Məhkəmə qərarları › İş №e-2-2(113)-2785/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2785/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2785/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən Cavabdeh "xxxx" MMC-dən 2580,48 (iki min beş yüz səksən manat 48 qəpik)pul vəsaitinin və ödənilmiş 46 manat (qırx altı) dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 05 iyun 2012-ci il tarixli, 2559 saylı icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi mobil bazastansiyasının quraşdırılması üçün cəmiyyətimizin istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən illik icarə haqqı vergilər xaric 2800 (iki min səkkiz yüz) manat müəyyən edilmişdir. İcarə haqqı xx.xx.2012-ci il tarixdən hesablanmışdır. Hər il üçün, eləcə də 08 may 2024-cü il tarixdən 08 may 2025-ci il tarixədək bir illik icarə haqqı qabaqcadan cavabdehə ödənilmişdir. S onuncu ödəniş edildikdən sonra, X2 ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olduğunu bildirmiş, avadanlıqların çıxarılmasını tələb etmişdir. Abbas Bağırovla danışıqlardan sonra onunla yeni icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, 11 iyul 2023-cü il tarixdən qeyri-yaşayış sahəsi Abbas Bağırovun mülkiyyətinə verilməsinə baxmayaraq cavabdeh bu barədə iddiaçıya məlumat verməmiş, buna görə də əsassız olaraq cavabdehə 17 aprel 2024-cü il tarixdə 2800 manat icarə haqqı ödənilmişdir. Buna görə də hesab edirik ki, cavabdehə ödənilmiş icarə haqqının yeni icarə müqaviləsinin imzalandığı 06 iyun 2024-cü il tarixdən 08 may 2025-ci il tarixədək olan hissəsi, yəni 2580,48 manat (2800/365=7.68 x 336=2580,48) bizə geri qaytarılmalıdır. Bununla bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin həmin pul vəsaiti bu günə kimi qaytarılmamışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə verərək işə onların iştirakı olmadan və qiyabi qaydada baxılmasını xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı (“icarəçi”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“icarəyə verən”) arasında 05 iyun 2012-ci il tarixli, 2559 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə Hazırkı Müqaviləyə əsasən İcarəyə verən Bakı şəhəri. Nizami rayonu, Abasov Tofiq küçəsi, 23/1, yeni qaydalarla AZ1002, ünvan 3 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 15 (on beş) kv.m. olan icarə obyektini (bundan sonra “İcarə sahəsi" adlandırılacaq) İcarəçinin istifadəsinə verir, İcarəçi isə bunun müqabilində İcarəyə verənə bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını İcarəyə verənə ödəyir. 2.1-ci bəndinə görə icarə müddəti 5 ildir. Başlanma tarixi xx.xx.2012-ci il. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 5.1-ci bəndinə görə razılaşdırılmış illik icarə haqqı: 2 800 (iki min səkkiz yüz, vergilər daxil deyil) Azərbaycan manatı təşkil edir. Ödəniş xx.xx.2012-ci il tarixindən etibarən hesablanır. 5.3-cü bəndinə görə ödəniş hesabın alınmasından 30 (otuz) gün ərzində İcarəyə verənin hesabına bank köçürməsi vasitəsi ilə həyata keçirilməlidir. 10."xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024 cü il tarixli 24639 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehin hesabına 2800 manat pul köşürülmüşdür.

11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1 iyul 2023-cü il tarixdən ünvan 4 ünvanında yerləşən 265.3 kv.metr qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. 12.Cavabdeh tərəfindən biddiaşıya EBEB 320397 saylı xx.xx.2024-cü il tarixli 700 manat məbləğində elektron qaimə göndərilmişdir.

V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[773] 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. İşin məhkəjmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunan hallarından görünür ki, "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 05 iyun 2012-ci il tarixli, 2559 saylı icarə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi iddiaçıya icarəyəverilmiş, İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən illik icarə haqqı vergilər xaric 2800 (iki min səkkiz yüz) manat müəyyən edilmiş,icarə haqqı xx.xx.2012-ci il tarixdən hesablanmış, 08 may 2024-cü il tarixdən 08 may 2025-ci il tarixədək bir illik icarə haqqı qabaqcadan cavabdehə ödənilmiş, sonradan qeyri yaşayış sahəsinin başqasının-X1 qeyri-yaşayış mülkiyyətində olduğu iddiaçıya məlum olduğundan, onunla yeni icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, 11 iyul 2023-cü il tarixdən qeyri-yaşayış sahəsi Abbas Bağırovun mülkiyyətinə verilməsinə baxmayaraq cavabdeh bu barədə iddiaçıya məlumat verməmiş, həmçinin icare predmeti olan qeyri yaşayış sahəsi başqaının mülkiyyətinə verildiyi gündən icarə müqaviləsi üzrə iddiaçı tərəfindən ona ödənilmiş icarə haqqı hissəində heç bir qanuni və hüquqi əsasız olmadan, əsassız olaraq 2580,48 manat (2800/365=7.68 x 336=2580,48) məbləğində varlanmışdır.

17. Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak, yəni pul vəsaiti əldə etdiyindən, mübahisə predmeti olan 2580.48 manat (ƏDV daxil) pul vəsaiti üzərində iddiaçının mülkiyyət hüququ olduğundan və mülkiyyətçinin özgəsinin, yəni hazırkı halda cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olduğundan iddiaçı qeyd olunan məbləğdə pul vəsaitinin ona qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 46 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

19. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 46 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən 2580.48 (iki min beş yüz səksən manat qırx səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumu kimi 46 (qırx altı) manat məbləğ tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar