Məhkəmə qərarları › İş №e-2-2(113)-3123/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3123/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3123/2021 26.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-nin ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan Cəmiyyətin valyuta hesabındakı 49,069.76 (qırx doqquz min altmış doqquz, 76 sent) ABŞ dolları məbləğində qalığın, həmin məbləğin 25%-i miqdarında 12,267 (on iki min iki yüz altmış yeddi) ABŞ dolları məbləğində faiz məbləğinin, habelə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun tutularaq “Ay Konsaltinq LTD“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi şirkət olaraq vəsaitlərinin bankda qalması nəticəsində pis vəziyyətə düşdüyünü, işçilərinin maaşını verə bilmədiyini, ləğv etmə prosesinin illərdir çəkdiyini, bu prosesin nə vaxt sonlanacağı haqqında konkret vaxt bildirilmədiyini nəzərə alıb iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddia tələbini qəbul etməyərək qeyd etdi ki, iddiaçının tələbi ləğvedici tərəfindən Azərbaycan Respublikasının Banklar Haqqında Qanunun 77.1-ci maddəsinə uyğun olaraq kreditor tələbi qeydə alınmışdır. Belə ki, 17.03.2016-cı il tarixində kreditor tələbi kimi 49 069,76 ABŞ dolları məbləğində tələbi ləğvedici tərəfindən qanunamüvafiq qaydada qeydə alınmışdır. Bu isə öz növbəsində kreditorların reyestrində öz əksini tapmışdır. Azərbaycan Respublikası Banklar Haqqında Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-cl maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. LPO Cavabdeh2 ASC isə hazırda həmin növbəlilik üzrə birinci növbənin ödənişinin yığımı və ödənilməsi hissəsindədir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.2-ci maddəsinin tələblərinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən: "Banklar haqqında’’Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır”. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının müəyyənedici hissəsinin otuz səkkizinci abzasına əsasən AR Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar