Məhkəmə qərarları › İş №e-2-2(113)-310/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-310/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-310/2024 31.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, elektron qaimə, ödəniş tapşırığı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2021-ci ilin noyabr və dekabr, 2022-ci ilin yanvar, iyun, iyul, avqust, sentyabr və dekabr aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 46551,33 manat və 200 manat mediasiya xərci, 30 manat dövlət rüsumu, cəmi 46781,33 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin noyabr və dekabr, 2022-ci ilin yanvar, iyun, iyul, avqust, sentyabr və dekabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Keşlə və Vətəgə stansiyalarında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım”, “dalan yoluna verilibgötürülmə” və s.) görə Cavabdeh MMCyə 46 551,33 (qırx altı min beş yüz əlli bir manat 33 qəpik) manat yığım hesablanmışdır. Bundan başqa bildiririk ki, Cavabdeh MMC "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixli 01 saylı icarə müqaviləsi bağlayaraq sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi 11/33 yerləşən dalan yolunu icarəyə götürmüşdür. Cavabdeh MMC ADY ilə xx.xx.2022-ci il tarixli 210954 nömrəli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilə bağlayaraq ADY-nin Keşlə stansiyasına birləşən "xxxx" ASCyə məxsus dalan dəmir yolunda yük əməliyyatı aparmaq barədə razılığa gəlmişdir. Keşlə stansiyasında göstərilmiş stansiya xidmətləri yuxarıda qeyd edilən müqavilənin şərtlərinə əsasən həyata keçirilmiş və müqavilənin şərtlərinə uyğun olaraq yığımlar hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddiaçı tərəfindən 2021-ci ilin noyabr və dekabr, 2022-ci ilin yanvar, iyun, iyul, avqust, sentyabr və dekabr aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 46551,33 manat, 3355,37 manat faiz borcu, 2022-ci ilin dekabr ayı üzrə icra edilməmiş öhdəliyə görə 4069,74 manat dəbbə pulu və 200 manat mediasiya xərci, 52 manat dövlət rüsumu, cəmi 54228,44 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Mursaqulov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən edilmiş ödənişlərin təyinat hissəsi səhv göstərildiyi üçün onun ödənişlərinin iddiaçı tərəfindən mövcud borclara silinməsinin həyata keçirilməsi mümkün olmamış, ödənişlər avans ödənişi olaraq nəzərə alınmışdır. Hazırkı mübahisələndirilən elektron qaimələr üzrə ödəniş edilməmişdir.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi N.Mamedov iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr tərəflərindən yoxlanılır, borc düzgün hesablandığı təqdirdə ödəniş edilir. Bundan əlavə, edilmiş bütün artıq ödənişlərin hazırkı iddia ərizəsi üzrə nəzərə alınmasını xahiş edir. Cavabdehin hazırda iddiaçıya ödənilməli olan borcu yoxdur.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

7. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır.

10. Müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə sifarişçi hər gecikdirilmiş gün üçün icraçıya gecikdirilmiş məbləğin 0,1 faizi dəyərində cərimə ödəyir, lakin ümumi cərimənin məbləği xidmət haqqının ümumi dəyərinin 30 faizindən çox olmamalıdır.

11. İddiaçı tərəfindən cavabdehə EBCN 242641 nömrəli xx.xx.2023-cü il tarixli (1370,58 manat),EBCM 936461 nömrəli xx.xx.2023-cü il tarixli (15281 manat),EBCM 633801 nömrəli 10.01.223-cü il tarixli (23,60 manat),EBCM 544024 nömrəli xx.xx.2023-cü il tarixli (26001,60 manat),EBCL 407847 nömərli xx.xx.2022-ci il tarixli (3354,06 manat),EBCL 468363 nömrəli xx.xx.2022-ci il tarixli (15841,01 manat),EBCL 204306 nömrəi xx.xx.2022-ci il tarixli (14407,80 manat),EBCK 589448 nömrəli xx.xx.2022-ci il tarixli (10914,41 manat),EBCK 117751 nömrəli xx.xx.2022-ci il tarixli (15778,59 manat),EBCJ 743545 nömrəli xx.xx.2022-ci il tarixli (62,42 manat),EBCJ 384753 nömrəli xx.xx.2022-ci il tarixli (21830 manat),EBCİ 298186 nömrəli xx.xx.2022-ci il tarixli (16352,44 manat),EBCİ 298186 nömrəli xx.xx.2022-ci il tarixli (16352,44 manat),EBCİ 402955 xx.xx.2022-ci il tarixli (16500,40 manat),EBCH 119827 nömrəli xx.xx.2022-ci il tarixli (4366 manat),EBCG 481707 nömrəli xx.xx.2022-ci il tarixli (234,5 manat),EBCG 481708 nömrəli xx.xx.2022-ci il tarixli (4239,76 manat),EBCD 898178 nömrəli xx.xx.2022- ci il tarixli (14048,39 manat),EBCC 181002 nömrəli xx.xx.2022-ci il tarixli (1536,36 manat),EBCC 215784 nömrəli xx.xx.2022-ci il tarixli (567,58 manat),EBCB 273379 nömrəli xx.xx.2022-ci il tarixli (4468,34 manat),EBBZ 585979 nömrəli xx.xx.2022ci il tarixli (3784,64 manat),EBBZ 585753 nömrəli xx.xx.2022-ci il tarixli (1198,35 manat),EBBS 998313 nömrəli xx.xx.2022-ci il tarixli (24,07 manat),EBBP 415030 nömrəli xx.xx.2022-ci il tarixli (27,08 manat),EBBN 402397 nömrəli xx.xx.2021-ci il tarixli (108,33 manat),EBBN 233159 nömrəli xx.xx.2021-ci il tarixli (23,60 manat) elektron qaimələr göndərilmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 4810 manat,xx.xx.2022-ci il tarixdə 7400 manat,xx.xx.2022-ci il tarixdə 31633,16 manat,xx.xx.2022-ci il tarixdə 7400 manat,xx.xx.2022-ci il tarixdə 7400 manat,xx.xx.2022-ci il tarixdə 7400 manat,xx.xx.2022ci il tarixdə 7400 manat,xx.xx.2022-ci il tarixdə 3700 manat,xx.xx.2022-ci il tarixdə 11905,42 manat,xx.xx.2022-ci il tarixdə 3700 manat,xx.xx.2022-ci il tarixdə 1008,5 manat,xx.xx.2022-ci il tarixdə 6994,05 manat,18.7.2022-ci il tarixdə 1015,55 manat,xx.xx.2022-ci il tarixdə 20,4 manat və 3,67 manat,xx.xx.2022-ci il tarixdə 13371,69 manat və 9249,5 manat,xx.xx.2022-ci il tarixdə 20 manat,xx.xx.2022-ci il tarixdə 52,9 manat,xx.xx.2023-cü il tarixdə 21559,25 manat,xx.xx.2022-ci il tarixdə 774,5 manat,xx.xx.2022-ci il tarixdə 28,5 manat,xx.xx.2022-ci il tarixdə 51,45 manat,xx.xx.2021ci il tarixdə 9 manat,xx.xx.2021-ci il tarixdə 91,81 manat məbləğində pul ödənilmişdir.

13. Əlavə yığımlar üçün 02 saylı vərəqədən görünür ki, iddiaçı tərəfindən cavabdehə Vətəqə stansiyasında göstərilən xidmətlərə görə xx.xx.2022-xx.xx.2022-ci il tarixli dövr üzrə 11569,90 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixli dövr üzrə 14540,55 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixli dövr üzrə 3265,65 manat məbləğində yığım hesablanmışdır.

14. 30.12.2020-ci il tarixli İNV22-18986 nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 14431,71 manat məbləğində pul ödənilməlidir.

15. "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya 125456,43 manat məbləğində vəsait ödənilmişdir.

16. Cavabdeh tərəfindən təqdim edilmiş ƏDV hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 26466,35 manat məbləğində ƏDV ödənilmişdir.

17. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 21559,25 manat məbləğində vəsait ödənilmişdir.

18. Cavabdeh tərəfindən təqdim edilmiş ƏDV hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 3887,88 manat məbləğində ƏDV ödənilmişdir.

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin noyabr və dekabr, 2022-ci ilin yanvar, iyun, iyul, avqust, sentyabr və dekabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə ümumilikdə 46551,33 manat məbləğində yığım hesablanmışdır.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Cavabdeh həmin borcun ödənildiyini, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş bütün elektron qaimələrin müqabilində ümumilikdə 147015,68 manat əsas borc, 26466,35 manat məbləğində ƏDV ödənildiyini, hazırda iddiaçıya hər hansı borcunun olmadığını bildirir.

26. Belə ki, materiallarda olan elektron qaimələrdən (həmin qaimələr cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı tərəfindən mötəbərliyi mübahisələndirilməmişdir) görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə ümumilikdə ödənilməli olan borcun məbləği 192344,93 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş ƏDV hesabından çıxarış və ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixə qədər 147015,68 manat əsas borc, 26466,35 manat məbləğində ƏDV, ümumilikdə 173482,03 manat məbləğində vəsait ödənilmişdir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla qismən təmin edilməli, cavabdehdən 18862,90 manat (192344,93 manat - 173482,03 manat) məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 5-ci bəndinə əsasən hesablanmış müvafiq olaraq 4069,74 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, habelə tələb edilən müqavilə üzrə borcun məhkəmə icraatı dövründə ödənildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 700 manat məbləğində müəyyən edilməlidir.

33. İddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş müddət üçün 3355,37 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 3355,37 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə, qalan ödənilmiş 52 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18862,90 manat əsas borc, 700 manat cərimə borcu, 200 manat mediasiyaya dair xərc, ümumilikdə 19762,90 (on doqquz min yeddi yüz altmış iki manat doxsan qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar