Məhkəmə qərarları › İş №e-2-2(113)-2865/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2865/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2865/2024 06.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əvəzsiz istifadə müqaviləsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 (min iki yüz) manat məbləğində pul və 32 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, KOD-S 177/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhvil-təslim” aktı imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan “X1 Cool- 350P” soyuducu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. İstifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin soyuducu qaytarılmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci və 442-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İş materiallardan görünür ki, istifadəyə verən qismində İddiaçı MMC ilə istifadəçi qismində Cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, KOD-S 177/2020 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən istifadəyəverən satışını təşkil etdiyi spirtli va spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını va reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan) soyuducuları (bundan sonra soyuducu) istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzarə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür; 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə Əlavə №1-də göstərilən təhvil-təslim aktı vasitəsilə təhvil verir; 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 (beş) gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir; 2.9-cu bəndinə əsasən istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra sonra 5 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytarıldıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır; 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir; 3.4-cü bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə, istifadəçi soyuducunun ümumi dəyərinin 2 misli həcmində istifadəyəverənin nəfinə cərimə ödəyir; 3.5-ci bəndinə əsasən istifadəçi fəaliyyət ünvanını dəyişdikdə, fəaliyyətini dayandırdıqda ən azı 24 saat ərzində istifadəyəverənə rəsmi bildirməli və soyuducunun geri qaytarılmasını 5 gün ərzində təmin etməlidir; 3.6-cı bəndinə əsasən istifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir; 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və istifadəyəverən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. Müddət bitdikdə tərəflər etiraz etməzsə, müqavilə eyni müddətə yenidən bağlanmış sayılır.

7. xx.xx.2020-ci il tarixli, KOD-S 177/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə 01 saylı əlavədən görünür ki, 1 ədəd 600 manat dəyərində “X1 Cool-350P” soyuducusu Cavabdeh təhvil verilmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunda deyilir ki, “lstifadəyəverən” (“Kodis-MMC”) istifadəyə verilən soyuducunu istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 (beş) gün ərzində “İstifadəçi” tərəfindən soyuducu qaytarılmadıqda və ya müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmçinin müqavilənin 2.7ci va 3.6-cı bəndlərinə əsasən istifadəçi soyuducunu 5 (beş) gün müddətində təhvil vermədikdə, soyuducunun dəyərinin 2 misli həcmində (1200 (min iki yüz) manat) istifadəyəverənə cərimə ödəməlidir. Buna görə də dəyəri 600 (altı yüz) manat olan “X1 Cool-350P” 5 (beş) gün ərzində qaytarılmadığı təqdirdə, soyuducunun dəyərinin 2 misli həcmində, yəni 1200 (min iki yüz) manatın, əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cü maddəsinə əsasən məhkəmə xərcləri, yəni mediasiya xərci, dövlət rüsumu, hüquqi xidmət üçün vəkilə ödənilmiş xidmət haqqı, poçt xərcləri, əldən çıxmış fayda və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faizi tələb olunacaqdır. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə əsasən hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi:

11. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçıistifadəyəverən satışını təşkil etdiyi spirtli va spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını va reklamını təşkil etmək üçün ona məxsus dəyəri 600 manat olan 1 ədəd “X1 Cool-350P” markalı soyuducunu cavabdehin əvəzsiz istifadəsinə verməyi, cavabdeh-istifadəçi isə istifadəyəverənin tələbi ilə həmin əşyanı işlək vəziyyətdə (normal köhnəlmə nəzarə alınmaqla) iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, soyuducunu cavabdehin istifadəsinə vermişdir.

12. Qeyd olunmalıdır ki, müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və istifadəyəverən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir.

13. İddiaçı soyuducunun qaytarılması ilə bağlı cavabdehə müraciət edildiyini, lakin cavabdehin soyuducunu qaytarmadığını bildirərək, hazırkı tələblə məhkəməyə müraciət edtmişdir.

14. Əvvəla, işin hallarından göründüyü kimi, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü digər öhdəliklərin yerinə yetirilməməsi mübahisələndirilmir. Sadəcə bildirilir ki, soyuducunun qaytarılması ilə bağlı müraciət edilmiş, soyuducu qaytarılmamışdır.

15. Müəyyən olunur ki, əmlak cavabdehin istifadəsainə verilsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş, soyuducunu iddiaçıya qaytarmamışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh soyuducunu 5 gün ərzində geri qaytarmalı olduğu halda, geri qaytarmamış, ona görə də iddiaçının müqavilə şərtlərinə əsasən soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranmışdır. Məhkəmənin qənaətinə əsasən hazırkı mübahisə həll edilərkən tərəflər arasında bağlanmış müqavilənin cərimə ilə bağlı məsələləri tənzimləyən 2.7, 2.9, 3.5, 3.6-cı bəndləri əsas götürülməlidir.

16. Göründüyü kimi, qaytarılması tələb olunan soyuducunun dəyəri 600 manat olmuş, soyuducu cavabdehin istifadəsinə 2020-ci ildə verilmiş, qaytarılma barədə müraciət 2024-cü il edilmişdir. Pretenziyada müqavilənin 2.9, 2.7 və 3.6-cı bəndlərinə istinad olunmuş və soyuducu qaytarılmadığı təqdirdə, cavabdehin 1200 manat cərimə ödəməli olduğu qeyd olunmuşdur.

17. Məhkəmə belə nəticəyə gəlir ki, tənasübsüz surətdə yüksək cərimə məbləği azaldılmalı, iddia qismən, 640 manat hissədə təmin olunmalı, qalan hissədə isə rədd olunmalıdır. Belə ki, məhkəmənin qənaətinə əsasən tələb olunan məbləğdən soyuducunun dəyərini təşkil etmiş 600 manat və əlavə olaraq 40 manat məbləğin cavabdehdən tutulması işin hallarına və tərəflərin mənafeyinə uyğundur.

18. Beləliklə, məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən əmlakı qaytarmaqla bağlı öhdəliyini icra etmədiyini, belə olan halda isə iddiaçının cavabdehə qartşı hazırkı tələbi irəli sürmək etmək hüququna malik olmasını və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh 640 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

19. Eləcə də, iddiaçı 32 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 (on yeddi) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 640 (altı yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 (on yeddi) manat olmaqla, cəmi 657 (altı yüz əlli yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar