Məhkəmə qərarları › İş №e-2-2(113)-2892/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2892/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2892/2025 08.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 8590,40 manat məbləğində əsas borcun, 859 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 76,54 manat pulun və 115,26 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə “X1” MMC arasında 36/24 nömrəli, xx.xx.2024-cü il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı "xxxx" MMC sifarişçi “X1” MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin "xxxx" MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, “X1” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 8590,40 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktı ilə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində 3 iş günü müddətində 8590,40 borc məbləğinin tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirilir ki, 36/24 nömrəli, xx.xx.2024-cü il saylı Müqavilənin 5.5-ci bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 5587,89 manat cərimə məbləği təşkil etsə də, iddiaçı tərəfindən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈ 10%-i həcmində, yəni cəmi 859 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əlatmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı (daşıyıcı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 36/24 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə görə, daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərancamında olan yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Əlavə № 01-dəki qiymətlərə ƏDV daxil deyil. Xidmət haqqı məbləği həmin qiymətlər əsas götürülməklə hesablanır və üzərinə ƏDV məbləği əlavə olunur.

5. Müqavilənin 5.1-ci bəndinə görə, hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlər ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği sifarişçi tərəfindən icraçıya əlavə olaraq ödəniləcəkdir.

6. Müqavilənin 5.2-ci bəndinə görə, müqavilə üzrə yükün təhvil alınması və sifarişçiyə və ya onun səlahiyyətləndirdiyi şəxsə təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə üzrə tərtib edilmiş və tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış qaimə ilə rəsmiləşdirilir.

7. Müqavilənin 5.3-cü bəndinə görə, ay ərzində göstərilmiş xidmətlər barədə xidmət haqqı göstərilməklə hər ayın sonu daşıyıcı tərəfindən müvafiq təhvil-təslim aktı hazırlanaraq sifarişçiyə göndərilir və sifarişçinin və daşıyıcının səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilir. Sifarişçi həmin aktda qeyd edilən məlumatları təsdiq etmədiyi təqdirdə 5 (beş) gün ərzində bununla bağlı müvafiq iradlarını və düzəlişlərini daşıyıcıya təqdim edir. Sifarişçi tərəfindən 5 (beş) gün ərzində imzalanıb daşıyıcıya geri göndərilməmiş akt artıq təsdiqlənmiş hesab edilir.

8. Müqavilənin 5.4-cü bəndinə görə təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği 5 (beş) bank günü ərzində sifarişçi tərəfindən daşıyıcıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür.

9. İddiaçı tərəfindən cavabehə xx.xx.2024-cü il tarixli, MT2411 10066538 nömrəli 8130,20 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 10085663 nömrəli 6360,20 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

10. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 001899 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta görə 8130,20 manat, xx.xx.2024-cü il tarixli, 001963 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta görə 6360,20 manat məbləğində daşıma haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

11. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə 5000 manat vəsait ödənilmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə 900 manat ƏDV ödənilmişdir.

13. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 36/24 nömrəli yük daşınması müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.

16. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən yük daşınması müqaviləsi üzrə icra edilmiş işlərin müqabilində ümumilikdə 14490,40 manat ödənilməli olduğu halda, ƏDV daxil olmaqla 5900 manat vəsait ödənilmiş, qalıq 8590,40 manat vəsait ödənilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən icra edilmiş daşımaya görə yaranmış həmin borcu tələb etməklə haqlıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

19. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 36/24 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 5.5-ci bəndinə əsasən hesablanmış 859 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 400 manat məbləğində müəyyən edilməlidir.

26. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 76,54 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

30. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

31. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

32. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

37. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

38. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

39. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

40. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

41. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

42. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

43. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

44. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

45. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

46. Hazırkı halda yük daşınması müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

47. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.

48. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

49. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmasını xahiş etdiyi 76,54 manat məbləğində faizlər cavabdehdən tutulmalı olan 400 manat dəbbə pulu ilə əhatə edildiyi üçün iddia tələbi bu hissədə təmin edilmə bilməz.

50. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8590,40 manat əsas borc, 400 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 109,91 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 6,09 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. IV. Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X1” MMC-dən 8590,40 manat məbləğində əsas borc, 400 manat dəbbə pulu, 109,91 manat dövlət rüsumu, ümumilikdə 9100,31 (doqquz min bir yüz manat otuz bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 6,09 (altı manat doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar