Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3129/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 5 ay abunə borcu 324 manat və qeydiyyatdan çıxma aktı 35 manat, cəmi borcu 359 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci ildə 0400 nömrəli müqavilə imzalanmışdır va nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Hamin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Cavabdeh öhdəliyini icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2019-cu ildən 6 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 54 ay abunə borcu 324 manat va qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir.
3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Merkuri 130 F-01 markalı nəzarət kassa aparatı xx.xx.2012-ci ildə qeydiyyata alınmış, təxminən 2019-cu ilin ortalarına qədər cavabdeh tərəfindən iddiaçıya xidmət haqları ödənilmiş, cavabdeh tərəfindən daha sonra həmin aparatdan istifadə edilməmiş, digər şəxslə müqavilə bağalanaraq xx.xx.2021-ci il tarixdə yeni nəsil nəzarət kassa aparatı qeydiyyata alınmış, həmin kassa aparatı ilə bağlı "xxxx" MMC-yə ödənişlər edir. Bundan əlavə, iddia ərizəsində göstərilən dövrün bir qismi isə ümumiyyətlə pandemiya dövrünə düşmüş, cavabdehə məxsus mağaza 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayına qədər fəaliyyət göstərməmiş, bu səbəbdən həmin dövrdə ümumiyyətlə iddiaçı tərəfindən ona hər hansı xidmət göstərməmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qanunvericiliyə əsasən İddiaçı MMC ilə cavabdeh arasında müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Cavabdeh hər ay 6 manat olmaqla xidmət haqqını ödəməli idi. Bir müddət cavabdeh tərəfindən ödənişlər edilsə də, 2019-cu ilin iyul ayından ödənişlər olunmayıb. Bundan əlavə, həmin kassanın qeydiyyatdan çıxarılması barədə məlumatları olmamışdır.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (istehsalçı) və cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 0400 nömrəli müqaviləyə əsasən istehsalçı Merkuri-130F-01 tipli zavod 00222951 nömrəli nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, Servis texniki xidmət Mərkəzi isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. Mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehsalçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddərdə NKA-ya göstərilən texniki xidmət və təmirinin dəyəri STXM-in üzərinə düşür.
10. İddiaçı tərəfindən verilmiş 9 saylı maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 0400 nömrəli müqaviləyə əsasən xx.xx.2019-xx.xx.2023-cü il dövrü üzrə hesablanmış aylıq 6 manat abunə üzrə xidmət haqqı 324 manat və qeydiyyatdan çıxma aktı 35 manat təşkil edir. Ümumilikdə cavabdehin borcu 359 manat təşkil edir.
11. xx.xx.2018-ci il tarixli akta əsasən iddiaçı tərəfindən cavabdehə məxsus Merkuri- 130F-01 tipli zavod 00222951 nömrəli nəzarət kassa aparatı qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş qeydiyyat vərəqəsinə əsasən cavabdehə məxsus Merkuri-130F-01 tipli zavod 00222951 nömrəli nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən cavabdehə verilmiş məktubdan görünür ki, cavabdehə məxsus Merkuri-130F- 01 tipli zavod 00222951 nömrəli nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı tərəfindən görülmüş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM)
22. Həmin Əsasnamənin 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır.
23. Həmin Əsasnamənin 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır.
24. Həmin Əsasnamənin 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: - 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; - 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; - 9.3.3. NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; - 9.3.8. Vergi orqanlarında STXM-in tələblərinə uyğun NKA-nın alınması, servis texniki xidməti və təmiri ilə əlaqədar olan sənədləri və həm də bu məsələlərlə əlaqədar olan lazımi izahat, arayış və məlumatları təqdim etmək; - 9.3.9. Vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; - 9.3.11. NKA-nın plombu pozulduqda və ya başqa nasazlıqları yarandıqda, həmçinin vergi orqanları və ya STXM tərəfindən NKA-nın istifadəsinə qadağan qoyulduqda, NKA-dan istifadə edilməsini müvafiq qaydada dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; - 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək;
25. Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının servistexniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir.
26. Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: - nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; - nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır; - NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır; - əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır;
27. Həmin Əsasnamənin 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir.
28. Həmin Əsasnamənin 10.8-ci bəndinə əsasən servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir: - 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək; - 10.8.10. Nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXMin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. - 10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli 0400 nömrəli müqavilə imzalanmış, iddiaçı Merkuri-130F-01 tipli zavod 00222951 nömrəli nəzarət kassa aparatına xidmət etməyi, cavabdeh isə həmin xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüş, xx.xx.2022-ci il tarixdə nəzarət kassa aparatı cavabdehin müraciəti əsasında qeydiyyatdan çıxarılmışdır.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə abunə borcunun (ümumilikdə 204 manat) tutulması hissəsində əsaslıdır.
31. Belə olan halda aydın olur ki, iddia tələbi xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 204 manat (34 ay * 6 manat) məbləğində abunə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Belə ki, nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixdə cavabdehin özü tərəfindən qeydiyyatdan çıxarılmış, bununla bağlı iddiaçı tərəfindən cavabdehə hər hansı xidmət göstərilməmişdir.
33. Bu səbəbdən məhkəmə iddia tələbini qalan hissədə, yəni xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək abunə borcunun tutulması, habelə 35 manat qeydiyyatdan çıxma xərcinin tələb edilməsi hissəsində əsassız hesab edir.
34. Məhkəmə cavabdehin 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayına qədər (ölkədə elan edilmiş karantinlə bağlı) fəaliyyət göstərməməsi səbəbindən ondan hər hansı xidmət haqqının tələb edilə bilməməsi barədə dəlilini əsassız hesab edir.
35. Belə ki, Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
36. Cavabdeh isə məhkəməyə iddiaçıya müqavilə üzrə xidmətlərin dayandırılması, habelə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 204 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə, qalan 10 manat xərc isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 204 manat məbləğində pul, ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova