Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3258/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor X1 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor X1 Cavabdeh MMCyə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 205/23 nömrəli müqavilə üzrə 23850,35 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 161,55 dövlət rüsumunun, ümumilikdə 24011,90 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2İnstitutuna müraciət edilərək, ünvan 1 ünvanında yerləşən “ADA” universitetinin ərazisində “Cənub Kampus” layihəsi çərçivəsində inşa olunmuş “F” və “G” korpuslarının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınağlar ilə əlaqədar 205/23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 51011,68 manat olan 205/23 nömrəli müqavilə üzrə 23850,35 manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilə üzrə ümumi təhvil-təslim aktlarının imzalanmasına baxmayaraq faktiki olaraq yoxlama-sınaq işlərinin nəticələrinə dair hər hansı sənəd təqdim edilməmiş və bu səbəbdən cavabdeh tərəfindən ödənişlər dayandırılmışdır. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, hazırda müqavilə üzrə İnstitut tərəfindən təqdim edilən hesab-faktura üzrə borc 11400,05 manat əsas məbləğ, 2052,01 manat ƏDV olmaqla 13452,06 təşkil edir. Buna baxmayaraq həmin məbləğdə xidmətlərin yerinə yetirilməsinə dair hər hansı məlumat təqdim edilməmişdir. Göründüyü kimi institut tərəfindən iddia ərizsində tələb olunan məbləğlərə dair işlərin həqiqətən yerinə yetirilməsinə dair Müqavilə üzrə tələb olunan hər hansı sənəd təqdim edilməmiş və öhdəliklər tam yerinə yetirilməmişdir.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (icraçı) ilə cavabdeh (sifrarişçi) arasında bağlanmış 15 mart 2023-cü il tarixli, 205\23 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən sifarişçi həvalə edir, ünvan 2 ünvanında yerləşən “ADA Universitetinin ərazisində Cənub Kampusu layihəsi çərçivəsində inşa olunacaq yeni, zirzəmili, 3 (üç) mərtəbəli, “F” və “G” korpuslarının tikintisində istifadə olunan betonun 7 və 28 gün bərkimə müddətində və konstruktiv elementlərdə naturada 28 gün bərkimə müddətində möhkəmliyinin, təqdim edilən armaturun və ehtiyac olduğu halda inşaat məhlullarının, eləcə də digər tikinti materiallarının və məmulatların fiziki-mexaniki göstəricilərinin təyin edilməsini öz öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən sınaq işlərinin qiyməti hər m2 üçün 1,44 manat razılaşdırılır və bu müqavilənin ümumi qiyməti (ƏDV-siz) 43230,24 manat təşkil edir. ƏDV məbləği 7781,44 manat, ümumilikdə 60089,64 manat təşkil edir.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30 %-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icrası tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvil-qəbul aktı ilə qəbul edir.
12. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.
13. Materiallarda olan tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün xx.xx.2024-cü il tarixli akta görə 40809,35 manat, xx.xx.2023cü il tarixli akta görə 10202,33 manat həcmində iş görülmüş, cavabdeh tərəfindən həmin işlər qəbul edilmişdir.
14. Cavabeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli EBDM 583453 nömrəli 10202,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT 528358 nömrəli 5158,96 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2477 nömrəli 5899,9962 nömrəli, xx.xx.2024-cü il tarixli MT2408 11175537 nömrəli 5900,0472 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 nömrəli 11109017 nömrəli 5900,0132 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hazırkı tələbi tərəflər arasında bağlanmış 15 mart 2023-cü il tarixli podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 15 mart 2023ci il tarixli 205\23 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin 15 mart 2023-ci il tarixli 205/23 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 23850,35 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 23850,35 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 161,55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 23850,35 manat məbləğində pul, 161,55 manat dövlət rüsumu, ümumilikdə 24011,90 (iyirmi dörd min on bir manat doxsan qəpik) manat məbləğində pul tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova