Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3264/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdeh MMC-yə xx.xx.2009-cu il tarixli, 22-09-BDÖZ-İQ saylı və 14/1 saylı müqavilələr üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istismar xərci üzrə borc 2.159,09 manat, enerji təchizatı və kommunal xidmətlər üzrə borc 190,61 manat olmaqla cəmi 2.349,68 manat debitor borcun, iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı dərin özüllər zavodu ilə cavabdeh "xxxx" MMC arasında münasibətlər “Birgə fəaliyət haqqında” bağlanmış xx.xx.2009-cu il tarixli, 22-09- BDÖZ-İQ nömrəli və “Enerji təchizatı və kommunal xidmətlər üzrə” xx.xx.2009-cu il tarixli, 14/1 nömrəli müqavilələr üzrə yaranmışdır. Cavadeh tərəfindən öhdəliklərin vaxtında və tam yerinə yetrilməməsi səbəbi ilə onun xx.xx.2009-cu il tarixə debitor borcu birgə istifadəyə verilmiş əmlakdan əldə edilən gəlirə görə 1.829,74 manat və enerji təchizatı və kommunal xərclərə görə 190,61 manat olmaqla, cəmi 2.349,68 manat təşkil etmişdir. Birgə fəaliyyətdən əldə edilmiş gəlirə, həmçinin enerji təchizatına və kommunal xərclərə görə müqavilələr üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Belə ki, “Birgə fəaliyət haqqında” xx.xx.2009-cu il tarixli, 22-09-BDÖZ-İQ nömrəli müqavilənin 3-cü bəndinə əsasən, "xxxx" MMC hər ay 1.829,74 (ƏDV daxil deyil) manat istismar xərcini hər ayın əvvəlindən 10 gün müddətində Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna tam ödənilməlidir. Lakin istismar xərci də tam ödənilmədiyindən xx.xx.2007-ci il tarixə cavabdehin Zavoda ƏDV daxil 2.159,09 manat debitor borc yaranmışdır. “Enerji təchizatı və kommunal xidmətlər üzrə” xx.xx.2009-cu il tarixli, 14/1 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən, Cavabdeh MMC hər hesabat ayından sonra 10 gündən gec olmayaraq xəcləri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna tam ödəməlidir. Lakin enerji təchizatı və kommunal xidmətlər üzrə borc tam ödənilmədiyindən cavabdehin xx.xx.2009-ci il tarixə iddiaçıya ƏDV daxil 190,61 manat debitor borcu yaranmışdır. Yekun olaraq müqavilələr üzrə cəmi borc: 2.159 manat + 190,61 manat = 2.349,68 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (birinci tərəf) ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (ikinci tərəf) arasında bağlanmış 05 yanvar 2009-cu il tarixli 22-09-BDÖZ-İQ saylı birgə fəaliyyət haqqında müqaviləyə əsasən “birinci tərəf” “ikinci tərəfə” hər ay 1.829,74 manat (ƏDV xaric) həcmində istismar xərcini ödəməyi öz üzərinə götürür. Ödəmə hər ayın əvvəlindən 10 gün müddətində köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin: 2-ci bəndinə əsasən birgə istifadəyə veriləcək əmlak Azərbaycan Respublikası, Bakı şəhəri, Az-1083, Salyan şossesi “İkinci tərəf”in Texnnoloji nəqliyyat parkının bir hissəsini tərəflər nəzərdə tuturlar ki, “İstifadə sahəsi”ni avtomobilin təmiri və bununla əlaqədar olan digər xidmətlərin göstərməsi üçün istifadə edəcəkdir. 3-cü bəndinə əsasən bu müqavilə xx.xx.2009-cu ildən 31 dekabr 2009-cu il tarixinə qədər qüvvədə hesab olunur. 4-cü bəndinə əsasən birinci tərəf yuxarıda göstərilən istismar xərclərini vaxtında ödəməlidir. Birinci tərəf kommunal xidmət xərclərinə dair (elektrik, su, axıntı suyu, istilik, oksigen sıxılmış hava, qaz və s.) əlavə müqavilə bağlanaraq bütün ödəmələrin həyata keçirilməsi üçün cavabdehdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Cavabdeh MMC (sifarişçi) ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (icraçı) arasında bağlanmış enerji təchizatı və kommunal xidmətlər üzrə 05 yanvar 2009-cu il tarixli 14/1 saylı müqaviləyə əsasən tərəflər öz fəaliyyətində qüvvədə olan elektrik enerjisindən və kommunal xidmətlərin istifadə qaydalarını rəhbər tutmağı öhdələrinə götürürlər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ödəmə sifarişçi tərəfindən hesabat ayından sonra 10 gündən gec olmayaraq köçürmə yolu ilə həyata keçirilir. 5.1-ci bəndinə əsasən müqavilə xx.xx.2009-cu ildən 31 dekabr 2009-cu il tarixinə qədər qüvvədə hesab olunur. 5.2-ci bəndinə əsasən əgər müqavilənin qurtarma müddətinə 1 ay qalmış tərəflərin yazılı iddiası olmazsa, müqavilə növbəti 1 il üçün etibarlı hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 390/09 nömrəli xx.xx.2009-cu il tarixli hesab-fakturaya əsasən Cavabdeh 05 yanvar 2009-cu il tarixli 22- 09-BDÖZ-İQ saylı müqaviləsinə əsasən birgə fəaliyyətdən əldə edilən gəlirə görə (iyun 2009-cu il üzrə) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna borcu 2.159,09 manat (329,35 manat ƏDV daxil) təşkil etmişdir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 413/09 nömrəli xx.xx.2009-cu il tarixli hesab-fakturaya əsasən Cavabdeh 05 yanvar 2009-cu il tarixli 14/1 saylı müqaviləsinə əsasən kommunal xidmətlər üçün (elektrik enerjisi xidmətlər xərci ilə birlikdə) iyun 2009-cu il üzrə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna borcu 190,61 manat (29,08 manat ƏDV daxil) təşkil etmişdir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ilə Cavabdeh MMC arasında 05 yanvar 2009-cu il tarixli 22-09-BDÖZ-İQ saylı birgə fəaliyyət haqqında və enerji təchizatı və kommunal xidmətlər üzrə 05 yanvar 2009-cu il tarixli 14/1 saylı müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, birgə fəaliyyətdən əldə edilən gəlirə görə və kommunal xidmətlərə (elektrik enerjisi xidmətləri ilə birlikdə) görə borcu vaxtında ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 05 yanvar 2009-cu il tarixli 22-09-BDÖZ-İQ saylı müqavilə üzrə 2.159,09 manat (329,35 manat ƏDV daxil) istismar xərci və 05 yanvar 2009-cu il tarixli 14/1 saylı müqavilə üzrə kommunal xidmətlərə görə 190,61 manat (29,08 manat ƏDV daxil) olmaqla, Heydər Əliyev adına Bakı X3 cəmi borcu 2.349,68 manat təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli müqavilələr üzrə istismar xərci və kommuna xidmətlərə görə borcu ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 2.349,68 manat məbləğində istismar xərci və kommuna xidmətlərə görə borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 43,49 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC -dən 2159,09 istismar xərci üzrə borcun, 190,61 manat kommuna xidmətlər üzrə bocun, cəmi 2349,68 manat və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3264/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3264/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver