Məhkəmə qərarları › İş №e-2-2(113)-324/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-324/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-324/2024 01.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, xidmət müqaviləsi, ziyan, mütəxəssis rəyi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli və 13 sentyabr 2022-ci il tarixli xidmət müqavilələri üzrə natamam görülmüş işlərlə əlaqədar 19620 manat məbləğində, dəymiş ziyanla bağlı 37601 manat məbləğində pulun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında “X25 Mərkəzləri üçün müvafiq məsləhət xidmətlərinin alınmasına dair” 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı və “Biznesin İnkişafı və İSO 9001 standartı üzrə sənəd tərtibatı və sertifikatlaşdırma xidmətləri” üzrə 13 sentyabr 2022ci il tarixli, 319 saylı müqavilələr imzalanmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə müəyyən olunmuş xidmətlər göstərilməmiş, təqdim olunan sənədlər keyfiyyətsiz və aidiyyəti olmayan mənbələrdən istifadə edilməklə yazıldığından müvafiq qurumlar tərəfindən qəbul edilməmişdir. Cavabdeh tərəfindən işlər yerinə yetirilə bilmədiyindən digər ekspertlərin işə cəlb edilməsi və vəsaitlərin xərclənməsi məcburiyyəti yaranmışdır. Faktiki olaraq işlər görüləsi qurumlar tərəfindən cavabdehin tərtib etdiyi sənədlər qəbul edilməmiş və geri qaytarılmışdır. Bu səbəbdən iddiaçı tərəfindən üçüncü şəxslərə həmin sənədlərin hazırlanmasına görə vəsait xərclənmişdir. 2.2. Hər iki müqavilə üzrə cavabdehə ümumilikdə 32725 manat ödəniş edilmişdir. Həmin məbləğdən 13 sentyabr 2022-ci il tarixli, 319 saylı müqavilə üzrə 7000 manat, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə 23700 manat və 2025 manat ƏDV məbləği ödənilmişdir. 2.3. 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə müqaviləyə əlavə olan cədvəldə göstərilən 1-ci iş üzrə cavabdehə 6000 manat ödəniş edilmiş, lakin işləri görə bilmədiyindən cavabdeh həmin işi iddiaçını məlumatlandırmaqla başqa ekspertə icra etdirmiş, cavabdehə həmin iş üçün iki dəfə (6000 manat və 6450 manat) ödəniş edilmişdir. Cavabdeh bildirmişdi ki, iddiaçı həmin vəsaiti ödəsin və o vəsaiti məxaric edib əslində qaytarmalı idi. Lakin sonradan müqavilə üzrə digər işlərə görə gələcəkdə ödəniş etməli olduqlarını qeyd edib onda qalmasını və gələcəkdə bu müqavilə üzrə ümumi vəsaitdən çıxacağını qeyd etmişdir. İkinci iş görülmüş və təhvil alınmışdır. Üçüncü iş üzrə sənədlərin bir qisminin göndərilməsinə baxmayaraq, uyğunsuzluq olduğundan iddiaçı və sifarişçi tərəfindən qəbul edilməmişdir. Dördüncü iş üçüncü işin icrasından sonra mümkün ola bilərdi. Lakin cavabdeh tərəfindən üçüncü bənd üzrə işlər görülmədiyindən bu işlər də görülməmiş və buna görə cavabdehə vəsait ödənilməmişdir. Beşinci bənddə qeyd olunan iş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil verilməli olduğu halda xx.xx.2022-ci il tarixdə natamam göndərilmiş, lakin sifarişçi tərəfindən sənədlər natamam olduğundan geri qaytarılmış, dekabr ayında təhvil verilmiş, lakin yenə də natamam olmuş, icra edilməmişdir. Altıncı iş vaxtında görülməmiş, həmin işə görə 2070 manat vəsait ödənilmişdir. Yeddinci iş üzrə sənədlər ingilis dilində təqdim olunmuş, onlar tərəfindən tərcüməçi ilə müqavilə bağlanmış və 1601 manat ödəniş edilmiş və sənədlər Azərbaycan dilinə tərcümə edilmişdir. Lakin həmin sənədlər peşə hazırlığı və tədrislə bağlı olmadığından sifarişçi tərəfindən sənədlər qəbul edilməmişdir. İşlər başqa şəxslərə gördürülməklə xx.xx.2023-cü il tarixdə təhvil verilib. Səkkizinci iş icra olunmamışdır. Ümumilikdə bu müqavilə üzrə cavabdeh tərəfindən işlər qismən və gecikmə ilə icra edilmiş və nəticədə müqavilə üzrə görülmüş işlərin dəyəri ümumilikdə 11070 manat olmuşdur. Bu müqavilə üzrə tələb olunan məbləğ 12630 manat və 2025 manat ƏDV məbləğidir. 2.4. 13 sentyabr 2022-ci il tarixli, 319 saylı müqavilə üzrə birinci, ikinci və altıncı işlər icra edilmiş, üçüncü, dördüncü, beşinci, yeddi, səkkiz və doqquzuncu işlər icra edilməmişdir. Bu müqavilə üzrə cavabdehdən 4965 manat ödəniş tələb olunur. 2.5. Cavabdeh tərəfindən sənədlərin rəsmi dövlət dilində təqdim edilməməsi səbəbindən "xxxx" MMC ilə 22 noyabr 2022-ci il tarixdə müqavilə imzalanaraq təqdim edilmiş (ingilis dilində) sənədlərin rəsmi dövlət dilinə tərcümə edilməsi üçün 1601,50 manat ödəniş edilmiş, ziyan dəymişdir. Bundan başqa, cavabdeh sənədləri vermədiyindən üçüncü şəxslə 36 000 manat dəyərində müqavilə bağlanmışdır. Cavabdeh vaxtında işləri görmədiyindən sifarişçi tərəfindən cərimə tətbiq olunmaqla layihə üzrə ödəniləcək məbləğin verilməsindən imtina edilmişdir. Bu səbəbdən 3-4-cü bəndlərdə görüləcək işlərlə bağlı cavabdehdən 36 000 manat dəymiş ziyan tələb edirlər.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 428.4, 442, 445.1, 445.2.1, 1096-cı və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeyi

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi (qanuni təmsilçi) X10 iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişlər ki, görülən işlər X11 tərəfindən təsdiq olunmalı idi. İşlərdə olan qüsurlarla bağlı cavabdehə dəfələrlə müraciət etmişlər, cavabdeh tərəfindən dəyişikliklər olunmasına baxmayaraq, yenə də işlər qəbul olunmamışdır.

5. Məhkəmənin suallarına cavab olaraq bildirmişlər ki, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə birinci işi cavabdeh görmüş, lakin iş keyfiyyətsiz görüldüyü üçün qəbul olunmamış, onların razılığı ilə cavabdeh işi başqa ekspertə gördürmüş, həmin iş qəbul olunmuşdur. Həmin işə görə iki dəfə ödəniş edilmişdir. Əvvəlcə razılaşmışlar ki, ödənişi ekspertə onlar etsinlər. Lakin sonradan həmin ekspertə ödəniləcək pulu cavabdeh ödəmişdir. Cavabdeh həmin iş üzrə ödənilən 6000 manat məbləği geri qaytarmalı idi. Lakin sonradan müqavilə üzrə digər işlərə görə gələcəkdə ödəniş etməli olduqlarını qeyd edib onda qalmasını və gələcəkdə bu müqavilə üzrə ümumi vəsaitdən çıxacağını qeyd etmişdir. Üçüncü iş üzrə 4000 manatlıq hissəni qəbul etmiş, lakin noyabr ayında müəyyən olunmuşdur ki, materiallar köçürmədir, ona görə də həmin işə görə ödənilən məbləği tam geri tələb edirlər. Altıncı iş tam görülüb və qəbul olunub, lakin vaxtında təqdim olunmadığından həmin işin dəyərini 2070 manat kimi qiymətləndirirlər. Yeddinci iş üzrə cavabdeh tərəfindən materialların az hissəsi Azərbaycan dilində təqdim olunsa da, əsas hissəsi ingilis dilində təqdim olundu. Halbuki materiallar Azərbaycan dilində təqdim olunmalı idi. İşi sürətləndirmək və köməklik etmək məqsədi ilə sənədlər bütöv sənədlər olduğundan ingilis dilində təqdim olunanlar da tərcümə etdirildi və müəyyən olundu ki, İSO standartlarının tələblərinə uyğun deyildir. Həmin standartları sertifikasiya qurumu tərəfindən təsdiqlətdirmək cavabdehin öhdəliyi idi. Cavabdeh tərcümə olunmuş formada təqdim etməli olduğu halda, ingilis dilində təqdim etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə işlərin görülməsindən imtina etmiş, işi lazımı qaydada görmədiyi üçün başqa ekspertlə xx.xx.2023-cü il tarixli 36000 manat qiyməti olan müqavilə bağlanılmış, 5000 manat ödəniş edilmişdir. Bu müqavilə ilə 3 və 4-cü işlər görülməlidir, lakin işlər tam icra olunmamışdır. Həmin müqavilənin dəyərini zərər kimi tələb edirlər. Cavabdeh işləri lazımi qaydada görmədiyi üçün həmin müqavilədə rəylərin verilməsi də razılaşdırılmışdır. 13 sentyabr 2022-ci il tarixli, 319 saylı müqavilə üzrə birinci, ikinci və altıncı işlər icra edilmiş, üçüncü, beşinci, yeddinci və doqquzuncu işlər icra edilməmiş, dördüncü və səkkizinci işlər lazımi qaydada icra edilməmişdir. Dördüncü iş qismən təqdim olunub. Səkkizinci iş üzrə cavabdeh təlimləri keçirməmiş, yarımçıq qoyub getmişdir.

6. Həmçinin suallara cavab olaraq bildirmişlər ki, cavabdehə pretenziya göndərilərkən təklif xarakterli olmuş, razılaşma istiqamətində təxmini tələblər qeyd olunmuş, pretenziyada qeyd olunanlar qeyri-dəqiq olmuşdur. Məhkəməyə müraciət olunarkən və məhkəmə icraatının gedişində dəqiqləşmələr aparılmış və işin nəticəsi, tələb olunan məbləğlər dəqiq qeyd olunmuşdur.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iddiaya etiraz etdi və rədd olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, işlər onlar tərəfindən görülmüş, iddiaçı tərəfindən düzəlişə qaytarılmış, onlar da düzəliş etmiş, qeydlərini vermişlər. Sonradan iddiaçı ödənişi etmədiyi üçün işin icrasını dayandırmışlar. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, müqavilə bağlanan zaman görülən işlərin X7 təqdim olunmaq üçün sifariş edildiyini bilirdi. Bildirilmişdi ki, sənədlər İSO standartlarına uyğun hazırlanmalıdır ki, akkreditasiyadan keçsinlər. Diplomlar xarici ölkələrdə də keçərli olmalıdır. 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə yeddinci iş üzrə materiallar ingilis dilində təqdim olunmuşdur. Bunun səbəbi bu olmuşdur ki, İSO standartları ingilis dilində təqdim olunur, sertifikasiya qurumu həmin standartı qiymətləndirdikdən sonra təlim hissələrini onlar icra etsələr, standartlar tərcümə olunacaqdı. Üçüncü işlə bağlı 20 sillabus, 4 proqram təqdim olunmuş və bildirilmişdir ki, tələblərinə uyğundursa, qalan hissənin də işləsinlər. Beşinci iş üzrə KPİ ilə bağlı nöqsanlar aradan qaldırılmadı, çünki KPİ əslində əlavə iş olmamalı, İSO standartlarının daxilində olmalı idi. KPİ sisteminin detallı yazılışı onun ayrı-ayrı rayonlarda tətbiq edilə bilməməsinə gətirib çıxarır. Bu baxımdan iddiaçı tərəfə bildirmişlər ki, tətbiq olunma olsun, audit keçirilsin və sonra digər məsələlər müəyyən edilsin. Ümumiyyətlə, iddiaçı ödənişləri dayandırdığı üçün onlar da işin icrasını dayandırmışlar. 6000 manatı iddiaçıya qaytarmışlar. Belə ki, həmin məbləği iddiaçının mühasibi olan Ayşən xanıma ofisdə təqdim etmişdir. 13 sentyabr 2022-ci il tarixli, 319 saylı müqavilə üzrə üçüncü, beşinci, yeddinci və doqquzuncu işlər görülməmiş, qalan işlər tam görülmüşdür. Təlimləri yarımçıq qoymamışlar. Təlim zamanı təxmini 10 görüş olmuşdur. Təlimin iştirakçısı onlara müdaxilə etmiş, onlar da təlimi başa çatdırmamış oranı tərk etmiş, iddiaçı tərəfə də bunu bildirmişlər. Sonradan təlimləri keçirmişlər.

8. Sonuncu baxış iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilmiş, cavabdeh iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi

a) 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı və 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilələr üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: - İddiaçı MMC (sifarişçi qismində) ilə Cavabdeh MMC (podratçı qismində) arasında 01 mart 2022-ci il tarixdə Bərdə və Quba şəhərlərində qurulması və fəaliyyəti nəzərdə tutulan X26 üçün müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilmiş xidmətlərin icrası üçün 0xx/xx-2021 saylı müqavilə bağlanaraq müqavilənin ümumi qiyməti 37500 manat (ƏDV-siz) razılaşdırılmış, işlərin adı, məzmunu, icra müddəti və qiymətləri müqaviləyə Əlavə 1-də təsdiq olunmuş, ayrı-ayrılıqda işlərin qiymətləri “Peşə və ixtisaslara elan tələbatın müəyyən edilməsi məqsədi ilə Qarabağ iqtisadi rayonu üzrə və Quba-Xaçmaz İqtisadi rayonu üzrə ekspress əmək bazan araşdırmasının aparılması və sifarişçiyə hesabatın elektron daşıyıcıda təqdim olunması” 6000 manat, “X19 işsiz və işaxtaran şəxslərin peşə hazırlığının həyata keçirilməsi istiqamətində Ümumi fəaliyyət konsepsiyasının hazırlanması” 3000 manat, “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” 8000 manat, “Hazırlanmış tədris proqramları (sillabuslar) və təlim materialları əsasında təlim keçəcək pedaqoji və inzibati/mütəxəssis heyətinin sifarişçinin müəyyən edəcəyi meyarlar üzrə seçilməsi və onlar üçün təlimin təşkili” 5000 manat, “X8 (KPİ-X12) üzrə Prosedur- Təlimatların hazırlanması” 3000 manat, “Ekspress araşdırmanın nəticələrinə dair hazırlanmış tədris proqramlarına (sillabuslar) uyğun müdavimlərin səriştələrinin qiymətləndirilməsi sisteminin tətbiqi üzrə prosedur təlimatların hazırlanması” 4500 manat, “Tədris proqramlarına (sillabuslar) və beynəlxalq standartlara uyğun akkreditasiya/sertifikasiya sisteminin qurulması üzrə təlimatların hazırlanması” 4500 manat, “Qiymətləndirmə metodlarından istifadə təcrübəsinin Mərkəzin müvafiq heyətinə aşılanması, mütəxəssislərin bu sahədə hazırlıq səviyyəsinin artırılması üzrə təlimin keçirilməsi” 3500 manat kimi təsbit olunmuşdur. - İddiaçı MMC (sifarişçi qismində) ilə Cavabdeh MMC (icraçı qismində) arasında 13 sentyabr 2022-ci il tarixdə SG/CC 319 saylı müqavilə bağlanmış, iddiaçı təqdim edilmiş Şirkətin fəaliyyətinin genişləndirilməsi, keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə cavabdehə İSO sertifikatların alınması xidmətlərinin göstərilməsini sifariş verib razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada müqavilənin ayrılmaz hissəsi olan Xidmət Aktında göstərilən xidmətləri göstərməyi öhdəsinə götürmüş, işlərin adı, müddəti, qiyməti “Xidmətlər üzrə iş həcmi və qiymət razılaşdırma protokolu”nda təsdiq olunmuş, ayrı-ayrılıqda işlərin qiymətləri “Mövcud vəziyyətin auditinin keçirilməsi və hesabatın hazırlanması” 480 manat, “Yeni təşkilati strukturun hazırlanması” 110 manat, “Əməliyyat (icra) təlimatlarının hazırlanması (operational procedures)” 4140 manat, “Kadrların qiymətləndirilməsi və təkmilləşdirmə planının yazılması (training and improvement plan)” 1445 manat, “Yeni kadrların yığımında kömək” 720 manat, “Biznes inkişaf planının hazırlanması” 1445 manat, “Marketinq və satış planının hazırlanması” 1100 manat, “Bütün təlimatlar üzrə işçilərə təlimlərin keçirilməsi” 460 manat, “İSO 9001 üzrə sertifikatlaşdırmanın edilməsi” 2100 manat kimi təsbit olunmuşdur. - 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə 6000 manat akt əsasında, 17700 manat köçürmə yolu ilə olmaqla ümumilikdə 23700 manat pul və 2025 manat ƏDV, 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə 7000 manat ödəniş olunmuşdur. - 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Peşə və ixtisaslara elan tələbatın müəyyən edilməsi məqsədi ilə Qarabağ iqtisadi rayonu üzrə və Quba- Xaçmaz İqtisadi rayonu üzrə ekspress əmək bazan araşdırmasının aparılması və sifarişçiyə hesabatın elektron daşıyıcıda təqdim olunması” (1-ci iş), “X19 işsiz və işaxtaran şəxslərin peşə hazırlığının həyata keçirilməsi istiqamətində Ümumi fəaliyyət konsepsiyasının hazırlanması” (2-ci iş), “Ekspress araşdırmanın nəticələrinə dair hazırlanmış tədris proqramlarına (sillabuslar) uyğun müdavimlərin səriştələrinin qiymətləndirilməsi sisteminin tətbiqi üzrə prosedur təlimatların hazırlanması” (6-cı iş) işləri görülmüş, “Hazırlanmış tədris proqramları (sillabuslar) və təlim materialları əsasında təlim keçəcək pedaqoji və inzibati/mütəxəssis heyətinin sifarişçinin müəyyən edəcəyi meyarlar üzrə seçilməsi və onlar üçün təlimin təşkili” (4-cü iş), “Qiymətləndirmə metodlarından istifadə təcrübəsinin Mərkəzin müvafiq heyətinə aşılanması, mütəxəssislərin bu sahədə hazırlıq səviyyəsinin artırılması üzrə təlimin keçirilməsi” (8-ci iş) işləri görülməmişdir. - 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə “Mövcud vəziyyətin auditinin keçirilməsi və hesabatın hazırlanması” (1-ci iş), “Yeni təşkilati strukturun hazırlanması” (2-ci iş), “Biznes inkişaf planının hazırlanması” (6-cı iş) işləri görülmüş, “Əməliyyat (icra) təlimatlarının hazırlanması (operational procedures)” (3-cü iş), “Yeni kadrların yığımında kömək” (5-ci iş), “Marketinq və satış planının hazırlanması” (7-ci iş), “İSO 9001 üzrə sertifikatlaşdırmanın edilməsi” (9-cu iş) işlər görülməmişdir.

13. İşin mübahisəli halları aşağıdakılardan ibarətdir: - 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” (3-cü iş), “X8 (KPİ-X12) üzrə Prosedur-Təlimatların hazırlanması” (5-ci iş), “Tədris proqramlarına (sillabuslar) və beynəlxalq standartlara uyğun akkreditasiya/sertifikasiya sisteminin qurulması üzrə təlimatların hazırlanması” (7-ci iş) işlərinin lazımi qaydada icra olunubolunmaması. - 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə “Kadrların qiymətləndirilməsi və təkmilləşdirmə planının yazılması (training and improvement plan)” (4-cü iş), “Bütün təlimatlar üzrə işçilərə təlimlərin keçirilməsi” (8-ci iş) işlərinin lazımi qaydada icra olunub-olunmaması. - Ödənilmiş vəsaitdən 6000 manatın iddiaçıya qaytarılıb-qaytarılmaması.

14. İddiaçı bildirir ki, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Peşə və ixtisaslara elan tələbatın müəyyən edilməsi məqsədi ilə Qarabağ iqtisadi rayonu üzrə və Quba-Xaçmaz İqtisadi rayonu üzrə ekspress əmək bazan araşdırmasının aparılması və sifarişçiyə hesabatın elektron daşıyıcıda təqdim olunması” (1-ci iş) işi üzrə cavabdehin işin nəticəsi kimi təqdim etdiyi sənədlər qəbul olunmamış, cavabdeh onların razılığı əsasında işi başqa ekspertə icra etdirmişdir. Bu işin icrası üçün cavabdehə 2 dəfə ödəniş edilmişdir. Cavabdeh ekspertə ödəniş etmiş, həmin iş üçün artıq ödənilmiş vəsaitin onlara geri qaytarılması razılaşdırılmış, lakin cavabdeh müqavilə üzrə digər işlərə görə gələcəkdə ödəniş etməli olduqlarını qeyd edib həmin vəsaitin onda qalmasını və gələcəkdə bu müqavilə üzrə ümumi vəsaitdən çıxacağını qeyd etmişdir. “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” (3-cü iş), “X8 (KPİ-X12) üzrə Prosedur-Təlimatların hazırlanması” (5-ci iş), “Tədris proqramlarına (sillabuslar) və beynəlxalq standartlara uyğun akkreditasiya/sertifikasiya sisteminin qurulması üzrə təlimatların hazırlanması” (7-ci iş) işlər dəfələrlə düzəliş edilməsi üçün cavabdehə qaytarılsa da, cavabdeh lazımi qaydada işləri icra edə bilməmiş, cavabdehin işin nəticəsi kimi təqdim etdiyi materiallarda köçürmələr aşkar olunmuşdur. “Ekspress araşdırmanın nəticələrinə dair hazırlanmış tədris proqramlarına (sillabuslar) uyğun müdavimlərin səriştələrinin qiymətləndirilməsi sisteminin tətbiqi üzrə prosedur təlimatların hazırlanması” (6-cı iş) tam icra olunsa da, vaxtında icra olunmamışdır, ona görə həmin işin dəyərini 2070 manat kimi qiymətləndirirlər. 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə “Kadrların qiymətləndirilməsi və təkmilləşdirmə planının yazılması (training and improvement plan)” (4-cü iş) işin bir hissəsi təqdim olunmuş, “Bütün təlimatlar üzrə işçilərə təlimlərin keçirilməsi” (8-ci iş) işini cavabdeh yarımçıq qoymuş, yerinə yetirməmişdir.

15. Cavabdeh bildirir ki, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə 6000 manat pulu iddiaçının işçisinə ofisdə təqdim etmiş, “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” (3-cü iş) işi üzrə 20 sillabus, 4 tədris materialı təqdim etmiş, iddiaçı ödəniş etmədiyindən işi yarımçıq saxlamış, “X8 (KPİ-X12) üzrə Prosedur-Təlimatların hazırlanması” (5-ci iş), “Tədris proqramlarına (sillabuslar) və beynəlxalq standartlara uyğun akkreditasiya/sertifikasiya sisteminin qurulması üzrə təlimatların hazırlanması” (7-ci iş) işlərini tam icra etmiş, 13 sentyabr 2022ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə “Kadrların qiymətləndirilməsi və təkmilləşdirmə planının yazılması (training and improvement plan)” (4-cü iş) işini icra etmiş, “Bütün təlimatlar üzrə işçilərə təlimlərin keçirilməsi” (8-ci iş) işi üzrə bir görüşü yarımçıq tərk etmişlər, lakin sonradan bütün təlimlər keçirilmişdir.

16. Məhkəmə qeyd edir ki, hazırkı tələbə qiymət verilməsi üçün mübahisəli işlərin lazımi qaydada icra olunub-olunmaması müəyyən edilməlidir. Qeyd olunan məsələyə hüquqi qiymət verilməsi ilə bağlı isə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı və 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilələrin hüquqi mahiyyət etibarilə xidmət müqaviləsidir, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

17. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

18. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

19. Mülki Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

21. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

22. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

23. Məhkəmə mübahisəli işlərin, yəni 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” (3-cü iş), “X8 (KPİ-X12) üzrə Prosedur-Təlimatların hazırlanması” (5-ci iş), “Tədris proqramlarına (sillabuslar) və beynəlxalq standartlara uyğun akkreditasiya/sertifikasiya sisteminin qurulması üzrə təlimatların hazırlanması” (7-ci iş), 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə “Kadrların qiymətləndirilməsi və təkmilləşdirmə planının yazılması (training and improvement plan)” (4-cü iş) işlərin lazımi qaydada icra olunub-olunmamasının müəyyən olunması üçün məhkəməyə kömək etmək üçün zəruri biliyə malik olan şəxslərin məhkəmədə mütəxəssis qismində iştirakının təmin olunması üçün ayrı-ayrı qurumlardan mütəxəssisləri məhkəməyə dəvət etmişdir.

24. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri X18 və X14, X5 mütəxəssisləri X22 və X20 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” (3-cü iş), “X8 (KPİ-X12) üzrə Prosedur-Təlimatların hazırlanması” (5-ci iş) sahələri üzrə ixtisaslı biliyə malik olduqlarını bildirmişlər. Məhkəmə tərəfindən mütəxəssislər ilə birlikdə qeyd olunan işlərin nəticəsi kimi cavabdeh tərəfindən təqdim olunan materiallara (kağız daşıyıcıda və elektron formatda) baxış keçirilmiş, X20 və X14 3-cü işin, X22 5-ci işin lazımi qaydada icra olunmadığını, materiallarda köçürmələr olduğunu, internet resurslarında olan şablonlar üzərində işləndiyini bildirmişlər. Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin mütəxəssislərinə işlərinin nəticəsi kimi cavabdeh tərəfindən təqdim olunan materiallar elektron daşıyıcıda təqdim olunaraq rəylərini yazılı qaydada məhkəməyə təqdim etmələri təklif olunmuşdur.

25. X6 məhkəməyə təqdim etdiyi yazılı rəydə qeyd olunmuşdur: “Təqdim olunmuş daşıyıcıda olan sənədləri nəzərdən keçirdikdə məlum olur ki, təqdim olunan sənədlər tam olaraq KPİ standartlarına uyğun deyil. Təhlil etdiyim 15 kurikulum və ya sillabus deyə təqdim olunan sənədlərin hər biri verilmiş formata uyğun hazırlanmamışdır. Sadə desək nə kurikulum, nə də sillabus formatında işlənməmişdir. Sifarişdən görünür ki bu sənədlər modul tipli olmalı idi. Modul tipli öyrənmə materialının struktur quruluşuna nəzər yetirəndə, müxtəlif xüsusiyyətlərə malik olduğunu bilirik. Modul yazılı materialdır və burada məqsəd, seçilmiş ixtisasın mahiyyəti, məqsədləri, məqsədə çatma istiqamətində tətbiq olunacaq metodlar, sonda isə bilik və bacarıqların yoxlanılması, mövzunun qavranması ilə əlaqəli təhlil, praktiki fəaliyyətlər kimi hissələrlə yekunlaşır. Hər bir modul struktur etibarilə təxminən (verilmiş hissələr daha çoxda ola bilər) aşağıda göstərilən hissələrdən ibarət olur: - Giriş - Modulun məqsədi - Lazımi avadanlıq, alət və cihazlar - İzahatlar, şəkillər, praktiki fəaliyyətlər - Müəyyən olunmuş məqsədlərin qavranılma meyarının yoxlanılması - Qiymətləndirmə sual və cavabları Yuxarıda verilən struktur elementlərindən, hansı modulda mövcud deyilsə, həmin material modul öyrənmə proqramı və materialı kimi qəbul olunmur. Verilən materiallarda müəyyən hissələr, ümumiyyətlə, mövcud deyil. Məsələn, izahatlar, şəkillər, praktiki fəaliyyətlər, müəyyən olunmuş məqsədlərin qavranılma meyarının yoxlanılması, qiymətləndirmə sual və cavabları və s. Materiallar qarışıq formada işlənmişdir. Bu proqramın istifadəçisinə heç bir şəkildə aydın olmayacaq. Materiallar eyni müəlliflər tərəfindən hazırlandığı görülür. İSO tələblərinə görə təlim nəticələri uğurlu alınması üçün bütün təlimatlar və proqramlar mütəxəssislər tərəfindən hazırlanmalıdır. Proqramlarını kredit sayı və saatlarından asılı olmayaraq İKT bacarıqları və digər spesifik olmayan bacarıqlar üçün eyni nəticələr göstərilmişdir və bu bütün 15 sənəd üçündə keçərlidir. Əgər proqramda kredit və saat azalırsa və ya çoxalırsa səriştə spesifikaları ona uyğun dəyişməlidir. Və ya peşə tələblərinə uyğun bacarıqlar uyğunlaşdırılmalıdır. Ən əsası da heç bir materialın sonunda ədəbiyyat siyahısı yoxdur. Yəni istinadsızdır, bu da işin qeyripeşəkarcasına işlənməsini göstərir”.

26. X9 məhkəməyə təqdim etdiyi yazılı rəydə qeyd olunmuşdur: “X30 Mərkəzinin dəqiq hədəfləri göstərilməyib və məqsədlərlə birlikdə yazılmışdır. Amma hədəf və məqsədlərin ayrılıqda yazılması lazım idi. Bundan başqa, baxmayaraq ki, müqavilədə “Əsas performans göstəriciləri indikatorlarının tərtib edilməsi üzrə təlimat” adlı müəyyən öhdəlik vardır, X30 Mərkəzinin əsas performans göstəricilərini özündə əks etdirən təlimat yoxdur. Qeyd edilən bu təlimatın özündə dəqiq meyarlar və həmin meyarlar üzrə indikatorlar toplusunun olması lazım idi”.

27. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında X1 mütəxəssisləri X15 və X4, “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi şəxsinin mütəxəssisi X2, "xxxx" MMC-nin mütəxəssisi X21 ilə birlikdə məhkəmə tərəfindən 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” (3-cü iş), “X8 (KPİ-X12) üzrə Prosedur-Təlimatların hazırlanması” (5-ci iş), “Tədris proqramlarına (sillabuslar) və beynəlxalq standartlara uyğun akkreditasiya/sertifikasiya sisteminin qurulması üzrə təlimatların hazırlanması” (7-ci iş), 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə “Kadrların qiymətləndirilməsi və təkmilləşdirmə planının yazılması (training and improvement plan)” (4-cü iş) işlərin nəticəsi kimi cavabdeh tərəfindən təqdim olunan materiallara (kağız daşıyıcıda və elektron formatda) baxış keçirilmiş, mütəxəssislər 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə 3,5,7-ci işlərin lazımi qaydada icra olunmadığını, 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə işin lazımi qaydada icra olunduğunu bildirmişlər.

28. Beləliklə, məhkəmə tərəfindən müvafiq sahədə ixtisaslı biliyə malik olan mütəxəssislərlə birlikdə mübahisəli işlərin nəticəsi kimi təqdim olunan materiallar tədqiq edilmiş və müəyyən edilmişdir ki, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlimtədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” (3cü iş), “X8 (KPİ-X12) üzrə Prosedur-Təlimatların hazırlanması” (5-ci iş), “Tədris proqramlarına (sillabuslar) və beynəlxalq standartlara uyğun akkreditasiya/sertifikasiya sisteminin qurulması üzrə təlimatların hazırlanması” (7-ci iş) işlər lazımi qaydada icra olunmamışdır və bu barədə məhkəmə iclaslarına dəvət olunan bütün mütəxəssislər rəylərində həmfikir olmuşlar. 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə “Kadrların qiymətləndirilməsi və təkmilləşdirmə planının yazılması (training and improvement plan)” (4-cü iş) işi isə lazımi qaydada icra olunmuşdur.

29. 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə “Bütün təlimatlar üzrə işçilərə təlimlərin keçirilməsi” (8-ci iş) işlərinin lazımi qaydada icra olunması ilə bağlı sübutların təqdim olunması cavabdehə təqdim olunmuş, lakin cavabdeh bununla bağlı sübut təqdim etməmişdir. Əksinə iddiaçı cavabdehin təlimi yarımçıq qoyduğunu bildirmiş, cavabdeh isə belə faktın olduğunu təsdiq etmişdir. Cavabdeh sonradan təlimlərin davam etdiyini bildirsə də, bunu sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan iş icra olunmamış sayılır.

30. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

31. Tərəflərin məhkəməyə təqdim etdiyi yazışmalardan aydın olur ki, təqdim olunan işlərdə olan nöqsanların düzəldilməsi ilə bağlı cavabdehə müxtəlif tarixlərdə iddiaçı tərəfindən müraciətlər olunmuş, bu istiqamətdə danışıqlar aparılmış, düzəlişlər edilmişdir. Lakin qeyd olunan düzəlişlərdən sonra da işlərin lazımi qaydada icra olunmadığı hazırkı iş üzrə müəyyən olunan haldır.

32. Cavabdeh iddiaçı tərəfindən ödənişlər edilmədiyindən işlərin tam icra edilmədiyini, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması” (3-cü iş) işi üzrə qalan materialın təqdim olunmadığını təsdiq edir. Məhkəmə qeyd edir ki, işlər lazımi qaydada icra olunmadığı halda, cavabdehin əlavə ödənişin edilməməsinə istinad edərək müqavilədən birtərəfli imtina etməsi, işi icra etməməsi əsassız olmuşdur.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lazımi qaydada icra edilməmiş işlərə görə ödənilmiş pul vəsaitini geri tələb etməyə haqlıdır. Lakin aşağıdakılara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

39. İddiaçı 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Ekspress araşdırmanın nəticələrinə dair hazırlanmış tədris proqramlarına (sillabuslar) uyğun müdavimlərin səriştələrinin qiymətləndirilməsi sisteminin tətbiqi üzrə prosedur təlimatların hazırlanması” (6-cı iş) işin tam icra olunduğunu qəbul etsə də, gec icra olunmasına istinad edərək dəyərini 2070 manat kimi qəbul edir. Məhkəmə iddiaçının bu mövqeyini əsassız hesab edir. Belə ki, müqaviləyə əlavədə işlərin görülməsi tarixləri qısa müddət üçün razılaşdırılsa da, tərəflər arasındakı sonrakı işgüzar münasibətlərdən görünür ki, işlərin icrası tarixləri formal razılaşdırılmış, işlər hissə-hissə icra olunmaqla sonrakı tarixlərdə təqdim olunmuşdur. Belə olan halda iddiaçının tərəflər arasında formalaşan münasibətin əksinə olaraq 1 iş üzrə müqaviləyə əlavədəki tarixə istinad etməsi əsassızdır. Odur ki, qeyd olunan işin qiyməti müqaviləyə uyğun olaraq 4500 manat kimi qəbul olunmalıdır.

40. Eyni zamanda iddiaçı ödənilmiş 2025 manat ƏDV məbləğini tələb edir. Məhkəmə iddiaçının mövqeyini əsassız hesab edir. Belə ki, tərəflər işlərin qiymətini ƏDV-siz müəyyən etmiş, ƏDV ödənilməsi razılaşdırılmışdır. İddiaçının ödədiyi ƏDV cavabdeh tərəfindən görülən mübahisəsiz işlərin dəyərinə görə (1-ci müqavilə üzrə 6000+3000+4500; 2-ci müqavilə üzrə 480+110+1145) ödənilməli ƏDV məbləği ilə əhatə olunmuşdur. Belə olan halda iddiaçı ödəməli olduğu ƏDV-ni geri tələb edə bilməz.

41. Bundan başqa, cavabdeh iddiaçının etdiyi ödənişdən 6000 manatı qaytardığını bildirir və sübut kimi vatsap yazışmalarına istinad edir. Həmçinin bildirir ki, “Peşə və ixtisaslara elan tələbatın müəyyən edilməsi məqsədi ilə Qarabağ iqtisadi rayonu üzrə və Quba-Xaçmaz İqtisadi rayonu üzrə ekspress əmək bazan araşdırmasının aparılması və sifarişçiyə hesabatın elektron daşıyıcıda təqdim olunması” (1-ci iş) işin qəbul olunması üçün iddiaçı tərəfindən kiməsə pul verilməli idi. Həmin məbləğ bank hesablarında sərəncam olduğundan onlara köçürülmüş, onlar isə həmin vəsaiti çıxararaq iddiaçının işçisinə təqdim etmişlər.

42. İddiaçı tərəf isə bildirir ki, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə “Peşə və ixtisaslara elan tələbatın müəyyən edilməsi məqsədi ilə Qarabağ iqtisadi rayonu üzrə və Quba-Xaçmaz İqtisadi rayonu üzrə ekspress əmək bazan araşdırmasının aparılması və sifarişçiyə hesabatın elektron daşıyıcıda təqdim olunması” (1-ci iş) işi üzrə cavabdehin işin nəticəsi kimi təqdim etdiyi sənədlər qəbul olunmamış, cavabdeh onların razılığı əsasında işi başqa ekspertə icra etdirmişdir. Bu işin icrası üçün cavabdehə 2 dəfə ödəniş edilmişdir. Tərəflər arasında yazışmalar bununla bağlı olmuşdur. Əvvəlcə razılaşdırılmışdır ki, həmin ekspertə ödənişi iddiaçı tərəf etsin, sonra razılıq əsasında cavabdeh özü ekspertə ödəniş etmişdir. Həmin iş üçün artıq ödənilmiş vəsaitin onlara geri qaytarılması razılaşdırılmış, lakin cavabdeh müqavilə üzrə digər işlərə görə gələcəkdə ödəniş etməli olduqlarını qeyd edib həmin vəsaitin onda qalmasını və gələcəkdə bu müqavilə üzrə ümumi vəsaitdən çıxacağını qeyd etmişdir.

43. Məhkəməyə təqdim olunan “e-mail” yazışmasından görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdehin qanuni təmsilçisi kənar məsləhətçilərə 6000 manat ödəniş ediləcəyini qeyd etmişdir. Təqdim olunan vatsap yazışmalarından görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdehin qanuni təmsilçisi “Danışdım. Bankla danışır mühasib. Qaytarılma ilə bağlı” qeyd etmiş, iddiaçının qanuni təmsilçisi “Xatın indi əlaqə saxlayacaq zəhmət olmasa ona hansı şirkətə pul ödəniləcək” qeyd etmişdir. “X24” qeyd etmişdir ki, “Siz əvvəlki ödənişi geri döndərəcəksiniz elə deyilmi?” qeyd etmiş, cavabdehin qanuni təmsilçisi “Bəli. Oksana ilə danışın zəhmət olmasa” qeyd etmiş, “X24” qeyd etmişdir ki, “Fikrət bəy, sage solutiona olunan ödənişlərin geri qaytarılmasını təmin edə bilərsinizmi zəhmət olmasa? Oksana xanımla danışdım sizinlə əlaqə saxlayım dedi”. xx.xx.2022-ci il tarixdə iddiaçının qanuni təmsilçisi qeyd etmişdir ki, “Salam Fikrət müəllim necəsiniz? Biz bu gün hesabat ekspertə ödəməni etməliyik. Siz Aysen xanımla əlaqə saxlayın zəhmət olmasa bu gün götürsün sizdən”, cavabdehin qanuni təmsilçisi isə “Salam. Əlaqə saxlamışam. Saat 13:30 görüşürük” qeyd etmişdir.

44. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh pul vəsaitinin işin nəticəsinin qəbul olunması üçün iddiaçı tərəfindən kiməsə verilməli olduğunu qeyd etsə də, təqdim olunan yazışmalarla təsdiq olunur ki, cavabdeh kənar məsləhətçilərə 6000 manat ödəniş ediləcəyini qeyd etmişdir.

45. Həmçinin cavabdeh ona təqdim olunan məbləğin formal təqdim olunduğunu qeyd edir. Məhkəmə Mülki Məcəllənin 529.2-ci maddəsinə qeyd edir ki, istinad etdiyi qeyd olunan halı sübutetmə yükü cavabdehin üzərindədir, lakin cavabdeh həmin halı təsdiq edən sübut təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

46. Bundan başqa cavabdeh 6000 manatı iddiaçının işçisinə ofisdə təqdim etdiyini qeyd etsə də, həmin halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İstinad olunan yazışmalardan isə pulun tələb olunduğu, cavabdehin qanuni təmsilçisinin etiraz etmədiyi, təqdim edəcəyi vədi verdiyi görünür. Tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirdikdə aydın olur ki, tərəflər ödənişlərlə bağlı edilən hərəkətləri rəsmiləşdirmişlər. Cavabdehin 6000 manat pulu iddiaçıya hər hansı rəsmiləşdirmə aparmadan qaytarması ağlabatan deyildir. Ona görə də məhkəmə hesab edir ki, 6000 manat pulu qaytarması sübut olunmadığından bu hissədə cavabdehin mövqeyi əsassızdır.

47. İddiaçı tərəfindən 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə 23700 manat ödəniş və 2025 manat ƏDV məbləği ödənildiyini, görülmüş mübahisəsiz işlərin (müqaviləyə Əlavə 1-də qeyd olunan 1-ci iş 6000 manat, 2-ci iş 3000 manat, 6-cı iş 4500 manat) dəyərinin 13500 manat təşkil etdiyini, müqaviləyə Əlavə 1-də qeyd olunan mübahisəli 3, 5, 7-ci işlər lazımi qaydada icra olunmadığından həmin işlərə görə ödənilmiş vəsaitin iddiaçıya qaytarılmalı olduğunu, 2025 manat ƏDV məbləğinin iddiaçı tərəfindən görülmüş işlərə görə ödənilməli olan ƏDV məbləği olduğundan cavabdeh tərəfindən qaytarılmalı olmadığını, cavabdeh tərəfindən 6000 manatın qaytarılmasının təsdiq olunmadığını nəzərə alan məhkəmə hesab edir ki, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqavilə üzrə 10200 manat (23700-13500) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

48. İddiaçı tərəfindən 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə 7000 manat ödəniş edildiyini, görülmüş mübahisəsiz işlərin (razılaşdırma protokolunda qeyd olunan 1-ci iş 480 manat, 2-ci iş 110 manat, 6-cı iş 1445 manat) dəyərinin 2035 manat olduğunu, razılaşdırma protokolunda qeyd olunan mübahisəli 8-ci işin lazımi qaydada icra olunması təsdiq olunmadığından həmin işə görə ödənilmiş vəsaitin iddiaçıya qaytarılmalı olduğunu, məhkəmə araşdırması zamanı dəyəri 1445 manat olan “Kadrların qiymətləndirilməsi və təkmilləşdirmə planının yazılması (training and improvement plan)” (4-cü iş) işin lazımi qaydada icra olunduğunun müəyyən olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 13 sentyabr 2022-ci il tarixli, SG/CC 319 saylı müqavilə üzrə 3520 manat (7000-2035-1445) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

b) Zərərin ödənilməsi tələbi ilə bağlı

49. İddiaçı 37601 manat dəymiş maddi ziyanının cavabdehdən tutulmasını tələb edir.

50. İddiaçı tələbini bu hissədə onunla əsaslandırır ki, cavabdeh işləri yarımçıq, keyfiyyətsiz görmüş, səhvlərin düzəldilməsi tələb edilsə də, cavabdeh xx.xx.2023-cü il tarixdə işlərin görülməsindən imtina etmiş, buna görə də iddiaçı xx.xx.2023-cü il tarixdə başqa şəxslə müqavilə bağlamış, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqaviləyə Əlavə 1-də qeyd olunan 3 və 4-cü işlərin daha yüksək qiymətlə görülməsini razılaşdırmış, həmçinin işlər cavabdeh tərəfindən keyfiyyətsiz icra olunduğundan həmin müqavilə üzrə rəylərin verilməsi də nəzərdə tutulmuşdur. Müqavilənin qiyməti isə 36000 manatdır. İddiaçı qeyd olunan məbləğin cavabdehdən tutulmasını tələb edir. Bundan başqa 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqaviləyə Əlavə 1-də qeyd olunan 7-ci iş üzrə materiallar cavabdeh tərəfindən Azərbaycan dilində təqdim olunmalı olduğu halda, ingilis dilində təqdim olunmuş, həmin materialların tərcümə edilməsi üçün 1601,50 manat ödəniş edilmişdir. İddiaçı 1601 manat pulun cavabdehdən tutulmasını tələb edir.

51. Cavabdeh iddiaya etiraz edir və qeyd edir ki, iddiaçı tərəfindən ödəniş olunmadığından işin icrası dayandırılmışdır. Həmçinin bildirir ki, İSO standartları ingilis dilində təqdim olunur, sertifikasiya qurumu həmin standartı qiymətləndirdikdən sonra təlim hissələrini onlar icra etsələr standartlar tərcümə olunacaqdı.

52. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır.

53. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

54. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

55. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

56. Məhkəmə iddiaçının dəymiş zərər kimi tələb etdiyi məbləğin üçüncü 36000 manat hissəsi ilə bağlı Mülki Məcəllənin 764.1-ci maddəsinə nəzər yetirilməsini zəruri hesab edir. Həmin maddəyə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

57. Normanın tələbindən göründüyü kimi, podratçının xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməməsi, lakin müəyyənləşdirilmiş müddətin nəticəsiz qurtarması əsas şərtdir. Hazırkı mübahisə üzrə görülməli işlər əqli fəaliyyətlə bağlı olub əlavə xərc tələb etməyən, qiymətinin subyektiv dəyərləndirmə əsasında müəyyən olunduğu işlərdir. İşin müəyyən olunan halları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən işlərin lazımi qaydada görülməsi üçün cavabdehə müraciətlər olunmuş, cavabdeh etiraz etməmişdir. Lakin qeyd olunduğu kimi əlavə icra əlavə xərclərlə bağlı olmamışdır. Belə olan halda iddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə istinad etməklə həmin müqavilənin qiymətini cavabdehdən tələb edə bilməz.

58. Bundan başqa, məhkəmə icraatının gedişində iddiaçı tərəf təsdiq etmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə də işlər onlara təhvil verilməmişdir. Həmin müqavilə üzrə işlərin icra olunub-olunmadığı, gələcəkdə həmin müqavilə tərəflərinin öz öhdəliklərini icra etməsi qeyri-müəyyən olduğu halda, iddiaçının müqavilə qiymətini cavabdehdən tələb etməsini məhkəmə hüquqdan sui-istifadə hesab edir.

59. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixdə başqa şəxslə müqavilə bağlasa da, məhkəmə icraatı zamanı bildirmişdir ki, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqaviləyə Əlavə 1-də qeyd olunan 3-cü iş üzrə təqdim olunan materialların qəbul olunmadığı onlara 2023-cü ilin noyabr ayında məlum olmuşdur. Belə olan halda iddiaçının iyul ayında belə bir müqavilə bağlaması anlaşılan deyil. 4-cü iş üçün isə cavabdehə ödəniş edilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli müqavilədə hazırlanmış materiallara rəylərin verilməsi və seçilmiş təlimçilər üçün təlimlərin keçirilməsi razılaşdırılmışdır. Məhkəmə bildirir ki, icraçının özü tərəfindən hazırlanan materiala rəyin verilməsi ağlabatan deyildir. Təlimlərin keçirilməsi üçün isə cavabdehə ödəniş edilməmişdir.

60. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 36000 manat pulun tutulması hissəsində iddia əsassızdır.

61. 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqaviləyə Əlavə 1-də qeyd olunan 7-ci iş üzrə təqdim olunan materialların tərcüməsi üçün ödənilmiş 1601 manat pulun tutulması hissəsində məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, müqavilə üzrə materialların Azərbaycan dilində təqdim olunmalı olduğu, qeyd olunan materialların ingilis dilində təqdim olunması işin mübahisəsiz halıdır.

62. Təqdim olunan sənədlərdən müəyyən olunur ki, iddiaçı "xxxx" LTD şirkəti ilə tərcümə xidmətlərinin göstərilməsi üçün xx.xx.2020-ci il tarixdə müqavilə bağlamış, 01 mart 2022-ci il tarixli, 0xx/xx-2021 saylı müqaviləyə Əlavə 1-də qeyd olunan 7-ci iş üzrə təqdim olunan materialları (elektron poçt yazışmaları ilə təsdiq olunur) həmin şirkətə elektron poçt vasitəsi ilə tərcümə olunması üçün təqdim etmiş, xx.xx.2022-ci il tarixdə həmin şirkət tərcümə xidmətlərinin rəsmiləşdirilməsi üçün 1601,50 manat dəyərində elektron qaiməni iddiaçıya təqdim etmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə xidmətin dəyərini ödəmişdir.

63. Məhkəmə cavabdehin İSO standartlarının ingilis dilində təqdim olunması, sertifikasiya qurumu həmin standartı qiymətləndirdikdən sonra təlim hissələrini onlar icra etsələr, standartların tərcümə olunacağı ilə bağlı mövqeyini əsassız hesab edir. Məhkəmə ilk olaraq qeyd edir ki, müqavilə tərəfi kimi ilk növbədə iddiaçı təqdim olunan işin nəticəsi ilə tanış olmalı, lazımi qaydada icra edilib-edilmədiyini müəyyən etməlidir. Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir və nə qədər ki müqavilədə əksi razılaşdırılmayıb, yazılı sənədlər Azərbaycan dilində təqdim olunmalıdır. Cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında təsdiq etmişdir ki, müqavilə bağlanan zaman görülən işlərin X7 təqdim olunmaq üçün sifariş edildiyini, razılaşdırılmalı olduğunu bilirdi. Belə olan halda qeyd olunan quruma da materialların Azərbaycan dilində təqdim edilməli olduğu cavabdehə aydın olmalı idi.

64. Müqavilə üzrə materialların Azərbaycan dilində təqdim edilməli olduğunu (müqavilədə də əksi razılaşdırılmamış, təqdim olunan digər işlərin nəticəsi də Azərbaycan dilində təqdim olunmuşdur), 7-ci iş üzrə təqdim olunan materialların ingilis dilində təqdim olunduğunu, həmin işin lazımi qaydada icra olunmadığının işin müəyyən edilən halı olduğunu, həmin sənədlərin tərcüməsi üçün iddiaçı tərəfindən 1601,50 manat pulun ödənilməsinin təsdiq olunduğunu, iddiaçı tərəfindən 1601 manat pul tələb olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində qismən təmin olunmalı, dəymiş zərərin əvəzi olaraq 1601 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

c) Məhkəmə xərcinin tutulması tələbi ilə bağlı

65. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat pulun cavabdehdən tutulmasını xahiş edir.

66. İddia ərizəsinə əlavə edilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/16-001769 nömrəli arayışdan görünür ki, 200 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmiş, cavabdeh tərəf mediasiyada iştirakdan imtina etmişdir.

67. Məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə daxil olarkən ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin tələbi olmuşdur.

68. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

69. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

70. Məhkəmə qeyd edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq 200 manat mediasiya xərci cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

71. Digər tərəfdən, məhkəmə müəyyən edir ki, iddiaçı 70 manat dövlət rüsumu ödəmişdir.

72. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

73. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

74. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Məhkəmə iddianın qismən təmin olunduğunu, təmin olunan hissəyə mütənasib ödənilməli dövlət rüsumunun tutulmuş mediasiya xərci ilə əhatə olunduğunu nəzərə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

76. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0xx/xx-2021 saylı müqavilə üzrə 10200 (on min iki yüz) manat, xx.xx.2022-ci il tarixli SG/CC 319 saylı müqavilə üzrə 4965 (dörd min doqquz yüz altmış beş) manat, dəymiş zərərin əvəzi olaraq 1601 (bir min altı yüz bir) manat 50 (əlli) qəpik olmaqla ümumilikdə 16766 (on altı min yeddi yüz altmış altı) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar