Məhkəmə qərarları › İş №e-2-2(113)-308/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-308/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-308/2023 28.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “soyuducunun qaytarılması və sair” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əvəzsiz istifadə müqaviləsi, gömrük bəyannaməsi, cərimə, əmlakın qaytarılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “soyuducunun qaytarılması və sair” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 561,55 manat dəyərində olan UBC Smartcooler modelli, ********* barkod nömrəli soyuducunun qayatarılmasını, adıçəkilən soyuducunun vaxtında qaytarılmamasına görə 300 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 07723/S21 saylı müqavilə bağlanaraq, iddiaçı tərəfindən satışı təşkil olunan məhsulların sərinləşdirilib satılmasının təmin edilməsi məqsədi ilə əvəzsiz istifadə üçün UBC Smartcooler modelli, barkod nömrəsi ********* olan soyuducu ünvan 1 ünvanında yerləşən cavabdehin icarəçi kimi işlətdiyi obyektdə ona təhvil verilmişdir. Sonradan cavabdeh icarəyə verən ilə anlaşa bilmədiyi üçün obyekti tərk etmişdir. Bu hadisədən sonra dəfələrlə cavabdehə zəng edilib, iddiaçıya məxsus soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh hal-hazıradək sözügedən soyuducunu qaytarmamışdır. Halbuki cavabdehlə bağlanan adıçəkilən müqaviləyə, cavabdeh iddiaçının icazəsi olmadan soyuducunu digər yerə keçirilməsinə yol verməməlidir. Eləcə də cavabdeh ən azı 5 (beş) təqvim günündən gec olmayaraq iddiaçını planlaşdırılan tədbirlər, yenidən təşkiledilmə, iflas, hüquqi və yaxud faktiki ünvanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və digər dəyişikliklər haqqında yazılı qaydada xəbərdar etməlidir. Eyni zamanda, müqaviləyə uyğun olaraq əmlakın vaxtında qaytarılmamasına, eləcə də əmlakın təmir xərcinin və yaxud itirilmiş və ya məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, cavabdeh daxil olmuş tələb əsasında müqavilə ilə təhvil verilmiş əmlakın dəyərinin 1% həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə iddiaçıya ödəyir. Əmlakın cavabdeh tərəfindən iddiaçıya qaytarılması 15 təqvim günündən artıq müddətə gecikdirilərsə, əmlak itirilmiş və ya məhv edilmiş hesab edilir və cavabdeh onun dəyərini iddiaçıya ödəyir. Belə olan halda, əmlakın vaxtında qaytarılmamasına görə cavabdehdən minimal 300 manat cərimə də tutulmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 462, 735, 736-cı və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında əvəzsiz istifadə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə fərdi sahibkar olan cavabdehə UBC Smartcooler modelli soyuducu təhvil verilmişdir. Lakin sonradan cavabdeh icarəyə götürərək işlətdiyi obyektlə bağlı icrayə verənlə razılaşmadığı üçün obyekti tərk etmişdir. Daha sonra iddiaçının əməkdaşları obyektə baxış keçirən zaman əvəzsiz istifadəyə verilən soyuducunu aşkarlaya bilməmişlər. Cavabdehə dəfələrlə soyuducunun qaytarılması tələbi irəli sürülsə də, sonuncu da qaytaracağını vəd etsə də, bu günədək iddiaçıya əvəzsiz istifadəyə verilmiş soyuducu qaytarılmamışdır.

5. İddiaçının nümayəndəsi həmçinin qeyd etmişdir ki, prenetenziya məktubu 27 iyul 2022-ci il tarixdə göndərilsə də, daha əvvəl də şifahi formada dəfələrlə cavabdehə xəbərdarlıq edilmişdir. Soyuducunun dəyəri ilə bağlı göstərmişdir ki, məhkəməyə təqdim edilən gömrük bəyannaməsi və invoysdan da göründüyü kimi, bir soyuducunun alış dəyəri 286 avro təşkil etmiş, rüsum və s. olmaqla əlavə xərclər də çəkilmişdir. Soyuducunun bugünkü bazar dəyəri 700 manat civarındadır. Eyni zamanda cavabdeh ilə iddiaçının əməkdaşlıq etdiyini nəzərə alaraq, cərimə məbləği əhəmiyyətli dərəcədə azaldılmışdır.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, əvəzsiz istifadəyə verilən hər bir soyuducunun eyniləşdirilməsini, inventarizasiyasını təmin etmək üçün ona barkod vurulur, həmin barkod müqavilədədə qeyd olunur.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaya etiraz etməmiş və bildirmişdir ki, müdiri ilə olan razılaşma əsasında vergi uçotuna alınaraq iddiaçı ilə müqavilə imzalamış, soyuducunu təhvil almışdır. Lakin obyekti icarəyə verənlə müdiri arasında icrarə haqqı ilə bağlı problemlər yaranmış, soyuducu həmin obyektdə olsa da, oraya nə o, nə də müdiri buraxılır. Bu səbəbdən soyuducunu qaytara bilməmişdir.

8. Cavabdeh soyuducunun qaytarılması üçün iddiaçının dəfələrlə ona müraciət etdiyini təsdiqləmiş, soyuducunu qaytaracağını və ya dəymiş ziyanı ödəyəcəyini bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Əvəzsiz istifadə müqaviləsi üzrə soyuducunun qaytarılması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, 07723 nömrəli müqavilənin 1-ci hissəsinə əsasən, bu müqavilə “İstifadəyə verən”in (İddiaçı MMC) satışını təşkil etdiyi məhsulların “İstifadəçi”yə (Cavabdeh) məxsus ticarət obyektində sərinləşdirilib satılmasının təmin edilməsi məqsədi ilə “İstifadəyə verən”ə məxsus soyuducunun (bundan sonra “Əmlak") “İstifadəçi”yə əvəzsiz istifadəyə verilməsi üçün bağlanılır. Təqdim edilmiş Əmlak üçün istifadə haqqı tələb edilmir. “İstifadəçi” “İstifadəyə verən”dən Əmlakı qəbul edir və öz ticarət obyektində “İstifadəyə verən”ə məxsus məhsulların sərgilənməsini təmin etməyi üzərinə götürür və hazırkı Müqavilənin dayandırılmasından/xitamından sonra “İstifadəyə verən”ə Əmlakı təbii köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmağı üzərinə götürür. Əmlakın siyahısı və adları bu müqavilə ilə müəyyən edilir. Tərəflər qəbul edirlər ki, əmlak “İstifadəyə verən”ə məxsusdur və heç bir halda özgəninkiləşdirilə bilməz. Əmlak “İstifadaçi”yə mütləq qaydada Əmlakın təyinatına uyğun istifadə olunması şərti ilə təqdim edilir.

13. Qeyd edilən müqavilənin 2.2-ci bəndinə əsasən, “İstifadəçi” aşağıdakılara dair məsuliyyət daşıyır: Əmlakın mühafizəsini təmin etmək və “İstifadəyə verən”in icazəsi olmadan digər yerə keçirilməsinə yol verməmək (2.2.7); ən azı 5 təqvim günündən gec olmayaraq “İstifadəyə verən”i planlaşdırılan tədbirlər: yenidən təşkil edilmə, iflas, hüquqi və yaxud faktiki ünvanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və digər dəyişikliklər haqqında yazılı qaydada xəbərdar etmək (2.2.14).

14. Adıçəkilən müqavilədə əks olunmuş cədvəldən görünür ki, ünvan 2 ünvanında yerləşən “Partafino” adlı ticarət obyektində istifadə üçün UBC Smartcooler modelli, ********** seriya, ********* barkod nömrəli soyuducunun verilməsi nəzərdə tutulmuşdur.

15. Məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli KML-8183 nömrəli soyuducu təhvil-təsli aktından görünür ki, ********** seriya nömrəli, ********* barkod nömrəli UBC Smartcooler modelli soyuducu cavabdehə təhvil verilmiş və onun tərəfindən qeyd edilən akt imzalanmışdır.

16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı UBC Smartcooler modelli soyuducunu cavabdehin istifadəsinə verməyi, cavabdeh isə həmin əşyanı iddiaçıya qaytarmağı öhdəsinə götümüşdür. Qeyd edilən soyuducu cavabdehə təhvil verilmişdir. Tərəflər müqavilədə razılaşdırmışlar ki, kirayəçi əmlakın muhafizəsini təmin etməli və kirayəverənin icazəsi olmadan digər yerlərə keçirilməsinə yol verməməli, kirayəçi kirayəyəverəni ən azı 5 təqvim günündən gec olayaraq planlaşdırılan tədbirlər: yenidən təşkil, iflas, hüquqi və yaxud faktiki ünvanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və digər dəyişiliklər haqqında yazılı qaydada xəbərdar etməlidir.

17. İddiaçı əvəzsiz istifadəyə vermiş olduğu ********** seriya nömrəli, ********* barkod nömrəli UBC Smartcooler modelli soyuducunun qaytarılmasını tələb edir.

18. Cavabdeh iddiaya etiraz etmir, lakin icarəyə götürdüyü obyektə daxil ola bilmədiyini, soyuducunun qaytarılmasının ondan asılı olmayan səbəblərdən hazırda mümkün olmadığını bildirir.

19. Məhkəmə hesab edir ki, iddia tələbi soyuducunun qaytarılması hissəsində əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh icarəyə götürdüyü obyektə daxil ola bilmədiyini, soyuducunun qaytarılmasının ondan asılı olmayan səbəblərdən hazırda mümkün olmadığını bildirsə də, o iddiaçı ilə müqavilə bağlayaraq əvəzsiz istifadəyə verilmiş əşyanın saxlanılmasına, salamatlığına dair məsuliyyəti, eyni zamanda kirayəverənin icazəsi olmadan onun digər yerlərə keçirilməsinə yol verməməyi, kirayəyəverəni ən azı 5 təqvim günündən gec olayaraq planlaşdırılan tədbirlər: yenidən təşkil, iflas, hüquqi və yaxud faktiki ünvanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və digər dəyişiliklər haqqında yazılı qaydada xəbərdar etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozaraq icarə obyektindən çıxması, əvəzsiz istifadəyə verilmiş əşyanın aqibəti barədə iddiaçıya məlumat verməmiş, ona verilmiş soyuducunu iddiaçıya qaytarmamışdır.

21. Bundan başqa, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin 1.6-cı bəndinə əsasən əmlak “İstifadəyə verən" tərəfindən səbəbindən asılı olmayaraq yazılı xəbərdarlıq təqdim edilməsi ilə 2 (iki) təqvim günü ərzində “İstifadəçi” tərəfindən geri qaytarılmalıdır. Bu halda “İstifadəyə verən” və “İstifadəçi” əmlakın təhvil-təslimi haqqında akt tərtib edirlər. Əmlakın təhvil-təslimi zamanı aşkar olunmuş qüsurlar üzrə məsuliyyəti tam həcmdə “İstifadəçi” daşıyır.

22. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Müqavilənin müddətinin bitməsinə 30 gün qaldıqda tərəflərdən biri digərinə müqavilənin ləğv və dəyişikliklərin edilməsinə dair yazılı bildiriş vermədiyi halda, müqavilə əvvəl müəyyən edilmiş müddətə uzadılmış hesab olunur.

23. İddia ərizəsinə əlavə edilmiş 27 iyul 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən soyuducunun qaytarılması tələb edilmişdir (xx.xx.2022-ci il tarixdə cavabdehə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsi ilə göndərilib; xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən poçtla qəbul edilib).

24. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin xx.xx.2022-ci il tarixədək qüvvədə olması razılaşdırılmış, iddiaçı xx.xx.2022-ci tarixdə cavabdehdən soyuducunun qaytarılması tələb edilmişdir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, hazırkı tələb üzrə iddianın hüquqi əsasını Mülki Məcəllənin 732-ci, 736-cı və 737-ci maddələri təşkil edir.

26. Belə ki, Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

27. Həmin Məcəllənin 736.1-cı maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.

28. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər.

29. Hazırkı iş üzrə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

30. İş materiallarında olan 30 iyun 2020-ci il tarixli, 1359 nömrəli invoysdan görünür ki, UBC SmartCool-350P modelli soyuducunun 1 ədədi 286 avrodur.

31. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsinin 31, 22, 42-ci bəndlərinə görə 86 ədəd UBC SmartCool-350P modelli soyuducunun ümumi invoys dəyəri 24596 (valyuta məzənnəsi 1,9163) avrodur. Eləcədə gömrük bəyannaməsinin 47 və 45-ci bəndlərinə əsasən, gömrük ödənişlərinin cəmi 10040,60 manat, malların gömrük dəyəri isə 52700 manat təşkil edir.

32. Göründüyü kimi, UBC SmartCool-350P modelli soyuducunun 1 ədədinin qiyməti 612,79 manat (52700:86) təşkil etmişdir. Müqavilənin dayandırılmasından/xitamından sonra əmlakın təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmasının (müqavilənin 1.3-cü bəndi) razılaşdırıldığı nəzərə alındıqda soyuducunun hal-hazırda 561,55 manat dəyərində olması ağlabatandır.

33. İddiaçı tərəfindən əşyanın cavabdehə təhvil verildiyi nəzərə alındığında, soyuducunun qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehin müqavilə üzrə əşyanı qaytarmaq vəzifəsini icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının soyuducunun qaytarılması tələbi əsaslı olduğundan təmin edilməli, dəyəri 561,55 manat olan UBC SmartCool-350P (Smartcooler) modelli, ********* barkod nömrəli soyuducu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməlidir.

34. Eyni zamanda Mülki Prosessual Məcəllənin 221.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

35. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi soyuducunun qaytarılmasından ibarətdir. Ancaq yuxarıda qeyd edilmiş normanın məzmunundan göründüyü kimi, əmlak tələbinə dair iddialara baxılarkən həmin əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyəri də göstərilməlidir.

36. Belə olan halda, məhkəmə hesab edir ki, qətnamə icra olunan vaxt UBC Smartcooler modelli, ********* barkod nömrəli soyuducu mövcud olmasa, onun dəyəri olaraq 561,55 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Əvəzsiz istifadə müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

37. İddia ərizəsində iddiaçı 300 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Tərəflər arasındakı müqavilənin 3.5-ci bəndində qeyd edilmişdir ki, əmlakın vaxtında qaytarılmamasına, eləcə də əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “İstifadəçi”yə daxil olmuş tələb əsasında hazırkı müqavilə ilə təhvil verilmiş əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “İstifadəyə verən”ə ödəyir.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

40. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

41. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

42. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh əmlakı qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmiş, eləcə də cavabdeh iddianı qəbul etmiş, lakin özündən asılı olmayan səbəblərdən əmlakı qaytara bilmədiyini bildirmişdir.

43. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 30 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

44. Məhkəmə belə qənaətə gəlir ki, 30 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. c) Mediasiya xərcinin tutulması ilə bağlı

45. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

46. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/2-01539/2022 nömrəli mediaisya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 26 sentyabr 2022-ci il tarixə keçirilməsi nəzərədə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəniş etmişdir.

47. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

48. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

49. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

50. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Dəyəri 561 (beş yüz altmış bir) manat 55 (əlli beş) qəpik olan UBC SmartCool-350P (Smartcooler) modelli, ********* barkod nömrəli soyuducu Cavabdeh alınaraq İddiaçınə verilsin. Qətnamə icra olunan vaxt UBC Smartcooler modelli, ********* barkod nömrəli soyuducu mövcud olmasa, onun dəyəri olaraq 561 (beş yüz altmış bir) manat 55 (əlli beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. 30 (otuz) manat məbləğində cərimə, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar