Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3088/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əvəzsiz istifadə müqaviləsi, əşyanın qaytarılmaması, dəbbə pulunun və zərərin nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 2 ədəd “SDVC” markalı soyuducunun dəyərinin iki misli olaraq 4000 ABŞ dolları pul məbləğinin və 120 manat vəkil üçün xidmət haqqının, 180 manat mediasiya işlərinin aparılması üçün xidmət haqqının, 70 manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə uyğun olaraq dəyəri 1000 ABŞ dolları olan 2 ədəd “SDVC” markalı soyuducu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə sonuncuya əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehdən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Adıçəkilən müqaviləyə əsasən, müqavilənin xitamı haqqında iddiaçı (istifadəyə verən) tələb irəli sürdükdə, cavabdeh (istifadəçi) əmlakın köhnəlmə dərəcəsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir, əmlakın göstərilən müddət ərzində təhvili təmin edilmədikdə, cavabdeh əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2019-cu il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə xitam verildiyi və soyuducuların 3 gün ərzində iddiaçıya qaytarılması və borcun ödənilməsi tələb olunmuşdur. Soyuducuların qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi də cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, soyuducuları qaytarmamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448, 732, 736-cı və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3088/2024 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (İstifadəyə verən qismində) ilə cavabdeh (İstifadəçi qismində) arasında bağlanmış 2019-cu il (iyul ayı) tarixli 18489 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, bu müqaviləyə əsasən İstifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkilərin və çayların İstifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (İstifadəyəverənin mülkiyyətində olan) reklam xarakterli soyuducuları İstifadəçiyə əvəzsiz istifadəyə verməyi, İstifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür (1.1). İstifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 (üç) gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu Müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır (2.9).
12. İş materiallarına əlavə edilən soyuducu hərəkət əmrlərindən görünür ki, 1 ədəd ********* barkodlu soyuducu xx.xx.2019-cu il tarixdə, 1 ədəd ********* barkodlu soyuducu xx.xx.2019-cu il tarixdə imza edilməklə təhvil alınmışdır.
13. Məhkəməyə təqdim edilən pretenziya məktubundan görünür ki, cavabdehdən soyuducuların qaytarılması tələb edilmiş, hər birinin dəyəri 1000 ABŞ dolları olan 2 ədəd “SDVC” markalı soyuducu 3 gün ərzində qaytarılmadığı təqdirdə, soyuducuların dəyərinin 2 misli həcmində, yəni 4000 ABŞ dollarının, əlavə olaraq çəkiləcək xərclərin tələb olunacağı bildirilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən çıxarışdan görünür ki, adıçəkilən pretenziya məktubu xx.xx.2023-cü il tarixdə, saat 14:25-də elektron proqram təminatı vasitəsilə cavabdehin kabinetinə yerləşdirilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı (istifadəyə verən qismində) ilə cavabdeh (istifadəçi qismində) arasında 18489 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə imzalanmış, həmin müqavilə üzrə iddiaçı “SDVC” markalı, dəyəri 1000 ABŞ dolları olan 2 ədəd soyuducunu (ümumilikdə dəyəri 2000 ABŞ dolları) iddiaçı tərəfindən istehsal və satışı təşkil edilən məhsulların sərinləşdirilib satılması üçün cavabdehə əvəzsiz istifadəyə verməyi, cavabdeh isə həmin əmlakı qaytarmağı öz öhdəsinə götürmüşdür. Adıçəkilən soyuducu cavabdeh tərəfindən təhvil alınmış, iddiaçı soyuducunun 3 gün müddətində qaytarılmasını tələb etmiş, həmin tələbi əks etdirən məktub xx.xx.2023-cü il tarixdə X1 Sistemi vasitəsilə cavabdehə çatdırılmış, lakin soyuducu qaytarılmamışdır.
16. İddiaçı soyuducu qaytarılmadığı üçün müqavilənin 2.9-cu bəndinə istinad edərək dəyərinin 2 misli olan 4000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
20. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
21. Həmin Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
22. Tərəflər arasında bağlanmış 18489 nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və istifadəyə verən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir.
23. Mülki qanunvericiliyin əvəzsiz istifadə barədə müddəalarından da aydın olur ki, kirayə müddəti müəyyənləşdirilməyibsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə də müqavilənin müddətinin əmlakın geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədə olması razılaşdırılmışdır. Yəni həm qanunla, həm də tərəflər arasında bağlanmış müqavilə ilə istifadəyə verənin istifadəyə götürülmüş əşyanın qaytarılmasını tələb edərək müqavilədən birtərəfli imtina hüququ nəzərdə tutulmuşdur.
24. Tərəflər arasında bağlanmış 18489 nömrəli müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyə verənə cərimə ödəməlidir. Müqavilənin 2.9-cu bəndinə əsasən, istifadəyə verən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu Müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyə verənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır.
25. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, istifadəyə verilən soyuducunun İstifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi, aşkar edildikdə, həmçinin bu Müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda İstifadəçi əmlakın ümumi dəyərinin 2 mislini İstifadəyə verənə ödəyir.
26. Göründüyü kimi, cavabdeh 18489 nömrəli müqavilə əsasında cavabdehin əvəzsiz istifadəsinə verilmiş “SDVC” markalı soyuducunun qaytarılmaması üçün məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 443.10-cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilədə belə məsuliyyət olaraq soyuducunun qaytarılmaması halında iddiaçının əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququnu şərtləşdirmişdir.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir.
29. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
30. Həmin Məcəllənin 466-cı maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
31. Mülki Məcəllənin qeyd edilən normalarını müqayisəli təhlil etdikdə aydın olur ki, müqavilə rejimindən asılı olaraq öhdəliyin icra edilməməsi halında tərəflər yalnız zərərin, yalnız dəbbə pulunun və ya hər ikisinin tutulması imkanını razılaşdıra bilərlər. Belə olan halda, zərər və dəbbə pulunun nisbəti də məhz tərəflərin razılığından asılı olacaqdır.
32. Qeyd edilən normaların hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, tərəflər öhdəliyin icra edilməməsi, başqa sözlə əvəzsiz istifadəyə verilmiş soyuducunun qaytarılmaması halında dəbbə pulunun ödənilməsini nəzərdə tutmuş, cərimənin dəymiş zərərdən artıq olma imkanını razılaşdırmışlar.
33. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə şərtlərini pozaraq əmlakı iddiaçıya qaytara bilməmişdir. Nəticədə iddiaçı faktiki olaraq əmlakından məhrum olmuşdur. Bu mənada cavabdeh həmin əmlakın dəyəri həddində məsuliyyət daşımaqla bərabər öhdəliyin icra edilməməsi üçün müqavilədə nəzərdə tutulmuş cərimə formasında digər maddi məsuliyyət də daşıyır.
34. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, “SDVC” markalı soyuducunun dəyərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, 18489 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə 4000 ABŞ dolları məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı
35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
36. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, 18489 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə dəbbə pulu məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.
c) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı 120 manat vəkil üçün xidmət haqqının, 180 manat mediasiya işlərinin aparılması üçün xidmət haqqının, 70 manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/20-2023-00018 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
39. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
40. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
41. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin noyabr-dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də həmin hissədə xərc iddiaçıya aid edilməlidir.
42. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosuna ödənilmişdir.
43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 31 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hər hansı vəkilin hüquqi yardımından istifadə etməsi iş materialları ilə təsdiq edilmir. Belə ki, hazırkı işdə iddiaçı vəkillə təmsil olunmamış, hüquqları vəkil tərəfindən müdafiə olunmamışdır. Bu mənada təqdim edilən qəbz üzrə Abşeron rayon vəkil bürosuna ödənilən 120 manat məbləğində pulun da işə aidiyyəti təsdiqlənmir.
49. Eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1-1-ci maddələrinə əsasən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün mediasiya xərci ilə əhatə olunmayan dövlət rüsumunun məbləği 18 manat təşkil edir.
50. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında 2019-cu il tarixli 18489 nömrəli müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 (yetmiş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova