Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-278/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı nümayəndələri X4 və X5, Cavabdeh nümayəndəsi X6, Cavabdeh nümayəndəsi (direktor) X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 may 2016-cı il tarixli 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında Müqavilə” üzrə cavabdehdən 20480,00 (iyirmi min dörd yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 210 (iki yüz on) manat pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 may 2016-cı il tarixli 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında Müqavilə” üzrə cavabdehdən 20 480,00 (iyirmi min dörd yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 210 (iki yüz on) manat pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 13 may 2016-cı il tarixində 380 nömrəli “Radiotezliklərin və radioelektron vasitələrinin qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında Müqavilə” bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə görə cavabdehin qüvvədə olan mövcud tariflərə uyğun ödənişlərin vaxtında aparılmasına dair öhdəliyi vardır. 3-cü bəndə görə cavabdeh qüvvədə olan tariflərə əsasən göndərilən hesablarda göstərilən məbləğin ödənişi 10 (on) gün müddətində təmin edilməli idi. Müqavilənin qeyd edilən bəndinə müvafiq olaraq cavabdehə 20480,00 manat məbləğində xx.xx.2022-ci il tarixli DRİ2022-02/18 nömrəli hesab göndərilmişdir. Cavabdehə təqdim olunmuş hesab Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 6-cı bəndi əsasında tərtib olunmuşdur. Radiotezliklər üzrə Dövlət Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının 01 saylı protokoluna əsasən, cavabdehə Albalı qəsəbəsi, Zavod küçəsi, baş bina; Nardaran Mayak ərazisində qüllə; Bilgəh 15- ci dalan, qüllə və Lahıc bağları, dalan 36, qüllə ünvanları arasında (təqdim olunmuş sxemə uyğun) radiorele xəttinin təşkili üçün ikinci əsasla (respublikada bu diapazonda işləyən şəbəkələrə maneə yaratmamaq şərtilə) 71-76 QHs və 81-86 QHs tezlik diapazonundan 1 (bir) ədəd 2 QHs enində dupleks tezlik kanalının istifadəsinə icazə verilmişdir. Cavabdeh 01 fevral 2022-ci il tarixli #L-02/22 nömrəli məktubla iddiaçıya müraciət edərək Dövlət Komissiyasının qeyd edilən qərarı barədə məlumat vermiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 22 saylı Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na müvafiq olaraq 71-76 QHs və 81-86 QHs tezlik diapazonlarından 1 ədəd 2 QHs enində konkret dupleks tezlik kanalının (zolaqlarının) ayrılmasını xahiş etmişdir. Cavabdehin müraciəti və Dövlət Komissiyasının məktubu əsasında, iddiaçı tərəfindən X2 (BTİ) “71-76 QHs və 81-86 QHs diapazonlarında işləyən fiksə olunmuş simsiz sistemlər üçün radiotezlik kanalı və radiotezlik blokunun təşkili” Tövsiyəsinə, həmçinin Ümumavropa Poçt və X1 (CEPT) “71- 76 QHs və 81-86 QHs tezlik diapazonlarında fəaliyyət göstərən fiksə olunmuş xidmət sistemləri üçün radiotezlik kanalı bölgüsü” Tövsiyyəsinə müvafiq olaraq qeyd edilən ünvanlar arasında radiorele xəttinin (nöqtə-nöqtə) təşkili üçün ikinci əsasla (respublikada bu diapazonda işləyən şəbəkələrə maneə yaratmamaq şərtilə) 71-76 QHs və 81-86 QHs tezlik diapazonundan 71125-73125 MHs və 81125-83125 MHs tezlik zolaqları (32 ədəd 125 MHs-lik tezlik kanalı, zolağı) ayrılmış və cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli 106-01-5/6/169-22 nömrəli cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikası 1992ci il 10 aprel tarixində BTİ-yə və 2000-ci il 2 may tarixindən isə CEPT-ə üzv qəbul olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün qeyd edilən hesab üzrə 20480,00 manat məbləğində borcu hal-hazıradək qalmaqdadır. Qanunvericiliyə müvafiq olaraq cavabdehə xx.xx.2023-cü il tarixli 3-27-119/2-112/2023 nömrəli “Pretenziya” məktubu göndərilmişdir. Cavabdehə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiyada iştirakla bağlı xx.xx.2023-cü il tarixində 3-27-119/2-196/2023 nömrəli “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Qanunvericiliyin tələbinə müvafiq olaraq mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. X3 tərəfindən xx.xx.2023-cü il tarixinə təyin olunmuş ilkin mediasiya sessiyasında tərəflər arasında barışıq əldə olunmamışdır. Bu haqda mediator xx.xx.2023-ci il tarixində 2- 2723/2023 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış” tərtib edərək tərəflərə təqdim etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, anten vasitəsi ilə internet verirlər, 2020-ci ildə 10GB texnologiya çıxdı, əvvəl belə bir şey yox idi, bunu Azərbaycana gətirmək üçün dövlət komissiyasına müraciət etmişlər, onlar 2 tezlik olan anten ayırmışlar. Dövlət komissiyası 2 tezlik ayrılmasına icazə vermişdir. 2 tezlik istəməylərinə baxmayaraq, onlara 32 tezlik veriblər. Onlara 32 tezlik lazım deyil. Özləri də görüblər ki, cavabdehin işləri üçün 2 tezlik lazımdır. Həmçinin onlara 2-ci əsasla tezlik veriblər. 2-ci əsasla tezlik o deməkdir ki, başqa şəxs gəlib yanlarında həmin tezlikdən istifadə edə bilər. Lakin 1-ci əsasla verilsəydi, ancaq cavabdeh istifadə edə bilərdi. Əgər 1-ci əsasla onlara verilsəydi, bəlkə nəsə fikirləşərdilər, lakin hazırda 32 tezlik üzrə ödənişi qəbul etmirlər. Onlara dövlət tərəfindən 2 tezlik diapazonunda icazə verilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (direktor) X11 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehə 2 kanal ayrılmışdır. Buna müvafiq olaraq müqavilə bağlanmışdır. Cavabdehə invoys veriləndə həmin dövrdə olan tarifi 2-ə yox 32-ə vuraraq məbləğ hesablayıblar. Bu barədə yazışmaları olmuşdur. Onlar isə bunu belə cavablandırıblar ki, 2 kanalı 32 zolağa bölmək olur və buna görə 32 zolaqın dəyəri hesablanmışdır. Bunu da beynəlxalq təşkilatın tövsiyyəsinə əsaslanmışlar. Müqavilə üzrə 2 zolaq almışlar və 2 zolaqın invoysunu göndərmələrini bildirmişlər ki, pulu ödəsinlər. Həmin zolaqların pulunu ödəmişlər. Sonda cavabdehin nümayəndəsi (direktoru) iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
9. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolu ilə təsdiq edilmiş Vİİ Bölmə - “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 3, 4, 5, 6 və 7-ci bəndlərinə əsasən radiorele xəttləri üçün bir tezlik kanalının ayrılması digər təşkilatlar üçün ƏDV daxil olmaqla 1 Qhz-ə qədər, 1Qhz daxil olmaqla 300 manat, 1 Qhz-10 Qhz-ə dək, 10 Qhz daxil olmaqla 360 manat, 10 Qhz-20 Qhz-ə dək, 20 Qhz daxil olmaqla 500 manat, 20 Qhz-dən yuxarı 640,0 manat müəyyən edilmişdir.
10. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 13 may 2016-cı il tarixində 380 nömrəli “Radiotezliklərin və radioelektron vasitələrinin qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında” Müqavilə bağlanmışdır.
13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, iddiaçı cavabdehə tezlik və radioelektron vasitələrdən istifadə üzrə xidmət göstərmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
14. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
16. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
18. Məhkəmə iclasında hər iki tərəfin vermiş olduğu izahatlardan müəyyən edildi ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmişdir, həmçinin də, qeyd edilmiş xidmətlərin göstərilməsi hal-hazırda da, davam edir.
19. İddiaçı cavabdehə 32 ədəd tezlik kanalı verdiyini və ona uyğun olaraq cavabdehin 20480,00 manat məbləğində borcu olduğunu iddia edir, cavabdeh isə ona 20 QHs-dən yuxarı dubleks tezlik kanalı verildiyini və onun dəyərinin 1280 manat təşkil etməklə ödədiyini bildirir.
20. İş materiallarında olan tərəflər arasındakı yazışmalardan və iddia ərizəsindən göründüyü kimi cavabdehə 71-76 QHs və 81-86 QHs tezlik diapazonundan 1 (bir) ədəd 2 QHs enində dupleks tezlik kanalının istifadəsinə icazə verilmiş, sonra 71-76 QHs və 81-86 QHs tezlik diapazonundan 71125-73125 MHs və 81125-83125 MHs tezlik zolaqları (32 ədəd 125 MHs-lik tezlik kanalı, zolağı) ayrılmışdır.
21. İddiaçı tərəfindən cavabdehə borc hesablanarkən 32 ədəd 125 MHs-lik tezliyin bir ədədini 640 manat məbləğdən hesablanmışdır (32 x 640 = 20480 manat).
22. Məhkəmə qeyd edir ki, radiotexnikada tezlik herslərlə ölçülür, bəzən çox böyük tezliklərdən istifadə olunur ki, bunlara kilohers (kHs), meqahers (MHs), qiqahers (QHs), terahers (THs) aiddir.
23. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolu ilə təsdiq edilmiş Vİİ Bölmə - “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”ndə bir tezlik kanalının tezliyi qiqaherslə (QHs) hesablanmaqla birdəfəlik ödəniş üçün tarif qiyməti müəyyən edilmişdir.
24. Cavabdehə verilmiş 32 ədəd 125 MHs hesablandıqda 4000 MHs (32 x 125 MHs) təşkil edir ki, bu da qiqaherslə (QHs) hesablandıqda 4 qiqaherslə (QHs) təşkil edir (4000 / 1000 = 4 QHs (1QHs = 1000 MHs) ki, onun da dəyəri yuxarıda göstərilən tarifə əsasən 1280 manat təşkil edir.
25. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən müvafiq olaraq 1084,75 manat və 195,25 manat ƏDV olmaqla ümumilikdə 1280 manat məbləğində birdəfəlik ödəniş iddiaçının hesabına ödənilmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan borc məhkəmə tədqiqatı zamanı təsdiq olunmadığından iddia rədd edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 may 2016-cı il tarixli 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında Müqavilə” üzrə cavabdehdən 20480,00 (iyirmi min dörd yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 210 (iki yüz on) manat pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev