Məhkəmə qərarları › İş №e-2-2(113)-3234/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3234/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3234/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat münasibətləri, iddia müddətinin tətbiqi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 10620 manat məbləğində pulun və ödənilmiş 120,97 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdehin iddiaçıya müraciəti əsasında müəssisəsində istehsal olunmuş dəmir yolları üçün dəmir şpalların (tirlərin) dağıdıcı qüvvədən alınan əyim və çata davamlılıq sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında 165/19 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 165/19 nömrəli müqavilə üzrə 10 320 manat bu günədək ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və iddiaçı təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması onun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahlar verdi və iddia müddətinin tətbiq edilməsinə etiraz edərək göstərdi ki, tərəflər arasında çoxsaylı müqavilələr olmuşdur. Bu səbəbdən iddiaçı hüququnun pozulduğunu bilməmişdir.

6. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə mülahizə ünvanlayaraq göstərmişdir ki, tərəflər arasında 165/19 saylı müqavilə əsasında yaranmış borc məbləği ilə əlaqədar məhkəməyə müraciət edilmiş, lakin cavabdeh Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etməsini əsas gətirərək, iddia müddətinin bitməsi ilə əlaqədar ərizə təqdim etmişdir. Qeyd olunan ərizə əsassızdır. Tərəflər uzun müddətdir, əməkdaşlıq edir və müddətin axımı bu halda tətbiq olunmamalıdır. Belə ki, cavabdehlə fərqli müqavilələr üzrə işlər davam etmişdir və hər zaman hesablarına pul gələn kimi ödənişin olunacağını bildirmişlər.

7. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, tərəflər arasında 165/19 saylı müqavilə xx.xx.2019-cu ildə bağlanmış, müqavilə üzrə işlər də həmin tarixdə görülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.2-ci maddəsinə əsasən müqavilə dəyərinin 50%-i avans olaraq, qalan 50% isə işlər görüldükdən sonra icraçıya ödənilməli idi. Deməli, avans ödənişinin və işlərin dəyərinin qalan hissəsinin ödənilmədiyi andan icraçı öz hüququnun pozulduğunu bilirdi və ya bilməli idi və bu tarixdən etibarən iddia müddətinin axımı başlanmış, xx.xx.2022-ci il tarixində isə iddia müddəti bitmişdir. Bu səbəbdən iddianın təmin edilməməsi və iddiadan imtina edilməsi barədə qərardad çıxarılmalıdır.

9. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmiş, məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 13 fevral 2019-cu il tarixli 165/19 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin istehsal etdiyi dəmir yolları üçün dəmirbeton şpalların (tirlərin) dağıdıcı qüvvədən əyim və çata davamlılıq dövrü olaraq aylıq və partiya olaraq təhvil-təslim sınaqlarının keçirilməsini, cavabdeh isə həmin işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə hər üç şpalın (tirin) sınağı üçün xidmət haqqının ƏDV-siz 3000 manat olması, müqavilə qiymətinin 50 faizinin qabaqcadan avans şəklində, qalan hissəsinin hesab-faktura təqdim edildikdən sonra 5 iş günü müddətində köçürmə yolu ilə ödənilməsi razılaşdırılmışdır. Həmin müqaviləyə 13 fevral 2019-cu il tarixli 01 saylı qiymət razılaşdırma protokolu ilə xidmət haqqının ƏDV daxil olmaqla 3540 manat olması şərtləşdirilmişdir. Hər iki hüquqi şəxs tərəfindən təsdiq edilmiş 27 fevral 2019-cü il tarixli 111/19 nömrəli yoxlama-sınaq işlərinin təhvil-qəbulu aktı ilə görülmüş işlər təhvil alınmış, işlərin ümumi dəyəri ƏDV daxil olmaqla 10620 manat olaraq təsdiq edilmişdir.

14. İddiaçı 13 fevral 2019-cu il tarixli 165/19 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə görülən işlərin dəyərinin 10620 manat məbləğində pulun tutulmasını tələb edir.

15. Cavabdeh iddiaya etiraz edərək iddia müddətinin tətbiq edilməsini xahiş edir.

16. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edildiyi halda məhkəmə tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alan iddia müddətini tətbiq etməklə iddianı rədd edə bilər.

17. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

18. Məhkəmə yuxarıda qeyd edilən hüquqi mövqelərə uyğun olaraq iddiaçının hazırkı tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin subyektiv hüququn pozulub-pozulmaması məsələlərin araşdırılmasını və iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

19. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 13 fevral 2019-cu il tarixli 165/19 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi”nin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.

23. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

24. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

25. İddiaçı hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir.

26. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh göstərilən xidmətin dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ mövcuddur və həmin subyektiv hüquq məhz cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizə üzrə aşağıdakıları qeyd edir.

28. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

29. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

30. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

31. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

32. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

33. Bu mənada məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 13 fevral 2019-cu il tarixli 165/19 nömrəli müqavilənin 4.2 – 4.3-cü bəndlərinə əsasən, «Sifarişçi» görüləcək sınaq işlərinə görə «İcraçı»nın hesabına ümumi məbləğin 50%-ni avans şəklində əvvəlcədən ödəyir. Müqavilə qiymətinin qalan hissəsinin (50%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq təqdim edilmiş müvafiq hesab-fakturaya uyğun aparılır. Ödənişlər hesab-faktura daxil olan gündən 5 (beş) iş günü müddətində köçürmə yolu ilə həyata keçirilir.

34. Göründüyü kimi, tərəflər arasında 27 fevral 2019-cu il tarixdə yoxlama-sınaq işlərinin təhvil-qəbulu aparılmış, xidmət haqqı ƏDV daxil olmaqla 10620 manat müəyyən edilmişdir. Cavabdeh isə həmin müqavilə şərtlərinə müvafiq olaraq işlərin dəyərinin 5 (beş) iş günü müddətində köçürmə yolu ödənilməsini öhdəsinə götürmüşdür. Bu mənada iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlamış, iddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə üç illik iddia müddətini ötürmüşdür. Həmçinin iddia müddətinin dayandırılması və ya kəsilməsi halı da müəyyən olunmur.

35. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı həmçinin ödənilmiş 120,97 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar