Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3200/2025 03.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: müqavilə üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 818 saylı diler müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin: 2.1. 1.1-ci bəndinə görə tərəflər arasında münasibətlər bu müqavilə ilə tənzimlənəcəkdir. Bu müqaviləyə əsasən Distribütor (iddiaçı) tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə (cavabdehə) özünə məxsus malları təklif edir, diler isə öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malın keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Distribütor təqdim edir, həmçinin malın Dilerə çatdırılmasını Distribütor öz hesabına həyata keçirəcək. Malların Dilerə çatdırılması tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq. 2.2. 1.2-ci bəndinə görə Diler bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən Distribütorun agenti və ya səlahiyyətli nümayəndəsi kimi yox, məhz malların satışı üzrə müstəqil diler kimi fəaliyyət göstərəcək və bu müqavilədən irəli gələn öhdəliklərinə görə hər hansı üçüncü şəxslər qarşısında məsuliyyət daşıyacaq.
3. Tərəflər arasında iki Üzləşmə aktı tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin xx.xx.2024-cü il tarixinə 37926,57 manat qalıq borcunun olduğu qeyd edilmiş, həmin akt iddiaçının nümayəndələri ilə birlikdə cavabdeh tərəfindən də imzalanmışdır. İkinci Üzləşmə aktı xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Bu üzləşmə aktında cavabdehin xx.xx.2025-ci il tarixə 3800,30 manat borcunun olması göstərilmiş, iddiaçının mühasibi və cavabdeh tərəfindən imzalanmış, həmin aktda cavabdeh tərəfindən “3500 manat fərq var, artıq yazılıb, yoxlamaq lazlmdır” barədə qeyd əlavə edilmişdir.
4. Mübahisənin məhkəmədə davam etdiyi müddətdə cavabdeh tərəfindən 500 manat ödənilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ: a) İddia ərizəsinin dəlilləri
1. İddiaçı sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 3500,30 manat əsas borcun, hüquqi xidmət xərcinə görə 300 manat pulun və 83 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi (iddianın dəqiqləşdirilməsi barədə ərizələr də daxil olmaqla) onunla əsaslandırılmışdır ki, tərəflər arasında, distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən rəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə cavabdehdən 5945,30 manat əsas borc məbləği, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 83 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 6328,30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, cavabdeh xx.xx.2025-ci il tarixində 1000 manat, xx.xx.2025-ci il tarixində 1145 manat, xx.xx.2025-ci il tarixində isə 300 manat olmaqla ümumilikdə 2445 manat ödəniş etmişdir. Bu səbəbdən cavabdehin hazırda əsas borc məbləği 3500,30 manat (5945,30- 2445=3500,30) təşkil edir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
3. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
4. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, “Sədərək” Ticarət Mərkəzində mağaza işlədir. Uzun müddətdir ki, iddiçı ona mal verir. Verilən malları qaimə ilə təhvil alır, qaimənin bir nüsxəsi iddiaçıda, bir nüsxəsi isə onda qalır. İddiaçının tələb etdiyi məbləğdə onun borcu yoxdur, çünki aldığı malın dəyərini tam olaraq qaytarmışdır, qalan hissəsini isə məhkəmədə iddia qaldırıldıqdan sonra ödəmişdir. Uyğunsuzluq olduğundan o, iddiaçının rəhbər şəxslərinə aralarında iki tərəfli yoxlamanın aparılmasını təklif etmiş, yoxlama zamanı onda və iddiaçıda olan qaimələr yoxlanılmış, məlum olmuşdur ki, iddiaçıda olan qaimələrin bir hissəsi onun tərəfindən imzalanmamışdır və orada göstərilən mallar ona təhvil verilməmişdir. İddiaçının nümayəndələri də bununla razılaşmış, lakin sonradan məhkəməyə müraciət etmişlər. Sonuncu üzləşmə aktında da 300 manat borcunun olduğunu bildirmiş, onu da ödəməmişdir. Onun iddiaçıya başqa borcu yoxdur, iddiaçının nümayəndələri başqa şəxlərə verdiyi malın pulun ondan tələb edirlər, çünki həmin malları verdikləri şəxsi tapa bilmirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
6. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
7. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
11. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ:
16. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsassızdır.
17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
18. Yuxarıda qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
19. xx.xx.2022-ci il tarixli, 818 nömrəli müqavilənin məzmunundan görünür ki, tərəflər arasında distribyütorluq fəaliyyətinin həyata keçirilməsi üçün mülki hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsində diler (distribyütor) müqaviləsinin tənzimi ilə bağlı ayrıca müddəalar movcud olmasa da, həmin Məcəllənin 390.1-ci maddəsində Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrin bağlanması imkanı müqavilə azadlığının prinsipi kimi nəzərdə tutulmuşdur.
20. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı ona məxsus olan malları (gündəlik məişət əşyalarını) üçüncü şəxslərə satmaq məqsədilə mütəmadi olaraq cavabdehə veməyi (çatdırmağı), cavabdeh isə həmin malları qəbul edərək onların satışını öz məsuliyyəti ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtinə görə iddiaçı tərəfindən satış üçün təqdim edilən malların miqdarı və qiyməti, habelə malların iddiaçının hesabına cavabdehə çatdırılmasının qaimə ilə yerinə yetirilməsi müəyyən edilmişdir (müqavilənin 1.1 və 1.2-ci bəndləri). Tərəflər arasında distribyüter müqaviləsinin bağlanması və həmin müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya məxsus malların satışının həyata keçirilməsi işin mübahisəsiz hallarıdır. Hazırda mübahisə iddia tələbində son olaraq göstərilən 3500,30 manat dəyərində təqdim edilmiş malın dəyərinin cavabdeh tərəfindən ödənilməməsi ilə bağlıdır.
21. Məhkəmə tərəflər arasında mövcud olan mübahisənin xarakterini nəzərə alaraq qeyd edir ki, iddianın əsaslılığı birbaşa sübutetmə vəzifəsi ilə bağlı olduğundan hüquqi dəyərləndirmə bu istiqamətdə aparılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən də görünür ki, müqavilə üzrə iddiaçının, malların cavabdehə çatdrılmasını nəzərdə tutan öhdəliyinin yaranması anı müqavilə bağlandığı vaxtdan, verilmiş (çatdırılmış) malların dəyərinin tələb edilməsi hüququ isə həmin malların cvabdehə çatdırılmasından sonra yaranmış olur. Başqa sözlə, iddiaçının tələb hüququnun (malların dəyərinin ödənilməsi ilə bağlı) yaranması anı onun həmin malların cavabdehə çatdırılmasını nəzərdə tutan öhdəliyini icra etməsindən asılı edilmişdir. Bu halda, müqavilə şərtlərinə uyğun olaraq malların cavabdehə çatdırılmasını ehtiva edən sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, müqavilə şərtinə görə malların cavabdehə (dilerə) şatdırılmasını iddiaçı öz hesabına həyata keçirməli idi. Müqaviləyə görə çatdırılmanın təsdiqi üsulu kimi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən qaimənin imzalanması nəzərdə tutulmuşdur (müqavilənin 1.1-ci bəndi). Göründüyü kimi, iddiaçı malların dəyərini tələb etmək üçün əvvəlcə həmin malların cavabdehə çatdırılmasını sübuta yetirməlidir. Əvvəldə də qeyd edildiyi kimi, bunun üçün yeganə sübut növü iki tərəfli imzalanmış qaimələrin mövcudluğu olsa da, iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir.
22. İş mateiallarından da görünür ki, iddiçının əsas ilkin tələbi 5945,30 manat olmuş, məhkəmədə mübahisəyə baxılan ərəfədə cavabdeh tərəfindən ümumilkdə 2445 manat pul iddiaçıya ödənilmiş, sonuncu – xx.xx.2025-ci il tarixli üzləşmə aktında borcun 3800,30 manat olması iddiaçı tərəfindən göstərilsə də, cavabdeh aktın “Əlavə qeydlər” hissəsində “3500 AZN fərq var, artıq yazılıb, yoxlamaq lazımdır” qeydini yazaraq sonuncu tələb edilən borcu qəbul etmədyini açıq bəyan etmişdir. Cavabdehin əlavə qeyddə göstərdiyi əlavə yoxlamanın aparılması və nəticələri barədə də iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.
23. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun xx.xx.2019-cu il tarixli Qərarı).
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı