Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3111/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 153.435,11 manat məbləğində pulun, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilmiş 1000 manat məbləğində pulun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat, həmçinin dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 45 manatın, ümumilikdə 154.880,11 manat məbləğində pulun tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, **********549 saylı “Xidmətlərin Təmin Edilməsinə Dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC cavabdeh şirkətin sifarişi əsasında müxtəlif sənaye xidmətləri göstərməli və əvəzində müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavədə əksini tapmış tariflər əsasında xidmətlərin dəyəri Cavabdeh MMC tərəfindən ödənilməli idi. Göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-nin "xxxx" MMC-yə 13 fevral 2023-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” akta əsasən ƏDV daxil olmaqla 151.091,63 (bir yüz əlli bir min doxsan bir manat altmış üç qəpik) manat, həmçinin 2023-cü ilin yanvar-fevral aylarında göstərilən xidmətlərə görə ƏDV daxil olmaqla 2343,48 (iki min üç yüz qırx üç manat qırx səkkiz qəpik) manat, ümumilikdə 153.435,11 (bir yüz əlli üç min dörd yüz otuz beş manat on bir qəpik) manat məbləğində borcu vardır. Göstərilən borcun ödənilməsi təklifi ilə Cavabdeh MMC-yə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, bu günə qədər borc məbləği ödənilməmiş, cavabdeh şirkət üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 məhkəməyə izahat verərək, cavabdeh hüquqi şəxsdə direktorun dəyişməsi prosesinin getdiyini, ona görə də borc məbləğinin dəqiqləşdirilməli olduğunu qeyd etmişdir. III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. - Həmin Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Həmin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, **********549 saylı Xidmətlərin Təmin Edilməsinə Dair Müqavilə bağlanmışdır.
8. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı ("xxxx" MMC) şirkəti (Cavabdeh MMC) sifariş etdiyi müxtəlif sənaye xidmətləri ilə təmin edir, şirkət isə bu müqavilə əsasında xidmətlərin dəyərini ödəməyi öz üzərinə götürür.
9. xx.xx.2018-ci il tarixli müqaviləyə əlavə olan xx.xx.2019-cu il tarixli razılaşma ilə göstəriləcək xidmətlər və onların qiymətləri müəyyən edilmişdir.
10. Hazırda iddiaçı tərəf göstərilmiş xidmətlərə görə cavabdehin ödənilməmiş 153.435,11 manat borcunun qaldığını bildirir.
11. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilələrin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəf Cavabdehnə müxtəlif sənaye xidmətləri (tullantıların daşınması, utilizasiyası və s.) göstərmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
12. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh "xxxx" MMC-nə 31 dekabr 2022-ci il tarixinə 151.091.63 manat borcunun olduğunu etiraf etmişdir. Qeyd edilmiş üzləşmə aktı hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
16. İddiaçı tərəf üzləşmə aktında qeyd edilmiş məbləğdən hər hansı bir ödənişin olmadığını bildirir.
17. Cavabdeh tərəf isə məhkəmə iclasında qeyd edilmiş borcun ödənilməsi barədə hər hansı bir sənəd təqdim edə bilməmiş və ümumilikdə xidmətlərin göstərildiyini, ancaq hüquqi şəxsin direktorunun dəyişmə ərəfəsində olduğu üçün borcun dəqiqləşdirilməli olduğunu qeyd etmişdir.
18. Belə olan halda, Məhkəmə hesab edir ki, hər iki hüquqi şəxs tərəfindən təsdiq edilmiş üzləşmə aktında göstərilmiş məbləğ üzrə xidmətlər göstərilmiş və ona görə də, cavabdeh tərəfindən qeyd edilmiş pul ödənilməlidir.
19. Bundan başqa iddiaçı tərəf 2023-cü ilin yanvar-fevral ayında 2.343,48 manat dəyərində xidmətin göstərildiyini bildirir.
20. İş materialarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə xx.xx.2023-cü il tarixli EBDA 269645 saylı dəyəri 2096,86 manat, xx.xx.2023cü il tarixli EBDA 269372 saylı dəyəri 70,8 manat olan, xx.xx.2023-cü il tarixli EBDB 809953 saylı dəyəri 175,82 manat olan elektron qaimələr göndərilmişdir.
21. Həmçinin iş materiallarından görünür ki, əvvəlki tarixlərdə yəni, üzləşmə aktı imzalanmamışdan öncə də, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə elektron qaimələr göndərilmiş və hamısı sistem tərəfindən təsdiq edilmişdir.
22. Hazırda da, işdə olan sistemdən çıxarışa nəzər yetirildikdə aydın olur ki, qeyd edilmiş 3 ədəd elektron qaimə də, sistem tərəfindən təsdiq edilmişdir.
23. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında işgüzar münasibətlər elektron qaimələr üzrə həyata keçirilmişdir.
24. Eyni zamanda da, işdə olan tullantıların daşınması və təhvil verilməsi haqqında qaimələrdən görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən “İlkin”, “Mahmud”, “Səhhət” adlı şəxslər qaimələri imza etmişlər.
25. Qeyd edilmiş hallar isə Məhkəməyə o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətəndə, 2023-cü ilin yanvar və fevral ayında 3 ədəd elektron qaimələrdə göstərilmiş dəyərdə olan xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir və ona görə də, göstərilmiş xidmətlərin dəyəri ödənilməlidir.
26. Həmçinin də, o da qeyd edilməlidir ki, Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında (vaxt 2:20-ci dəqiqə) cavabdeh tərəf 153.435,11 manat məbləğində borcunun qaldığını etiraf etmişdir.
27. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 153.435.11 (151.091.63+2.343,48) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.
28. İş materiallarında olan MŞB/xx/xx/00404 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı 12 saylı Mediasiya Təşkilatına mediasiya xərci olaraq 400 manat məbləğində pul ödənmişdir.
29. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir.
30. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən ödənilməli olan rüsum məbləği 443,44 manat təşkil etmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
31. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 43,44 manat məbləğində pul vəsaiti də, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 1000 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
33. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul ödənmişdir.
34. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 1000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 153.435 (bir yüz əlli üç min dörd yüz otuz beş) manat 11 (on bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat, 44 (qırx dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov