Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2869/2023 23.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 82360,05 manat əsas borc məbləği, gecikdirmə üçün hesablanmış fazi məbləği 9883 manat, ilkin mediasiya sessiyası üzrə xərc 410 manat və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olan 300 manat məbləğin, cəmi 92 953,05 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 dekabr 2020-ci il tarixində tərəflər arasında, tərəflərin əvvəlcədən müəyyən etmiş olduğu malların alqı-satqı şərtlərini əks etdirən № 298 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Alıcı Satıcıdan armatur almağı öz öhdəsinə götürür, Alıcı aldığı malın dəyərini aldığı hesab faktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir. Lakin Alıcının əvvəlcədən ödədiyi məbləğ dəyərində Satıcının mal təqdim etməməsi nəticəsində Alıcıya borcu yaranmışdır. Alıcı Satıcıya ümumilikdə 627528,44 manat məbləğində pul ödəməsinə baxmayaraq, Satıcı tərəfindən 545168,35 manat dəyərində mal təqdim edilmişdir. 82360,05 manat dəyərində mal bu günə qədər Alıcıya təhvil verilməmiş və nəticədə şirkətə 82360,05 manat məbləğində ziyan vurulmuşdur. xx.xx.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuşdur ki, bu müqavilə tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirdikləri təqdirdə qüvvədən düşmüş sayılır. Həmçinin xx.xx.2020-ci il tarixli müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 2021-ci ilin sonuna qədər həyata keçirilə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitiniəsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilən bank uçot dərəcəsi xx.xx.2023-cü il tarixi üçün 9.0 % təşkil edir. Odur ki, borclunun öhdəliyi icra etmək vəzifəninin xx.xx.2022-ci il tarixindən başlanmalı olduğunu nəzərə alaraq gecikmə üzrə borc faizi 16 ay ərzində aşağıdakı məbləğdə müəyyənləşdirilir ((82 360,05*9%)/12)*16= 9883,20 manat.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında analoji müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, hər iki müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 627528,44 manat məbləğində pul ödəməsinə baxmayaraq, materiallarda olan elektron qaimələrə əsasən cavabdeh tərəfindən 545168,35 manat dəyərində mal təqdim edilmişdir. Bu səbəbdən cavabdeh öz öhdəliyini yerinə yetirmədiyi üçün ödədikləri qalan avans məbləğinin geri qaytarılmasını tələb edirlər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli 214 nömrəli müqaviləyə əsasən alıcı müqavilədə göstərilən şərtlərə uyğun olaraq satıcıdan armatur yayması almağı öz öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli 298 nömrəli müqaviləyə əsasən alıcı göstərilən şərtlərə uyğun olaraq satıcıdan armatur yayması almağı öz öhdəsinə götürür.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesabfaktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir.
13. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş həyata keçirildikdən sonra qiymətin dəyişdirilməsi labüd olarsa, qiymət dəyişdirilməsi tərəflər arasında bu müqaviləyə yazılı əlavə şəkilində tərtib olunaraq tərəflərin imza və möhürləri ilə təsdiq olunur.
14. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 005/23 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə olan borcu 82360,05 manat təşkil edir.
15. İddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2020-ci il tarixli 90133 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2020-ci il tarixli 298 saylı müqavilə və xx.xx.2020-ci il tarixli 308 saylı hesab-fakturaya əsasən avans ödənişi kimi 200.000 manat, xx.xx.2019-cu il tarixli 64884 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2019-cu il tarixli 214 saylı müqavilə əsasən material alışı üçün 018075 nömrəli elektron qaiməyə əsasən 91800 manat, xx.xx.2020-ci il tarixli 90770 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2020-ci il tarixli 298 saylı müqaviləyə əsasən avans ödənişi kimi 100.000 manat, xx.xx.2021-ci il tarixli 93124 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2020-ci il tarixli 298 saylı müqaviləyə əsasən avans ödənişi kimi 50001,25 manat, xx.xx.2021-ci il tarixli 93358 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2020-ci il tarixli 298 saylı müqaviləyə əsasən 16 nömrəli hesab-fakturaya əsasən 50001,25 manat, xx.xx.2021-ci il tarixli 94489 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2020-ci il tarixli 298 saylı müqaviləyə əsasən 28 nömrəli hesab-fakturaya əsasən 40001,25 manat, ümumilikdə 531803,75 manat məbləğində pul köçürülmüşdür.
16. İddiaçının ƏDV sub-uçot hesabından cavabdehin hesabına xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə xx.xx.2020-ci il tarixli 298 saylı müqaviləyə əsasən 28 nömrəli hesab-faktura əsasında avans ödənişi kimi 7200,23 manat, xx.xx.2020ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə xx.xx.2020-ci il tarixli 298 saylı və xx.xx.2020-ci il tarixli 308 saylı müqaviləyə əsasən avans ödənişi kimi 36000 manat, xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə xx.xx.2019-cu il tarixli 214 saylı müqaviləyə əsasən 018075 nömrəli elektron qaimə əsasında 16524 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə xx.xx.2020-ci il tarixli 298 saylı müqaviləyə əsasən 12 nömrəli hesab-faktura əsasında avans ödənişi kimi 9000,23 manat, xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə xx.xx.2020-ci il tarixli 298 saylı müqaviləyə əsasən avans ödənişi kimi 18000 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə xx.xx.2020-ci il tarixli 298 saylı müqaviləyə əsasən 16 nömrəli hesab-faktura əsasında avans ödənişi kimi 9000,23 manat, ümumilikdə 95724,69 manat məbləğində köçürmə aparılmışdır.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, hər iki müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 627528,44 manat məbləğində vəsait ödənilmişdir. Materiallarda olan elekton qaimələrə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 545168,39 manat dəyərində mal təhvil verilmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
26. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
27. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
28. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
29. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
30. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
32. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
33. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olmaqla yanaşı iddiaçı məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır.
34. Bundan əlavə iddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı çəkilmiş 300 manat xərcin də cavabdehə aid edilməsini xahiş etmişdir.
35. Materiallardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı ilə “Sirius” Vəkil Bürosunun hesabına 300 manat məbləğində vəsait ödənilmişdir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. Məhkəmə hesab edir ki, 300 manat məbləğində hüquqi yardımla bağlı xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə iddiaçının müqavilə üzrə qabaqcadan ödədiyi məbləği geri tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 82360,05 manat məbləğində pul və 300 manat hüquqi yardımla bağlı çəkilmiş xərc, ümumilikdə 82660,05 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
41. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/2-02589/23 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 410 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 82360,05 (səksən iki min üç yüz altmış manat beş qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat hüquqi yardımla bağlı çəkilmiş xərc, ödənilmiş 410 (dörd yüz) manat dövlət rüsumu, ümumilikdə 83070,05 (səksən üç min yetmiş manat beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova