Məhkəmə qərarları › İş №e-2-2(113)-2934/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2934/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2934/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əvəzsiz istifadə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh2 qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 1.200 manatın və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli KOD-S 143/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhvil-təslim” AKT-ı imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan “X1 Cool-350P” soyuducusu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. İstifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin soyuducu qaytarılmamışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2934/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbi barədə kiçik iddiaya dair kommersiya işi iddia icraatına keçirilmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 732-ci maddəsinə əsasən Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 736.1-ci maddəsinə əsasən Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. - 736.2-ci maddəsinə əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. - 736.3-cü maddəsinə əsasən Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.

10. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli KOD-S 143/2020 saylı soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə bağlandığını qeyd edərək, müqavilə üzrə Cavabdeh2 dəyəri 600 manat olan soyuducunun verildiyini və sonuncunun da, soyuducunu qaytarmadığını bildirərək, soyuducunun dəyərinin iki mislini tələb edir.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh iddiaçı ilə heç bir müqavilə bağlamadığını, soyuducunun götürülmədiyini, imzanın ona məxsus olmadığını bildirmişdir.

12. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədəki imzanın Cavabdeh2, yoxsa başqa şəxs tərəfindən icra olunmasını müəyyən etmək məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

13. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1089 saylı ekspert rəyinə əsasən İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında KOD-S 143/2020 nömrəli xx.xx.2020-ci il tarixli müqavilənin 6cı bəndində “1.2 İstifadəçi bölməsinə “İmza:” sözünün qarşısındakı imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

14. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında ümumiyyətlə müqavilə münasibətləri yaranmamış və iddiaçı tərəfindən cavabdehə soyuducu verilməmişdir.

15. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

16. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olaraq 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul İddiaçındən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar