Məhkəmə qərarları › İş №e-2-2(113)-3214/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3214/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3214/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış qeyri-yaşayış sahələrindən pay hissəsinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin Nizamnaməsi ilə müəyyən edilmiş ümumi payın ona məxsus 10% pay hissəsinə mütənasib olan 8 il 10 ay müddətində Cavabdeh MTK tərəfindən tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən 10% pay hissəsinin ona verilməsi və bununla bağlı çəkilməli xərclərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativinin digər həmtəsisçiləri arasında 24 may 2016-cı il tarixdə “payların alqı-satqısı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh MTK-nın 10% payını təsisçi kimi satın almışdır. Cavabdeh MTK-nın 2016-cı il tarixli müqaviləsinə əsasən iddiaçı MTK-nın təsisçisi və 2016-cı il tarixli Nizamnaməsinin 1.5-ci və 4.4-cü bəndlərinə əsasən MTK-nın pay fondunda kooperativ üzvü kimi mütləq payının 10 %-dir. Digər üzvlərin Qanuni nümayəndə 40% pay, X6 20% pay, X4 20% pay və X5 10% pay məxsusdur. Aralarında müqavilə 2016-cı il tarixində bağlansa da, həmin müddətdən hazırki vaxtadək təsisçi kimi, kooperativin üzvü kimi əldə edilmiş gəlirdən heç bir ödəniş edilməyib. MTK tərəfindən tikilmiş onun balansında olan mənzillərin hamısı satılıb, həmçinin, qeyri-yaşayış sahələrinin müəyyən hissəsi satılıb, müəyyən hissə isə MTK-nın mülkiyyətindədir. 2016-cı ildən hazırki vaxtdadək MTK tərəfindən gəlir edilib, lakin ona təsisçi kimi payına düşən hissədə son 8 il 10 ay müddətində heç bir ödəniş edilməyib. Ümumiyyətlə, bu müddətdə MTK-nın digər təsisçiləri və üzvləri olan Qanuni nümayəndə, X7 tərəfindən satılmış mənzillərdən, görülmüş işlərdən əldə edilmiş gəlirdən ona düşən paya münasibətdə heç bir əmlak, pul, qiymətli kağız və ya digər daşınaz və daşınmaz əmlak verilməyib. Buna görə hesab edir ki, son 8 il 10 ay üçün MTK-nın Nizamnaməsi ilə müəyyən edilmiş ümumi paydan ona məxsus 10% hissəyə mütənasib olan yaşayış və qeyri-yaşayış sahələrindən payına düşən hissə ona verilməlidir. Belə ki, Cavabdeh MTKnın Nizamnaməsinin 5.1-ci bəndinə əsasən kooperativ üzvünün əmlak pay haqqı daşınar və daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan paydır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. Nizamnamənin 12.1-ci bəndinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaiti) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansda göstərilən digər maddi dəyərdən ibarətdir. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Alğı-satqı ilə müqaviləsi ilə bağlı təsisçi kimi kooperativin nizamnaməsinə əsasən ümumi payın 10% pay hissəsi üzrə uzun müddət verilmədiyindən 2016-cı ilin may ayından hazırki vaxtadək 8 il 10 ay müddəti daxilində əldə edilmiş əmlakdan 10% pay hissə ona verilməlidir. Həmçinin, bununla bağlı çəkilməli xərclər сavabdeh tərəfindən ödənilməlidir. Belə ki, binanın inşası faktiki olaraq tam bitmiş və binadakı yaşayış sahələri satılmış və təkrar satılmışdır. Həmçinin, müəyyən qeyriyaşayış sahələrin müəyyən hissəsi satılıb. Müəyyən hissəsi ilə balansdadır. Satılmış əmlaklardan gəlir əldə edilib. Lakin, 2016-ci il tarixindən hazırki tarixədək 8 il 10 ay müddətində satılmış sahələr üçün razılaşdırılmış məbləğlər pul ekvivalentində kooperativə tam ödənilməyib, ümumi yığıncağın qərarı olmadan tikilmiş sahələrin satışı icra edilib və əldə edilmiş gəlirləri aylıq, rüblük və illik payın alğı-satqısı müqaviləsi və nizamnamə ilə nəzərədə tutulmuş paylara mütənasib hissələrdə bölüb uzun müddət heç bir ödəniş edilməyib. Şifahi danışıqlar edilməsinə baxmayaraq, uzun müddət müxtəlif səbəblər gətirərək hüquqdan sui-istifadə edərək əmlaka sahiblik edilib. Razılaşdırılmış payın verilməsi və ya ödənilməsi ilə bağlı dəfələrlə şifahi şəkildə şirkətə, direktoruna müraciət olunsa da, cavabdeh tərəf pay hissəsinin verilməsindən və ya ödənilməsindən müxtəlif formada yayınmağa nail olub. Yuxarıda qeyd edilən pozuntu ilə bağlı bir neçə dəfə şifahi danışıqlar aparılsa da və xəbərdarlıqlar etsə də heç bir əhəmiyyəti olmayıb. Sonuncu dəfə pretenziya göndərilsə də nəticədə cavabdeh müqavilə üzrə və qanun üzrə öhdəliyi icra etmək üçün heç bir tədbir görməyib. Preteziyanın çatdırılmasına dair məlumat iddia tələbinə əlavə edilir. Belə davranış təkcə ona qarşı edilməyib. Digər təsisçi 40% payın sahibi X3 qarşı da edilib. Həmçinin, ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbi geri qaytarılıb. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2995/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad qəbul edilib. Qeyd edilib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizənin surəti və ona əlavə edilmiş sənədlərin cavabdehlərə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməyib. Lakin, tərəfindən həqiqətən mübahisə ilə bağlı ilkin pretenziya cavabdeh tərəfə çatdırılmışdır. Buna dair qəbz var. Pretenziya xx.xx.2025-ci il tarixdə MTK-nın işçisi Səlimov qəbul edib. Həmçinin, geri qaytarılma ilə bağlı qərardadı alandan sonra cavabdehə təkrar pretenziyanı və iddia ərizəsinin surətini göndərmişdir. İkinci dəfə cavabdeh tərəf ümumiyyətlə nə iddia ərizəsini, nə də təkrar pretenziyanı qəbul etmədi. Qəbul etməkdən imtina etdi. Tərəfindən qərardadda qeyd edilən öhdəlik tam icra edilib. Ona görə iddia tələbi məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, hazırkı işə məhkəmədə baxılmalı olmadığını bildirdi. Məhkəmə hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 110-1.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. - 110-1.2-ci maddəsinə əsasən kooperativ üzvlərinin pay haqlarına onların şəxsi borclarına görə tutma yalnız bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş halda və qaydada yönəldilə bilər. - 110-1.3-cü maddəsinə əsasən kooperativin pay fondunun və mütləq payın həcmi, mütləq və əlavə payların ödənilmə qaydası, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir. Qiymətləndirməyə bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məşğul olan şəxslər cəlb edilə bilər. - 110.5. Kooperativin ləğvindən sonra qalan əmlak kooperativin üzvləri arasında onun nizamnaməsinə uyğun olaraq bölüşdürülür. - 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. İş materiallarında olan Cavabdeh MTK-nın nizamnaməsinin 4.1-ci bəndinə əsasən kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunun təşkil edir. Üzvlər pay fondunun öz mütləq pay haqlarını pul şəklində, habelə daşınar və daşınmaz əmlak formasında qoya bilər. Kooperativin pay fondu ümumi yığıncağı qərarı ilə müəyyən edilir. Həmin Nizamnamənin 6.1-ci bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən çıxmaq ərizə əsasında, Ümumi Yığıncağın qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 6.5-ci bəndinə əsasən Kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış üzvə onun payının məbləği (dəyəri) kooperativ üzvünün çıxarılması haqqında qərar qəbul edildiyi gündən iki aydan çox olmayan müddətdə qaytarılır. Həmin Nizamnamənin 7-ci bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən xaric etmə, pay haqqı və digər ödənişlərin həcmini və onların üzvlər tərəfindən ödənilmə qaydalarını, pay haqqını tam ödəməyən üzvlərin məsuliyyəti məsələlərini müəyyənləşdirmək, kooperativ üzvləri arasında mənzil bölüşdürmək və s. məsələləri ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilmişdir. Həmin Nizamnamənin 12.3-cü bəndinə əsasən kooperativə üzv qəbul edilmiş şəxsə kooperativin binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq kooperativ üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış sahəsi verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən kooperativə məxsus binalardan pay haqqının verilməsi kooperativin nizamnaməsinə əsasən ümumi yığıncağın səlahiyyətinə aid edilən məsələ olduğundan, qeyd edilən məsələ ilə bağlı MTK-nın ümumi yığıncağının qərarı olmadığı üçün hazırki iddia tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış və qeyri-yaşayış sahələrindən pay hissəsinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qeri qaytarılsın. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilə. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar