Məhkəmə qərarları › İş №e-2-2(113)-2905/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2905/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2905/2023 25.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilməli olan 26851 manat zəhmət haqqının, 20 dekabr 2020-ci il tarixdən 03 may 2023-cü il tarixədək iddiaçıya ödənilməli pulun cavabdeh tərəfindən bilərəkdən yubadıldığı müddət üçün illik beş faiz olmaqla 1900,60 manat pul olmaqla cəmi 28751,60 manat pulun, dövlət rüsumunun əvəzi kimi 124 manat pulun, vəkilə xidmət haqqı kimi ödənilmiş 110 manatın Cavabdeh MMC-dən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMCarasında 01 fevral 2020-ci il tarixli HX 005/0220 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən şirkət tərəfindən icra edilən “Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi” layihəsində ona məxsus avtomobil kranı ilə işlərin icrasına başlamış və 20 dekabr 2020-ci il tarixə ona 38426 manat miqdarında zəhmət haqqı hesablanmışdır. Buna baxmayaraq şirkət tərəfindən ona cəmi 11575 manat məbləğində pul ödənilmiş, pulun qalan 26851 manat hissəsi isə şirkət əməkdaşları tərəfindən müxtəlif bəhanələr gətirilərək, bugünədək ödənilməmişdir. Cavabdeh təşkilat pulun ödənilməsi ilə bağlı hər dəfə “arxayın olun. Sizin pulunuz ödəniləcək” ifadəsini işlədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda ona ödənilməli olan 26851 manat zəhməthaqqının, 20 dekabr 2021-ci il tarixdən 03 may 2023-cü il tarixə ona ödənilməli olan pulun cavabdeh tərəfindən bilərəkdən yubadıldığı müddət üçün illik beş faiz olmaqla 1900.60 manat pul olmaqla cəmi 28751,6 manat pulun, 173,24 manat dövlət rüsumunun əvəzinin 3 gün ərzində ona verilməsinin təmin edilməsi barəsində sonuncu dəfə 3 may 2023-cü ildə xəbərdarlıq etməyinə baxmayaraq hələ də pulun ödənməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 fevral 2020-ci il tarixli xidməti müqaviləsindən görünür ki, 1.1-ci bəndinə əsasən icraçı İddiaçı özünə məxsus avtomobil kranı ilə sifarişçi Cavabdeh MMC-nin sirarişlərinin icra edir, sonuncu isə bunun müqabilində icraçıya haqq ödəyir. 2.3-cü bəndinə əsasən hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında “xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. xx.xx.2020-ci il tarixli EBAH seriyalı 121728 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 2571,48 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 728806 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 3571,50 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 681528 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 3428,64 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAK seriyalı 843552 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 3714,36 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAL seriyalı 959978 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 4000,08 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAN seriyalı 344876 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 3857,22 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAT seriyalı 616748 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 3714,36 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAP seriyalı 907201 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 3857,22 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 568203 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 4000,08 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 373528 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 4000,08 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 092323 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün 1714,32 manat dəyərində xidmət göstərilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 752.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Konstitusiya Məhkəməsi plenumunun qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflərin arasında xidməti müqavilə bağlanmış və sözügedən müqaviləyə görə iddiaçının istinad etdiyi kimi sifarişçiyə müəyyən işlər görülmüş, cavabdeh isə bunun müqabilində iddiaçıya 11575 manat məbləğində pul ödəsə də, pulun qalan 26851 manat hissəsini ödəməmişdir. İddiaçı tələbində 26851 manat məbləğində borcun qaldığına istinad etsə də, sözügedən borcun mövcudluğunu əks etdirən kifayət qədər mötəbər sübut məhkəməyə təqdim etməmiş, belə ki, iddiaçı məhkəməyə müqavilə və həmin vəsaiti əks etdirən elektron qaimələri məhkəməyə təqdim etsə də, xidməti müqaviləsinin 2.3-cü bəndinə əsasən göstərilmiş xidmətləri üçün tərtib etdikləri cədvəllər əsasında cavabdeh tərəfindən imzaladığı və möhürlə təsdiq etdiyi “xidmətlərin təhvil-təslim akt”larını təqdim etməmişdir. Göründüyü kimi tərəflərin arasında müəyyən davamlı münasibətləri olsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilən kimi “lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir”, həmçinin tərəflərin arasında görülən işlərin “xidmətlərin təhvil-təslim akt”ların tərtib edilməsi ilə şərtləndirilsə də, iddiaçı imzalanmış və möhürlənmiş sözügedən sənədi məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı 26851 manat zəhmət haqqının, 20 dekabr 2020-ci il tarixdən 03 may 2023-cü il tarixədək iddiaçıya ödənilməli pulun cavabdeh tərəfindən bilərəkdən yubadıldığı müddət üçün illik beş faiz olmaqla 1900,60 manat pul olmaqla cəmi 28751,6 manat pulun, dövlət rüsumunun əvəzi kimi 124 manat pulun, vəkilə xidmət haqqı kimi ödənilmiş 110 manatın Cavabdeh MMCdən alınıb xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı 26851 manat zəhmət haqqının, 20 dekabr 2020-ci il tarixdən 03 may 2023-cü il tarixədək iddiaçıya ödənilməli pulun cavabdeh tərəfindən bilərəkdən yubadıldığı müddət üçün illik beş faiz olmaqla 1900,60 manat pul olmaqla cəmi 28751,60 manat pulun, dövlət rüsumunun əvəzi kimi 124 manat pulun, vəkilə xidmət haqqı kimi ödənilmiş 110 manatın Cavabdeh MMC-dən alınıb xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar