Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-297/2024 03.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi barədə” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx"MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində imzalanmış müqaviləyə əsasən nəzərdə tutulmuş ödənilməmiş 129000 manat pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, yəni toplamda 129420 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə sifarişçi Cavabdeh Məhdud Məsuliyytli Cəmiyyəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən tərəflərindən mühasibat xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Tərəflər araısnda imzalanmış xx.xx.2022-ci il tarixli müqavilənin məzmunu və tərəflərin cavabdehliyi belə olmuşdur: Sifarişçi tapşırır, icraçı isə vergi qanunvericiliyinə əməl ediləməsi vəziyyətin yoxlanılması xidmətinin (yoxlama dövrü ilkin olaraq xx.xx.2021 ildən xx.xx.2022 ilə qədər daha sonra yoxlama dövrü xx.xx.2022-ci ildən xx.xx.2022-ci il aralığı da əlavə ediləcəkdir) göstərilməsini öz özərinə götürür. Həmin müqaviləni 1.2-ci bəndində isə qeyd edilmişdir ki, sifarişçi göstərilmiş xidmətlərin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. Belə ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən mühasibatlıq işləri layiqincə görülmüş və daha sonra isə tərəflər arasında müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. Tərəflər arasında bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən görülmüş işlər aktda göstərilən siyahıda olduğu kimi tam şəkildə Cavabdeh MMC-nin direktoru X4 təhvil verilmişdir. xx.xx.2023 tarixində üzləşmə aktı tərtib edilmiş və tərtib edilməsində məqsəd sifarişçi Cavabdeh Məhdud Məsuliyytli Cəmiyyəti ilə bağlanılmış müqaviləyə əsasən göstərilmiş xidmətlər və qarşılığında ödənilməli olan məbləğdən geriyə qalan borc miqdarının müəyyən edilməsi olmuşdur. xx.xx.2023 tarixində tərtib edilmiş üzləşmə aktına əsasən Cavabdeh MMC-nin 129000 manat borcu olması qeyd edilmişdir. Həmin üzləşmə və təhvil-təslim aktlarının hər birini tərəflər öz iradələri ilə imza və möhür edərək təsdiq etmişdirlər. Lakin, cavabdeh tərəfindən sözügedən 129000 manat dəyərində işlərin görülməsindən geriyə qalan məbləğ ödənilməmişdir. Bu barədə cavabdeh MMC-yə müraciətlər edilməsinə baxmayaraq bu kimi hallar nəzərə alınmamışdır. Cavabdeh MMC xx.xx.2023-cü il tarixində elektron kargüzarlıq vasitəsilə 005/22 nömrəli xx.xx.2022 ci il tarixli müqaviləyə və xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən görülmüş iş və xidmətlərin haqqının 3 gün müddətində ödənilməsi ilə bağlı məktub göndərilmiş və əks təqdirdə qanunvericiliyə müvafiq olaraq mediasiya tədbirlərinə başlayaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin xx.xx.2023cü il tarixində mediasiya təklifi qoşma olaraq göndərilmişdir.
3. Cavabdehin xx.xx.2023-cü il tarixli etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mühasibatlıq xidməti göstərilən zamanda müəssisəyə Dövlət Vergi Xidməti tərəfindən maliyyə sanksiyaları tətbiq edilmiş və cari ilin fevral ayından riskli vergi ödəyicisi kimi müəyyən olunmuşdur. Həmçinin milyonlarla vergi borcu hesablanmışdır. İddiaçı müəssisənin işin görməli idi. Hər ikisində eyni vəziyyət olmaqla hesabatlar düzgün verilmədiyindən vergi sanksiyaları tətbiq edilmişdir. Bununla bağlı müəssisəyə 7 milyondan çox maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iddiaçı məhkəməyə əsassız olaraq maliyyə sanksiyalarının onun hesabatları üzündən deyil guya cavabdehin alış-satış sənədlərinin düzgün olmaması səbəbindən olduğunu qeyd edir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında açıq aydın görünür ki, vergi xidməti qeyd edir ki, guya müəssisə əmtəəsiz əməliyyat apardığına görə riskli vergi ödəyicisi elen edilmişdir. Lakin əmtəəsiz dövriyyə dedikdə satılmış malların şirkətə satıldığını və elektron qaimə ilə alış veriş edildiyini mühasib bilə-bilə və onun mühasibatlıq xidmətini apardığı dövrə (iddiaçı ilə xidmət müqaviləsinə diqqət yetirilsə xx.xx.2022-ci ildəndi) düşdüyünü bilə bilə heç bir tədbir görməmiş və vergi xidmətinə məktub göndərmədən və qərarı təkzib edəcək heç bir yazışma aparmadan vergi xidmətinin qərarını qəbul etmişdir. Hətta bundan əlavə müəssisənin maraqlarına uyğun həmin qərarı məhkəmədə mübahisələndirməmişdir. Halbuki, iddiaçı özü də bilirdi ki, mallar satılmış və alqı-satqı real baş tutmuşdur. Lakin vergi xidmətinin yazdıqlarını qəbul etməklə müəssisəyə külli miqdarda vergi sanksiyası tətbiq edilmişdir. İddiaçının bu faktı təkzib edəcək hər hansı məktubu və ya əsası varsa məhkəməyə təqdim edilməsini xahiş edilir. xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə diqqət yetirilsə də görünər ki, iddiaçı 25000 manatlıq xidmət müqaviləsi bağlamışdır. Bu müqavilə də məhz 2023- cü ilin avqust ayında imzalanmışdır. Yəni 1 ildən sonra. Buna da səbəb danışıb razılaşmamız olmuşdur. Təqdim edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında guya borcun 129000 manat olması qəbul edilmişdir. Buna səbəb kimi müəssisən hüquq işlərini görən vəkilin təkidi olmuşdur. Sənədləri imzalamağı və tərəflə razılıq əsasında az miqdarda borcla işə xitam verilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı məhkəməyə görülmüş işlər barədə heç bir sənəd təqdim etmir. Edə də bilmir. Çünki demək olar ki, heç bir iş görməyib. Gördüklərinin də qarşılığında 80000 manat pul vəsaiti verilib. Bu vəsait ona 2023-cü ilin fevral ayına qədər verilib. Fevral ayında məlum vergi xidmətinin qərarı gələndən sonra xidmətin göstərilməsi dayandırılmışdır. Lakin iddiaçı sentyabra qədər pul hesablamış və guya fevraldan cari vaxtadək işləri görmüşdür. Halbuki, tətbiq olunan vergi sanksiyalarının hamsını müəssisə ödəməli olmuşdur. Bundan əlavə iddiaçı digər müəssisə olan Top Supermarketin işinə görə də xidmət haqqı tələb edir. Lakin həmin market 2022-ci ilin sentyabr və ya oktyabr ayından ümumiyyətlə fəaliyyətin dayandırmışdır. İddiaçı hər iki müəssisəyə görə audit rəyi hazırlamalı və hesabatları hazrlayıb təqdim etməli idi. Lakin nə audut rəyi hazırlanmış və nə də təhvil verilmişdir. Həmin imzalanan aktlar və müqavilələr müəssisənin hüquq işlərini görən vəkilin təkidi ilə 2023-cü ildə imzalanmışdır. Səbəb isə iddiaçı tərəfindən güzəşt ediləcəyi və görülməyən işlərə görə pul vəsaiti ümumi tələb olunan məbləğdən çıxılmaqla ümumilikdə 25000 manat pul verilməsi ilə razılıq əldə edilmişdir. Hətta bundan əvvəldə iddiaçıya xidmətlərə görə pul verilmişdir. Lakin iddiaçı elə sənədləri imzalatmaqla məhkəməyə birbaşa müraciət etmiş və verilən sözü və xidmətləri tam yerinə yetirməmişdir. Məhkəmə tərəfindən sorğu verilsə də görünər ki, iddiaçının top supermarketlə bağlı verdiyi hesabatlar boş hesabatlar olmuş və təkrar verilmişdir. İndi iddiaçının həmin hesabtlara görə müəssisədən aylıq 5000 manat tələb etməsi absurddur və əsassızdır. Məhz iddiaçının keyfiyyətsiz xidmət göstərməsi səbəbindən müəssisəyə ziyan vurulmuşdur. Bu səbəbdən iddianı qəbul etmirlər. Təqdim edilən təhvil təslim aktlarının alt sənədləri mövcud deyildir. İddiaçı tərəfindən görülmüş işlərə dair heç bir sübut yoxdur, çünki işlər görülməmiş və görülmüş işlərdə keyfiyyətsiz olmuşdur.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Vəlioğlu 2018 MMC yə qarşı pul tələbi barədə iddia ərizəsi verilmişdir. Bundan əlavə əsas məqam ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlər natamamdır. Guya işləri görüb deyib sənədlərə imza etdirib. Lakin indiyənədək heç bir sənəd təqdim etməyib. Bügün də üzləşmə olunmuş və müəssisənin direktoru şəxsən Rahim Əlizadə ilə görüşülmüş və ondan görülmüş işlərin sənədlərinin təqdim edilməsi tələb edilmişdir. Lakin iddiaçı guya sənədləri verdiyi əsaslanaraq yenidən verilməsindən imtina etmişdir. İddiaçıya təqdim olunası sənədlərin siyahısı elektron poçt vasitəsi ilə göndərilmişdir. X6 ilə ofisdə görüşülmüş və sənədlər tələb edilmişdir. Rahim Əlizadə sənədləri 1 günə təqdim edəcəyi vədini versə də onları indiyənədək təqdim etməyib. İddiaçı yalnız gördüyü işlərin pulun tələb edə bilər. Lakin iddiaçı görmədiyi yalandan imza etdirdiyi sənədlərə görə pul tələb edir. Əgər həmin gördüyü işlərin və görməli olduğu işlərin sənədləri mövcuddursa vermirsə də belə gətirsin məhkəməyə təqdim etsin. Razılaşmaya əsasən iddiaçı müəssisənin bütün muhasibat sənədlərini hazırlayıb sənəd şəklində verməli, həmçinin işləməyə başlayan dövrdən cari vaxtadək audit rəyi verməli idi. İddiaçı müəssisə işə başlayan dövrdən cari tarixədək müəssisənin balansını, (hər ay üçün), mənfəət və zərər, pulun hərəkəti hər ay üçün bağlanmış balans, təsdiqedici sənədlərlə birlikdə papkalar (memorial order, qəbz və digər müvafiq sənədlər) və yuxarıdakı digər sənədləri təqdim edilməyib. Təqdim etdiyi guya görülmüş işlərdə bunların heç biri yoxdur və yazdıqlarıda yoxdur. Məhkəmədən sonra ekspertiza təyin edilsin ki, müəssisə işə başlayan dövrdən cari tarixədək müəssisənin balansını, (hər ay üçün), mənfəət və zərər, pulun hərəkəti hər ay üçün bağlanmış balans, təsdiqedici sənədlərlə birlikdə papkalar (memorial order, qəbz və digər müvafiq sənədlər) və yuxarıdakı digər sənədlər hazırlanıb yoxsa yox. Təqdim edilən yazışmadan da görünür ki, sənədlər təqdim edilməyib. Rahim Əlizadənin işçisi şəxsən özü elekton mail vasitəsi ilə yazır ki, ödəniş edin sonra sənədləri təqdim edək. Hansı əsasla iddiaçı görülməyən işlərə görə pul tələb edir. İddiaçıya təxminən 60.000 manatdan çox vəsait əlbəəl verilib. Buna dair yazışma və sübutlar da var. İddiaçı yalnız MMC-ni aldadıb imzalatdığı sənədlərlə pul tələb edir. Ancaq görülmüş işlər barədə heç bir sənəd mövcud deyildir. Bundan əlavə bu tip işlərlə bağlı (məhz üzləşmə aktının olması və ona əsasən pul tələbi) Ali Məhkəmənin və Konstitusiya Məhkməsinin analoji işləri vardır ki, məhkəmə üzləşmə aktına deyil faktiki sənədlərə və görülmüş işlərə əsasən borcu müəyyən etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh MMC-dən 129.000 (bir yüz iyirmi doqquz min) manat pul vəsaiti, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 420 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
6. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh şirkət asan imzalarını, kodlarını iddiaçı şirkətə təqdim edib və iddiaçı da cavabdehin bütün mühasibatlıq işlərini, bəyannamələrin təqdim edilməsi və sair işləri görüb, nəticədə üzləşmə aktı təsdiq olunub, elektron qaimələr vurulub. Üzləşmə aktında mühasibatlıq xidmətlərinin dəyərinin fərqli müəyyən edilməsi isə müxtəlif dövrləri əhatə etməsi və həmin dövrlərdə xidmətlərin fərqli həcmdə olması ilə bağlı olduğunu bildirdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh şirkətin direktoru və nümayəndə qismində çıxış edən direktor müavini bildirdi ki, həqiqətən müqavilə bağlanılıb, lakin cavabdeh tərəfindən xidmətlər göstərilməyib. Dostluq münasibətlərinə əsaslanaraq üzləşmə və sair sənədləri oxumadan imzalayıblar. Xidmətlərin göstərilməsinə görə 40000 manat nağd şəklində ödəniş ediblər. Göstərilmiş xidmətlərə dair onlara sənədlər təqdim edilməyib. İddia əsassız olduğu üçün tələbinin rədd edilməsini xahiş edirlər.
III.Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005/22 saylı müqaviləyə əsasən:
11. Müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi tapşırır, icraçı isə vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin yoxlanılması xidmətinin (yoxlama dövrü ilkin olaraq xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər, daha sonra yoxlama dövrü xx.xx.2022-ci ildən xx.xx.2022-ci il aralığı da əlavə ediləcəkdir.) göstərilməsini öz üzərinə götürür.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan xidmət haqqı 25000 manat təşkil edir.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə işlər başa çatdırıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlərin sifarişçiyə təqdim edilməsi təhvil-təslim aktı vasitəsi ilə həyata keçirilir.
15. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçinin əsaslandırılmış etirazı olarsa, bu barədə hər iki tərəfin imzası ilə akt tərtib edilir və orada başa çatdırılacaq işlərin siyahısı və icra müddəti göstərilir.
16. Müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçi icraçıya xidmət göstərilməsi üçün təqim etdiyi bütün sənədlərin, o cümlədən yazılı və şifahi izahatların düzgünlüyünə məsuliyyət daşıyır.
17. Müqavilənin 5.2-ci bəndinə əsasən icraçı bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərin və qanunvericiliyə uyğun olaraq hazırlanmış və rəsmi dövlət strukturlarına təqdim edilmiş hesabalaın düzgünlüyünə məsuliyyət daşıyır.
18. xx.xx.2023-cü il tarixli, EBDJ 540044 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 20000 manat dəyərində, eyni tarixli, EBDJ 538850 saylı elektron qaiməyə əsasən 24000 manat dəyərində, EBDJ539820 saylı elektron qaiməyə əsasən 25000 manat dəyərində, EBDJ557509 saylı elektron qaiməyə əsasən 40000 manat dəyərində, EBDJ 572599 saylı elektron qaiməyə əsasən 20000 manat dəyərində və EBDJ 619061 saylı elektron qaiməyə əsasən isə 15000 manat dəyərində xidmət göstərildiyi qeyd olunmuşdur.
19. "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhviltəslim aktına əsasən 2022-ci ilin avqust ayından etibarən 2023-cü ilin may ayı daxil olmaqla aylıq ƏDV bəyannamələrinin hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi, 2022-ci ilin avqust ayından etibarən 2023-cü ilin may ayı daxil olmaqla rüblük ÖMV bəyannamələrinin hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi, 2022-ci il üzrə MV vergi bəyannaməsinin hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi, 2022-ci il üzrə əmlak vergi bəyannaməsinin hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi, 2022-ci ilin avqust ayından etibarən 2023-cü ilin may ayı daxil olmaqla rüblük vahid hesabatların hazırlanması və müvafiq vergi orqanına təqdim edilməsi və sair xidmətlərin təhvil-təslimi həyata keçirilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
20. xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən sifarişçi Cavabdeh MMC icraçı olan "xxxx" MMC-yə 129000 manat borcun olmasını qəbul etmiş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir.
21. "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, tərəflərindən xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmiş qaimələrə nəzər yetirildikdə həmin qaimələr üzrə cavabdeh tərəfindən onlara toplamda ödənilməli olan məbləğ 144000 manat təşkil etmişdir. Həmin məbləğin 15000 manat olan hissəsi cavabdeh tərəfindən nağd şəkildə ödənilmişdir. Lakin geriyə qalan 129000 manat dəyərində məbləğ isə ödənilməmiş olaraq qalmaqdadır.
22. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 055/22 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən EBDJ seriyalı 539820 saylı e-qaiməyə üzrə xidmət haqqı 25000 manat, 022/22 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən EBDJ seriyalı, 557509 saylı e-qaiməyə əsasən 40.000 manat, EBDJ seriyalı 540044 saylı e-qaiməyə əsasən 20.000 manat, EBDJ seriyalı 572599 saylı e-qaiməyə əsasən 20.000 manat, EBDJ seriyalı 538850 saylı e-qaiməyə əsasən 24.000 manat məbləğində təyin edilmişdir.
23. Məhkəmə tərəflərin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
24. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş maliyyə-mühasibatlıq sahəsində xidmətlərinə görə cavabdehin ona 129.000 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə xidmətlərin ümumiyyətlə göstərilmədiyini və digər tərəfdən iddiaçıya həmin müqavilə üzrə nağd şəkildə 40.000-60.000 manat ödəniş edildiyini bildirir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
27. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları, o cümlədən göstərilmiş xidmətlərin təsdiq olunmasına dair təhvil-təslim aktını və mövcud borcun olmasını təsdiq edən üzləşmə aktını, elektron qaimələri sübut qismində məhkəməyə təqdim etmişdir. Cavabdeh həmin sübutlara dair etirazını formal mülahizələr əsasında bildirmiş. Məhkəmə tərəfindən dəfələrcə, sırf cavabdehin iştirakını təmin etmək və sübutların təqdim edilməsinə, proseslərdə fikrini bildirməsinə, iddiaçı tərəfə mübahisələndirdiyi hallarla bağlı suallarının verilməsinə şərait yaratmaq üçün prosesləri təxirə salmış, hətta birinci məhkəmə aktını (baxmayaraq ki, cavabdeh şirkətin məhkəmə iclasları barədə məlumatı olmuş və məhkəməyə yazılı etirazları belə daxil olmuşdur) qiyabi qətnamə formasında qəbul etmiş. Qiyabi qətnamə ləğv olunandan sonra cavabdehin məhkəməyə təqdim etdiyi yeganə sübut xx.xx.2024-cü il tarixində mailto:o.turab@mail.ruElektron ünvan 1 e-mail adresindən mailto:emil_dadasov@mail.ruElektron ünvan 2 ünvanına göndərilən yazışmadır. Lakin, Emil Dadaşovun kim olmasına və iddiaçı şirkətə aidiyyəti olan şəxs olmasına dair hərhansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, əgər xidmətlər həqiqətən də göstərilməmişdirsə, bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya hər-hansı pretenziyanın irəli sürülməməsi, göndərilmiş elektron qaimələrin geri qaytarılmamısı/etiraz edilməməsi məhkəmə üçün anlaşılan deyil. Bundan əlavə digər bir ziddiyatlı məqam ondan ibarətdir ki, cavabdeh öz etirazında xidmətlərin göstəriləsini, lakin keyfiyyətsiz göstərilməsini və nəticədə cavabdeh şirkətinin vergi orqanı tərəfindən cərimələnməsini qeyd edir, xidmətlərə görə 40000-60000 manat nağd ödənişlərin edildiyini bildirir, sonuncu məhkəmə iclaslarında isə məhkəmə araşdırılmasının yalnız sonlarında Emil Dadaşov adlı şəxsə ünvanlanmış yeqanə e-mail yazışmasına istinad edərək xidmətlərin ümumiyyətlə göstərilməməsini bildirirlər.
30. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
32. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
33. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
34. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
35. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
36. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
38. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə həm təhvil-təslim aktı tərtib etmiş, həm də hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir.
39. Beləliklə, məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını, təqdim olunmuş sübutları əlaqəli şəkildə qiymətləndirərək belə qənayətə gəlir ki, cavabdehin argumentləri formal mülahizələrdən ibarət olmaqla əsassızdır, sadəcə borcun ödənilməsindən yayınmağa xidmət edir və etirazın əsası kimi irəli sürülən bu xüsusatlar iddianın rədd edilməsi üçün əsas ola bilməz. İddia təmin olunaraq 129000 manat məbləğində pul vəsaiti Vəlioğlu-2018” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
40. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 420 manat məbləğində mediasiya/dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənilmişdir.
41. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
42. Digər tərəfdən MPM-in:
43. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
44. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
46. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
47. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün mediasiya və dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 420 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 129.000 (bir yüz iyirmi doqquz min) manat pul vəsaiti, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 420 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova