Məhkəmə qərarları › İş №e-2-2(113)-3072/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3072/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3072/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, uydurma əqd, hüquqdan sui-istifadə – estoppel prinsipi, “respondeat superior”) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) İddiaçı Cavabdehnə qarşı ilkin iddiası

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 183 919,26 manat əsas borcun, 33105,47 manat ƏDV məbləğinin və ödənilmiş 508 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 8.2. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Belə ki, müqavilənin predmeti üzrə cavabdehə xx.xx.2022-ci il tarixli 468382 nömrəli elektron qaimə üzrə 55417,86 manat, xx.xx.2023-cü il tarixli 662751 nömrəli elektron qaimə üzrə 39496,29 manat, xx.xx.2023-cü il tarixli 020717 nömrəli elektron qaimə üzrə 25285 manat, xx.xx.2023-cü il tarixli 923872 nömrəli elektron qaimə üzrə 29078,57 manat, xx.xx.2023-cü il tarixli 926406 nömrəli elektron qaimə üzrə 25285,71 manat, xx.xx.2023-cü il tarixli 362184 nömrəli elektron qaimə üzrə 17666,29 manat məbləğində vəsait ödənilməli olmuşdur. Lakin qeyd edilən ödənişlər və bu ödənişlərin 18 faiz ƏDV məbləği bu günə qədər cavabdeh tərəfindən həyata keçirilməmişdir. 8.2. Cavabdeh tərəfindən xidmət müqaviləsinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır. Ödənişlərin edilməsi tələbi ilə bağlı xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsilə qarşı tərəfə pretenziya göndərilmiş və 1 iş günü ərzində ödəniş edilməsi tələb edilmişdir, lakin qarşı tərəf pretenziya tələbini icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Eyni zamanda hazırkı iş üzrə elektron qaimələr qəbul edən tərəfindən təsdiq edilmişdir və ləğv edilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 700-cü və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddia ərizəsi yalnız formal mülahizələr əsasında tərtib olunmuş və məhkəməyə verilmişdir. İddiaçının hazırkı iddia ərizəsini qaldırmaqda da yeganə məqsədi əsassız varlanmaqdır. Baş verənlər heç də iddia ərizəsində qeyd olunduğu kimi deyildir. Bu hal iddiaçının zəruri sənədləri tam təqdim etməməsindən də aydın şəkildə görünür. 5.2. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli HİS N 07 nömrəli xidmət müqaviləsi imzalanmış və tərəflər arasındakı hüquq və öhdəliklər də həmin müqavilədən irəli gəlmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehə cədvəl 1-də əks olunmuş nəqliyyat vasitələrini xidmət göstərməyə verir. Həmin cədvəldə 3 ədəd nəqliyyat vasitəsinin göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş təhviltəslim aktlarına nəzər yetirdikdə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmətin göstərildiyi görünür. Tərəflər arasında xidmətin göstərilməsi qayda və üsullarını sadəcə bu müqavilə tənzimlədiyindən və tərəflər arasında həmin müqaviləyə əlavə razılaşma imzalanmadığından belə bir sual yaranır: təhvil- təslim aktlarında göstərilmiş və müqavilənin predmetində öz əksini tapmayan 15 və ya daha çox nəqliyyat vasitəsi hansı əsasla təhvil-təslim aktlarına əlavə edilmişdir? 5.3. Əlavə olaraq, müqavilənin 3.6-cı bəndinə əsasən aylıq iş cədvəli (hesabat) 28 gün, gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) üzərindən (yəni aylıq 280 saat iş normasına əsasən) hesablanacaq. Lakin təhvil-təslim aktlarından da göründüyü kimi, iddiaçı tərəfindən müqavilənin tələbinə riayət edilməmiş və nəqliyyat vasitələri gündəlik 8 saat olmaqla xidmət göstərmişlər. Müqavilənin 1.1-ci bəndinə qeyd olunmuş nəqliyyat vasitələri üzrə aylıq xidmət haqları nəzərdə tutulmuşdur. Həmin xidmət haqına uyğun olaraq, məsələn aylıq xidmət haqqı 3500 manat olan “Hyundai” markalı, 50EG041 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ayda 28 gün, gündə 10 saat olmaqla işlədikdə, həmin nəqliyyat vasitəsinin bir saatlıq xidmət haqqı (3500:280=12,50) 12,5 manat məbləğində təşkil edir. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsinə ayda 28 gün, gündə 8 saat işlədikdə (28x8=224x12.50 =2800) 2800 manat, ayda 30 gün, gündə 8 saat işlədikdə (30x8= 240x12.50 =3000) 3000 manat məbləğində xidmət haqqı yaranır. Lakin təkcə 2022-ci ilin iyun ayının təhvil-təslim aktına nəzər yetirdikdə, həmin məbləğin 3000 manat deyil, 3750 manat məbləğində əks olunduğu görünür. 5.4. Bu isə elektron vergi-fakturalar üzrə ödənişlərdə müqavilədə qeyd olunan xidmət haqqından kəskin şəkildə kənarlaşmaya səbəb olmuşdur. Yuxarıda qeyd olunanlardan tam aydın görünür ki, elektron-vergi fakturalar müqavilənin 3.1-ci bəndinə uyğun olaraq təhvil-təslim aktlarına uyğun tərtib edilməmiş, müqavilənin şərtləri pozularaq bəzi hallarda təhvil aktları ümumiyyətlə tərtib edilməmiş, bəzi hallarda tərəflərin imzası və möhürü ilə təsdiqlənməmiş, bütün hallarda isə müqavilədə nəzərdə tutulan iş saatı yerinə yetirilmədiyi halda, iddiaçı artıq hesablar təqdim etməklə əsassız ödənişlərin alınmasına nail olmuşdur. 5.5. Belə ki, qeyd olunan kənarlaşmalara əsasən dekabr 2021-ci il üçün 8400,50 manat, yanvar 2022-ci il üçün 9614,34 manat, fevral 2022-ci il üçün 11542,92 manat, mart 2022-ci il üçün 11900,07 manat, aprel 2022-ci il üçün 13839,39 manat, may 2022-ci il üçün 19782,27 manat, iyun 2022-ci il üçün 16910,84 manat, iyul 2022-ci il üçün 8146,54 manat, avqust 2022-ci il üçün 15889,41 manat, sentyabr 2022-ci il üçün 11535,84 manat, oktyabr 2022-ci il üçün 11957,22 manat, noyabr 2022-ci il üçün 10928,69 manat, dekabr 2022-ci il üçün 10714,41 manat, yanvar 2023-cü il üçün 10714,41 manat, fevral 2023-cü il üçün 6542,93 manat məbləğində olmaqla ümumilikdə 178419,35 manat xidmət haqqına əlavə olaraq əsassız şəkildə hesablanmışdır. 5.6. Həmçinin məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarından görünür ki, dekabr 2021-ci il üçün və fevral 2022-ci il üçün hər hansı işlər görülməmişdir. Aktların tərəflər tərəfindən imzalanıb təsdiq edilməməsi də özlüyündə bunu təsdiq edir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində qeyd olunan xx.xx.2023-cü il tarixli 926406 nömrəli elektron vergi-faktura üzrə təhvil-təslim aktı mövcud deyil. Göründüyü kimi, verilmiş iddia ərizəsi qanunsuz və əsassız olmaqla həqiqəti əks etdirmir. İddiaçının bu iddianı qaldırmaqda məqsədi əsassız varlanmağa nail olmaqdır. Buna görə də verilən iddia ərizəsi tam rədd edilməlidir.

6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 386, 1091-1093-cü və s. maddələrinə istinad edilmişdir.

b) İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası

7. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının müqavilədən kənarlaşma etməsi nəticəsində cavabdeh tərəfindən ödənilmiş 178 419,35 manat məbləğində əsas borc və 16751,76 manat məbləğində ƏDV olmaqla ümumilikdə 195 171,10 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 8.1. iddiaçı ilə cavabdeh arasında 5 noyabr 2021-ci il tarixli HİS N 07 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya cədvəl 1-də əks olunmuş nəqliyyat vasitələrini xidmət göstərməyə verir. Həmin cədvəldə 3 ədəd nəqliyyat vasitəsinin göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarına nəzər yetirdikdə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmətin göstərildiyi görünür. Lakin sonradan məlum olmuşdur ki, tərəflər arasında eyni tarixli və eyni nömrəli (xx.xx.2021-ci il tarixli HİS N 07) iki ədəd müqavilə mövcuddur. Belə ki, bir müqavilədə 3 ədəd nəqliyyat vasitəsi ilə, digərində isə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. 8.2. Müqavilənin predmetini təşkil edən (Cədvəl № 1-də) 18 ədəd nəqliyyat vasitəsini nəzərdə tutan müqavilə sonradan imzalanmışdır. Belə ki, müqavilənin predmetini təşkil edən (Cədvəl № 1-də) 3 ədəd nəqliyyat vasitəsi ilə xidmət nəzərdə tutan müqavilənin hər səhifəsində imza olmasına baxmayaraq, digər müqavilənin bütün səhifələri imzalanmamış, 3 ədəd maşın göstərilən müqavilənin sağ küncündə “icraçı” sözünün qarşısında səhifə 2-5-dən yazılmış, digər müqavilədə isə səhifə 5-dən göstərilmiş, sonradan hazırlanan müqavilənin 4.1.3-cü bəndində səhifəni yekunlaşdırmaq üçün 18 maşın cədvəldə göstərilsə də, 19-24-cü boş qrafaların cədvəldə nəzərdə tutulması əqdin yalan və ya uydurma əqd olmasının göstəricisidir. Həmçinin müqavilənin əslinin cavabdehdə olmaması da, tərəfin ikinci müqaviləni uydurmaqla, müqavilənin predmetini təhvil-təslim aktlarına uyğunlaşdırmağa çalışmasını göstərir. 8.3. Təhvil-təslim aktlarına əsasən cavabdeh müqavilənin tələbinə uyğun şəkildə xidmət göstərməmiş, müqavilənin 3.6-cı bəndinin tələbini pozmuş və nəticədə ciddi kənarlaşmalara səbəb olmuşdur. Belə ki, müqavilənin 3.6-cı bəndinə əsasən, aylıq iş cədvəli (hesabat) 28 gün, gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) üzərindən hesablanır. Lakin təhvil-təslim aktlarına nəzər saldıqda, bəzi nəqliyyat vasitələri aylıq iş saatından (280 saat) az işləməsinə baxmayaraq, hətta xidmət haqqından daha yüksək məbləğdə ödəniş nəzərdə tutulmuşdur. Müqavilənin 1.1-ci bəndinə qeyd olunmuş nəqliyyat vasitələri üzrə aylıq xidmət haqları nəzərdə tutulmuşdur. Həmin xidmət haqqına uyğun olaraq, məsələn aylıq xidmət haqqı 3500 manat olan “Hyundai” markalı, 50EG041 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ayda 28 gün, gündə 10 saat olmaqla işlədikdə, həmin nəqliyyat vasitəsinin bir saatlıq xidmət haqqı (3500:280=12,50) 12,5 manat məbləğində təşkil edir. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsinə ayda 28 gün, gündə 8 saat işlədikdə (28x8-224x12,50=2800) 2800 manat, ayda 30 gün, gündə 8 saat işlədikdə (30x8= 240x12,50=3000) 3000 manat məbləğində xidmət haqqı yaranır. Lakin təkcə 2022-ci ilin iyun ayının təhvil-təslim aktına nəzər yetirdikdə, həmin məbləğin 3000 manat deyil, 3750 manat məbləğində əks olunduğu görünür. Bu isə elektron vergifakturalar üzrə ödənişlərdə müqavilədə qeyd olunan xidmət haqqından kəskin şəkildə kənarlaşmaya səbəb olmuşdur. 8.4. Belə ki, qeyd olunan kənarlaşmalara əsasən dekabr 2021-ci il üçün 8400,50 manat, yanvar 2022-ci il üçün 9614,34 manat, fevral 2022-ci il üçün 11542,92 manat, mart 2022-ci il üçün 11900,07 manat, aprel 2022-ci il üçün 13839,39 manat, may 2022-ci il üçün 19782,27 manat, iyun 2022-ci il üçün 16910,84 manat, iyul 2022-ci il üçün 8146,54 manat, avqust 2022-ci il üçün 15889,41 manat, sentyabr 2022-ci il üçün 11535,84 manat, oktyabr 2022-ci il üçün 11957,22 manat, noyabr 2022-ci il üçün 10928,69 manat, dekabr 2022-ci il üçün 10714,41 manat, yanvar 2023-cü il üçün 10714,41 manat, fevral 2023-cü il üçün 6542,93 manat məbləğində olmaqla ümumilikdə 178 419,35 manat xidmət haqqına əlavə olaraq əsassız şəkildə hesablanmışdır. Nəticədə cavabdeh tərəfindən əsassız şəkildə hesablanmış və iddiaçıya geri qaytarılmamış ƏDV daxil 195 171,10 manat məbləğində pulun geri ödənilməsi zərurəti yaranmışdır. Həmçinin qeyd edilən kənarlaşmalar müvafiq qurumlar tərəfindən aparılan yoxlamalar zamanı iddiaçı tərəfindən xərclərin çoxaldılması və mənfəətin azaldılaraq vergidən yayınma halı kimi qiymətləndirilərək iddiaçıya qarşı maliyyə sanksiyalarının tətbiq edilməsinə səbəb ola bilər.

9. Qarşılıqlı iddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 337, 340-cı və s. maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarları göstərilmişdir.

10. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddiaya etiraz onunla əsaslandırılmışdır ki: 11.1. iddiaçı tərəflər arasında iki müqavilə bağlanıldığını, ikinci müqavilədə 18 ədəd nəqliyyat vasitəsinin göstərildiyini və təhvil-təslim aktlarının ona əsasən hazırlandığını qeyd etmişdir. Belə ki, bu iddia tamamilə əsassızdır. Tərəflər arasında xidmət göstərilməsi ilə bağlı HİS N 07 nömrəli xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi imzalandıqdan sonra qarşı tərəfə xidmət göstərilməyə başlanılmışdır. Sonrakı dövrdə tərəflər arasında müqavilə üzrə olan münasibətlər tərəflər arasında mövcud olan razılaşmaya uyğun şəkildə davam etmiş və tərəflər arasında razılaşmaya əsasən xidmətlər davam etdirilmişdir. Xidmətlərlə bağlı elektron qaimələr qarşı tərəfə vaxtında təqdim edilmişdir. Lakin qarşı tərəf həmin qaimələrə əsasən ödənişləri həyata keçirməmişdir. Hazırkı iş üzrə tərəflər arasında ilkin müqavilə bağlanılmış və sonradan əlavə nəqliyyat vasitələri ilə bağlı razılaşma olmuşdur. Bu razılaşma hər iki tərəfin azad iradəsi əsasında olmuşdur, belə ki, bu razılaşma əsasında tərtib edilmiş təhvil-təslim aktlarının qarşılıqlı şəkildə təsdiq edilməsi də bunu sübut edir. 11.2. Həmçinin qarşı tərəf öz iddiasında cavabdehin əsassız kənarlaşmalara yol verdiyini iddia etmişdir. Qeyd edilən iddia da tamamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim edilən təhvil-təslim aktlarından da göründüyü kimi, həmin aktlarda qeyd edilən nəqliyyat vasitələrinin iddiaçıya xidmət göstərməsi faktı qarşı müəssisənin direktoru tərəfindən imzalanıb möhürlənərək təsdiq edilmişdir. Eyni zamanda bu təhvil-təslim aktlarına əsasən elektron qaimələr də qarşı tərəfə göndərilmiş, lakin qarşı tərəf ödəmələri həyata keçirməmişdir. 11.3. Qarşı tərəf öz iddiasında cavabdeh tərəfindən yalan və uydurmaq əqdin bağlanıldığını da qeyd etmişdir. İş üzrə məhkəməyə təqdim edilən sənədlərə, habelə işin hallarına baxılan zaman aydın şəkildə görmək mümkündür ki, tərəflər arasında olan əqd hüquqi xidmətlərin göstərilməsi məqsədilə bağlanılmış, habelə cavabdeh tərəfindən əqdə uyğun olaraq vicdanlı şəkildə öhdəliklər yerinə yetirilmiş, lakin iddiaçı tərəfindən öhdəliklər icra edilməmişdir. Yəni hazırkı iş üzrə cavabdeh tərəfindən hər hansısa əqdi pərdələmək və ya əqdə uyğun hüquqi nəticələri yaratmamaq niyyəti mövcud deyildir.

12. Qarşılıqlı iddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 425, 442, 443-cü və s. maddələrinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

13. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianın məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

14. Məhkəmənin elektron qaimələrdə göstərilən xidmətlərinin cəmi dəyərinin iddia tələbindən az olması ilə bağlı suallarına cavab olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili təqdim edilən təhvil-təslim aktları və elektron qaimələrdə əks olunan xidmətlərin dəyərinin toplanması zamanı texniki səhvə yol verilməsinin mümkün olduğunu bildirdi.

15. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə çıxışını ünvanlayaraq qarşılıqlı iddia ərizəsinə yazılı etirazının məzmunu təkrar qeyd etmişdir.

16. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianın məzmuna uyğun izahat verdi və qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini xahiş etdi.

17. Məhkəmənin suallarına cavab olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, 2023-cü ilin iyun ayında Cavabdeh MMC-nin direktoru və baş mühasibi dəyişdikdən sonra digər hüquqi şəxslərə qarşı borcların olduğu aşkara çıxmışdır. Lakin həmin şəxslər barəsində hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Təhvil-təslim aktları təsdiq edilsə də, aktlarda tərəflərin razılaşdırdığı şərtlərdən kənarlaşmalar olmuşdur. Ola bilsin ki, həmin aktlar təsdiq edilərkən bu məsələlərə diqqət yetirilməmişdir. Eyni tarixli iki xidmət müqaviləsinin tərtib edilməsi də onlardan birinin uydurma olduğunu göstərir. Sistemlərdində eyni tarixli başqa müqavilənin olduğu aşkara çıxmışdır.

III. Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İlkin və qarşılıqlı iddia tələbləri ilə bağlı

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – İddiaçı MMC (icraçı qismində) ilə Cavabdeh MMC (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 xidmət müqaviləsi mövcuddur. Hər iki müqaviləyə əsasən, “İcraçı” ona məxsus və Cədvəl №1-də əks olunmuş texnikaları “Sifarişçi”yə xidmət göstərməyə verməyi, “Sifarişçi” isə texnikaları təyinatı üzrə istifadə edib “İcraçı”ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilələrin məzmunu arasındakı yeganə fərq müqavilələrin tərkib hissələri olan cədvəllərdə əks olunmuş nəqliyyat vasitələridir. Belə ki, bir müqavilədə “Hyundai” markalı 50EG041 və 90LO688, “Mercedes Benz” markalı 90XR737 dövlət qeydiyyat nişanlı üç nəqliyyat vasitəsi, digər müqavilədə isə həmin nəqliyyat vasitələri ilə yanaşı daha 15 nəqliyyat vasitəsi göstərilmişdir. – tərəflər arasında nəqliyyat vasitələri və xüsusi texnikaların tikinti obyektlərində işləməsi ilə bağlı hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş aktlar tərtib edilmiş, həmin aktlara əsasən 2022-ci ilin sentyabr ayı üçün ƏDV-siz 46964,29 manat, 2022-ci ilin oktyabr ayı üçün ƏDV-siz 33471,43 manat, 2022-ci ilin noyabr ayı üçün ƏDV-siz 24642,86 manat, 2022-ci ilin dekabr ayı üçün ƏDV-siz 21428,57 manat, 2023-cü ilin yanvar ayı üçün ƏDV-siz 21428,57 manat, 2023-cü ilin fevral ayı üçün ƏDV-siz 14971,43 manat olmaqla ümumilikdə ƏDV-siz 162907,15 manat dəyərində görülmüş işlər təhvil alınmışdır. Həmçinin həmin işlərin təhvil verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCİ 468382 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCM 662751 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCN 923872 seriya və nömrəli, EBCN 926406 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCP 020717 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDC 362184 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir (ümumi ƏDV məbləği – 29323,28 manat). – ödəniş tapşırıqlarına əsasən, xx.xx.2021-ci il tarixdə 7803,57 manat, xx.xx.2022ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə 22000 manat, xx.xx.2022-ci il tarixdə 60000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə 42035,72 manat, xx.xx.2022ci il tarixdə 48017,86 manat, xx.xx.2023-cü il tarixdə 53559,32 manat olmaqla ümumilikdə 287 416,47 manat məbləğində pul xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə və ayrı-ayrı elektron qaimələrə istinad edilməklə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. – İlkin iddianın faktiki əsasını təşkil edən 2022 sentyabr-2023 fevral tarixləri əhatə edən elektron qaimələr üzrə ödəniş edilməmişdir.

22. İlkin iddia üzrə İddiaçı MMC xx.xx.2021-ci il tarixli HİS N 07 nömrəli xidmət müqaviləsi üzrə tərəflərin təsdiq etdikləri təhvil-təslim aktlarına əsasən ƏDV daxil olmaqla 217 024,73 manat məbləğində pulun tutulmasını tələb edir.

23. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC 18 ədəd nəqliyyat vasitəsini nəzərdə tutan xx.xx.2021-ci il tarixli HİS N 07 nömrəli xidmət müqaviləsinin uydurma əqd olmasına istinad edərək müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitələrinin şərtləşdirilmiş vaxtdan artıq xidmət göstərməsinə görə ödənilmiş pul vəsaitinin – 195 171,10 manat məbləğində pulun tutulmasını tələb edir.

24. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün ilk növbədə qarşılıqlı iddiaçının əqdin uydurma əqd olmasına istinad edərək ödənilmiş pul vəsaitini tələb etməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

28. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

29. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

30. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

31. Hazırkı halda isə əqdin tərəfi olan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddianın faktiki əsası kimi həmin əqdin uydurma əqd olmasına istinad edir. Lakin tərəflər arasında mövcud olan öhdəlik hüquq münasibətinin əsaslandığı iradə ifadəsinin uydurma olması barədə faktiki əsaslar hazırda mövcud deyildir.

32. Belə ki, qarşılıqlı iddiaçı bir tərəfdən 18 ədəd nəqliyyat vasitəsi əks olunan xx.xx.2021-ci il tarixli HİS N 07 nömrəli xidmət müqaviləsini etibarsız hesab etsə də, digər tərəfdən həmin nəqliyyat vasitələrinin əks olunduğu təhvil-təslim aktları hər iki tərəfin möhürü ilə təsdiqlənmiş, direktorları tərəfindən imza edilmişdir. Həmçinin qarşılıqlı iddiaçı həmin nəqliyyat vasitələri ilə göstərilən xidmətlərin dəyərini ödəmişdir.

33. Digər tərəfdən, məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan müqavilə münasibətləri üzrə qanunvericilikdə məcburi forma müəyyən edilməmişdir. Belə olan halda, fərz olunsa ki, qeyd olunan müqavilə bağlanmamışdır, tərəflər arasında olan işgüzar münasibətlər (ilkin iddiaçının elektron qaimə təqdim etməklə xidməti rəsmiləşdirməsi, qarşılıqlı iddiaçının həmin qaimələrə əsaslanmaqla ödənişlər etməsi, ilkin iddianın faktiki əsasını təşkil edən xidmətlərin təhvil-qəbul aktının təsdiqlənməsi) xidmətlərin üçdən çox nəqliyyat vasitəsi ilə göstərilməsinə və xidmət haqqının fərqli qaydada hesablanmasına dair tərəflərin iradə ifadəsinin mövcud olduğu iş materialları ilə təsdiq olunur.

34. Qarşılıqlı iddiaçı təhvil-təslim aktlarının nə üçün təsdiq olunduğu barədə məhkəmənin suallarına əsaslı cavablar verə bilməmiş, imzalanmanı keçmiş baş mühasib və direktorla əlaqələndirməyə çalışmışdır.

35. Nəzərə alınmalıdır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

36. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

37. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.

38. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir.

39. İlkin iddia üzrə cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. İlkin iddia üzrə cavabdeh isə ilkin iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.

40. Qarşılıqlı iddiaçı öhdəlikdən kənar ödənilmiş pul vəsaitinin tutulması tələbini isə onunla əsaslandırmışdır ki, müqavilənin 1 nömrəli cədvəlində nəqliyyat vasitələri üçün xidmət haqqı, günlük və aylıq xidmət göstərmə saatı müəyyən edilmiş, lakin təhvil-təslim aktlarında həmin müddətlərdən əlavə xidmətin göstərilməsi üçün də haqq hesablanmışdır.

41. Məhkəmə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, xidmətlər ilkin iddia üzrə cavabdeh tərəfindən direktoru tərəfindən imza edilməklə, sonuncunun möhürü vurulmaqla təhvil alınmış, onların dəyərləri ödənilmişdir (2022-ci ilin sentyabr ayına qədər). Başqa sözlə, ilkin iddia üzrə cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.

42. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

43. Bu mənada məhkəmə ilkin iddia üzrə cavabdehin hazırkı mövqeyini hüquqdan sui-istifadə hesab edir və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiasının rədd edilməsi qənaətinə gəlir.

44. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsinin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.

45. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

46. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

47. İlkin iddia üzrə iddiaçı isə hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir. Lakin hazırda yalnız 162907,15 manat əsas borc və 29323,28 manat ƏDV olmaqla ümumilikdə 192 230,43 manat dəyərində xidmətlərin göstərilməsin təsdiqlənir.

48. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

49. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

52. Beləliklə, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan ilkin iddia üzrə cavabdeh müqavilə üzrə yaranmış borcunu ilkin iddia üzrə iddiaçıya ödəməlidir.

53. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə 192 230,43 manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq ilkin iddia üzrə İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

54. İlkin iddia üzrə iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 508 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

55. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə iddiaçı tərəfindən dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün 508 manat ödəniş edilmişdir.

56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 482,23 manat pul ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq ilkin iddia üzrə İddiaçı MMC-yə ödənilməlidir. Qarşılıqlı iddia təmin olunmadığından məhkəmə xərci qarşılıqlı iddiaçıya aid edilməlidir

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən ƏDV daxil olmaqla 192 230 (bir yüz doxsan iki min iki yüz otuz) manat 43 (qırx üç) qəpik məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 482 (dörd yüz səksən iki) manat 23 (iyirmi üç) qəpik məbləğində pul ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar