Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2904/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat pulun və ödənilmiş 65 manat dövlət rüsumunun, cəmi 4565 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli 004 və 21 oktyabr 2022-ci il tarixli 008 saylımüqavilələrə əsasən,cavabdehin iddiaçıya 4500 manat borcu var. Belə ki, istinad edilən 01 mart 2022 ci il tarixli 004 saylı müqavilənin 1.1.-ci bəndinə əsasən iddiaçı cavabdehin müəssisəsində İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” standartına uyğun tədbiq olunmuş Peşə sağlamlığının və təhlükəsizliyin idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını, müqavilənin 2.1.-ci bəndində 2000 (iki min) AZN ödəməklə 2022-cu ildə aparılmasını, inspeksiya nəzarətinin 2023 və 2024-cü illərdə aparılması üçün isə müqavilənin 2.3.-cü bəndində hər il üçün 1500 manat məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda istinad edilən 21 oktyabr 2022 -ci il tarixli 008 saylı müqavilənin 1.1.-ci bəndinə əsasən iddiaçıcavabdehin müəssisəsində AZS İSO 9001:2020 “X1. Tələblər” standartına uyğun tədbiq olunmuş X1nin sertifikatlaşdırılmasını müqavilənin 2.1-ci bəndində 3000 manat ödəməklə 2022-cu ildə aparılmasını, inspeksiya nəzarətinin 2023 və 2024-cü illərdə aparılması üçün isə müqavilənin 2.3.-cü bəndində hər il üçün 1500 manat məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. 1 İddiaçı 2022-ci il tarixində İSO 45001:2018 “Peşə sağlamlığını və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” standartına uyğun tədbiq olunmuş Peşə sağlamlığı və təhlükəsizliyin idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını01 mart 2022 -ci il tarixli 004 saylı müqaviləyə uyğun aparmış,cavabdeh isə müqavilənin 2.1.-ci bəndində nəzərdə tutulan 2000 (iki min) AZN məbləğini ödəmişdir. Eyni zamanda müqavilənin 1.1 bəndində müqavilə tələbinə uyğun olaraq İSO 45001:2018 standartının tələblərinə uyğun tədbiq olunmuş Peşə sağlamlığının və təhlükəsizliyin idarəetmə sistemlərinin fəaliyyətinə, 07-09 mart 2023-cü il tarixlərində iddiaçı təşkilatı tərəfindən 1-ci inspeksiya auditi və 16 fevral 2024-cü il tarixində isə 2-ci inspeksiya auditi keçirilmiş və cavabdeh isə müqavilənin 2.3-cü maddəsində qeyd edilən hər inspeksiya auditi üçün 1500 (bir min beş yüz) AZN iddiaşının hesabına ödəməkdən imtina etmişdir. İddiaçı 2022-ci il tarixində AZS İSO 9001:2020 “X1. Tələblər” standartına uyğun tədbiq olunmuş X1nin sertifikatlaşdırılmasını 01 mart 2022 -ci il tarixli 004 saylı müqaviləyə uyğun aparmış cavabdeh isə müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan 3000 manat məbləğini ödəmişdir. Eyni zamanda müqavilənin 1.1 bəndində müqavilə tələbinə uyğun olaraq AZS İSO 9001:2020 standartının tələblərinə uyğun tədbiq olunmuş Keyfiyyəti idarəetmə sisteminin fəaliyyətinə, 16 noyabr 2023-cü il tarixində iddiaçı təşkilatı tərəfindən 1-ci inspeksiya auditi keçirilmiş və cavabdeh isə müqavilənin 2.3-cü maddəsində qeyd edilən 1500 (bir min beş yüz) AZN iddiaçının hesabına ödəməkdən imtina etmişdir. İddiaçı tərəfindən 11 aprel 2023-cü il tarixli, İN/007 saylı; 16 noyabr 2023cü il tarixli, İN/033 saylı və 23 fevral 2024-cü il tarixli, İN/14 saylıməktublarla müraciət edilməsinə baxmayaraq,cavabdeh tərəfindən müqavilə öhtəliyi bu günətək icra edilməmişdir. Bu bərədə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə PM/20 saylı 12 mart 2024-cü il tarixli pretenziya məktubu 13 mart 2024-cü il tarixində Poçt və Vergi Sistemi onlayn kargüzarlıq vasitəsi ilə göndərilərək pretenziya məktubu ünvan üzrə daxil olduğu vaxtdan 3(üç) gün müddətində müqavilə öhdəliyinin icra edərək 4500 manat məbləğin İddiaçı MMC-yə ödənilməsi tələb edilib, həmçinin əks təqdirdə cavabdeh müəssisəyə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyicavbdeh təşkilatın direktorunun diqqətinə çatdırılıb.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etdiyini, cavabdehin bank hesablarına vergi orqanı tərəfindən sərəncam qoyulduğu üçün hər hansı ödənişi edə bilmədiklərini, bu səbəbdən borcun 3 ay sonra ödənilə biləcəyini nəzərə alaraq iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (“icraçı”) və cavabdeh (“sifarişçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 004 saylı müqaviləyə əsasən “sifarişçi”nin tapşırığı ilə “icraçı” Cavabdeh MMC-də İSO 45001:2018 “Peşə sağlamlığını və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” standartlarının tələblərinə uyğun tədbiq olunmuş idarəetmə sistemlərinin sertifikatlaşdınlmasını və sertifikatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə 2023 və 2024-cü illər üçün inspeksiya nəzarətini həyata keçirir.
7. Müqavilənin 2.2-ci bəndinə əsasən “sifarişçi” müqavilə imzalandıqdan sonra müqavilə dəyərini (2000 manat) “icraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “icraçı”nın hesabına köçürmə yolu ilə ödəyir.
8. Müqavilənin 2.3-cü bəndinə əsasən 2023 və 2024-cı illərdə İSÜ 45001:2018 standartlarının tələblərinə uyğun tədbiq olunmuş idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün 1500 manat ödəyir.
9. Müqavilənin 2.6-cı bəndinə əsasən ödəniş, görülməli olan işlərin dəyəri haqqında hesab təqdim edildikdən sonra, nağdısız hesablaşma üzrə, 100% əvvəlcədən ödəmə ilə yerinə yetirilir.
10. İddiaçı (“icraçı”) və cavabdeh (“sifarişçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 008 saylı müqaviləyə əsasən “sifarişçi”nin tapşırığı ilə “icraçı” Cavabdeh MMC-də AZS İSO 9001:2020 “X1. Tələblər” standartının tələblərinə uyğun tədbiq olunmuş X1nin sertifıkatlaşdınlmasını və sertifikatlaşdırılmış X1nin fəaliyyətinə 2023 və 2024-ci illər üçün inspeksiya nəzarətini həyata keçirir.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən Hazırki müqaviləyə əsasən görülmüş sertifikatlaşma işlərinə görə sifarişçi İcraçıya aşağıda göstərilən məbləği 3000 manat ödəyir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən 2023 və 2024-ci illərdə AZS İSO 9001:2020 standartlarının tələblərinə uyğun tədbiq olunmuş idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün 1500 manat ödəyir.
13. İddiaçı tərəfindən cavabdehə verilmiş xx.xx.2022-ci il tarixli AZ 031.01.xx.xx.2022 qeydiyyat nömrəli uyğunluq sertifikatının qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Həmin sertifikatla təsdiq edilmişdir ki, boyaların, epoksid əsaslı boyaların, su əsaslı (emulsiya əsaslı) son qat strukturlu boyaların, bütün növ fasad boyalarının, tinerlərin, lak və buna bənzər örtüklərin, mətbəə boyalarının, mastikaların istehsalı və satışı işlərinə tətbiq olunan X1 AZS İSO 9001:2020 standartının tələblərinə uyğundur.
14. İddiaçı tərəfindən cavabdehə verilmiş xx.xx.2022-ci il tarixli AZ 031.01.25.007.2022 qeydiyyat nömrəli uyğunluq sertifikatının qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Həmin sertifikatla təsdiq edilmişdir ki, boyaların, epoksid əsaslı boyaların, su əsaslı (emulsiya əsaslı) son qat strukturlu boyaların, bütün növ fasad boyalarının, tinerlərin, lak və buna bənzər örtüklərin, mətbəə boyalarının, mastikaların istehsalı və satışı işlərinə tətbiq olunan Peşə sağlamlığının və təhlükəsizliyin İdarəetmə Sistemləri AZS İSO 45001:2018 standartının tələblərinə uyğundur.
15. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh MMC-də İSO 45001:2018 Standartının tələblərin uyğun tədbiq edilmiş Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin 1-ci inspeksiya auditi əsasında qiymətləndirilməsi aktına əsasən Cavabdeh MMC-də tədbiq edilmiş Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri İSO 45001:2018 standartının tələblərinə uyğun olduğu müəyyən edildi.
16. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Audit nəticələrinə əsaslanaraq Cavabdeh MMC-də tədbiq edilmiş Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri İSO 45001:2018 standartının tələblərinə uyğun olduğu müəyyən edildi.
17. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 45001:2018 Standartının tələblərin uyğun tədbiq edilmiş Peşə sağlamlığı və təhlükəsizliyin idarəetmə sistemlərinin 2-ci inspeksiya nəzarəti auditi əsasında qiymətləndirilmə aktına əsasən Cavabdeh MMCdə 203000 – Boyaların Epoksid əsasıə boyaların,su əsaslı (emulsiya əsaslı) son qat strukturlu boyaların,bütün növ fasad boyaların,tinerlərin,lak və buna bənzər örtüklərin, mətbəə boyalarının,mastikaların istehsalı işlərinə tətbiq edilən peşə sağlamlığı və təhlükəsizliyin idarəetmə sistemlərinin İSO 45001:2018 standartının tələblərinə uyğunluğunun təmin olunması üçün aktda sadalanan tədbirlərin görülməsini məqsədə uyğun hesab edirik.
18. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 004 saylı və xx.xx.2022-ci il tarixli, 008 saylı müqavilələrdən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
27. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 4500 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 65 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4500 manat əsas borc, ödənilmiş 65 manat dövlət rüsumu, ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova