Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2932/2023 18.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliyin icra edilməməsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49143,45 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə 1-10/128 saylı “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən İddiaçı MMC istehsal edilən və satılan mallar, göstərilən xidmətlər, yerinə yetirilən işlər və onların qiymətləndirilməsinə dair informasiyanın abonentlərə SMS yolu ilə qısa mesaj (toplu SMS) göndərilməsi hüququnun alıcıya aylıq satışını, habelə “İnterfeys”in yazılmasını və ona texniki dəstək göstərilməsini öz öhdəsinə götürmüş, cavabdeh "xxxx" ASC isə həmin ay üçün müştərilərə çatdırılmış SMS-lərin haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Belə ki, 2022-ci ilin avqust, sentyabr və oktyabr ayları ərzində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 39314,76 manat məbləğində müqavilə üzrə Toplu SMS xidmətinin göstərilməsinə baxmayaraq, cavabdeh göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, müqaviləyə əsasən 2022-ci ilin avqust ayı üzrə 14212,79 manat, sentyabr ayı üzrə 13283,26 manat və oktyabr ayı üzrə 11818,71 manat dəyərində Toplu SMS xidməti göstərilmişdir. Göstərilən xidmətlər tam şəkildə həyata keçirilsə də, bu günədək ödəniş həyata keçirilməmişdir. Müqaviləyə əsasən yerinə yetirilmiş Toplu SMS xidmətinə görə cavabdeh "xxxx" ASC-nin İddiaçı MMC-yə 39314,76 manat məbləğində borcu qalmışdır. Cavabdeh "xxxx" ASC qeyd edilən borc məbləğinin olması haqqında məlumatlıdır, borcun ödənilməsi ilə bağlı 02 dekabr 2022-ci il tarixdə və 07 fevral 2023-cü il tarixlərində cavabdehə yazılı müraciətlər edilmişdir. Müqaviləyə əsasən cavabdeh 39314,76 manat yerinə yetirilmiş Toplu SMS xidmətinə görə pul vəsaitinin ödənilməsini öhdəsinə götürmüş, lakin 08 may 2023-cü il tarixə kimi qeyd olunan pul vəsaitini ödəməmişdir. Müqavilənin 9.3-cü bəndində ödənişin gecikdirilmiş hər günü üçün 0,1% miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə xidmətlərin göstərilməsi xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Lakin cavabdeh müqavilənin tələblərini pozaraq aldığı Toplu SMS xidmətinin dəyərini bu günə kimi ödəməmişdir, ona görə də cavabdehə əsas məbləğdən başqa əsas borc ödənişini gecikdirdiyinə görə cərimə də hesablanmalıdır. Qeyd edilən tarixdən iddia ərizəsinin məhkəməyə hazırlandığı xx.xx.2023-cü il tarixə kimi olan dövr üzrə keçən 250 günə görə 39314,76 manat əsas borca görə 9828,69 manat (39314,76 manat x 0,1% = 39,31 manat x 250 gün = 9828,69 manat) cərimə ödənilməlidir. Son nəticədə cavabdeh "xxxx" ASC-nin İddiaçı MMC-yə 39314,76 manat əsas borc, 9828,69 manat cərimə olmaqla, cəmi 49143,45 manat borcu yaranmışdır. Həmin borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehə məktub ünvanlanaraq müqavilə üzrə öhdəliklərin icra edilməsi, vurulmuş zərərin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mübahisənin mediasiya prosesində həll edilməsi ilə bağlı həyata keçirilmiş mediasiyanın da nəticəsi olmamışdır. İş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 200 manat mediasiya xərci ödənilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 427.3, 442, 445.2, 448.1, 462.1, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh «xxxx” ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində «xxxx” ASC arasında xx.xx.2020-ci il tarixdə 1-10/128 saylı “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən müqaviləyə uyğun olaraq Satıcı istehsal edilən və ya satılan mallar, göstərilən xidmətlər, yerinə yetirilən işlər və onların qiymətlərinə dair informasiyanın abonentlərə SMS yolu ilə qısa mesaj (toplu SMS) göndərilməsi hüququnun Alıcıya aylıq satışını, habelə "İnterfeys”in yazılmasını və ona texniki dəstək göstərilməsini öz öhdəsinə götürür. Alıcı isə həmin ay üçün müştərilərə çatdırılmış SMS-İərin haqqının ödənilməsinə öhdəlik daşıyır; 3.1.1-ci maddəsinə əsasən alıcıya, “Bakcell” abunəçilərinə göndərilmiş toplu sms-lərin sayına, xidmətin reallaşma müddətinə dair məlumatların əks olunduğu təhvil-təslim aktını təqdim etmək, alıcının işin icrası ilə bağlı etirazı olmadığı təqdirdə sənədləri imzalayaraq qarşı tərəfə vermək satıcının öhdəliklərinə aid edilmişdir. 4.1-ci maddəsinə əsasən ay ərzində istifadə edilmiş toplu sms paketi üçün nəzərdə tutulan bır SMS-in qiyməti Bakcell operatoru üçün 0.02 AZN (iki qəpik) təşkil edir. Bu məbləğə ƏDV daxil deyil.
8. 01 sentyabr 2022-ci il tarixli, 360/22 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətlərin dəyəri yekun olaraq 14212,79 (ƏDV daxil) manat təşkil edir.
9. 03 oktyabr 2022-ci il tarixli, 411/22 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətlərin dəyəri yekun olaraq 13283,26 (ƏDV daxil) manat təşkil edir.
10. 01 noyabr 2022-ci il tarixli, 465/22 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətlərin dəyəri yekun olaraq 11818,71 (ƏDV daxil) manat təşkil edir.
11. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 973582 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14212,79 (ƏDV daxil) manat təşkil edir.
12. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 331786 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13283,26 (ƏDV daxil) manat təşkil edir.
13. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 401982 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11818,71 (ƏDV daxil) manat təşkil edir.
14. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
15. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 49143,45 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
16. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə alqı-satqı müqaviləsi adlansa da, mahiyyət etibarilə müqavilə xidmət müqaviləsidir. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və halhazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları, eləcə də tərəflər arasında tərtib edilmiş üzləşmə aktları ilə öz təsdiqini tapır. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
20. İddia tələbinin bir hissəsi cavabdehdən əsas borca görə 39314,76 manat (otuz doqquz min üç yüz on dörd manat yetmiş altı qəpik) məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.
21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən əsas borca görə 39314,76 manat (otuz doqquz min üç yüz on dörd manat yetmiş altı qəpik)məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qeyd olunan borcun mövcudluğu hesab-fakturalar, elektron qaimələr və yuxarıda qeyd olunan digər sübutlarla öz təsdiqini tapır. Belə ki, üç ay (avqust, sentyabr və oktyabr ayları) üzrə göstərilmiş xidmətin ümumi məbləği (ƏDV daxil) 39314,76 manat (14212,79+13283,26+11818,71=39314,76) təşkil edir.
22. İddia tələbinin digər hissəsini cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 9828,69 manat (doqquz min səkkiz yüz iyirmi səkkiz manat altmış doqquz qəpik) dəbbə pulunun tutulması təşkil edir.
23. İddiaçı MMC ilə «xxxx” ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1-10/128 saylı “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” müqavilənin 9.3-cü bəndinə əsasən alıcı hazırkı müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş haqların ödənilməsini gecikdirdikdə, gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0,1 faizi, lakin 5 faizdən artıq olmamaq şərtilə, həcmində satıcıya cərimə ödəyir.
24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 39314,76 manat (otuz doqquz min üç yüz on dörd manat yetmiş altı qəpik) əsas borc, 800 (səkkiz yüz) manat cərimə olmaqla, cəmi 40114,76 manat (qırx min yüz on dörd manat yetmiş altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova