Məhkəmə qərarları › İş №e-2-2(113)-2801/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2801/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2801/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (VÖEN: **********) “X2 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 (min iki yüz) manatın və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə (VÖEN **********) ödənilsin. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, istifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixli KOD-S 350/2022 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhviltəslim” AKT-ı imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan “X2 Cool-350P” soyuducusu verilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. İstifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin soyuducu qaytarılmamışdır. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC məhkəməyə müraciət edərək mənə əvəzsiz istifadə ilə dəyəri 600 (altı yüz) manat olan soyuducu verildiyini və hazırda həmin soyuducunu qaytarmadığımı iddia edərək həmin dəyərin 2 mislini, yəni 1200 (bir min iki yüz) manat tələb etmişdir. Hazırda iddiaçının bu tələbi əsassızdır. Belə ki, iddia ərizəsində qeyd olunan qaydada ona hər hansı bir soyuducu təhvil verilməmişdir. O, İddiaçı MMC-dən hər hansı bir soyuducu və ya başqa bir məhsul təhvil almamışdır. Odur ki, hazırda İddiaçı MMC-nin iddia tələbi əsassız və qanunsuzdur. Bundan əlavə, iddiada soyuducunun dəyərinin 2 misli halında tələb edilməsi özü də qanunsuzdur. Dəyərin 100%-i həcmində cərimə tətbiq edilməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsini 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Tətbiq edilən maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada ağlabatan, mütənasib və ədalətli olmalıdır və şirkətlər cərimə tətbiq edərkən ədalətli meyarlara əsaslanmalıdırlar. Hazırkı halda dəyərin 100%-i həcmində cərimə tətbiq edilməsi isə ədalətlilik, mütənasiblik və digər konstitusion prinsiplərin pozulması deməkdir. Göründüyü kimi, iddia tələbi ədalətsiz və mütənasibsiz olduğundan, habelə sözügedən avadanlığın təhvili barədə mənim məlumatım olmadığımdan və təhvil almadığımdan iddia təmin edilməməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə, məhkəmə baxışı iclası isə xx.xx.2024-cü il tarixə təyin edilsə də nə cavabdeh, nə də iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iddiada tələbin əsası kimi istinad olunan müqavilənin və təhvil-təslim aktının əsilləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçının nümayəndəsi iclasları onların iştirakı olmadan keçirilməsini xahiş etsə də, iştirak etməmələrinə dair hər-hansı səbəb və səbəbin üzürlü olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. AR MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. AR MPM-in 114.1 və 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 32 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar