Məhkəmə qərarları › İş №e-2-2(113)-3042/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3042/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3042/2025 04.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1957,69 (bir min doqquz yüz əlli yeddi manat altmış doqquz qəpik) manat əsas borc, hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 800 (səkkiz yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun, cəmi 2805,69 (iki min səkkiz yüz beş manat altmış doqquz qəpik) manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 15 fevral 2024-cü il tarixli 24-CER-048 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin predmeti həmin müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin idarəetmə sistemlərinin yoxlanılması, sertifikasiya üzrə orqan vasitəsi ilə mümkün sertifikatlaşdırma, idarəetmə sisteminin sertifikatının və sertifikat markasından istifadə hüququnun təmin edilməsinə yönələn müvafiq nəzarətdir. Müqavilənin 5.1-ci bəndinə əsasən Cavabdeh MMC İddiaçı MMC-yə haqq ödəyir və həmin müqavilənin 12.5-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini qismən və ya tam yerinə yetirmədiklərinə görə məsuliyyət daşımaları barədə razılığa gəlmişdirlər. Ancaq müqavilədə qeyd olunan yoxlamaların, işlərin yekunlaşmasına və bunun müqabilində müvafiq sertifikatların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsinə baxmayaraq Cavabdeh MMC müqavilənin şərtlərinə əməl etməyərək müqavilə üzrə nəzərdə tutulan xidmət haqqını qərəzli və əsassız şəkildə tam həcmdə ödəməkdən yayınmışdır. Belə ki, tərəflərin qarşılıqlı razılığa gəldikləri müqavilə üzrə icraçı İddiaçı MMC sertifikatlaşma audit xidmətlərini həyata keçirməli və bunun müqabilində sifarişçi Cavabdeh MMC isə müqavilənin 15.4-cü bəndinə əsasən ilk üç il üçün aşağıdakı məbləğ razılaşdırılmışdır: Sertifikatlaşdırma auditi: 1800 avro (min səkkiz yüz avro), 1-ci nəzarət auditi: 600 avro, 2ci nəzarət auditi: 600 avro cəmi 3000 avro (üç min avro) müəyyən edilmişdir. Lakin Cavabdeh MMC müqavilə öhdəliyi üzrə sertifikatlaşdırma audit xidmətinin ödənişini tam şəkildə icra etmədiyindən və həmçinin müqavilənin 15.6-cı bəndinə əsasən müvafiq avans ödənişlərini də icra etmədiyindən növbəti illər üçün nəzərdə tutulan nəzarət xidmətlərinin icrası mümkün olmamışdır. Faktiki olaraq görülmüş ilkin iş üçün ödəməli olduğu 1800 avro (bir min səkkiz yüz manat) pul məbləğini indiyə qədər ödəməmiş, ödəyəcəyi ilə əlaqədar hər hansı vəd və ya hərəkət etməmişdir. İş üzrə sübut kimi əlavə edilmiş EBEB seriyalı 849246 nömrəli xx.xx.2024 tarixli elektron qaiməyə və tərəflərin öz imzaları ilə təsdiq edib qəbul etdikləri xx.xx.2024 tarixli “xidmətin göstərilməsi barədə” təhvil-təslim aktına əsasən həmin məbləğ ƏDV-siz 3318,12 manat (üç min üç yüz on səkkiz manat on iki qəpik), ƏDV daxil 3915,38 (üç min doqquz yüz on beş manat otuz səkkiz qəpik) manat təşkil edir. Müqavilənin 15.9-cu bəndinə əsasən ödəniş “sifarişçi” tərəfindən “İcraçının” bank hesabına müvafiq hesab-faktura kəsildiyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarix üçün müəyyən etdiyi məzənnə uyğun həyata keçirələcəkdir. Cavabdeh MMC xx.xx.2024-cü il tarixində müqavilə öhdəliyi üzrə ödəməli olduğu 3915,38 (üç min doqquz yüz don beş manat otuz səkkiz qəpik) manat pul məbləğinin 1659,06 (min altı yüz əlli doqquz manat sıfır altı qəpik) manat və 298,63 (iki yüz doxsan səkkiz manat altmış üç qəpik) manat pul məbləğini ödəsə də, geri qalan qalıq pul məbləğini indiyə qədər ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq qalıq 1957,69 manat (min doqquz yüz əlli yeddi manat altmış doqquz qəpik) pul məbləği ödənilməmiş qalmışdır. İş üzrə sübut kimi əlavə edilmiş beynəlxalq sertifikat (ingilis və azərbaycan dilində olmaqla hərəsindən iki nüsxə) cavabdehə verilmiş və cavabdeh tərəfindən istifadə olunmuşdur. Bu sertifikatların hər birində onun doğruluğunu təsdiq edən sertifikat nömrəsi və tarix əks olunmuşdur. Audit xidmətinin göstərilməsi və bunun əsasında cavabdehə müqavilədə qeyd olunan sertifkatın verilməsi faktı iş üzrə sübut qismində əlavə olunmuş təhvil-təslim aktında öz əksini tapır. İddiaçı müqavilə öhdəliyi üzrə qeyd olunan bütün xidmətləri həyata keçirməsinə baxmayaraq cavabdeh müqavilə tələblərini pozaraq öz öhdəliyini icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 13.2-ci bəndinə əsasən danışıqlar nəticəsində mübahisəli məsələlərin həlli ilə əlaqədar tərəflər razılığa gəlmədikdə, məsələ Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir və məhkəmənin qərarı tərəflər üçün qəti və məcburidir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı dəfələrlə həm yazılı, həm də şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməyərək xidmətin dəyəri tam şəkildə ödənilməmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 fevral 2024-cü il tarixli 24-CER-048 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, hazırkı müqavilənin mövzusu İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin idarəetmə sistemlərinin yoxlanılması, sertifikasiya üzrə orqan vasitəsi ilə mümkün sertifikatlaşdırma, idarəetmə sisteminin sertifikatının və sertifikat markasından istifadə hüququnun təmin edilməsinə yönələn müvafiq nəzarətdir.

5. Müqavilənin 5.1-ci bəndinə əsasən, müştəri "xxxx" MMC-yə haqq ödəyir. Sabit bir qiymət, sabit bir haqq və ya başqa bır paylama bazası razılaşdırılmadıqda, ödənişin miqdarı, qiymət siyahısı və təklifin ayrılmaz hissəsi olan “Tüv Austria”-nın ümumi şərtləri əsasında edilən təklifdən asılıdır (o şərtlə ki, onlar hazırkı müqaviləyə zidd deyil).

6. İddiaçı və cavabdehin möhürləri və nümayəndələrinin imzaları ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 01 nömrəli xidmətin göstərilməsi barədə akta görə iddiaçı tərəfindən 3915,38 manat məbləğində audit xidməti göstərilmişdir.

7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBEB 849246 nömrəli 3915,38 manat məbləğində elektron qaimə və xx.xx.2024-cü il tarixli, 24-064-CER nömrəli 3915,38 manat məbləğində hesab-faktura təqdim olunmuşdur.

8. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 1659,06 manat, iddiaçıya məxsus ƏDV sub uçot hesabına 298,63 manat ödəniş edilmişdir.

9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 15 fevral 2024-cü il tarixli 24-CER-048 saylı müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmiş, 1957,69 manat məbləğində göstərilmiş xidmətlərin dəyəri ödənilməmişdir.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

19. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1957,69 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

21. Bundan başqa iddia ərizəsində 800 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, həmin xərcin 400 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 400 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

22. Belə ki, xx.xx.2025-ci il tarixli, EM-2269VK-9743/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən “De Fendo” Vəkil Bürosuna 800 manat hüquqi xidmət haqqı ödənilməsi razılaşdırılmışdır.

23. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 39,58 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia ərizəsi verilərkən artıq ödənilmiş 8,42 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

IV. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1957,69 manat məbləğində pul, 400 (dörd yüz) manat hüquqi yardıma görə xərc, 39,58 (otuz doqquz manat əlli səkkiz qəpik) manat dövlət rüsumu, ümumilikdə 2397,27 (iki min üç yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat vəsait iddiaçı Cavabdeh MMCnin özünə aid edilsin. İddia ərizəsi verilərkən artıq ödənilmiş 8,42 (səkkiz manat qırx iki qəpik) manat dövlət rüsumu iddiaçı Cavabdeh MMC-yə geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar