Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3161/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mobil rabitə xidməti müqaviləsi, borcun ödənilməsi və iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyindən 208.32 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi arasında imzalanmış 08 dekabr 2015-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. 08 dekabr 2015-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin 2.3.1-ci bəndinə görə cavabdeh bu müqaviləyə uyğun olaraq 12 (on iki) ədəd “post paid” nömrəni qəbul edir, həmin nömrələri istifadəçi olmayan kənar şəxslərə vermir və buna görə məsuliyyət daşıyır. Müqavilənin 2.3.3-cü bəndinə görə isə koporativ abunəçi (cavabdeh) təqdim edilmiş xidmətlərə görə ödənişləri vaxtı vaxtında etməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin 2.3.3-cü bəndinin tələbi pozulmuş, təqdim edilmiş xidmətlərə görə ödənişlər vaxtı-vaxtında həyata keçirilməmiş, nəticədə cavabdehin "xxxx" MMC-yə 208,82 manat ödənilməmiş borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi tərəflər arasında münasibətlər 2015-ci ildə yaranmış və müvafiq müqavilə ilə rəsmiləşdirilmişdir. Təxminən 9 ilə yaxın müddət ərzində iddiaçı tərəfindən cavabdehə qarşı heç bir tələb irəli sürülməmiş və iddiaçı tərəfindən qanunvericiliklə tanınmış olan məhkəmədə hüquqlarının müdafiə edilməsindən istifadə edilməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunvericiliyin tələblərinə əsasən təmin edilməməlidir. Belə ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı tərəfindən müvafiq iddia tələbinin irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki, İddiaçı MMC və “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi arasında 08 dekabr 2015-ci il tarixində ***-**** mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə şirkət korporativ abunəçiyə mobil rabitə xidməti göstərir, “Korporativ abunəçi” isə bu Xidmətləri qəbul edib bu Müqavilənin tərkib hissəsi olan Korporativ tarif planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. 3.1-ci hazırkı müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti Korporativ tarif planında, digər xidmətlərin dəyəri isə bu Müqavilənin müvafiq Əlavələrində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə, yaxud şirkətin müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilir. 08 dekabr 2015-ci il tarixində ***-**** mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1 saylı qoşmada nömrələrin siyahısı qeyd edilmişdir. İddiaçı MMC tərəfindən “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinə göndərilmiş hesab fakturada 177,81 manat qalıq borc, 32,01 manat ƏDV məbləği olmaqla ümumilikdə 209,82 manat ödəniləcək məbləğ hesablanmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, borcun yaranması tərəflər arasında 08 dekabr 2015-ci il tarixində ***-**** mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, abunə haqqının ödənilməməsindən irəli gəlir. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, müqaviləyə əsasən cavabdeh öhdəliyini tam icra etmədiyi üçün iddiaçının cavabdehdən borcu tələb etmək hüququ yaranmış olsa da, cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə üzrə xidmətlərin göstərilməsinə dair sənədlər işə əlavə edildiyindən məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Bununla belə məhkəmə iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Çünki iddiaçı tərəfindən hazırkı borcun hansı tarixdən yaranması, hansı dövrü əhatə etməsi və hansı müddətdə ödəniş edilməli olması barədə sübutlar təqdim edilməmişdir. Buna görə də tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənişlərin vaxt aşırı, yəni hər ayın 30-dan gec olmayaraq ödənilməsi nəzərə alınmaqla həmin müqavilə üzrə ilkin ödənişin xx.xx.2015-ci il tarixdə ödənilməli olması əsas götürülərək öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra cavabdeh tərəfindən borcun etirafı ilə bağlı hər hansı hərəkətlər edilməmiş və həmin tarixdən də üç il müddət keçmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən xx.xx.2015-ci il tarixli müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixdə başlanmış və xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni müqaviləyə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçının iddiası rədd edilməlidir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödəniş iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3161/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3161/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver