Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2828/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasindakı Filialının cavabdeh “X1 And Construction" MMC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, xidmət haqqı) X8 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasindakı Filialının cavabdeh “X1 And Construction" MMC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış ƏDV xaric olmaqla 4000 ABŞ dolları məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 88 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq onun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Ernst & Yanq Holdinqs (SiAyEs) Bİ.Vİ. Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra “Şirkət” adlandırılacaq) online şəkildə email yazışma formasında müraciət olunaraq sonuncudan vergi qanunvericiliyinin təhlili üzrə xidmətlərin göstərilməsi istənilmişdir. Aparılan danışıqlardan sonra əldə olunan razılıq əsasında Şirkət ilə Müştəri arasında 08 dekabr 2022–ci il tarixli Məsləhət xidmətlərinin göstərilməsi haqqında Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, şirkət tərəfindən Müştəriyə “X6 Bölgüsü haqqında Saziş çərçivəsində qeyri–rezident subpodratçılara ödənişlərin köçürülməsi üzrə QR ƏDV və ÖMV təhlili; X6 Bölgüsü haqqında Saziş çərçivəsində Sifarişçi, onun qeyri–rezident subpodratçı arasında digər mümkün vergi təsirlərinin təhlili; qeyd olunan məsələlərlə bağlı Azərbaycan dilində Vergi Memorandumunun təqdim edilməsi” xidmətlərinin göstərilməsi, müştəri tərəfindən isə göstərilən xidmətlərə görə ƏDV xaric olmaqla 4000 ABŞ dolları məbləğində xidmət haqqının Şirkətə ödənilməsi razılaşdırılmışdır. Tərəflər həmçinin Müqavilədə xidmətlərin şifahi və ya yazılı (o cümlədən faks və ya elektron poçt vasitəsilə) təqdim edilə bilməsini müəyyən etmişlər. Şirkət Müqavilə şərtlərinə uyğun olaraq təhlili aparmaqla vergi memorandumunu hazırlamış və 19 yanvar 2023–cü il tarixində müvafiq qaydada Müştəriyə elektron poçt vasitəsilə təqdim etmişdir. 26 yanvar 2023–cü il tarixində Müştərinin nümayəndəsi tərəfindən elektron poçt vasitəsilə Şirkət tərəfindən cavablandırılması üçün dəqiqləşdirici suallar göndərilmiş və bu suallar Şirkətin nümayəndəsi tərəfindən 30 yanvar 2023 –cü il tarixində cavablandırılmışdır. Şirkətin nümayəndəsi tərəfindən həmçinin təhvil–təslim aktı, ödəniş üçün tələb olunan maliyyə sənədləri (hesab–faktura, elektron qaimə və s.) elektron poçt vasitəsilə Müştəriyə göndərilmiş və hər hansı qeydləri olmadığı təqdirdə göstərilən xidmətlərə görə ödənişin edilməsi xahiş edilmişdir. Qeyd olunan tarixdən uzun müddət keçməsinə baxmayaraq Müştəri tərəfindən hər hansı ödəniş edilməmiş, ödənişlə bağlı edilən şifahi və yazılı müraciətlər isə müxtəlif bəhanələrlə (baş mühasibin işdə olmaması, xəstələnməsi,elektron qaimələrin müddətinin keçməsi və s.) gecikdirilmiş, daha sonra isə ümumiyyətlə cavablandırılmamışdır. Halbuki, tərəflər arasında olan müqaviləyə əsasən, müştəri xidmətlərin təqdim edilməsindən sonrakı 5 (beş) iş günü ərzində Şirkətə aktı imzalamaqdan əsaslandırılmış imtina göndərməlidir. Şirkət imzalanmış təhvil–təslim aktını və ya bu aktı imzalamaqdan əsaslandırılmış imtinanı almadığı təqdirdə, təhvil–təslim aktı imzalanmış, Xidmətlər isə həmin təhvil-təslim aktında göstərilmiş həcmdə və şərtlərlə Şirkət tərəfindən göstərilmiş və Müştəri tərəfindən qəbuledilmiş hesab edilir. Xidmətlərin təqdim edilməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq Müştəri tərəfindən xidmətlərlə bağlı ödəniş edilmədiyindən Şirkət tərəfindən hüquqi prosedurların başladılması qərarına gəlinmiş və bununla bağlı Müştəriyə 18 yanvar 2024 –cü il tarixində ilk pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu aldıqdan, eləcə də Şirkətin nümayəndəsinin telefon zənglərindən sonra Müştəri Şirkət nümayəndəsinə bildirmişdir ki, suallarına cavab veriləcəyi təqdirdə ödənişi edəcəkdir və 25 yanvar 2024–cü il tarixində Şirkətə yenidən suallar ünvanlamışdır. Şirkət tərəfindən hazırlanan16 fevral 2024 –cü il tarixli cavab məktubunda Şirkətin sualları təkrarən cavablandırılmışdır. Lakin, Müştəri bundan sonra da ödəniş etməklə bağlı ödəliyindən yayınmağa davam edərək bu günə qədər ödənişi etməmiş və bununla bağlı Şirkətin müraciətlərinə cavab verməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 386.1, 425.1, 442.1, 445.1, 445.2, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, hazırda cavabdeh rəyin qüsurlu olması iddiası ilə çıxış edir. Halbuki cavabdeh bu müddət ərzində heç bir zaman rəyin keyfiyyəti və ya orada göstərilənlərin onlara uyğun olmaması ilə bağlı iddiaçıya bildiriş ünvanlanmamışdır. Həm müqavilədə, həm də rəyin özündə göstərilmişdir ki bu qanunveriliciliyin iddiaçı tərəfindən təhlilidir. Bu təhlil hər hansı orqan, qurum tərəfindən məcburi şəkildə qəbul ediləcək deyə bir şey yoxdur. Bunun tətbiqi ilə bağlı hər hansı əlavə xidmət lazımdırsa bu xidmət başqa bir xidmət hesab olunur və bunu ayrıca razılaşma əsasında edə bilərik. Lakin qarşı tərəf bununla bağlı bizə heç bir müraciətində fikrini bildirməmişdir. Hazırda isə ödəniş etməmə səbəbi kimi rəyin qüsurlu olmasını əsaslandırır. 2022-ci ildə müqavilə bağlanmış, 26 yanvar 2023 –cü il tarixində cavabdehin nümayəndəsi tərəfindən elektron poçt vasitəsilə suallar göndərilmiş və bu suallar iddiaçının nümayəndəsi tərəfindən 30 yanvar tarixində cavablandırılmışdır. 1 il müddəti ərzində şifahi danışıqlar olmuş, qaimələr göndərilmiş, lakin qarşı tərəf hər dəfəsində müxtəlif bəhanələr gətirərək ödəməkdən imtina etmişdir. Heç bir halda rəydən narazı olduqlarını onlara bildirməmişlər. Artıq 1 ildən çox müddət keçdikdən sonra onlar rəsmi şəkildə cavabdehə müraciət etmişlər, sonuncu onlara sualları olacaqlarını bildirmiş, onlar yenidən suallarına cavab məktubu göndərmişlər, lakin yenə də heç bir ödəniş olunmamışdır. E-sistemə əlavə edilən sonuncu saziş açıq mənbələrdə olan bir sənəddir. İddiaçı tərəf onu Dövlət Vergi Xidmətinin (DVX) saytından götürüb araşdıraraq rəy vermişdir. Heç bir halda, heç bir yazışmalarda tərəfə təminat verilməyib ki, rəy əsasında onlara sertifikat veriləcəkdir. Sertifikatın verilməsi DVX-nin səlahiyyətinə aid olan bir məsələdir. Cavabdeh tərəf həmin dövrdə DVX-yə rəsmi müraciət etsəydi və rəsmi olaraq cavabdehə imtina verilsəydi, bunun araşdırılması iddiaçı arasında başqa cür həll olunardı. Düzdür cavabdeh özünün iddiaçı tərəfindən vergilərdə təmsillə bağlı əlavə olaraq xidmət istəmişdir, lakin iddiaçı tərəf də bu öhdəliyi üzərinə götürməyəcəyini mail yazışmalarda bildirmişdir. Çünki iddiaçı tərəf DVX-ni nəyəsə məcbur edəcək səlahiyyətdə deyildir. Cavabdeh tərəfin yerinə sertifikat üçün müraciət etmək isə ayrıca bir xidmət idi. Bu xidmət haqqı cavabdehə yüksək gəldiyi üçün imtina etmişdirsə, bu artıq onların problemidir. Bununla bağlı cavabdehə heç bir köməklik göstərə bilmir. İndiki hal üçün iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir və onlar da qəbul etmişdir, lakin cavabdeh öhdəliyini yerinə yetirmir. Rəyin keyfiyyəti ilə bağlı məsələ tamam başqa bir məsələdir çünki bu qanunvericiliyin şərhdir və hər kəs bir başqa cür şərh edə bilər. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi verərək qeyd etmişdir ki, iddiaçı dəfələrlə təhvil-təslim barədə qəbz göndərsə də, göstərilən xidmət cavabdehin tələb ediyi keyfiyyətdə olmadığından onlar tərəfindən qəbul edilməmişdir. 18 noyabr 2022-ci il tarixində Ernst & Young (EY) şirkətinə təqdim etdiyi sorğuda konkret üç sual göstərilmişdir:
1. AMEC ilə onun qeyri-rezident subpodratçısı arasında müqavilə üzrə vergi öhdəlikləri (ƏDV, ÖMV və digər vergilər) ilə bağlı Azərbaycan dilində MEMO yazmaq; 2. MEMO ilə bağlı vergi orqanı ilə görüş təşkil etmək (mümkünsə); 3. Bu məsələ ilə bağlı mobil vergi yoxlaması zamanı dəstək vermək (tələb olunduqda). Əlavə olaraq əsas tapşırıq müqaviləsi və digər müqavilələri də daxil olmaqla, saziş layihə paketi göndərilmişdir. Müqavilənin texniki tapşırıq hissəsində görünür ki, EY şirkəti cavabdeh tərəfi aşağıdakı xidmətlərlə təmin etməli idi: 1. AMEC ilə onun qeyri-rezident subpodratçısı arasında müqavilə üzrə vergi öhdəlikləri (ƏDV, ÖMV və digər vergilər) ilə bağlı Azərbaycan dilində MEMO yazmaq; 2. MEMO ilə bağlı vergi orqanı ilə görüş təşkil etmək (mümkünsə); 3. Bu məsələ ilə bağlı mobil vergi yoxlaması zamanı dəstək vermək (tələb olunduqda). Lakin, EY şirkəti bizdən AMEC ilə qeyri-rezident Contseas şirkəti arasında olan müqaviləni və AMEC ilə Bos Shelf arasında bağlanan müqavilələri aldıqdan sonra cavabdeh tərəfə səhv rəy vermişdir. EY şirkəti cavabdeh tərəfə sub-sub podratçı olduğu halda subpodratçı olaraq göstərmiş və nəticədə səhv vergi öhdəlikləri bildirmişdir. EY təhlilində cavabdeh tərəfi subpodratçı qeyd etmələri ilə qeyri-rezidentə ödəməli olduğu vəsaitin 0% ƏDV-yə və 5.5% ödəmə mənbəyində vergiyə cəlb olunmalı olduğunu bildirmişdir. Lakin cavabdeh tərəf sub-podratçı olaraq 18% ƏDV-yə və 10% ödəmə mənbəyində vergiyə cəlb edilir. İkinci səhv isə, EY şirkəti HPBS-ə əsasən xarici subpodratçılar və yerli subpodratçılar arasında fərqləndirmə apararaq, xarici subpodratçıların sertifikat olmadan 0% ƏDV-yə cəlb edilə biləcəyini, lakin yerli subpodratçılar üçün ƏDV-dən azadolma sertifikatı tələb olunduğunu bildirmişdir. Lakin HPBS-də xarici subpodratçı ilə yerli subpodratçının tərifi eyni verilmişdir. HPBS-də 0% ƏDV-yə cəlb edilə bilmək üçün sertifikatın alınmalı olduğu qeyd edilib və xarici subpodratçı və yerli subpodratçı ayrımı aparılmayıb. Vergi orqanının yerli subpodratçıdan sertifikat tələb etməsi və xarici subpodratçıdan tələb etməməsi ağla batan deyil və ziddiyyət təşkil edir. Həmçinin, qeyri-rezidentin 5.5% ƏDV-yə cəlb olunması üçün cavabdeh tərəfdən “Xarici subpodratçıların ödəmə mənbəyində vergi bəyanaməsi” təqdim edilməlidir. Lakin, ƏDV-dən azadolma haqda sertifikat olmadan həmin bəyanamənin təqdim edilməsi mümkün deyildir. 25 yanvar tarixində № AMEC-L-005/24 nömrəli məktubla məsləhət məktubuna olan iradlarını EY şirkətinə çatdırmışlar. Onlar isə, 16 fevral 2024-ci tarixinə № 09/2024 nömrəli məktub ilə cavablandırmış və cavab məktubunda göstərilən yeni məsləhətlər ilkin məsləhət məktubu ilə eyni olmuşdur və konkret cavab verilməmişdir. Bu səbəbdən, Ernst & Young şirkətinin verdiyi təhlilin və məsləhətlərin yenidən nəzərdən keçirilməsini və düzgün rəy verilməsini tələb etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, iddianı qəbul etmir. Belə ki, cavabdehin qarşı tərəfə ünvanladığı suallara ümumi cavablar verilmişdir. Göndərilən cavablarda cavabdehin hansı əsasla subpodratçı yazıldığı göstərilmirdi. Direktorlar səviyyəsində olan ilkin görüşdə nümayəndə kimin onun özü də şəxsən orda olmuşdur və orda e-maildə də konkret olaraq cavabdehlə sub-sub podratçı arasında olan vergi öhdəliklərinin müəyyənləşdirilməsi barədə sual qeyd etmişlər. Məktublarında yenə də ümumi olaraq cavab gəlmişdir. Cavabdehə verilən rəyin özündə 2 səhv var idi. Belə ki, son yüklənən saziş rəsmi mənbələrdə olmamışdır. Onlar həmin sazişi “JOCAB” şirkətindən istədikdə onlara müqavilənin çox həcmli olduğu üçün göndərə bilmədiklərini bildirmişlər. Hazırda tərəfin əlavə etdiyi sazişin 12.7-ci maddəsində də sertifikatın kimlərə verilməli olduğu hallar sadalanmışdır. Orada qeyd edilib ki, hər bir podratçı tərəf, Əməliyyat şirkəti və onun subpodratçıları Karbohidrogen fəaliyyətləri İlə bağlı X4 azaddır. Vergi orqanı və ya digər müvafiq vergi yaxud gömrük orqanı hər podratçı tərəfə, əməliyyat şirkətinə və onların subpodratçılarına hər hansı vergidən azadolunma və/yaxud ƏDV-nin sıfır faizi rejimini təsdiq edən etibarlı şəhadətnamələri podratçı tərəfin, əməliyyat şirkətinin, və ya Subpodratçının bu cür sertifikat verilməsi haqqındakı sorğusundan sonra otuz gün müddətində təqdim edir. Verilən rəyin qüsurlu olması və razı olmamaları barədə 1 il müddətində ona görə qarşı tərəfə bildirməmişlər ki, bu araşdırmanı aparmaq üçün onların kifayət qədər vaxtı getmişdir. Onlar ƏDV-dən azad olmaq üçün müraciət etdikdə onlara azad olmadıqlarını bildirdilər. Onlara xidməti verilən rəyin düzgün olub-olmaması qaranlıq idi. İddiaçının əlavə etdiyi saziş açıq mənbələrdə olmadığı üçün tam qərara gələ bilməmişlər. Rəyi aldıqdan sonra rəsmi olaraq rəyin qüsurlu olması barədə müraciət etməmişlər, sadəcə tərəfə əlavə suallar göndərmişlər və ümumi cavablar gəlmişdir. Sonda o, iddianın təmin olunmamasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, ilk öncə tərəfin ƏDV-dən azad olub-olmaması barədə konkret sənədlər olmalı idi ki, bu müəyyən olunsun. İddiaçı tərəfin verdiyi rəylə, tərəflər arasındakı müqavilə və tərəflərin qarşılıqlı fəaliyyətindəki mövqeləri ilə tanış olmalı idi. Hansısa hüquqi şirkətin şərhi, rəyi əsasında onlar sertifikat vermirlər. Yekun hesablamalara, bəyənnaməyə baxıb qərarı verirlər. Hazırkı mərhələdə də onun münasibət bildirməyi əhəmiyyət kəsb etmir. Hazırkı iddia tələbi iddiaçı tərəfindən mübahisələndirilən pul tələbidir, cavabdehin sertifikatı alıb-almaması deyildir.
Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı “Şirkət” ilə "xxxx" MMC “Müştəri" arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tax-2022 nömrəli məsləhət xidmətlərinin göstəriməsi haqqında müqavilədən görünür ki, Şirkət Müştəriyə peşəkar xidmətlər göstərəcək, Müştəri isə Şirkətə bu Xidmətlərin müqabilində haqq ödəyəcəkdir, Xidmətlərin həcmi, şərfləri və haqqı Tərəflər arasında qarşılıqlı razılaşma əsasında yazılı şəkildə hazırkı Müqavilənin qoşmaları və tərkib hissəsi olan (Qoşma C və s.) xüsusi Texniki Tapşırıqda (bundan sonra “TT”), hər bir hal üçün ayrıca olaraq müəyyən ediləcəkdir. Müqavilənin 2-ci bəndinə əsasən Xidmətlər şifahi və ya yazılı şəkildə (o cümlədən faks və ya şifrlənməmiş elektron poçt vasitəsilə) göstərilə bilər. Müqavilənin 4-cü bəndinə əsasən xidmətlərin göstərilməsinə görə Şirkətə Ödəniləcək məbləğə Xidmət haqları, Şirkət tərəfindən Xidmətlərlə əlaqədar çəkilmiş xərclər, hazırkı Müqavilədə göstərilən digər əlavə ödəmələr və tətbiq edilən vergilər daxildir. Hazırkı Müqaviləyə qoşmalarda digər şərt nəzərdə tutulmamışdırsa, Xidmət haqları Şirkətin layihəyə cəlb edilmiş əməkdaşlarının təcrübə səviyyəsindən asılı olan və B Qoşmasında göstərilən saat hesabı haqlarına və Müqavilə əsasında Xidmətlərin göstərilməsi üçün lazım olan saatların sayına (o cümlədən, yola sərf olunan vaxta) əsaslanır. Ödəmə şərtləri müvafiq TT-da (Qoşma C-də) göstərilir. Müqavilənin 11-ci bəndinə əsasən xidmətlərin tamamilə və ya hissələrlə tamamlanmasından sonra Şirkət Müştəriyə iki nüsxədə təhviltəslim aktı göndərəcəkdir. Müştəri bu təhvil-təslim aktının bir nüsxəsini imzalamalı, tarixi qeyd etməli və Şirkətə qaytarmalıdır, əks təqdirdə, bu aktı aldıqdan 5 (beş) iş günü ərzində Şirkətə aktı imzalamaqdan əsaslandırılmış imtina göndərməlidir. Tərəflər etiraf edirlər ki, Şirkət imzalanmış təhvil-təslim aktını və ya bu aktı imzalamaqdan əsaslandırılmış imtinanı almadığı təqdirdə, təhvil-təslim aktı imzalanmış, xidmətlər isə həmin təhvil-təslim aktında göstərilmiş həcmdə və şərtlərlə şirkət tərəfindən göstərilmiş və Müştəri tərəfindən qəbul edilmiş hesab ediləcəkdir. Tərəflər razılaşır və qəbul edirlər ki, Şirkət tərəfindən birtərəfli qaydada imzalanmış bu cür təhvil- təslim aktı Xidmətlərin qəbul edilməsinin yetərli sübutudur və Xidmətlərə görə ödəniş təhvil- təslim aktının imzalanması əsasında həyata keçiriməlı olduğu halda həmin ödəniş üçün əsas təşkil edir. 08 dekabr 2022-ci il tarixli Xidmətlərin göstərilməsinə dair Müqaviləyə Qoşma A-nın A.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsinin əsas şərtləri. Giriş hissə ilə birlikdə və müvafiq Texniki Tapşırıq və hər hansı qoşmalar Şirkət tərəfindən Müştəriyə Xidmətlərin göstərilməsi üçün müqavilə strukturunu təşkil edir. A.5-ci bəndinə əsasən Şirkət Xidmətləri münasib bacarıq və səylərdən istifadə etməklə göstərəcəkdir. Xidmətlər şifahi və ya yazılı şəkildə (o cümlədən, şifrsiz elektron poçt vasitəsilə) təqdim edilə bilər. A.6-cı bəndinə əsasən Şirkət, Xidmətlərin bir hissəsi ilə bağlı Müştəri ilə birbaşa əlaqə qura biləcək bir və ya bir neçə EY Firması, eləcə də digər üçüncü tərəflərlə subpodrat müqaviləsi imzalaya bilər. Xidmətlərin icrasına görə Müştəri qarşısında müstəsna məsuliyyəti Şirkət daşıyacaq. A.7-ci bəndinə əsasən Şirkət Müştərinin işçisi, agenti, tərəfdaşı kimi deyil, müstəqil podratçı qismində hərəkət edəcək. Müştəri Xidmətlərlə bağlı rəhbərliyin bütün qərarlarına görə, habelə Xidmətlərin Müştərinin məqsədlərinə uyğun olub-olmamasının müəyyən edilməsinə görə müstəsna məsuliyyət daşıyacaq. Müştəri Xidmətlərə nəzarət və Xidmətlərin və Layihə nəticələrinin istifadəsi və həyata keçirilməsi məqsədilə müvafiq ixtisası olan heyət təyin etməlidir. 08 dekabr 2022-ci il tarixli Məsləhət xidmətləri haqqında Müqaviləyə Qoşma B-yə əsasən vergi departamentinin mütəxəssislərinin cari saathesabı haqları (ƏDV xaric) Partnyor üçün 945 ABŞ dolları, Direktor üçün 785 ABŞ dolları, Baş Menecer üçün 600- 705 ABŞ dolları, Menecer üçün 475-550 ABŞ dolları, Baş Məsləhətçi üçün 265-370 ABŞ dolları, Məsləhətçi üçün 105-160 ABŞ dolları müəyyən edilmişdir. 08 dekabr 2022-ci il tarixli Qoşma C - Texniki Tapşığa əsasən Şirkət Müştərini aşağıda göstərilən xidmətlərlə təmin edəcək: X6 Bölgüsü haqqında Saziş çərçivəsində qeyri-rezident subpodrətçılara ödənişlərin köçürülməsi üzrə QR ƏDV və ÖMV təhlili, X6 Bölgüsü haqqında Saziş çərçivəsində Sifarişçi, onun qeyri-rezident subpodratçı arasında digər mümkün vergi təsirlərinin təhlili, qeyd olunan məsələlərlə bağlı Azərbaycan dilində yazılı Vergi Memorandumunun təqdim edilməsi. 4-cü bəndə əsasən hazırkı Layihə üzrə Xidmətlərin göstərilməsi üçün Şirkətə ödəniləcək məbləğ təsbit edilmişdir və 4000 ABŞ Dolları (dörd min ABŞ dolları) (ƏDV xaric) bərabərdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (Xidmət göstərən) 4000 ABŞ dolları dəyərində xidmətin göstərdiyini təsdiq etmişdir. EBDG seriyalı, 119081 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 8024 manat dəyərində göstərilmiş xidmətlər “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 10 noyabr 2022-ci il tarixli mail yazışmasından görünür ki, Shafayaddin Gadirov <Elektron ünvan > ünvanından Nikbin A Məmmədova <Nikbin.Mammadov@ az.ey.com> müraciət edərək, AMEC və onun qeyri-rezident subicraçsı arasında öhdəlikləri (ƏDV, tutulan vergi və digər vergilər) barədə müqavilə ilə əlaqədar MEMO-nun Azərbaycan dilində yazılması; MEMO ilə bağlı vergi orqanında görüşün təşkil edilməsi (əgər mümkündürsə); bu məsələ ilə bağlı səyyar vergi yoxlaması zamanı dəstəyin göstərilməsi (lazım olarsa) ilə bağlı sorğularla əlaqədar vergi xidmətlərinin göstərilməsində kömək göstərilməsi xahiş olunmuşdur. 18 noyabr 2022-ci il tarixli mail yazışmasından görünür ki, Aygün İ Malikova ünvanından <r.shakarov @amec.az> ünvanına müraciət edərək, tələbə əsasən müvafiq PSA çərçivəsində qeyri-rezident subicraçıya ödənişlərin köçürülməsi üçün RC ƏDV və verginin tutulması (RC VAT və WHT) tətbiqinin təhlili; Müvafiq PSA çərçivəsində Sifarişçi və onun qeyri-rezident subicraçısı arasında vergitutmanın digər mümkün təsirlərinin təhlili; Göstərilən məsələlərlə bağlı Azərbaycan dilində yazılı Vergi Memorandumunun təqdim edilməsi üçün ödəniş təklifi 4000 ABŞ dolları (ƏDV istisna olmaqla) təşkil etdiyi qeyd olunmuşdur. Xidmətlərin göstərilməsi barədə əsas müqavilə və əlavələr də daxil olmaqla, müqavilnin layihə paketini təqdim edərək, xahiş etmişdir ki, "xxxx" MMC ilə EY Azerbaijan arasında müqavilə layihəsi paketinə daxil edilmiş məlumatların doğruluğunu təsdiq edilsin. Hər hansı şərhin bildirillməsi və müqavilənin imzalanması işin qəbulu üçün daxili prosedurun tamamlanmasından asılıdır. 19 yanvar 2023-ci il tarixli mail yazışmasından görünür ki, Aygün İ Malikova ünvanından <r.shakarov @amec.az> ünvanına müraciət edərək, faylda tələb olunan təhlilin təqdim edildiyi qeyd olunmuşdur. “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli Xarici Subpodratçılardan barj vasitəsilə dəniz yükdaşıma xidməti aldığı zaman yaranan vergi öhdəliklərinin təhlili "xxxx" MMC-yə təqdim edilmişdir. 19 mart 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, “Ernts&Yanq Holdinq (Siayes) Bİ.Vİ.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən dövlət büdcəsinə 88 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-ci maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən tərtib edilmiş rəyi qəbul etsə də, rəydə olan qüsurlara görə xidmət haqqının ödənişindən imtina etdiyini bildirmişdir. Halbuki iddiaçı, göstərilmiş xidmətin qəbul edildiyini təsdiq etmək üçün xx.xx.2023cü il tarixində təhvil-təslim aktını imzalayaraq cavabdehə göndərmiş, cavabdeh təhviltəslim aktını aldıqdan sonra 5 iş günü ərzində həmin aktı imzalamaqdan imtina etməsi ilə bağlı Şirkətə əsaslandırılmış müraciət təqdim etməmiş, həmçinin cavabdehin nümayəndəsi də mübahisəyə məhkəmədə baxılana qədər iddiaçıya görülmüş işdə yaranmış qüsurlarla bağlı rəsmi qaydada pretenziya ilə müraciət etmədiyini bildirmişdir. Bununlada tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli Tax-2022 nömrəli müqavilənin 11-ci bəndinə əsasən iddiaçı cavabdeh tərəfindən əsaslandırılmış imtinanı almadığına və akt imzalanaraq iddiaçıya geri qaytarılmadığına görə təhvil-təslim aktı imzalanmış, həmin təhvil-təslim aktında göstərilmiş həcmdə və şərtlərlə iddiaçı tərəfindən göstərilmiş xidmət cavabdeh tərəfindən qüsursuz olaraq qəbul edilmişdir. Buna görə də iddiaçının qüsursuz icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçı tərəfindən rəyin cavabdehə qüsursuz təhvil verildiyini, cavabdehin təhvil alınan rəyə görə müqavilədə nəzərdə tutulmuş müddətdə pretenziya etmədiyini və 4000 ABŞ dolları pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 4000 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında xidmət haqqının dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 88 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən müqavilə üzrə ödənilməmiş 4000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti, habelə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Ernst&Yanq Holdings (SİAYES) Bİ.Vİ.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov