Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3167/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi Esen Baykanın iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 45954 həcmində əsas borc pul məbləğinin və ödənilmiş 228 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2023-cü il tarixdə İddiaçı MMC (bundan sonra “Sifarişçi”) ilə Cavabdeh MMC (bundan sonra “Xidmət göstərən”) arasında 2023/002 №li xidmət müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə görə, Müqaviləyə əsasən, Xidmət göstərən müqavilə (və onun tərkib hissəsi hesab edilən əlavələrə) şərtlərinə uyğun xidmətləri göstərir, Sifarişçi isə xidmətləri qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2-ci maddəsinə əsasən, bu Müqavilə şərtlərinə uyğun göstərilən xidmətlərin dəyəri razılaşma yolu ilə müəyyən edilir və Xidmət göstərən tərəfindən göndərilən hesabfaktura əsasında həyata keçirilir. Lakin son zamanlar sifariş verilən xidmətlərə qarşı Cavabdeh tərəfindən son dərəcə laqeyd yanaşılmış, xidmətlər vaxtında və lazımınca icra edilməmişdir. Danışıqlar əsasında sifariş edilən xidmətlər üzrə Cavabdeh tərəfindən göndərilmiş olan xx.xx.2025 tarixli 2 ədəd MT 2501 10183890 və MT25011 10184699 saylı fakturaya əsasən xx.xx.2025 tarixində müvafiq olaraq 11.063 manat və 34.891 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Sifariş verilən xidmətlər üzrə nəzərdə tutulan haqq ödənsə də xidmətlərin icra edilməməsi qanunla və müqavilə ilə qorunan hüquqları pozaraq, həm işgüzar, həm də maddi cəhətdən şirkətə ziyan vurmuşdur. Həmçinin Cavabdehin yerinə yetirmədiyi xidmətlərdən dolayı, 3-cü tərəflər qarşısında çıxılmaz vəziyyətdə qalınmışdır. Müqavilənin 3.2-ci maddəsinə görə, Tərəflər bu Müqavilədən irəli gələn öhdəliklərin vaxtında və tam şəkildə yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Beləliklə, göstərilməyən xidmətlərə görə ödənilmiş pul cavabdeh tərəfindən geri qaytarılmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/002 nömrəli müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” aşağıdakı xidmətləri göstərməyi, “Sifarişçi” isə həmin xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürürlər: - Bütün istiqamətlərə aviabiletlərin satışı. - Azərbaycan və ölkə xaricindəki istirahət zonalarına yollayışlarm satışı. - Otellərin rezervatsiyası. - Turların təşkil edilməsi. - Hər növ sığorta xidməti. - Transfer xidməti və avtomobillərin icarəyə verilməsi.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Qiymət razılaşma yolu ilə, manatla müəyyən edilir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən “Xidmət göstərən” 5 (beş) gündən gec olmayaraq görülmüş xidmətlərin haqqının ödənilməsi üçün Sifarişçiyə hesab-faktura təqdim edir. Sifarişçi bu hesab- fakturanı aldıqdan sonra 7 (yeddi) təqvim günü ərzində nəğd və ya köçürmə yolu ilə ödəniş aparır.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən “Xidmət göstərən” müqavilədə göstərilən xidmətləri və işləri “Sifarişçi”yə təhvil verir.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər bu müqavilədə göstərilən öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmələrinə görə məsuliyyət daşıyırlar.
13. Cavabdeh MMC tərəfindən müqavilə üzrə 34891 manat dəyərində xidmət üçün xx.xx.2025-ci il tarixli, MT2***-*******9 saylı və 11063 manat dəyərində xidmət üçün MT2***-*******0 saylı e-qaimələr tərtib edilərək iddiaçı şirkətə göndərilmişdr.
14. xx.xx.2025-ci il tarixli 24 saylı ödəniş tapşırığına əsasən xx.xx.2023-cü il tarixli 2023/002 saylı müqavilə üzrə tərtib edilmiş MT***-*******0 saylı xx.xx.2025-ci il tarixli eqaiməyə əsasən 11063 manat dəyərində və 25 saylı ödəniş tapşırığına əsasən eyni tarixli MT2***-*******9 saylı e-qaiməyə əsasən 34891 manat iddiaçı tərəfindən ödənilməsi üçün tapşırıq verilmişdir.
15. xx.xx.2025-ci il tarixli **********78 saylı ödəmə qəbzinə əsasən 11063 manat məbləğində və **********88 saylı ödəmə qəbzinə əsasən isə 34891 manat məbləğində pul vəsaitləri iddiaçı tərəfindən cavabdeh MMC-nin hesabına ödənilmişdir.
16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
17. İşin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstəriləcək xidmətlərə görə 45954 manat məbləğində pul ödədiyini, lakin cavabdehin həmin ödəniş müqabiləində xidmət göstərilmədiyini iddia edir və həmin məbləğin geri ödənilməsini tələb edir. Cavabdeh şirkətin EMİS-də e-kabineti olmasına baxmayaraq bu müddət ərzində cəmi bir dəfə məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir, iddiaya dair hər-hansı etiraz bildirilməmişdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
20. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə icraçı müvafiq xidmət verilməsini və göstərmiş olduğu xidmətə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
23. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
24. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
25. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
27. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış, xidmətlərin göstərilməsi üçün iddiaçı cavabdeh tərəfindən göndərilmiş e-qaimələr üzrə ödənişlər edilmişdir, lakin həmin ödəniş müqabilində cavabdeh tərəfindən hər-hansı xidmət göstərilməmişdir.
28. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 45954 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı 228 manat məbləğində dövlət rüsumu xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası MPM-in:
31. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
33. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 228 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 45.954 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 228 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova