Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3002/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, qanuni faiz, borclunun icranı gecikdirməsi hüquqi faktı, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16 iyun 2017-ci il tarixli daşınar əmlakın icarə müqaviləsi üzrə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış 371,8 manat məbləğində pulun və ödənilmiş 139 manat dövlət rüsumunun, 520 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 16 iyun 2017-ci il tarixli ERS 2017-015 saylı daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh icarəyə götürdüyü əlavələrdə qeyd edilmiş avadanlığa (avadanlıqlara) görə hər bir təqvim ayı üçün icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Adıçəkilən müqaviləyə əsasən, icarə müddətinin qalan müddəti ərzində cavabdehin aylıq icarə haqqını iddiaçının müvafiq hesab fakturasını aldığı tarixdən etibarən 30 təqvim günü ərzində iddiaçının müvafiq bank hesabına ödəməyi razılaşdırılmışdır. 2.2. İddiaçının cavabdehə müqavilə üzrə ödənilməmiş 12816,24 manat əsas borc, 2306,92 manat ƏDV daxil olmaqla cəmi 15123,16 manat borcu olmuş, xx.xx.2024-cü il tarixli üzləşdirmə aktı ilə də 15123,16 manat borc təsdiqlənmişdir. Lakin iş üzrə məhkəmə icraatının həyata keçirilməsi başlandıqdan sonra cavabdeh tərəfindən əsas borc vəsaiti ödənmişdir. Məhkəmə xərcləri barədə isə hər hansı ödəniş həyata keçirilməmişdir. 2.3. Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 5471,37 manat məbləğ üzrə 114 manat (5471,37/12x5x5%=114); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 14930,68 manat məbləğ üzrə 248,8 manat (14930,68/12x4x5%=248,8); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 721,11 manat məbləğ üzrə 9 manat (721,11/12x3x5%=9) olmaqla ümumilikdə 371,8 manat məbləğində əldən çıxmış fayda mövcuddur. Belə ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş müddət ərzində borc vəsaiti ödənilsə idi, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi zərurəti mövcud olmazdı. Lakin cavabdeh tərəfindən buna əməl olunmaması iddiaçının əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Cavabdehə təqdim olunmuş pretenziya məktubunda da qeyd edilmişdir ki, məhkəməyə müraciət edildiyi təqdirdə əlavə məhkəmə xərcləri də hesablanacaqdır və iddia tələbinin həcmi arta bilər. Bəhsi keçən məbləğlər məhkəməyə təqdim edilmiş qəbzlər vasitəsi ilə öz təsbitini tapmışdır.
3. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445.7, 448, 449-cu və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etirazın faktiki əsası olaraq göstərilmişdir ki: 5.1. iddiaçı müqavilə üzrə hüquqlarından sui-istifadə etmək niyyətində olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 13-cü maddəsinə nəzər saldıqda müşahidə etmək mümkündür ki, bütün mübahisələr və ya iddialar ilk növbədə tərəflər arasında danışıqlar yolu ilə həll edilməlidir. Buna baxmayaraq, iddiaçı danışıqlar üçün heç bir real addım atmamış, müqavilənin 13-cü bəndinin tələbini də nəzərə almayaraq (hansı ki, həmin bənddə mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə məhkəməyə müraciət olunması qeyd olunub) bilavasitə məhkəməyə müraciət etmişdir. Bu isə tərəflərin müqavilədə razılaşdırdıqları vicdanla və dostcasına danışıqlar anlayışının çərçivəsi daxilində hesab edilməməlidir. İddiaçı mövcud mübahisənin həlli üçün, öncəliklə, danışıqlar yoluna əl atmalı olsa da, danışıqlar yönündə heç bir addım atmayaraq, cavabdehə bu barədə heç bir təşəbbüs irəli sürməmiş, eləcə də məhkəməyə qeyd olunan məsələ ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki tərəflər arasındakı icarə münasibətləri 2017-ci ildən mövcuddur və bu müddət ərzində cavabdeh müqaviləyə sadiq qalaraq öhdəliklərini vaxtlı-vaxtında, lazımi qaydada icra etmişdir. Bu isə cavabdehin müqavilə üzrə öhdəliklərinə vicdanlı yanaşdığını və danışıqlar yolu ilə digər bütün öhdəliklərini də icra edəcəyinin göstəricisidir. 5.2. Bundan başqa, iddiaçı heç bir qanuni əsas olmadan əldən çıxmış fayda tələb etmişdir. İddiaçı öz ərizəsində əldən çıxmış fayda kimi Mülki Məcəllənin 445.7-ci maddəsini əsas götürərək gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmişdir. Lakin həmin maddədə də qeyd olunduğu kimi, gecikdirilmiş məbləğin beş faizi yalnız illik tələb oluna bilər. Tərəflər arasındakı qaimələr isə xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlidir və məbləğin gecikdirilməsi üzərindən bir il keçmədiyi üçün gecikdirmə faizinin və ya iddiaçının deyimi ilə əldən çıxmış faydanın iddia olunması tamamilə əsassızdır. Bu isə onu göstərir ki, iddiaçı müqaviləyə uyğun olmayan tələblərlə əsassız varlanmaq niyyətində olmuşdur.
6. İddiaya etirazda hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1-ci maddəsi göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işin iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq əsas borcun tam ödənildiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 16 iyun 2017-ci il tarixli ERS-2017-015 nömrəli daşınar əmlakın icarə müqaviləsi bağlanmış, iddiaçı texniki göstəriciləri müqaviləyə edilmiş əlavələrdə müfəssəl qeyd olunan və icarəyə verilən zaman özünün qanuni istifadəsində olan avadanlığı (və ya avadanlıqları) icarə müqaviləsində göstərilən müddət və şərtlərə müvafiq olaraq cavabdehə icarəyə verməyi və cavabdeh isə öz növbəsində həmin avadanlıqları bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən iddiaçıdan icarəyə götürməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 12 fevral 2024-cü il tarixdə hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş qarşılıqlı görülən işlərin üzləşdirilməsi aktı tərtib edilmiş, xx.xx.2024-cü il tarixə adıçəkilən müqavilə üzrə cavabdehin iddiaçıya olan borc məbləği ƏDV daxil olmaqla 15123,16 manat kimi təsdiq edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı əsasında 12816,23 manat borc və 2306,92 manat ƏDV olmaqla əsas borc ödənilmişdir.
14. İddiaçı cavabdeh tərəfindən borc məbləğinin yalnız məhkəməyə müraciət edildikdən sonra ödənildiyinə istinad edərək əsas borca illik 5 faizlə hesablanmış 371,8 manat məbləğində pulun tutulmasını tələb edir.
15. Cavabdeh iddiaya etiraz edərək iddiaçı tərəfindən mübahisənin danışıqlar yolu ilə həlli üçün lazımi addımların atılmadığını, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borc məbləğinin ən azı bir il gecikdirilməli olduğunu bildirir.
16. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
19. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).
20. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
21. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
22. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
23. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
24. Tərəflər arasında bağlanmış 16 iyun 2017-ci il tarixli ERS-2017-015 nömrəli müqavilənin 2.2-ci bəndinə əsasən, icarə müddətinin qalan müddəti ərzində isə İcarəçi aylıq icarə haqqını icarəyə verənin müvafiq hesab-fakturasının tarixində etibarən 30 təqvim günü ərzində İcarəyə verənin müvafiq bank hesabına ödəyəcəkdir.
25. Müqavilədən aydın olur ki, tərəflərin razılığına görə, hesab-faktura verildikdən sonra 30 gün ərzində dəyərinin ödənilməsi şərtləşdirilmişdir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən müqavilənin 2.2-ci bəndi faktiki olaraq tətbiq edilməmişdir. Belə ki, icarə müqaviləsi üzrə sonuncu elektron qaimə xx.xx.2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş edilməmiş, ötən müddət ərzində iddiaçı pulun ödənilməsini tələb etməmiş, əksinə tərəflər arasında qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Bu isə iddiaçı tərəfindən borcun ödənilməsinə faktiki olaraq möhlət verildiyini göstərir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.
26. İddiaçının xx.xx.2024-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər 53 gün üçün həyata keçirilməlidir.
27. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 109,8 manat (15123,16 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 53 gün (gecikdirilən gün sayı) təşkil edir.
28. Məhkəmə cavabdehin birinci arqumenti, yəni iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli üçün səylərin göstərilməməsi mülahizələri ilə razılaşmır. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq borcun ödənilməsini tələb etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Başqa sözlə, cavabdehin öhdəliyi icra etməsi üçün 2 aya yaxın vaxtı olmuş, lakin qeyd edilən müddətdə cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. Digər tərəfdən, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş “illik beş faizin ödənilməsi” müddəası həmin maddənin tətbiqi üçün öhdəliyin ən azı bir il gecikdirilməsini deyil, faiz məbləğinin hesablanması qaydasını ifadə edir. Belə olan halda, məhkəmə cavabdehin bu barədə mülahizələrini də əsaslı hesab etmir.
29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 109,8 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
30. İddiaçı ödənilmiş 139 manat dövlət rüsumunun və 520 manat hüquqi yardım xərcinin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 139 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
32. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 504 saylı müqavilə (xx.xx.2024-cü il tarixli ******* nömrəli orderdə göstərilən müqavilə) üzrə 520 manat məbləğində pul 18 saylı vəkil bürosunun bank hesabına köçürülmüşdür.
33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
34. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
35. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
36. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. İş materialları ilə müəyyən olunur ki, icarə haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin həll edilməsi üçün səylər göstərilmişdir. Lakin cavabdeh mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur, yalnız icraatın gedişində əsas borc məbləğini ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
38. Məhkəmə dövlət rüsumunun məbləği ilə bağlı isə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia ərizəsi verilərkən iddianın qiymətinə (15494,96) uyğun ödənilməli dövlət rüsumunun məbləği 135 manat təşkil edir.
39. Digər tərəfdən, məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 520 manat hüquqi yardım xərci ağlabatandır və cavabdehdən tutulmalıdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 520 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2017-ci il tarixli icarə müqaviləsi üzrə əsas borca illik 5% ilə hesablanmaqla 109 (bir yüz doqquz) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (bir yüz otuz beş) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova