Məhkəmə qərarları › İş №e-2-2(113)-2912/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2912/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2912/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 33882 saylı müqavilə üzrə yaranmış 103,02 manat əsas borc, müqavilənin 6.4-cü bəndinə əsasən 77,94 manat cərimə olmaqla, cəmi 180,96 manat borc, 20 manat ödənilmiş mediasiya xərci, 10 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh və "xxxx" ASC arasında 33882 saylı Müqavilə imzalanmışdır. Cavabdeh həmin müqavilənin 3.2-ci bəndinə əsasən xidmətə görə komisyon haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixi üçün xx.xx.2014-cü il tarixli, 33882 saylı müqavilə üzrə yaranmış əsas borcu 103,02 manat, müqavilənin 6.4-cü bəndinə əsasən cərimə borcu 77,94 manat olmaqla, müqavilə üzrə cəmi borcu 180,96 manat təşkil edir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş və sonuncu dəfə xx.xx.2022ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.1, 462.1, 462.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixində İddiaçı MMC (üçüncü tərəf) ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh və "xxxx" ASC arasında 33882 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Mastercard İnternational-ın və Visa İnter-National-ın üzvü kimi müvafiq hüquq ve səlahiyyətlərə malik olan bank, müəssisəni (fiziki şəxs Cavabdeh) vəkil edir ki, yuxarıda göstərilən kartları malların və xidmətlərin alınması müqabilində qəbul etsin. Bank kartlarla aparılmış əməliyyatların məbləğini bu müqavilənin 3.1-ci və 3.4-cü bəndlərində göstərilən bank komisyon haqqını çıxdıqdan sonra müəssisənin müvafiq bank hesabına köçürür. Müəssisə İddiaçıın texniki xidmətlərindən istifadə etdiyi halda bu müqavilənin 4-cü bəndinə uyğun olaraq, İddiaçıa əlavə xidmət haqqı ödəyir. İddiaçı Müəssisə tərəfindən kartlarla əməliyyatların aparılması uçün texniki imkanı yaradır, hesabları işləyib hazırlayır və hesablaşma məlumatını banka təqdim edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən İddiaçıın Müəssisəyə göstərdiyi əlavə xidmətlərin haqqı bu müqaviləyə əlavə olunan Azərikardın tarifi ilı müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən Müəssisə İddiaçıın komisyon haqqını və əlavə xidmətlərinin haqqını Azərikardın təqdim etdiyi hesab əsasında, bu hesabın təqdim edildiyi gündən etibarən beşinci iş günündən gec olmayaraq ödəməlidir. Müəssisənin tədiyə tapşırığının tarixi ödəniş tarixi hesab edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən İddiaçı bu müqavilənin 4.2-ci bəndində qeyd olunan komisyon ve əlavə xidmətlərin haqlarının Müəssisədən tutulması üçün banka müraciət edə bilər. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə Müəssisə gecikdirilmiş hər gün üçün İddiaçıa ödəniş məbləğindən 0,1% miqdarında cərimə verir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 90113728 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 14,54 manat (12,32 manat komissiya + 2,22 manat 18% ƏDV) təşkil edir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 90113939 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 10,45 manat (8,86 manat komissiya + 1,59 manat 18% ƏDV) təşkil edir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 90114533 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 4,86 manat (4,12 manat komissiya + 0,74 manat 18% ƏDV) təşkil edir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 90114734 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 2,21 manat (1,87 manat komissiya + 0,34 manat 18% ƏDV) təşkil edir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 90115888 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 10,14 manat (8,59 manat komissiya + 1,55 manat 18% ƏDV) təşkil edir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 90116092 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 18,40 manat (15,59 manat komissiya + 2,81 manat 18% ƏDV) təşkil edir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 90116537 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 18,50 manat (15,68 manat komissiya + 2,82 manat 18% ƏDV) təşkil edir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 90116690 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 2,11 manat (1,79 manat komissiya + 0,32 manat 18% ƏDV) təşkil edir.

14. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 90114348 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 5,79 manat (4,91 manat komissiya + 0,88 manat 18% ƏDV) təşkil edir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 90116915 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 14,01 manat (11,87 manat komissiya + 2,14 manat 18% ƏDV) təşkil edir.

16. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 90117091 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 2,01 manat (1,70 manat komissiya + 0,31 manat 18% ƏDV) təşkil edir.

17. xx.xx.2023-cü il tarixli, 06/01/164 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 33882 saylı müqaviləyə əsasən vergi hesab fakturaları üzrə borcu 05.20xx-xx.2021 dövr üzrə ümumilikdə 103,02 manat təşkil edir.

18. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, A formatlı, 120OPXO231078262 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatının AZ49AİİB400600D**********104 nömrəli hesabına 20 (iyirmi) manat məbləğində vəsait köçürülmüşdür.

19. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli, 08-01/151 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

20. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2014-cü il tarixində İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh və "xxxx" ASC arasında bağlanmış 33882 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

24. İddia tələbinin bir hissəsini Cavabdeh xx.xx.2014-cü il tarixli, 33882 saylı müqavilə üzrə yaranmış 103,02 manat əsas borcun tutulması təşkil edir.

25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə tam təmin edilməli, cavabdehdən 103,02 manat (yüz üç manat iki qəpik) məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

26. İddia tələbinin digər hissəsini Cavabdeh 77,94 manat cərimə borcunun tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Eləcə də, iddiaçı 20 manat mediasiya xərci və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 103,02 manat (yüz üç manat iki qəpik) əsas borc, 10 (on) manat cərimə, 20 (iyirmi) manat mediasiya xərci, 10 manat dövlət rüsumu olmaqla, cəmi 143,02 manat (yüz qırx üç manat iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar