Məhkəmə qərarları › İş №e-2-2(113)-2777/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2777/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2777/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 960.05 manat (doqquz yüz altmış manat 05 qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMCarasında imzalanmış 06 iyun 2024-cü il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş qaimələr üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 960,05 manat (doqquz yüz altmış manat 05 qəpik) ödənilməmiş borcu qalmışdır..

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə verərək işə onların iştirakı olmadan və qiyabi qaydada baxılmasını xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı (şirkət) ilə Cavabdeh (korporativ abunəçi) arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair 06 iyun 2024-cü il tarixli, ***-**** saylı müqaviləyə əsasən İddiaçı Cavabdehnə 22 ədəd qold nömrə təqdim etməyi, korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və xidmət haqqını vaxtıvaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə görə hazırki müqavilə üzrə təqdim edilən xidmətlərin qiyməti Korporativ tarif planında, digər xidmətlərin dəyəri isə bu müqavilənin müvafiq qoşmalarında göstərilib və ödəniş hesaba köçürmə yolu ilə yaxud şirkətin müəyyən etdiyi digər qaydada hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən koporativ abunəçi isə hər növbəti ayın 15-dən gec olmayaraq ödənişi təmin etməlidir. 3.2-ci bəndinə görə əgər korporativ abunəçi tərəfindən hazırki müqavilə üzrə ödəniş şərtləri pozularsa, korporativ abunəçi gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,05% həcmində, lakin əsas borcun 20%-dən çox olmamaq şərtilə şirkətə cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 10.Mobil rabitə xidmətlərinin göstərilməsinə dair 2405 saylı, 03 iyun 2015-ci il tarixli müqaviləyə 1 saylı qoşmada nömrələr, 02 saylı qoşmada xidmətlərin növü və qiymətləri göstərilmişdir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə MT**********44 saylı xx.xx.2024-cü il tarixli 331.1 manat, MT**********45 saylı xx.xx.2024-cü il tarixli 122.12 manat, MT**********95 saylı xx.xx.2024-cü il tarixli 331.86 manat məbləğində elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. 12.İddiaçı tərəfindən cavabdehə ƏDV daxil 960.05 manat məblğində hesab-faktura göndərilmişdir. 13.İddiaçı MMC tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş və borc ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. VI. Məhkəmənin mövqeyi:

16. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh adına olan mobil telefon nömrələrinə mobil rabitə xidmətləri göstərmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə rabitə xidmətlərinə görə 960.05manat məbləğində borcu yaranmışdır.

18. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, göstərilmiş mobil rabitə xidmətlərinin müqabilində Cavabdeh MMC-dən 960.05 manat xidmət haqqı tutularaq İddiaçı MMCyə ödənilməlidir.

19. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən 960.05 (doqquz yüz altmış manat beş qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumu kimi 30 (otuz) manat məbləğ tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar