Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3245/2025 18.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6 qızının cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı “səhmlərə mülkiyyət hüququnun ləğv edilməsi, səhmdarların qərarlarının ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6 qızı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Dünyamin oglunun səhmlərə mülkiyyət hüquqlarının ləğv edilməsi, həmin səhmlərə iddiaçıların mülkiyyət hüququnun tanınması, “X2” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının qərarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi, Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrin Cavabdeh3 Dünyamin oğluna münasibətdə etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh kimi göstərilsə də, ona qarşı hansı tələbin irəli sürüldüyü aydın deyildir. Digər tərəfdən, iddia tələbi “X2” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının qərarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi” hissəsində qeyri-müəyyəndir. İddiaçının səhmdarların hansı qərarlarının ləğvini, hansı nəticələrin etibarsızlığını irəli sürdüyü iddia tələbindən müəyyən oluna bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə çatdırılmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin hazırkı iş üzrə cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə həmin sənədlər X1 Sistemi vasitəsilə çatdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-cü maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1 və 150.1.2-ci maddələrinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə, dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda dövlət rüsumunun çatıdırılmasını təsdiq edən sənəd kimi ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş dövlət rüsumuna istinad etsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, həmin dövlət rüsumunun Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)- 126/2025 nömrəli qərardadı ilə qaytarılması qərara alınmışdır. Belə olan halda göstərilən qəbzə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi istinad edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmunu ilə bağlı tələblər pozulduğundan, iddia ərizəsinə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə çatdırılmasını, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6 qızının cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı “səhmlərə mülkiyyət hüququnun ləğv edilməsi, səhmdarların qərarlarının ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3245/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3245/2025
18.03.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver