əsasən “Tərəf 1”-in öhdəlikləri:

15. 2.1.1. “12.7 mm-lik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması”adlı innovativ layihənin istehsalı üçün tələb olunan maliyyə vəsaitini “Tərəf 2”-yə ödəmək;

16. 2.1.2. Maliyyə vəsaitinin ödənişini müqavilə imzalandıqdan sonra “Tərəf 2” tərəfindən hesab-faktura sənədi təqdim edildikdən 5 (beş) iş günü müddətində tam şəkildə həyata keçirmək;

17. Müqavilənin 2.2-ci bəndinə əsasən “Tərəf 2”-in öhdəlikləri:

18. 2.2.1. Müqavilədə nəzərdə tutulan qaydada “12.7 mm-lik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması” adlı innovativ layihənin istehsalı üçün ayrılmış vəsaitini aidiyyatı üzrə sərf etmək;

19. 2.2.2. Maliyyə vəsaitinin sərfiyyatı ilə əlaqədar “Tərəf 1”-ə mütəmadi olaraq məlumat vermək;

20. 2.2.3. Öhdəliyini vicdanla yerinə yetirib “Tərəf 1”-in ödədiyi maliyyə vəsaiti əsasında ərsəyə gələcək “12.7 mm-lik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması”adlı innovativ layihəsindən əldə olunacaq mənfəəti “Tərəf 1” ilə bərabər şəkildə bölüşdürmək.

21. 3. Maliyyə vəsaitinin ödənilməsi və hesablaşma qaydası

22. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə “Tərəf 1” tərəfindən maliyyə vəsaitinin ödənilməsi, “Tərəf 2” tərəfində təqdim olunacaq “12.7 mm-lik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması”adlı innovativ layihənin layihə-smeta sənədi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə”lərdə qeyd olunacaq məbləğə uyğun olaraq bank hesbaına köçürmə yolu ilə həyata keçirilir.

23. 4. Müqavilənin müddəti

24. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə bir il müddətinə bağlanır və müqavilənin bitməsinə 1 ay qalmış tərəflər bir-birini yazılı və ya şifahi şəkildə xəbərdarlıq etməzlərsə bu müqavilə avtomatik olaraq növbəti 1 il müddətinə uzadılmış hesab ediləcək.

25. 6. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi və xitam verilməsi

26. Müqavilənin 6.3-cü maddəsinə əsasən bu müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.

27. 21.02.2020-ci il tarixli hesabdan çıxarışdan göründüyü kimi Cavabdeh MMC-nin hesabına "xxxx" MMC tərəfindən xx.xx.2018-c il tarixli müqavilə üzrə 10000 manat məbləğində (xx.xx.2018-ci il tarixində) və eyni tarixli çıxarışa əsasən isə 21000 mana məbləğində (xx.xx.2018-ci il tarixində) pul vəsaiti ödənilmişdir.

28. 19 aprel 2018-ci il tarixli 04/18-YTP001 saylı Tərəfdaşlıq müqaviləsi üzrə imzalanmış xx.xx.2020-ci il tarixli, 02 saylı razılaşma prokolunun 1-ci bəndinə əsasən əsasən 19 aprel 2018-ci il tarixli 04/18-YTP001 saylı Tərəfdaşlıq müqaviləsinə əsasən “12.7 mm-lik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması” (bundan sonra döyüş platforması adlanacaq) adlı innovativ layihənin ilkin istehsalı üçün "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə maliyyə dəstəyi olaraq ödənilmiş 31000 manat vəsaitin Protokol imzalandığı tarixdən etibarən 1 il müddəti ərzində döyüş platformasının satışından əldə olunacaq vəsaitdən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə tam şəkildə geri ödənilməsinin təmin ediləcəyi razılaşdırılmışdır.

29. Həmin protokolun 2-ci bəndinə əsasən bu protokolun 1-ci bəndinə nəzərdə tutulmuş şərtlər əsasında istehsalı yekunlaşma mərhələsində olan döyüş platformaının və bununla bağlı Cavabdeh MMC-yə məxsus digər zəruri avadanlıq və cihazların Cavabdeh MMC tərəfindən müəyyən sınaqlardan keçirilməsi və hazır məhsul halına gətirilməsi üçün AMEA Yüksək Texnologiyalar Parkı ərazisindən kənara çıxarılmasına “Tərəf 1”-in icazəsi ilə yol veriləcəyi razılaşdırılır.

30. Həmin protokolun 3-cü bəndinə əsasən bu razılaşmanın 1 və 2-ci bəndlərində qeyd olunan razılaşmaların tələbləri Cavabdeh MMC tərəfindən pozularsa, o zaman Cavabdeh MMC-nin AMEA Yüksək Texnologiyalar Parkında rezidentlik statusunun ləğv edilməsi, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmə orqanlarına müraciət olunacağı razılaşdırılır.

31. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan göründüyü kimi xx.xx.2021-ci il tarixli 04/18-YTP001 nömrəli tərəfdaşlıq müqaviləsi ləğv edilmiş, həmin müqaviləyə əsasən köçürülmüş 31000 manat, gecikmə səbəbi həmin pulun üzərinə hesablanmış bir illik 2170 manat gecikmə faizinin, cəmi 33170 manat pulun 5 gün ərzində ödənilməsi xahiş edilmişdir.

32. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

33. Belə ki, işin halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 19 aprel 2018-ci il tarixli 04/18- YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən müvafiq təyinatlı məhsulun (layihənin) hazırlanması üçün ödəniş olaraq "xxxx" MMC tərəfindan Cavabdeh MMC-yə 31.000 manat vəsait ödənilmişdir. Qeyd edilən müqaviənin 2.2.3-cü bəndində Cavabdeh MMC-nin layihədən əldə olunacaq gəlirin “AMEA Yüksək Texnologiyalar Parkı" MMC ilə bərabər şəkildə bölünməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamış, müqavilə üzrə ödənilmiş 31.000 manat vəsaitin "xxxx" MMC-yə geri ödənilməsi də təmin edilməmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixli 04/18-YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsinin ləğv edilməsi bildirilmiş, həmin müqaviləyə əsasən köçürülmüş 31000 manatın və gecikmə faizinin ödənilməsi xahiş edilmişdir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

35. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Məhkəmə qeyd edir ki, tərəflər arasında 19 aprel 2018-ci il tarixli 04/18- YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsi bağlanmış və iddiaçı tərəfin müqavilə üzrə 31000 manat məbləğində pul vəsaitinin ödənilməsi işdə olan hesabdan çıxarışlar ilə sübuta yetirilmişdir. Göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir.

38. Müqavilənin 2.2-ci bəndinə əsasən “Tərəf 2”-in öhdəlikləri, yəni cavabdehin öhdəlikləri kimi - 2.2.1. Müqavilədə nəzərdə tutulan qaydada “12.7 mm-lik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması” adlı innovativ layihənin istehsalı üçün ayrılmış vəsaitini aidiyyatı üzrə sərf etmək, 2.2.2. Maliyyə vəsaitinin sərfiyyatı ilə əlaqədar “Tərəf 1”-ə mütəmadi olaraq məlumat vermək və 2.2.3. Öhdəliyini vicdanla yerinə yetirib “Tərəf 1”-in ödədiyi maliyyə vəsaiti əsasında ərsəyə gələcək “12.7 mm-lik NSVT, 7.62 mm-lik PKT pulemyotları və skif raket kompleksi ilə təchiz edilmiş məsafədən idarə olunan döyüş platforması”adlı innovativ layihəsindən əldə olunacaq mənfəəti “Tərəf 1” ilə bərabər şəkildə bölüşdürmək kimi müəyyən olunmuşdur.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin:

40. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. 425.2. maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

42. 442-ci maddəsinə əsasn öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Göründüyü kimi cavabdeh tərəf müqavilə üzrə götürmüş olduğu öhdəlikləri yerinə yetirməmişdir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

46. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

47. Buna görə də məhkəmə hesab edir ki, müqavilə üzrə iddiaçı tərəfindən edilmiş ödənişlərin geri qaytarılması hissəsində iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.

48. İddiaçının digər tələbi 19 aprel 2018-ci il tarixli 04/18- YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsi üzrə ödənilmiş və cavabdeh tərəfindən bu günədək qaytarılmamış 31000 manat məbləğində pul vəsaitinə görə bir illik 2325 manat gecikmə faizin ödənilməsi hissəsində iddia qismən əsaslıdır.

49. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir.

50. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

51. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

52. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

54. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

55. Həmin müddət üçün hesabladıqda isə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliyini ümumiyyətlə icra etməyərək, iddiaçıdan aldığı pulları da uzun müddət ərzində özündə saxlamaqla, eyni zamanda müqavilənin 2.2.3-cü maddəsində əldə olunacaq mənfəətdən məhrun olduğundan iddiaçıya 19 aprel 2018-ci il tarixli 04/18- YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsi üzrə dəymiş zərərin məbləği 1550 manat (31000 x 5 /100=1550 manat x 1 ilə = 1550) təşkil edir.

56. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən cəmi müqavilə üzrə 1550 manat məbləğində gecikmə faizinin tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin hissədə iddia qismən əsaslıdı.

57. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

58. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

59. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

60. Digər tərəfdən MPM-in:

61. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

62. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

63. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

64. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

65. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19 aprel 2018-ci il tarixli 04/18-YTP001 nömrəli Tərəfdaşlıq müqaviləsi üzrə 31000 (otuz bir min) manat əsas borc məbləği və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1550 (min beş yüz əlli) manat məbləğində gecikmə faizi, cəmi 32.550 manat (otuz iki min beş yüz əlli) və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar