Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2855/2023 31.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Nümayəndə QSC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2020-ci il tarixli, 02/20 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nümayəndə QSC cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalı 41.481 manat məbləğində borcun, mediasiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiya dair xərcini və 210,04 manat məbləğində dövlət rüsumunun tutularaq, cəmi 41.891,04 manat məbləğində iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə QSC və Azərbaycan Dövlət Sərhəd Xidməti Hərbi Hospital arasında 01 oktyabr 2020-ci il tarixdə, № 02/20 saylı, dərman vasitələrin alqı-satqısına dair müqavilə bağlanılmışdır. Müqavilənin tələblərinə əsasən sifarişçi Dövlət Sərhəd Xidməti Hərbi Hospital dərman vasitələrin ümumi dəyəri 41.340,92 manat malı öz anbarına qəbul etmiş və sifarişçi icraçı Nümayəndə QSC-yə malın dəyərin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, sifarişçi tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Nümayəndə QSC və Azərbaycan Dövlət Sərhəd Xidməti Hərbi Hospital arasında 01 oktyabr 2020-ci il tarixdə, № 02/20 saylı müqaviləyə 1 №-li əlavəyə əsasən tibbi qoruyucu, respirator, antiseptik maddələrin satınalması üzrə qiymətlərin razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən Dövlət Sərhəd Xidmətinə verilən tibbi ləvazimatların ümumi qiyməti 41.481 manat dəyərində müəyyən olunmuşdur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli elektron qaimə № 921311 ilə 41.340,92 manat məbləğdə elektron qaimə göndərilmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 10 mart 2023-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 (on) gün ərzində 41.481 manat məbləğində olan borcun ödənilməsini xahiş etmişlər və xx.xx.2023-cü il tarixdə pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilmiş və imzalanmışdır, bundan başqa onlayn kargüzarlıq vasitəsi ilə pretenziya cavabdehə göndərilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, heç bir məbləğ ödənilməmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə və onlayn kargüzarlıq vasitəsi ilə qəbul etmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatı ilkin mediasiya sessiyasından iştrak edilməməsi barədə arayış xx.xx.2023-ci il tarixdə qərara verilmişdir. İddiaçı mediasiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiya dair xərci ödəmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalı əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri X1, X7, X2 verdikləri izahatlarında iddiaçı tərəfindən elektron qaimələrdə göstərilən malların cavabdehə təqdim edilməsini faktını təsdiq etmilş, eləcə də Hərbi Hospitalın məhkəmədə tərəf qismində çıxış etmək hüququna malik olmadığını bildirmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Nümayəndə QSC (icraçı) ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalı (sifarişçi) arasında 01 oktyabr 2020-ci il tarixdə 02/20 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV ilə birlikdə 41.481 manat təşkil edir. 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan dərman preparatlarının təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş dərman preparatları bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında dərman preparatlarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların təxirə salınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 10.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr icraçının təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin malların qəbulundan sonra 30 bank günündən gec olmamaq şərti ilə aparılır. 11.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilənin xüsusi şərtlərində sifarişçinin yuxarı təşkilatı tərəfindən bağlanmış müqavilənin təsdiqlənməsi nəzərdə tutulubsa, müqavilə təsdiq olunan andan qüvvəyə minir. 18.1-ci bəndinə görə müqavilə 31 dekabr 2021-ci ilədək qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 01 oktyabr 2020-ci il tarixdə 02/20 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə olan qiymətlərin razılaşma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə ƏDV daxil 41.481 manat olaraq) razılaşdırılmışdır. Qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. EBAR seriyalı, 205225 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, Nümayəndə QSC tərəfindən 01 oktyabr 2020-ci il tarixdə 02/20 saylı müqaviləyə əsasən 17.480,52 manat dəyərində malların göndərilməsinə görə elektron qaimə tərtib edilərək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə elektron sistem vasitəsi ilə göndərilmişdir. Nümayəndə QSC tərəfindən 01 oktyabr 2020-ci il tarixdə 02/20 saylı müqaviləyə əsasən 15.998,44 manat dəyərində malların göndərilməsinə görə EBAS seriyalı, 164336 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə elektron sistem vasitəsi ilə göndərilmişdir. Nümayəndə QSC tərəfindən 01 oktyabr 2020-ci il tarixdə 02/20 saylı müqaviləyə əsasən 7.999,22 manat dəyərində malların göndərilməsinə görə EBAS seriyalı, 556450 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə elektron sistem vasitəsi ilə göndərilmişdir. 01 oktyabr 2020-ci il tarixdə 02/20 saylı müqavilənin 1 nömrəli əlavəsinə əsasən (6.327,18 manat ƏDV daxil) cəmi 41.478,18 manatlıq mallar (dərman pereparatları) (Dövlət Sərhəd Xidməti (F.Məmmədov) tərəfindən) təhvil alınmışdır. Nümayəndə QSC tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalına pretenziya məktubu ünvanlanaraq QSC-yə olan borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nümayəndə QSC ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalı arasında 01 oktyabr 2020-ci il tarixli 02/20 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Nümayəndə QSC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək sifariş edilmiş malları Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalına təqdim etmiş, lakin Hərbi Hospital təqdim edilmiş malların dəyərini ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı Nümayəndə QSC sözügedən müqavilə üzrə 41.481 manat məbləğində borcun cavabdeh Dövlət Sərhəd Xidmətindən tutulmasını tələb edir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi mübahisəli müqavilə iddiaçı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalı arasında bağlandığı halda həmin müqaviləyə əsaslanan hazırkı iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti çıxış edir. Odur ki, məhkəmə tərəfindən ilk növbədə iddianın cavab verməli olan şəxsə yönəldilibyönəldilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Dövlət Sərhəd Xidmətinin və Hərbi Hospitalının Əsasnamələrindən də göründüyü kimi Hərbi Hospital Dövlət Sərhəd Xidmətinin tabeliyində hüquqi şəxs statusu olmayan qurum olmaqla müstəqil hüquq subyektliyinə, yəni öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, o cümlədən müqavilələr bağlamaq, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək hüququna malik deyildir. Odur ki, Hərbi Hospital mülki dövriyyədə müstəqil olaraq iştirak edə bilmədiyindən onun fəaliyyəti nəticəsində əldə olunan bütün hüquqlar hospitalın struktur bölməsi olduğu hüquqi şəxs statuslu quruma, yəni Dövlət Sərhəd Xidmətinə məxsusdur, eləcə də daşıdığı bütün vəzifələr, o cümlədən müqavilədə irəli gələn öhdəliklər də həmin qurum tərəfindən icra edilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən elektron qaimələrin elektron sistem vasitəsilə Hərbi Hospitala deyil, məhz Dövlət Sərhəd Xidmətinə göndərilməsi də yuxarıda göstərilən xüsusatları bir daha təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisəli müqavilə üzrə sifarişçinin öhdəliklərinə görə cavab verməli olan şəxs Hərbi Hospitalın struktur qurumu olduğu hüquqi şəxs statuslu qurum, yəni Dövlət Sərhəd Xidməti olduğundan iddia cavab verməli olan şəxsə yönəldilmişdir. İddianın mahiyyətinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə təhviltəslim aktında və elektron qaimələrdə göstərilən miqdarda və dəyərdə malların təqdim edilməsi, həmin mallara görə iddiaçı tərəfindən ödəniş edilməməsi, belə olan halda cavabdehin iddiaçıya borcunun mövcud olması faktları məhkəmə iclasında izahat verən cavabdehin nümayəndələri tərəfindən etiraf edilmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə münasibətdə həmçinin qeyd edilməlidir ki, müqavilədə və qiymətlərin razılaşması protokolunda malların ümumi qiyməti ƏDV daxil 41.481 manat məbləğində müəyyən edilsə də, təhvil-təslim aktlarında və iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrdə malların ümumi qiymətinin ƏDV daxil 41.478,18 manat məbləğində olması göstərilmişdir. Məhkəmə müqavilədən sonra tərtib edilmiş və təqdim edilmiş malların dəyərinin 41.478,18 manat olmasını müəyyənləşdirən ikitərəfli təhvil-təslim aktını və elektron qaimələri tərəflərin müqavilədə göstərilmiş qiymətə dəyişiklik edilməsi barədə razılığa gəlmələrini təsdiq edən sübutlar kimi qiymətləndirir və cavabdehin iddiaçıya olan borcunun həmin razılaşmaya əsasən ƏDV daxil 41.478,18 manat məbləğində müəyyən edilməli olması barədə nəticəyə gəlir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – ƏDV daxil 41.478,18 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 41.478,18 manat məbləğində pul tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərləri ilə yanaşı 210 manat məbləğində dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 213 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, hazırda iddiaçı tərəfindən artıq ödənilmiş 200 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddianın qiymətinin 99%-ə yaxın hissəsi təmin edildiyindən mediasiya xərclərinə görə görə 200 manat məbləğində pul vəsaiti və 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən ƏDV daxil 41.478,18 manat əsas borc və mediasiya xərclərinin əvəzi olaraq 200 manat və dövlət rüsumunu 10 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən artıq ödənilmiş 200 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva ” ASC-yə göndərilmişdir.edilərək eitəsilə
Məhkəmə qərarları › İş №e-2-2(113)-2855/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2855/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver