Məhkəmə qərarları › İş №e-2-2(113)-2820/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2820/2023

28.07.2023 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2820/2023 28.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə ( Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kreditor olmaqla) qarşı müflis elan edilmə tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC müflis elan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müflis elan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və iddiaçı arasında xx.xx.2018-ci il tarixində 52/2018 saylı alqı-satqı müqaviləsi bağlanmış və tərəflər həmin müqavilə əsasında ticarət aparmışlar. 2020-ci ildə cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya məhkəməsinin e-2-2(113)-2507/2020 saylı 12 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, məhkəmə qərarına əsasən 5.893,36 manat pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçı tərəfindən icra məmuru ilə aparılmış şifahi danışıqlar zamanı cavabdehin bir sıra digər hüquqi və fiziki şəxslərə məhkəmə qərarları üzrə borcunun olması da məlum olmuşdur. Lakin icra məmuru bu borclar barədə məlumat verməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin rəsmi saytına (https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html) baxış keçirilərək şirkətin 33.581,21 manat məbləğində vergi borcunun da olması müəyyən edilmişdir. Cavabdehin bank hesabları barəsində Dövlət Vergi Xidmətinə verilmiş sorğuya cavab verilməmiş və buna görə də bu barədə məlumatları əldə etmək mümkün olmamışdır. X2 Xidmətinə ünvanlanmış sorğularına verilmiş **********185400 saylı məktubda qeyd edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ödənilməmiş borcu 32.934,17 manat təşkil edir və 6-cı bənddən də göründüyü kimi, ötən 7 ay ərzində vergi borcu azalmamış əksinə 600 manatdan çox artmışdır. Bu da öz növbəsində cavabdehin ödəmə qabiliyyətinin olmamasını göstərir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə və kreditora məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələriinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə borclunun, üçüncü şəxsin və kreditorun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2507/2020 nömrəli xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiası təmin edilmiş, 5.893,36 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məlumatına əsasən Cavabdeh MMC-nin adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən Cavabdeh MMC-nin “X1” ASC-nin “Biznes Mərkəz” Filialında AZ61UBAZ**********0030AZN001 saylı (Azərbaycan manatı), AZ46UBAZ**********0130EUR001 saylı (Avro), AZ98UBAZ**********0130USD001 saylı (ABŞ dolları), AZ07UBAZ**********0130RUB001 saylı (Rusiya rublu), "xxxx" ASC-nin “Binəqədi” Filialında AZ13AİİB******************** saylı (Azərbaycan manatı), AZ80AİİB******************** saylı (Avro), AZ03AİİB******************** saylı (ABŞ dolları) nömrəli aktiv bank hesabının olması, "xxxx" ASC-nin “9 saylı” Filialında olan AZ37GUNA******************** saylı (Azərbaycan manatı), AZ55GUNA******************** saylı (Avro), AZ44GUNA******************** saylı (ABŞ dolları) nömrəli (xx.xx.2021-ci ildən) bağlı bank hesabının olması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli (məhkəmənin sorğusuna) cavab məktubu ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********825500 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi saytından çıxarışlardan görünür ki, Cavabdeh MMC-nin müflis elan edilməsi ilə bağlı məhkəmə baxışlarının vaxtı və yeri barədə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində elanlar verilmişdir. xx.xx.2023-ci il tarixdə Vergilər Sosial-İqtisadi Onlayn qəzetdə Cavabdeh MMC-nin ləğv edilməsi barədə elan yerləşdirilmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli məlumatına əsasən Cavabdeh MMC-nin ləğv prosesində olan "xxxx" ASC-də olan AZ37GUNA********************, AZ55GUNA**********390684800 və AZ44GUNA******************** nömrəli hesabları xx.xx.2021-ci il tarixində bağlanılmışdır və sözügedən hesablarda hər hansı bir vəsait yoxdur (qalıq 0 AZN, EUR, USD təşkil edir). Cavabdeh MMC-nin 2020-2022-ci illər üzrə mənfəət vergi bəyannaməsi ilə (hesabatla) müəyyən edilir ki, MMC-nin 2020-ci il tarixinə hesabat dövründə çıxılmalardan sonra ümumi gəliri 90.144 manat, ümumi gəlirdən çıxılan xərclər 75.120 manat, vergitutma məqsədləri üçün mənfəət 15.024 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi kreditor İddiaçı MMC borclu Cavabdeh MMC-nin müflis elan edilməsi barədə ərizəsini borclunun onlara 5.893,36 manat və Dövlət Vergi Xidmətinə 33.581,21 manat məbləğində borcunun olması, lakin həmin borcların ödənilməsini təmin edəcək aktivlərinin, o cümlədən əmlakının olmaması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Hazırkı halda məhkəmə araşdırması zamanı Cavabdeh MMC-nın ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək əmlakının olması müəyyən edilməsə də, Cavabdeh MMC-nin 2020-ci il üçün (MMC tərəfindən hesabatın verildiyi sonuncu il üçün) mənfəət bəyannaməsindən görünür ki, MMC hesabat ilini 15.024 manat məbləğində xalis mənfəətlə başa vurmuşdur. Belə olan halda sadalanan qanunvericilik normalarını və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar Cavabdeh MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, İddiaçı MMCnin gətirdiyi dəlillər borclu "xxxx" MMC-nin ödəmə qabiliyyətinin olmayan hesab edilməsi və müflis elan olunması üçün yetərli sayılmadığından, qurumun müflis elan olunmasından imtina edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müflis elan edilmə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar