Məhkəmə qərarları › İş №e-2-2(113)-3057/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3057/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3057/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” üzrə Açar sözlər: podrat müqaviləsi üzrə pulun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarix, 23-İNE-121 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə görə icraçı (iddiaçı) bu müqaviləyə müvafiq olaraq sifarişçi (cavabdehin) tərəfindən ediləcək ödənişlərin müqabilində bu Müqaviləyə əlavə olunmuş Əlavələrdə daha ətraflı təsvir olunmuş xidmətləri sifrişçi üçün icra edəcək (müqavilənin 1.1-ci bəndi).

2. Tərəflər arasında bağlanmış həmin müqavilənin: 2.1. 1.3-cü bəndinə görə yerinə yetirilmiş işlər sifarişçiyə təhvil verildikdə icracı və sifarişçinin nümayəndələri yerinə yetirilmiş xidmətin qəbul edilməsini təsdiq edən təhvil-təslim aktını imzalayırlar. Bu sənəd sifarişçiyə təhvil verilən xidmət işlərinin istifadəyə verilmə tarixni, miqdarını, xüsusiyyətlərini, dəyərini və digər təfərrüatlarını özündə əks etdirir; 2.2. 7.1-ci bəndinə görə xidmətlərin göstrilməsi müqavilində sifarişçi icraçıya bu müqavilənin Əlavələrində öz əksini tapan qiymətlər əsasında xidmət haqqı ödəyəcək. Ödənişlər 15 iş günü ərzində düzgün hazırlanmış təhvil-təslim aktı, hesab-faktura və elektron qaiməfaktura təqdim edildikdən sonra həyata keçiriləcəkdir. Bu müqavilə üzrə ödəniş şərtləri Əlavələrlə tənzimlənəcəkdir. Müqaviləyə əsasən bütün ödənişlər hesab-fakturalarda qeyd olunan icraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. İcraçı tərəfindən təhviltəslim aktı, hesab-faktura və elektron qaimə-faktura təqdim edildikdən sonra əlavədə göstərilən xidmətin dəyəri 15 iş günü ərzində sifarişçi tərəfindən ödənilməzsə, ödənişin gecikdirildiyi hər həftə üçün icraçı sifarişçiyə cərimə sanksiyaları (qarşısı alınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimə məbləğimüqavilə qiymətinin 0,1%-i məbləğində olacaqdır və bu məbləğin yuxarı həddi müqavilənin ümumi dəyərindən çox olmamalıdır.

3. Tərəflər arasında imzalanmış 1 saylı Əlavə əsasən sifariş edilən xidmət AQİ Q1 əsasında X2 tətbiq edilməsindən ibarət olmaqla qiyməti 8500 manat müəyyən edilmişdir. 1 saylı Əlavənin qeyd hissəsinə əsasən qiymətə ƏDV daxil olmamaqla, layihənin müddəti 4 ay (başalam tarixi: xx.xx.2023), ödəniş şərti 50% avans, 50% tamalandıqdan sonra, ödəniş qaydası – hesab-faktura və elektron qaimə-faktura Azərbaycan manatında verilməklə, ödənişin sifarişçi tərəfindən icraçının bank hesabına müvafiq hesab-faktura və elektron qaimə-faktura tarixindən 15 iş günü ərzində həyata keçiriləcəyi müəyyən edilmişdir.

4. xx.xx.2024-cü il tarixdə xidmətlərin həyata keçirilməsi barədə tərəflər arasında 01 saylı Akt imzalanmışdır. Həmin Akta görə xidmətin keyfiyyətlə görülməsi, tərəflərin narazılıq və iddialarının olmaması, habelə ƏDV daxil olmaqla xidmətin dəyərinin 10030 manat (1530 manat hissəsi ƏDV) təşkil etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən seriya EBDZ, 443357 nömrəli, xx.xx.2024-cü il tarixli 10030 manat dəyərində olan elektron qaimə-faktura verilmişdir.

5. xx.xx.2023-cü il tarixli ödəniş tapşrığı ilə 2000 manat (əlavə olaraq 360 manat ƏDV), xx.xx.2024-cü il tarixli ödəniş tapşrığı ilə isə 1000 manat (əlavə olaraq 180 manat ƏDV) cavabdeh tərəfindən ödənilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı 6490 manat əsas, hüquqi yardıa görə ödənilmiş 1000 manat, 95 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7585 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2023cü il tarixli, 23-İNE-121 saylı Xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə görə icraçı müqaviləyə əlavə olunmuş Əlavələrdə daha ətraflı təsvir olunmuş xidmətləri sifarişçi üçün icra edəcək sifarişçi isə xidmətlərin göstərilməsi müqabilində əlavələrdə öz əksini tapan qiymətlər əsasında haqq ödəyəcək. Qeyd olunan Əlavəyə əsasən müqavilənin predmetini “AQİ Q1 əsasındaKeyfiyyəti İdarəetmə Sisteminin tətbiq edilməsi xidməti” təşkil edir. Ödənişlər 15 (on beş) iş günü ərzində düzgün hazırlanmış təhvil-təslim aktı, hesab-faktura və elektron qaiməfaktura təqdim edildikdən sonra həyata keçiriləcək. Tərəflərin qarşılıqlı razılığa gəldikləri müqavilə üzrə iddiaçı sertifikatlaşma audit xidmətlərini həyata keçirməli, cavabdeh isə müqaviləyə Əlavəyə əsasən xidmət müqaviləsinin qiyməti olan 8500 manat, ƏDV daxil 10030 manat pulu ödəməlidir. Ödəniş şərti olaraq 50% avans, 50% iş tamamlandıqdan sonra ödənilməsi müəyyən edilmişdir. Lakin cavabdeh müqavilə öhdəliyi üzrə sertifikatlaşdırma audit xidmətinin ödənişini xidmətin tam və keyfiyyətli şəkildə yerinə yetirilməsinə baxmayaraq uzun müddətdir ödəməkdən əsassız və qərəzli şəkildə yayınır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-ci il tarixi 01 nömrəli “Xidmətin göstərilməsi barədə” Akta əsasən iddiaçı cavabdehin sifarişi ilə xx.xx.2023-ci il tarixli, 23-İNE-121 saylı Xidmət Müqaviləsinə uyğun olaraq, dəyəri 18% ƏDV daxil 10030 AZN təşkil edən müvafiq xidmətləri yerinə yetirmişdir. Həmin aktda xidmətin keyfiyyətlə görüldüyü və tərəflərin göstərilən xidmətlə əlaqədar heç bir narazılığı olmadığı təsdiq olunmuş və sifarişçi tərəfindən möhürlənərək imzalanmışdır. Audit xidmətinin göstərilməsi və bunun əsasında cavabdehə müqavilədə qeyd olunan sertifikatın verilməsi faktı iş üzrə sübut qismində əlavə olunmuş təhvil-təslim aktında öz əksini tapır. Cavabdeh pul məbləğinin xx.xx.2023-cü il tarixində 2360 manat, xx.xx.2024-cü il tarixində isə 1180 manat, cəmi 3540 manat ödəsə də geri qalan qalıq 6490 manat pul məbləğini dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq indiyə qədər ödəməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

9. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

19. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

25. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.

26. Podrat müqaviləsi müxtəlif növ xidmətlərin göstərilməsi ilə əlaqədar olduğundan yerinə yetirilməli olan işlərin həcmi, keyfiyyəti, buna görə verilməli olan muzdun həcmi,ödəniş şərtləri müqavilənin özünəməxsus şərti olaraq əvvəlcədən razılaşdırılır.

27. Tərəflər arasında AQİ Q1 əsasında X1rulması ilə bağlı xidmətlərinin göstərilməsi barədə yazılı podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mübahisə iddiaçıya görə yerinə yetirilmiş xidmətin haqqının cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlıdır. İddiaçı müqavilədə göstərilən xidməti, yəni AQİ Q1 əsasında X1rulması ilə bağlı öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini cavabdehdən tələb edir.

28. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olmasının yoxlanılması üçün bu müqavilənin mühüm şərti kimi yerinə yetirilməli işlərin həcmi, keyfiyyəti və muzd (görülümş işlərin dəyəri) barədə tərəflərin əvvəlcədən razılığa gəlmələri, habelə işlərin təhvili və ödəniş şərtləri kimi məsələlərin icra edilib-edilməməsi yoxlanılmılıdır. Bu şərtlərin yoxlanılması, eyni zamanda hər bir tərəfin öz öhdəliklərinin hansı həcmdə yerinə yetirilməsini də ehtiva edir.

29. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə uyğun olaraq yerinə yetirilməli xidmət müqavilənin 1 saylı Əlavəsində göstərilən AQİ Q1 əsasında X1rulması ilə bağlı olmuşdur. Yerinə yetirilməli xidmətin dəyəri (muzdu – 8500 manat, ƏDV ilə birlikdə 10030 manat), müddəti (4 ay) və ödəniş şərtləri və qaydası (50% avans, 50% tamalandıqdan sonra, hesab-faktura və elektron qaimə-faktura tarixindən 15 iş günü ərzində) da 1 saylı Əlavə ilə razılaşdırılmışdır. Müqavilənin 1.3-cü bəndində isə xidmətin (görülmüş işin) qəbul olunması şərti kimi təhvil təslim aktının imzalanması göstərilmişdir.

30. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən öhdəliyi yerinə yetirilmişdir. Belə ki, tərəflər arasında işlərin keyfiyyətlə görülməsi, tərəflərin narazılıq və iddialarının olmaması barədə xx.xx.2024-cü il tarixdə (xidmətlərin həyata keçirilməsi ilə bağlı) 01 saylı Akt imzalanmışdır.

31. Eyni zamanda, İş materialları ilə müəyyən edilir ki, cavabdeh görülmüş işləri qəbul etsə də, razılaşdırılmış xidmət haqqının tam olaraq ödənilməməklə öhdəliyini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hesab-faktura və elektron qaimə-faktura (ödəniş üçün müqavilə şərtidir) verilməsinə baxmayaraq cavabdeh xx.xx.2023-cü il tarixli ödəniş tapşrığı ilə 2000 manat (360 manat ƏDV), xx.xx.2024-cü il tarixli ödəniş tapşrığı ilə 1000 manat (180 manat ƏDV) olmaqla, cəmi ƏDV daxil 3540 manat ödəmiş, qalan 6490 manat pulu isə ödəməməklə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı yerinə yetirdiyi xidmət haqqının dəyərinin qalan – 6490 manat hissəsini tələb etməkdə haqlıdır.

32. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinə görə tələb edilən 1000 manat hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ilə De Fendo Vəkil Bürosu arasında xx.xx.2025-ci il tarixdə bağlanmış müqavilənin 2.1-ci bəndində görə hüquqi yardıma görə xidmət haqqının 1000 manat razılaşdırılması göstərilsə də, bununla bağlı ödəniş sənədi iş materiallarına əlavə edilməmişdir.

33. Məhkəmə hesab edir ki, iddiaçının əsas tələbi üzrə iddiası təmin edildiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6490 (altı min dörd yüz doxsan manat) manat əsas borc və ödənilmiş 95 (doxsan beş manat) manat məbləğində dövlət rüsumu, cəmi 6585 (altı min beş yüz səksən beş manat) manat pul məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar