Məhkəmə qərarları › İş №e-2-2(113)-3237/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3237/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3237/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1101,90 manat məbləğində əsas borc, 32 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumi 70 manat ilkin mediasiya sessiyası xərcinin məbləğinin və məhkəmədə yarana biləcək digər xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “AİR GROUP"MMC ilə "GALAKSİ STUDİO” MMC arasında 10 sentyabr 2021-ci il tarixli sərnişin və baqaj daşınması xidmətlərinin göstərilməsi barədə MD/06/2021 №-li Müqavilə (bundan sonra "Müqavilə") bağlanmışdır. Bundan əlavə, Müqaviləyə xx.xx.2021- ci il tarixli 01 saylı Əlavəsi tərəflər arasında bağlanmışdır. İddiaçı yuxarıda göstərilən Müqavilə və Əlavəyə əsasən icraçı qismində iştirak etmiş və onun tərəfindən bu Əlavə üzrə öhdəliklər tam yerinə yetirilmiş, xidmətlər lazımınca göstərilmişdir və bununla cavabdeh göstərilən xidmətlərin dəyərini İddiaçıya ödəməli idi. 01 saylı Əlavəyə görə sərnişin daşıma xidməti üzrə xx.xx.2021xx.xx.2022-ci il dövr üçün ödəniləcək ümumi məbləğ 1101.86 (bir min yüz bir min, 86 qəpik) AZN təşkil edirdi və göstərilən xidmətlərin dəyərini İcraçı (iddiaçı) Sifarişçiyə (cavabdehə) göndərdiyi hesab-faktura əsasında 5 (beş) gün ərzində İcraçının bank hesabına köçürməli idi. Sifarişçi (cavabdeh) elektron-qaimə fakturadakı məlumatlarla razılaşmaqdıqda elektron-qaimə fakturanı rədd edir və ya düzəliş edilməsi üçün İcraçıya (iddiaçıya) geri göndərir. 5 (beş) təqvim günü ərzində elektron qaimə-fakturanm rədd edilməməsi və ya düzəliş edilməsi üçün geri göndərilməməsi elektron qaimə-fakturanm təsdiq edilməsi qəbul edilir. Sifarişçi (cavabdeh) təqdim edilmiş elektron-qaimə fakturaya etirazını bildirdiyi təqdirdə təqdim edilmiş etiraza cavab vermə müddəti etirazın alındığı tarixdən etibarən 5 (beş) təqvim günü təşkil edir. Sifarişçinin (cavabdehin) müəyyən edilmiş müddətdə etiraza cavab almaması İçraçımn (iddiaçının) etirazı qəbul etməsi deməkdir. Bu Müqavilə üzrə göstərilən aylıq xidmətlər bitdikdən sonra elektron qaiməfaktura və ya təhvil-təslim aktı təqdim edilir və elektron qaimə-faktura xidmətlərin təhvil verilməsini təsdiqləyən sənəd hesab edilir. Bundan əlavə olaraq, iddiaçı, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi müddət vermişdik. Nəticə olaraq 25 sentyabr 2023-cü il tarixində 423 nömrəli çıxış məktubu ilə cavabdehə pretenziya məktubu göndərilmiş və borcun ödənilməsi üçün xx.xx.2023-cü il tarixinədək vaxt verilmişdir. Pretenziya məktubunda hüquqi ünvan qeyd olunduğu üçün məktub qayıtmış, lakin eyni məzmunlu məktub borclunun vergi elektron kabinetinə göndərilmişdir (şəkli əlavə olunur]. Bundan sonra 03 noyabr 2023-cü il tarixində borclu hüquqi şəxsin direktorunun ünvanına mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, hüquqi şəxsin nümayəndəsi mediasiya prosesində iştirak etməmiş və nəticədə bugünədək mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin sifarişləri əsasında 7 dəfə daşıma həyata keçirilmiş, bununla bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmişdir. Cavabdehin qanuni təmsilçisi iddiaçıya (vatsap vasitəsilə) yaranmış borcu ödəyəcəyini bildirmiş, lakin müqavilə üzrə hər hansı ödəniş edilməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli MD/06/2021 nömrəli müqaviləyə əsasən İcraçı Müqavilənin qüvvədə olduğu müddətdə Sifarişçiyə onun göndərdiyi Sifarişlər əsasında Xidmət zonasının hüdudları daxilində bu Müqavilədə müəyyən olunmuş şərtlərlə və qaydada minik avtomobilləri vasitəsilə sərnişinlərin və baqajın daşınması xidmətini göstərməyi, Sifarişçi isə bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.4-cü bəndinə əsasən təhvil-təslim aktım və elektron qaimə-fakturanı aldıqdan sonra 5 (beş) təqvim günü ərzində Sifarişçidən əsaslandırılmış yazılı irad daxil olmadıqda göstərilən xidmətlər Sifarişçi tərəfindən iradsız qəbul edilmiş hesab olunur.

9. İddiaçı tərəfindən cavabdehə EBBL 817731 nömrəli xx.xx.2021-ci il tarixli (148.11 manat), EBBL 816772 nömrəli xx.xx.2021-ci il tarixli (119.45 manat), EBBN 597230 nömrəli xx.xx.2021-ci il tarixli (242.21 manat), EBBR 468291 nömrəli xx.xx.2022-ci il tarixli (164.37 manat), EBBR 469964 nömrəli xx.xx.2022-ci il tarixli (54.18 manat), EBBT 953906 nömrəli xx.xx.2022-ci il tarixli (269.31 manat), EBBT 952305 nömrəli, xx.xx.2022-ci il tarixli (104.23 manat) elektron qaimələr (ümumilikdə 1101,86 manat) təqdim edilmişdir.

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 10 sentyabr 2021-ci il tarixli MD/06/2021 saylı müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

13. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1101,90 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 32 manat dövlət rüsumu və 70 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1101,90 manat məbləğində pul, 32 manat dövlət rüsumu, 70 manat mediasiyaya dair xərc, ümumilikdə 1203,90 (bir min iki yüz üç manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar